525.Az

Bir istisna və bir istək haqqında


 

GÖRKƏMLİ İCTİMAİ-SİYASİ XADİM, PUBLİSİST VƏ REDAKTOR CEYHUN HACIBƏYLİNİN YAXINLAŞMAQDA OLAN 125 İLLİYİNƏ

Bir istisna və bir istək haqqında <b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

C.Hacıbəyli cəmiyyətin ictimai həyata və fəaliyyətə biganəliyindən, laqeydliyindən təəssüf və ürək ağrısı ilə bəhs edir. Yazır ki, indi biz - mədəniyyətsiz ataların mədəni övladları hər hansı xeyirxah ictimai məqsədlə keçirilən tədbir zamanı qarşıya çıxan azacıq maneəyə rast gələn kimi qaynar xörəkdən ağzı yanan adamın görkəmi ilə geri çəkilir və oradan uzaqlaşırıq. Bizdə başlanan işi başa çatdırmaq üçün mətinlilik, mənəvi qüvvə, qüdrət çatmır. Biz yalnız birinci səddə kimi gələ bilirik. Bundan əlavə, bizim ambisiyamız, "mən"imiz digər hisslərimizə üstün gəlir. "Mən"in uğrunda biz şücaət də göstərə bilərik, kollektiv fəaliyyətin məhsulunu alt-üst də edə bilərik. Bizim qurbanlar ictimai həyatın nəfinə bundan o yana keçmir. Ona görə də, hətta bir dəfə yaradılmış, mükəmməl bir işi inkişaf etdirə bilmirik. Hələ təşəbbüs tələb edən yeniliyin yaradılmasını demirəm. O zaman təsəvvür edin ki, mədəni səviyyəsi çox aşağı olan bir cəmiyyətdə, tərəqqiyə hazırlanmamış bir cəmiyyətdə insan nə qədər nəhəng və azman, mətin olmalıdır ki, öz təşəbbüsünü həyata keçirə bilsin. Haqqında bəhs olunan cəmiyyəti bu titan özü belə xarakterizə edirdi: "çağırıram gəlmir, göstərirəm görmür, deyirəm eşitmir”.

Məqalə müəllifi belə bir şəraitdə və mühitdə Həsən bəydə "elm və maarifçiliyə meylli adamlara digər qonşu xalqlarda olduğu kimi ictimai kömək göstərmək fikri yarandığını yazır. Qeyd edir ki, bu məqsədlə o, Nizamnamə tərtib edir, onun təsdiqinə nail olur. Daha sonra əlində qəbz Şuşa bəy və xanlarının, Şamaxı mollalarının, Dərbənd tacirlərinin, Nuxa kəndlilərinin qapısını döyür, onları Qafqaz müsəlmanlarının ilk qəzetinə yardıma çağırır. Şübhəsiz, xeyirxah missioner onun müasiri olan cəmiyyəti yaxşı tanıyırdı. Odur ki, Həsən bəy təhqir, kinayə, istehzalardan küsmür, soyuq qəbullardan, saxta gülüşlərdən incimir, bütün bunları feodal quruluşunun eybəcərlikləri, belə adamları isə cəhalətin qurbanları kimi qəbul edirdi.

