525.Az

Bizdə Dissertasiya Şurası


 

Bizdə Dissertasiya Şurası<b style="color:red"></b>

(reportajvari passaj)

Nizami adına Ədəbiyyat İnstitutunda institutun direktoru, AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə D 01. 131 şifrəli Dissertasiya Şurası işinə çox böyük əzm və şövqlə başlamış. Bunu içində olub, yaxından müşahidə elədiyim elmi-ədəbi prosesin şahidi kimi məmnuniyyətlə deyirəm...

Mənimcə, hər bir ədəbiyyatşünas üçün üç daimi prosesin içində bulunmaq vacibatdandır: 1) öz tədqiqat laboratoriyasının; 2) ədəbi prosesin; 3) ədəbiyyatın refleksə olunduğu elmi prosesin. Deyim ki, iyirmi ildən də çoxdur, birinci və ikinci normaları az-çox ödəyə bildiyim halda, üçüncüsünə girmək şansım nisbətən məhdud olub. İstər sevimli müəllimim Yaşar Qarayevin Ədəbiyyat İnstitutuna rəhbərlik elədiyi 1990-cı illər - 2000-ci illərin əvvəllərində (zaman-zaman müdaxilə edib epizodik iştiraklarda bulunsam da); istərsə də "kənar adamın müşahidələri"ndə tənqidini verdiyim (bax: Tənqid.net jurnalı, № 1, 2006) post-Yaşar Qarayev vaxtlarında...

Akademik İsa Həbibbəyli sədri olduğu D 01. 131 şifrəli Dissertasiya Şurasına məni də daxil etdi. "Sən gərək burda olasan..." - dedi. Həm də elmi gəncliyin təmsilçisi kimi. Paradoksa baxın, 55 yaşlı gənc ! Əlbəttə, özümü elmdə heç də təzə bilməsəm də, üstəlik az-çox bizim ədəbiyyatşünaslıqda söz sahibi hesab etsəm də, fakt faktlığında qalırdı. Çün akademik onu da vurğuladı ki: əgər İnstitutda 40 yaşa qədər gənclər içərisində elmlər doktoru adını qazananlar olsaydı, onların da nümayəndəsi mütləq Müdafiə Şurasında olacaqdı...

Belə ki, elmi statistika, kadr potensialı məsələsi İnstitut direktorunu məşğul edən, hər Şura iclasında bir daha yada saldığı, qabartdığı söhbətdir. 2013-cü ildə İnstitut əməkdaşları içərisindən vur-tut bir müdafiə vardı, 2014-də - 7 müdafiə, 2015-in bir rübü ərzində artıq 3 müdafiə! Akademik İ.Həbibbəyli deyir: bugün əsas siyasətimiz budur ki, gənclər tədqiqatlarını yekunlaşdırıb yubanmadan müdafiəyə təqdim etsinlər! 

Yadıma gəlir, 2000-cilərin tən ortaları, doktorluq müdafiə etdiyim vaxtlar; Müdafiə Şurasında bum, əməlli-başlı növbələr yaranmışdı. Amma məsələ burasındadır ki, ölkənin hər tərəfindən gəlib Ədəbiyyat İnstitutunda dissertasiya müdafiə edənlər İnstitutun öz elmi həyatını kölgədə qoymuşdu. O zaman Tənqid.netin fiksə elədiyi kimi: institut sanki "dissertasiya istehsalı ilə məşğul"du (bax: Tənqid, net, № 1, 2006, s. 135). Nəticə göz qabağındadır. Burdan keçib gedən çoxsaylı doktorlar haralardadırsa, faktiki Ədəbiyyat İnstitutu gənc elmi kadrlara hacət duyur. Burda doktorluğun yaş senzi 55-dən yuxarıdır. 2013-cü ildə instituta rəhbər gələn akademik İsa Həbibbəyli bircə qərarı ilə elmi ədaləti də, Ədəbiyyat İnstitutunun haqqını da geri qaytardı. Filolojinin ümumi qayğıları öz yerində, indi İnstitut içərisindən müdafiəyə can atanların yolu birbaşa, növbədən kənardır! Bu perik düşmüşləri də həvəsləndirdi, gənclərdə elmə olan azartını əməlli-başlı artırdı.

