525.Az

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Qarabağın yeri və rolu


 

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Qarabağın yeri və rolu<b style="color:red"></b>

(Əvvəli 1 avqust sayımızda) 

Şairə Xurşidbanu Natəvan Qarabağın görkəmli simalarındandır. 15 avqust 1832-ci ildə Şuşada anadan olub. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırıblar.  XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars dili təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənib, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəyib. Dahi şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşudbanunu klassik ədəbiyyata bağlayıb. Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olub. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin - Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınıb. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirib. Xurşidbanu Natəvan 1897-ci ilin 1 oktyabrında vəfat edib və Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunub. Adına küçə, klub, kitabxana və məktəb var. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və muzeylərimizdə saxlanılır. Güllələnmiş heykəli hazırda Bakıdadır.

Qarabağın görkəmli şəxsiyyətlərindən biri də Mir Möhsün Nəvvabdır. Mir Möhsün Nəvvab 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulub və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmayıb. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəyib, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnib. Mir Möhsün Nəvvabın məşhur musiqi traktatı Vüzuhül-ərqam ilk dəfə 1913-cü ildə Bakıda nəşr olunub. Həmin risaləsində Mir Möhsün ayrı-ayrı muğamların, bəzi dəstgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırır, muğamların şeir mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından onların optimal yerləşməsi problemlərinə toxunur. Nəvvab ilk dəfə olaraq, dəstgah terminindən istifadə edir, o vaxt Qarabağda məlum olan altı dəstgahın adını çəkir: Rast, Mahur, Şahnaz, Rahavi, yaxud Rahab, Çahargah və Nəva. Alim həmin əsərində Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı və muğamın adını çəkir. Nəvvab həm də gözəl rəssam olub. Nəvvab 1918-ci ildə Şuşa şəhərində dünyasını dəyişəndə artıq Azərbaycanda və onun hüdudlarından qıraqlarda yaxşı tanınırdı.

Qarabağın görkəmli yazıçılarından Nəcəf bəy Vəzirov Azərbaycan dramaturgiyasının inkişafında, onun ideya-estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu olan şəxsiyyətlərindəndir. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərəkatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub, Azərbaycanda feodal-patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak etdib. Nəcəf bəy Vəzirov 1854-cü il aprel ayının 2-də Azərbaycanın Şuşa şəhərində anadan olub. Gimnaziyada oxuyarkən N.Vəzirov böyük Azərbaycan alimi o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərir. Nəcəf bəy Vəzirov 1895-ci ildə Bakıya köçür. Burada lazımi imtahanları verib vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışır. O, burada uzun müddət ayrı düşdüyü bədii yaradıcılığını davam etdirir, "Yağışdan çıxdıq yağmura düşdük", "Müsibəti-Fəxrəddin", "Pəhləvanı-zəmanə" kimi klassik əsərlərini yaradır. N. Vəzirov 1903-cü ildə Bakı dumasına katib seçilir. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyyə ocaqlarının açılması işində yaxından iştirak edir.

1905-ci il inqilabı N.Vəzirovun ədəbi-ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan "Həyat", "İrşad", "Təzə həyat", "Açıq söz" və s. qəzetlərində "Dərviş" imzası ilə "Balaca mütəfərrəqələr" başlığı altında burjua-mülkədar cəmiyyətinin ictimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərir.

1926-cı ilin iyul ayının 9-da vəfat edib.

Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, Sovet hərb xadimi Səməd bəy Mehmandarov da 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olsa da, əslən Şuşalıdır. Bakıda gimnaziya təhsili alıb, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olub. 1875-ci ilin dekabrında podporuçik rütbəsi alıb və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilib. 1890-cı ildə kapitan , 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi alıb. Rus-yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilib. I Dünya müharbəsi başlanarkən Varşava ətrafında xidmət edən general S.Mehmandarovun komandir olduğu 21-ci piyada diviziyasının tərkibində dörd alay var idi. Diviziya komandiri S.Mehmandarov Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə əldə edib. 1915-ci ildə general S. Mehmandarov korpus komandiri təyin edilib.1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilib.

1917-ci il fevral burjua inqilabı baş verərkən S.Mehmandarov Qafqazda idi. General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökumətində 1918-ci ilin 25 dekabrından hərbi nazir vəzifəsini tutub və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olub. Sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirib və Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində1921-1928-ci illərdə müəllimlik edib. General Səməd bəy Mehmandarov 12 fevral 1931-ci ildə Bakıda vəfat edib.

(Ardı var)

S.ABDULLAYEVA

 





05.08.2015    çap et  çap et