Mahir qələm sahibi C. Hacıbəyli məqalədə ətalət və cəhalət içində boğulan, eyni zamanda hər cür yeniliyə qarşı amansız müqavimət göstərən mövcud cəmiyyətlə H. Zərdabi ideyalarının mücadiləsini, çarpışmasını canlı və obrazlı təqdim edir: "Qaranlıqlar üzərinə əsl ziyalı kimi gedirdi. Onun məramı, məqsədi o qədər möhtəşəm, əzəmətli idi ki, hər cür şəxsi inciklik başlanan missiyanı yarımçıq qoya bilməzdi. Həsən bəy çörək qədər həyati məsələlərdə belə öz şəxsi mənafeyini ictimai maraqlara qurban verməyə özündə güc, qüdrət tapdı. Qəzada ona qəti təklif edildi: ya xidməti Yekaterinoqradda - yəni Qafqazdan kənarda davam etdirməli, ya istefa verməli! Həsən bəy ikincini seçdi. Çünki mənsub olduğu xalqdan kənarda ona həyat yox idi. Həmin vaxtdan bizim müsəlmanların həyatında çox şey dəyişmişdir. Adamların ətrafda baş verənlərə baxışları daha real olmuşdur, fanatizm öz yerini bir qədər ağıla, səbrə vermişdir. Lakin bütün bu dəyişikliklərə baxmayaraq, cəmiyyətin baxışlarında və münasibətlərində Həsən bəyin min bir əzabla əsasını qoyduğu müqəddəs planlarını şərəflə yerinə yetirə bildikmi? Fikrimcə, yox!"

Ceyhun Hacıbəylini düşündürən, narahat edən suallar çoxdur: nə üçün Həsən bəyin proqramlarının, islahatlarının, ideya və əməllərinin icraçıları, davamçıları yetişmir? 30-40 il bundan əvvəl xeyriyyəçilik, maarifçilik cəmiyyətlərinə, teatra, mətbuata tələbat olduğu bir halda, niyə indi yeni tələbatlar yaranmır? Görkəmli publisist adamlara təsir etmək, onların hisslərinə toxunmaq, onları hərəkətə gətirmək üçün sözün qüvvəsindən, qüdrətindən çox məharətlə istifadə edir: "Mərhum Həsən bəyin şəxsiyyəti və tərcümeyi-halına aid keyfiyyətlərdən danışmayacağam; bütün həyatını doğma Vətənə və ölkəyə həsr edən adamın hansı vəziyyətdə bizi tərk etdiyindən, dünyasını dəyişdiyindəndanışmayacağam; müsəlman cəmiyyətinin bu insanın xatirəsinə və ondan sonra qalan ailəsinə təəccübdoğuran münasibətindən danışmayacağam. Həsən bəyin xatirəsini heç olmasa, adi qəbir daşı ilə əbədiləşdirmək fikrini dəfələrlə təkrarlayan ziyalıların nümayəndələrindən soruşmayacağam ki, bəs fikirlərinizə, ideyalarınıza nə oldu, niyə onlar söndü? Şəxsi məmnunluğun rəhnini ictimai səadətdə görən mərhumun baxışlarında qalmamaq arzusu ilə bütün bu suallardan mən sükutla yan keçirəm. Həsən bəyin unudulmuş xatirəsində mən əksinə ucalığı, yüksəkliyi, təmiz bibliya təzahürü görürəm ki, ondan bütün həyatını xalqına həsr edən, əvəzində nə sağlığında, nə də vəfatından sonra mükafat almayan insan haqqında gözəl əfsanə yaratmaq olar. Elə bil ki, Həsən bəyin həyatı da, ölümü də cəmiyyət üçün qurbanlıq idi. Bu vəziyyətdə hansısa bir sirr, müəmma var. Biz o xalqıq ki, xan və müstəbidlərin zorakılığından bizi xilas edən cəngavər igidlərin şərəfinə şeir qoşur, onları minnətdarlıq hissi ilə yad edirik. Amma bu xalq həm də Həsən bəyin əhəmiyyətini, tarixi xidmətlərini dərk etmir, dəyərləndirmir.

Kütlə belə böyük xadiminin qiymətini verməyə hazırlanmamışdır. Şübhəsiz, kütlə mədəniləşdikcə, insanların mənəvi sahədə göstərdiyi şücaəti qiymətləndirməyi bacaracaqdır və o zaman böyük əməkçinin xatirəsinin əbədiləşdirilməsinin təntənəsi baş verəcəkdir".

