525.Az

İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi


 

İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

Zaqatalalılar Dairənin valisi (qubernatoru) vəzifəsində özlərindən olan birini görmək istəyirdilər. Onların namizədləri içərisində, əlbəttə, ilk yerdə iki ay öncə bu vəzifədə bulunmuş indiki müəllim İslam bəy dururdu. Bunu dairənin ayrı-ayrı kəndlərindən əhalinin Cümhuriyyət Parlamanına və hökumətinə ünvanladığı teleqramlar da təsdiqləyir. Məsələn, Zaqatalanın Əliabad sahəsindən (bu kəndin sakinləri əsasən gürcücə danışan müsəlman yengiloylardı) vəkil edilmiş Təmraz Qaraked oğlu, Muxa Yüzbaşov, Qazı Ömər oğlu, Molla Zahid Murad oğlu surətləri baş nazir [Fətəli] xan Xoyskiyə və Parlaman üzvü [Bayramniyazi] Kiçikxanova olmaqla Parlaman sədrinə teleqram göndəriblər ki, əhali Zaqatala valiliyi vəzifəsinin müvəqqəti olaraq İslam bəy Qəbulova verilməsini ürəkdən xahiş edir. Doğrudur, arxivdə teleqramın əsli deyil, surəti saxlandığına görə üstündə göndərilmə günü və ayı göstərilməyib, yalnız 1918-ci il tarixi qeyd olunub, ancaq bizcə, Əliabad sakinlərinin müraciəti 1918-in mayından sonraya, daha doğrusu, Azərbaycan Cümhuriyyəti dönəminə aiddir.

Bəllidir ki, Seymin Müsəlman fraksiyasının və az sonra Azərbaycan Milli Şurasını üzvü olmuş 44 nəfər həmin ilin dekabrında təşkil edilmiş Azərbaycan Parlamanına birbaşa deputat seçilmişdi, ancaq o zaman İslam bəy artıq Seymdə və Milli Şurada bulunmadığına görə Parlamana düşə bilməmişdi. O, Zaqatalada müəllimlik etməklə yanaşı, əqidəli bir müsavatçı kimi xalq içərisində Cümhuriyyət ideyalarını təbliğ edir, eyni zamanda doğma camaatın cari problemlərinin həllinə də əlindən gələn yardımı göstərirdi. Düzlüyü və ədaləti sayəsində xalqın rəğbətini qazanmış Qəbulzadəni yerliləri özlərinin başçısı görməkdə israrlı idilər.

Tala camaatının nümayəndələri 27 fevral 1919-cu ildə Parlaman sədrinə və Parlaman üzvü Aslan bəy Qardaşova (o, Zaqataladan deputat və "Əhrar" fraksiyasının sədri idi) Zaqataladan bu məzmunda teleqram yollayıblar: "Son zamanlar müxtəlif xalq müvəkkiləri və vəzifəli şəxslər xeyli pullar yeyiblər. Hakimiyyət bütün bunlara adi şey kimi baxır və uyğun qərarlar qəbul etmir. Bununla yanaşı, bu hadisələr hər gün artmaqdadır. Xalqın yeganə müdafiəçisi xalq məktəbləri müfəttişi İslam bəy Qəbulovdur. O, Dairə komissarı olan zaman müxtəlif cinayətlərin qarşısını alaraq özü haqqında gözəl rəy yaradıb. Buna görə də İslam bəy Qəbulovun Zaqatala valisi təyin edilməsini xahiş edirik, çünki bununla həqiqi müqəssirlər üzə çıxarılar və biabırçılıqlara birdəfəlik son qoyular. Umudumuz yalnız onadır və əminik ki, o, Parlamentin də etimadını doğruldacaq".

Zaqatala Dairəsi türk əhalisinin həlledici qismi İslam bəyin vali seçilməsinə tərəfdardı, ancaq bəzi qeyri-türklər haqqında bunu demək olmaz. Məsələn, Balakənin Qabaqçöl kəndinin avar kökənli bir sıra sakinləri 21 mart 1919-cu ildə Parlaman sədrinə teleqram göndərərək İ.Qəbulzadənin həmin vəzifəyə qoyulmasına etiraz ediblər.

