525.Az

Misir Mərdanov "Tədris 12 illik olacaq"


 

Misir Mərdanov "Tədris 12 illik olacaq"

Dünən təhsil naziri Misir Mərdanov İsveçrənin Bern Beynəlxalq Məktəbinin direktoru Kevin Peyc, Dünya Beynəlxalq Məktəblər Birliyi Müşahidə Şurasının üzvü Vladimir Kuskovski və "Xəzər" İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev ilə görüşüb.

525.az xəbər verir ki, qonaqları salamlayan Misir Mərdanov onları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Azərbaycanda Beynəlxalq Bakalavriat Proqramı üzrə tədris aparılmasını təqdirəlayiq hal kimi dəyərləndirən nazir bu layihənin uğurla həyata keçiriləcəyinə inandığını bildirib.

M.Mərdanov Beynəlxalq Bakalavriat Proqramı üzrə tədrisin 12 illik olacağını və proqramı uğurla başa vuran şagirdlərə dünyanın bütün qabaqcıl ali məktəbləri tərəfindən tanınan sertifikatın veriləcəyini nəzərə çatdırıb. Artıq Bakıdakı 6 nömrəli məktəb-liseyin bir ibtidai sinifində bu proqramın tətbiq olunduğunu söyləyən nazir ilk addımın maraqla qarşılandığını vurğulayıb.

Daha sonra çıxış edən İsveçrənin Bern Beynəlxalq Məktəbinin direktoru Kevin Peyc, Dünya Beynəlxalq Məktəblər Birliyi Müşahidə Şurasının üzvü Vladimir Kuskovski və "Xəzər" İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev Beynəlxalq Bakalavriat Proqramı haqqında ətraflı məlumat verib, layihənin icra mexanizmləri barədə fikirlərini bildiriblər. O qeyd edib ki, Azərbaycanın orta məktəblərində tətbiq olunan kurikulumların Beynəlxalq Bakalavriat Proqramının tələblərinə uyğun olması layihənin reallaşdırılmasını daha da asanlaşdırır.

Sonda Beynəlxalq Bakalavriat Proqramının tətbiqi ilə bağlı mətbuat nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
S.QARAYEVA

 





18.09.2012    çap et  çap et