C.Hacıbəylinin publisistikasını cəsarətlə döyüşkən və ideyalar publisistikası adlandırmaq olar, o, oxucunu inandırmağın, onun qəlbinə və beyninə təsir etməyin, rəy formalaşdırmağın mahir ustasıdır, o, oxucunu səfərbər eməyi, istiqamətləndirməyi bacarır, xarakterik faktları seçmək, güclü müşahidə və hərtərəfli təhlil etmək qabiliyyəti, ən doğru qənaətləri, nəticələri çıxarmaq iqtidarındadır. O yazır ki, mən 28 noyabrı xatırlamaqla cəmiyyətin diqqətini ona yönəltmək istərdim ki, mədəni həyatımızın pioneri sayılan Həsən bəyin xatirəsinin əbədiləşdirilməsi üçün onun əsasını qoyduğu və bütün ömrünü sərf etdiyi ideyaların həyata keçirilməsinə çalışaq. İndi bizə elə gəlir ki, bu məsələlərin, islahatların həyata keçirilməsi qeyri-mümkündür. Lakin bunlar tamamilə realdır. Teatr, mətbuat, ictimai xeyriyyəçilik Həsən bəyin dövründə hansı vəziyyətdə idisə, bu problemlər də indi o şəkildə qarşımızdadır. Həsən bəy o vaxt həmin məsələlərin öhdəsindən gəldi. Amma indi deyəsən, şəxsi həyatın inkişafı və tərəqqisi çoxdan ictimai həyatı üstələyib. Bu isə qeyri-normal təzahürdür. Çünki şəxsi həyat etibarsız əsaslara söykənir. Şübhəsiz, xalq cəmiyyət tərəqqi edir. Əgər 30-40 il əvvəl mədəni həyat Həsən bəyin dili ilə bizə ictimai xeyriyyəçiliyin, mətbuatın, teatrın yaradılmasının zəruriliyini diqtə edirdisə, indi cəmiyyət onların daha da təkmilləşdirilməsini və digər tələbləri irəli sürür.Bax, əhəmiyyətli 28 noyabr tarixi bizə bu yolu göstərir, bunu xatırladır.

Ceyhun Hacıbəylinin Həsən bəyin xatirəsinə həsr etdiyi "Yeddi il" adlı digər məqalə daha kəskin, daha sərt üslubdadır. Görünür ki, ötən müddət ərzində cəmiyyətin Həsən bəyə münasibəti Ceyhun bəyi qəzəbləndirmişdir: "Bu gün müsəlmanların (azərbaycanlıların - T.A.) mədəni-maarifçilik sahəsində pioneri sayılan Həsən bəy Məlikovun vəfatının 7 ili tamam olur. Bakılıların pafoslu nitqləri və təntənəli mərasimlə öz xadimlərini dəfn etdikləri həmin gündən vur-tut 7 il keçir. Hələ tam soyumamış meyit üzərində səslənən o çıxışlar mənim indi də qulaqlarımdadır. Aman Allah, həmin nitqlərdən necə od-alov püskürürdü, çıxışlar ürəklərdə necə bir ümid çırağı yandırır, mərhumun xatirəsi minnətdarlıq hissi ilə necə yad edilirdi. Həmin gündən cəmi yeddi il ötmüşdür. Nə olsun? O təmtəraqlı, ibarəli nitqlərdən nə qaldı? Deyəsən, külək elə həmin gün o çıxışları sovurub apardı. Həsən bəy təntənəli şəkildə dəfn olundu, onun haqqında 2-3 gün də orda-burda danışdılar, qəzet və jurnallar onun bioqrafiyasını dərc etdilər, portretini verdilər - vəssalam".