Zaqatala Dairəsindən deputat və bir müddət Parlamanın katibi olmuş Bayramniyazi Kiçikxanovun 1919-cu ilin aprelində "Azərbaycan" qəzetində "Zaqatalada gürcülərin propağandası" adlı çox maraqlı məqaləsi çıxıb. İslam bəyin də adı çəkilən həmin yazı indi də öz önəmini saxladığına görə onu bütünlüklə oxucuların mühakiməsinə veririk.

"20 martda Bakıdan hərəkət edib 24-də Zaqatalaya vasil oldum. Bura əhalisini payızda qoyub getdiyim halda bulmayıb, başqa bir halda gördüm: əhali artıq istiqlaliyyət, cümhuriyyət, millət və milliyyət nədən ibarət olduğunu düşünmüşdür. Dost ilə düşməni fərq etməyə əksəriyyətlə istedad kəsb etmişdir. Bu əhvalı, Zaqatala[nın] Azərbaycanın ayrılmaz bir cüzü (parçası) olduğunu pək doğru və pək haqlı iddiada bulunan həmfikir arkadaşlarıma təbşir etməyimi (muştuluqlamağımı) vəzifeyi-milliyyə ədd ediyorum (milli vəzifə sayıram). Fəqət zahirən bizimlə hüsni-münasibatda bulunan gürcü hökuməti bu vilayət əhalisinin meyl və arzusunu nəzəri-etibara almayaraq, yaxud almaq istəməyərək 15-16-cı əsr tarixinə, üç cüt bir tək yengiloların mövcud olmalarına istinadən Zaqatala vilayətini yədi-təsərrüflərinə keçirmək üçün hər dürlü nalayiq hərəkətlər və həyasız rəftarlar irtikab etməkdən (törətməkdən) çəkinməyirlər.

25 martda arkadaşlarım: vilayət Milli Komitəsi və Hilali-Əhmər Cəmiyyətinin (Qırmızı Aypara Cəmiyyətinin) sədri və məhkəmeyi-şəriyyə əzası (şəriət məhkəməsinin üzvü) Nurullah əfəndi Qazızadə, xalq məkatəb müfəttişi İslam bəy Qəbulov və məhkəmeyi-şəriyyə kargüzarı İbrahim bəy Qəbulov cənablarıyla... Faldar kəndinə gedərkən Əliabad nahiyəsinin mərkəzi olan Əliabad kəndində 1-2 saat istirahət niyyəti ilə əyləşdik. Bu əsnada xoşamədiyə gəlmiş Əliabad əyan və əşrafı bir az müsahibədən sonra Gürcüstandan bir neçə zabitin propağanda üçün gəldiklərini söyləyib, qayət mütəəssir olduqlarını bəyan etdilər. Lisanları gürcü lisanı olan Əliabad kəndi əyanının səlabəti-diniyyələrini (dində möhkəmliklərini) görüb, Zaqatala vilayətində Gürcüstana qoşulmaq istəyən heç bir fərd olmayacağına qəti surətdə hökm edərək, propağanda haqqında məlumat toplamağa girişdim.

Martın əvvəllərində Tiflisdən rəsmi surətdə Zaqatalanın sövqülceyş (hərbi manevr) nöqteyi-nəzərindən qolay yollarını bilmək üçün hərbi topoğraf Pavliyev Zaqatalaya göndərilir. Pavliyev Laqodağa (indiki Laqodexiyə) yetişdikdə Zaqatalaya keçmək üçün bir çox yollar aradıqdan sonra əslən Zaqatalanın Qax kəndindən olub da Gürcüstanın Telav qəzasında məntəqə komandanı olan Tartaraşvilini və yenə haman Qax kəndindən olub da Gürcüstana hicrət etmiş Xutsiyevi Laqodağa dəvət etdirib, Laqodağ məntəqə komandanı Nadirov və 4 nəfər jandarma ilə Qax qəzasına qonaqlıq bəhanəsilə 21 martda Laqodağdan Zaqatala vilayətinə gəlmək üzərə hərəkət edirlər. Zaqatala şəhərinə yetişdikdə ziyalılarımızdan bir çoku bunlardan şübhələnib məhəlli məmurlara, sonki günü vali Haşımbəyova müraciət edib. Bu çağırılmayıb gələn qonaqların Qax və başqa istədikləri kəndlərə heç olmasa nəzarət altında göndərilməsinin lazım olduğunu təklif etsələr də, nədənsə, sözləri eşidilməmişdir və bu qonaqlar da nəzarətsiz olaraq kəndi müsəlləh jandarmalarıyla vilayət daxilinə sərbəst burakılır.

