525.Az

Vida sözü


 

Vida sözü<b style="color:red"></b>

Görkəmli pulisist, ictimai xadim, İstanbuldakı Türk Ədəbiyyatı Vəqfinin başkanı, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun Fəxri Doktoru Sərvət Kabaklı 29 avqust 2015-ci ildə, şənbə günü saat 22:00-da türkiyəli dostlarımızın leksikonu ilə desək, "haqqa yürüdü", dünyasını dəyişdi. O, böyük türk ədəbiyyatşünası, ədəbiyyat tarixçisi və yazarı Əhməd Kabaklının qardaşı oğlu, mənəvi övladı və ədəbi irsinin ləyaqətli təbliğatçısı idi.

Sərvət Kabaklı 1956-cı il 13 martda Elazığda dünyaya gəlmiş, Fırat Universitetinin Ədəbiyyat fakültəsini bitirmiş, nüfuzlu mətbuat orqanlarından "Tərcüman",  "Yeni Harput", "Yeni Xəbər", "Yeni çağ" qəzetlərində və Anadolu Xəbər Agentliyində çalışmışdı. O, dəfələrlə "İlin jurnalisti" fəxri adına layiq görülmüşdür. Türkiyə Respublikasının səkkizinci Prezidenti Turqut Özalın (1989-1993) türkdilli respublikalar üzrə müşaviri olmuşdu. Qarabağ hadisələri ilə bağlı Azərbaycanın haqq işini dünyaya hayqıran, alovlu çıxışları, kəskin məruzələri ilə bu ədalətsizliyi beynəlxalq tədbirlərdə vurğulayan, qabardanlardan biri də Sərvət Kabaklı idi. Mən onunla İstanbulda, Elazığda, Bakıda görüşmüşdüm. Rəhbərlik etdiyi Türk Ədəbiyyatı Vəqfinin "Çərşənbə söhbətləri"ndə, Əhməd Kabaklının anım günündə, Əli Əmiri Əfəndi konfransında, Xızıda Cəfər Cabbarlı günündə və başqa tədbirlərdə bərabər olmuşduq.

Sərvət Kabaklı elə bil mürşidi Əhməd Kabaklının ədəbi ömrünün davamını yaşayırdı. Əmisinin beşcildlik "Türk ədəbiyyatı" tarixini təkmilləşdirərək yenidən nəşr etdirmişdi. İkicildlik "Təməllərin duruşması" kitabını böyük tirajla oxucuların ixtiyarına vermişdi. "Yunus Emre", "Mehmet Akif", "Mövlana", "Sultanüş şüəra Nəcib Fazil", "Şairi cahan Nedim", "Şeir incələmələri" və b. ciddi tədqiqat əsərləri Sərvət Kabaklının tərtibində yenidən işıq üzü görmüşdü. Onun təklifi ilə Əhməd Kabaklının "Harput əfsanələri" (2012) kitabını Azərbaycan türkcəsinə uyğunlaşdırdım. Kitabın Bakıda keçirilən təqdimatına Sərvət Kabaklı ilə bərabər Elazığ Vilayətinin Bələdiyyə başkanı Süleyman Salmanoğlu, professor, doktor Çingiz Özdəmir, "Manas Yayıncılık" nəşriyyatının rəhbəri Şener Bulud, qardaşı, şair Sərhəd Kabaklı, şair Hadi Önal və b. təşrif gətirmişdilər. Azərbaycanın görkəmli ziyalılarının iştirakı ilə Bakıda keçirilən kitab təqdimatı böyük bir bayram təəssüratı yaratmışdı.

Sərvət Kabaklı Türk Ədəbiyyatı Vəqfinin İdarə Heyətinə rəhbərlik etməklə yanaşı "Türk Edebiyatı" və "Yeni Türk Edebiyatı Araştırmaları" dərgilərinin də təsisçisi, imtiyaz sahibi idi. Türk Ədəbiyyatı Vəqfi İstanbula gedən hər bir Azərbaycan ziyalısı üçün müqəddəs ocaq idi.

Bir neçə gün əvvəl Elazığdan naşir dostum, Vaqif Bəhmənlinin təbiri ilə desək, Azərbaycanın Elazığdakı mədəniyyət elçisi Şener Bulud mənə yazdı ki, Sərvət bəy rahatsızdır. 28 avqust saat 21:52-də ona zəng etdim, telefona cavab verən olmadı. Gecikmişdim... üzü haqqa doğru imiş... Sərvət Kabaklı yalnız Türkiyənin deyil, bütün türk dünyasının milli-mənəvi sərvətidir.

Məkanı cənnət olsun!

 





01.09.2015    çap et  çap et