Ceyhun Hacıbəyli publisistikasının məğzi, mahiyyəti, ideyası, amalı maarifçilik missiyasına xidmət etməsidir ki, onun da qida mənbəyi müəllifin təhsilə, məktəbə tükənməz sevgisidir. O, mətbuatı cəmiyyətin dirçəlişi üçün mühüm vasitə, millətin nicat yolu hesab etdiyindən mətbuat xadimlərinin əməyini, fəaliyyətini yüksək dəyərləndirir , onların xatirəsinin ehtiramla yad edilməsinin zəruriliyini diqqətə çatdırırdı. Ceyhun bəy ona müxtəlif sahələrdə ilk addımı atmağı öyrədən, ona zəngin miras, irs qoyan, onu mədəni həyata alışdıran xadimi unutduğuna görə qınayır. Halbuki digər xalqlar ona xidmət göstərən övladlarının xatirəsini əziz tutur, ona abidə qoyur, adını əbədiləşdirir, ailəsinə qayğı göstərir. Bizdə isə tamamilə əksinədir.

Ceyhun Hacıbəylinin tənqid hədəfində cəmiyyətin bütün üzvləridir, dövlət qurumlarıdır, ictimai və xeyriyyə təşkilatlarıdır. O yazır ki, biz nəinki Həsən bəyə abidə ucaltmadıq, heç adi qəbirüstü daş qoymaq üçün onun həyat yoldaşına kömək etməyə gəlmədik, biz nəinki Həsən bəyin adını və xatirəsini əbədiləşdirmədik, hətta onun tamamilə unudulması üçün çalışdıq, nəinki onun ailəsinə qayğı göstərmədik, əksinə elə bil ona əlavə dərd, kədər gətirmək prinsipi ilə bəhsə girdik. Bu mənada Həsən bəyin neçə illər boyu üzvü olduğu müəssisənin münasibəti daha qəribə təsir bağışlayır. Mən bizim şəhər özünüidarəsini, onun Uçiliş Komissiyasını nəzərdə tuturam. Elə bil ki, Məlikovlar familiyasına etinasızlıq göstərmək bu idarənin iş sisteminə daxil olmuşdur.

Böyük xalq xadiminə ögey, laqeyd, biganə münasibətdən hiddətlənən C. Hacıbəyli məqaləni daha sərt cümlələrlə bitirir: "Bütün hallarda, iş yerinə zəmanət verməkdə də, yerə təqdim etməkdə də, vəzifədə yüksəlməkdə də Məlikovlar ailəsindən yan keçilir. Bunu izah etmək çox çətindir. Hər halda xalq xadiminin ailəsinə nəinki yardım göstərilmir, əksinə bu ailənin üzvləri sıxışdırılır, öz əməkləri hesabına yaşamağa maneəçilik törədilir, öz qabiliyyətlərini üzə çıxarmağa imkan verilmir. Bunlar nəyə lazımdır? Nə məqsədlə edilir? Bəzilərinin bildiyi, lakin susduğu, bəzilərinin isə bilmədiyi bu vəziyyət xüsusi öyrənilməli, araşdırılmalıdır. Yoxsa öz canyandıranımızın, himayədarımızın xatirəsinə bu cür münasibət az-çox mədəni cəmiyyətdə hələ təsadüf olunmayan xüsusiyyətlərimizi üzə çıxara bilər. Hətta vəhşilər belə öz başçılarının məzarlarını bəzəyirlər. Bizdə vəhşilik dövrü keçmişdirsə də, mədəni dövr hələ başlamamışdır..."

Ceyhun Hacıbəyli təxminən 100 il əvvəl Azərbaycan tarixində mühüm xidmətləri olan Həsən bəy Zərdabinin xatirəsinin əbədiləşdirilməsi üçün çox səy göstərmiş, çalışmışdır. İstiqlal mücahidinin arzusu Sovet hakimiyyəti illərində qismən, Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra isə tamamilə həyata keçirilmişdir. Qarşıdan Ceyhun bəyin anadan olmasının 125 illik yubileyi gəlir. Fikrimizcə, C. Hacıbəyli də xatirəsinin əbədiləşdirilməsi haqqını qazanmış görkəmli xadimdir.

07.07. 2015

 





23.07.2015    çap et  çap et