Qonaqlar ilk əvvəl yengilolar mərkəzini təşkil edən Qax qəsəbəsinə yetişdikdə arkadaşları Tartaraşvili vəfat etsə də, yollandığı işi ifa etmək üçün bəzi xristian və müsəlman gürcü kəndlərinə də getmişlərdir. Əzancümlə (o sıradan) Əlibəyli xristian kəndi, Qorağan, Tasmalı, Əliabad (müsəlman) kəndlərini dolaşmışlardır. Getdikləri yerdə "Azərbaycandan bir şey çıkmayacağını, Zaqatala əhalisinin siyasətən və iqtisadən mənafeyi ancaq Gürcüstan hökumətinə tabe olmaqda olduğunu və tez bir zaman içində Zaqatalanı istila üçün gürcü əsgərləri göndəriləcəyini" də bəyan etmişlərdir. Bu sözləri, təbii, camaat içində açıq-açığına deyil, xüsusi etibar etdikləri və camaat içində etibarı olan adamlara söyləmişlərdir. Bunların Zaqatalaya gəlmələri ilə hüdudun üç verstlik məsafəsində olan Laqodağ və on iki verstliyində olan Haçaqaya qəsəbələrinə Gürcüstan hökumətinin əsgər toplamasının qayət sıkı münasibəti vardır. İştə bu yazdıqlarım şayeat olmayıb, xüsusi surətdə Laqodağ və Haçaqaya qəsəbələrinə göndərdiyimiz mötəbər adamların verdiyi məlumatlardır. Binaənəleyh gürcü hökuməti Mavərayi-Qafqaz Cümhuriyyətlərinin hüdud məsələsini həll edəcək kamisyondan əvvəl, Axıska və Axalkalak kibi, Zaqatalanı işğal edib hökumətimizi əmri-vaqe (fakt) qarşısında qoymaq istədiyi anlaşıldığından, hökumətimizin bu işdə ciddiyətlə davranmasını arzu edərim.

Bayramniyazi".

Bu yazı İslam bəy Qəbulzadənin Zaqatala Dairəsində məsul dövlət vəzifələrində ikən daim gürcü millətçilərinin hücumları şəraitində çalışdığını söyləməyimizə də əsas verir. 

Zaqatala valiliyi xalq məktəbləri müfəttişi İslam bəy 1919-cu ildə Zaqatala şəhərində fəxri sülh hakimliyinə namizəd də göstərilmişdi.

İSTİQLAL ŞƏHİDİ

İslam bəy Qəbulzadə bütün varlığını xalqının azadlığı, müstəqilliyi, maariflənməsi uğrunda mübarizəyə həsr etmişdi. Qaynaqlar inadla göstərməkdədir ki, Azərbaycan istiqlalının təminatçısı olan Qafqaz İslam Ordusu onun şanlı komandanı Nuru paşa başda olmaqla Qaxa gəldikdə Cümhuriyyət Parlamentinin üzvü Abdulla əfəndi Qəbulzadə və İslam bəy burada onu yüksək səviyyədə qarşılayıblar və Nuru paşa ilə görüş məhz İslam bəyin evində olub. Əqidəli müsavatçı olan İslam bəy kommunistlərə nifrət bəsləyirdi, elə bu üzdən də 1920-ci ilin aprelində Cümhuriyyət hakimiyyəti devrilən kimi bolşeviklərin cismən məhv etdiyi ilk aydınlarımızdan biri İslam bəy Qəbulzadə oldu.

"Odlu Yurt" dərgisində Cümhuriyyəti devirmiş kommunistlərin milli ziyalıları necə vəhşicəsinə məhv etmələrindən geniş danışılır. Burada "Qəbulzadə İslam bəy" başlıqlı kiçik xəbərdə oxuyuruq: "Qəbulzadə İslam bəy Azərbaycanın idealist müəllimlərindən, istiqlal fikrindən hərarətli mücahidi bulunan mərhum, qızıl istila üzərinə məmləkəti olan Zaqatalada qurşuna dizilmişdir".

Bu gün Qax şəhərində İslam bəy Qəbulzadənin adını daşıyan küçə var.

Oğuztoğrul TAHİRLİ

 





23.09.2015    çap et  çap et