Bu məqamlara həssas yanaşmaqla heç də ölkənin çox geniş şəbəkəyə malik ədəbi-elmi həyatını yalnız Ədəbiyyat İnstitutuna müncər etmək niyyətim yoxdur. Mənə görə, Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Şura bir fokus nöqtəsidir; bütünlükdə elmi prosesləri simvolizə etməyə imkan verir; həm institutdaxili, həm də ölkə filolojisində. Şuraya üzv olaraq akademik yalnız İnstitut mütəxəssislərini deyil ki, Bakı Dövlət Universitetindən, Azərbaycan Dövlət İdarəetmə Akademiyasından, Bakı Slavyan Universitetindən, Sumqayıt Dövlət Universitetindən, hətta millət vəkili nümayəndələr cəlb etmişdir. Ölkənin hər yanından gəlib, hər kəs D 01. 131 şifrəli Dissertasiya Şurasında müdafiə etmək imkanına malikdir və edir də. Bütün bunlar, əlbəttə, işin texniki tərəfi, göstəriləridir...

Gələk başlıcaya. Bu ki, D 01. 131 şifrəli Dissertasiya Şurası fəaliyyətinə şövqlə başlamışdır - dedik. İlk dörd ay ərzində (yay tətilindən əvvəl) Şuradan keçib, elmi-ədəbi proseslərə qatılan işlərin sadəcə sıralamasını verirəm:

"Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər)" - Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq üzrə doktorluq işi;

"Çağdaş Azərbaycan şeirinin inkişaf meylləri (1993-2005-ci illər)" - Azərbaycan ədəbiyyatı üzrə;

"Muxtar Auezovun "Abay" romanında epik vüsət və bədii detal" - Türk xalqları ədəbiyyatı üzrə;

"Təsəvvüfdə və postmodernizmdə insan və sənət problemi" - Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid; Estetika sahələri üzrə doktorluq işi;

"Çağdaş Azərbaycan-Amerika ədəbi əlaqələrinin inkişafında bədii tərcümənin rolu (1991-2005-ci illər)" - Azərbaycan ədəbiyyatı; Dünya ədəbiyyatı (ABŞ ədəbiyyatı) üzrə;

"Müasir Azərbaycan nəsrinin metod-üslub tipologiyası" - Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid;

"Azərbaycan tənqidi realist ədəbiyyatında qadın obrazı" - Azərbaycan ədəbiyyatı" üzrə;

"Evolyusiya qeroyev i nravstvennıye prinsipı v proze V.Şukşina i İ.Melikzade" ("V.Şukşin və İ.Məlikzadə nəsrində qəhrəmanların təkamülü və mənəvi prinsiplər") - Azərbaycan ədəbiyyatı; Dünya ədəbiyyatı (rus ədəbiyyatı) üzrə. 

Təkcə mövzulara deyil, həm də sahələrə diqqət edilərsə, müdafiə koordinatlarının təxmini əhatəsini, necə geniş zamanlar və hüdudları ehtiva elədiyini fərz etmək olur. Azərbaycan filolojisinin Dünyaya baxışı və dünyabaxışı, Dünya təsəvvürləri və eyni zamanda özünü-təsəvvürü nədən ibarətdir? - bu spektrlərdən aşkar görünür. Bugün filolojidə bizimçün nə aktualdır? Diqqət edin: 1) klassikaya yenidən baxış; 2) çağdaşlıq problemləri; 3) geniş mənada tərcümə işi (onlarda necədir, bizdə necə?)...

Azərbaycan kitabının qədimliyini üç min il əvvələ aparmaq nə verir; hər növ yazıları kitab saymalıyıqmı? Avanqardla modernin fərqi nədir; milli ədəbi prosesdə bu hadisələrin müasir şeir anlayışına münasibəti necədir? Tərcümə materialında bədii detal sənətkarlığı axtarmaq nə dərəcədə doğrudur; orijinalamı aiddir, ya tərcümə ustalığına? Təsəvvüf və postmodern nə dərəcədə tipoloji müqayisəyə gəlir; nə qənaətlərlə, hansı müstəvidə? Çağdaş orijinaldan çevirmələrin Sovet dönəmindən üstünlüyü bəlli, bəs kəsirləri də varmıdır? Müasir Azərbaycan nəsrində postmodern ərazilər nə dərəcədə münbitdir; metod-üslub ölçüləri varmıdır? Ədəbiyyatda nədən "qadın problemi" qaldırılır; məsələnin qoyuluşunda bir "kişi yanaşması" duyulmurmu? Rus nəsrində V.Şukşin "kənd nəsri"nin təmsilçisi kimi, adekvat Azərbaycan nəsrində nədən Əkrəm Əylisli yox, İsi Məlikzadə?...

Akademik İsa Həbibbəyli deyir:  Suallar olmalıdır... Və suallar olur; mən hər müdafiə ajotajından yalnız bircə cizgini qabartdım, ötəri təsəvvür yaratmaq üçün. Bəzən sual həmlələri o qədər gur olur ki, elə biləsən buradaca dissertasiyaların yeni-yeni fəsilləri yazılacaqdır. Suallar müdafiə edənin xeyrinədir, - deyir akademik... Və həqiqətən də cavablar iddiaçının özünü-təqdim, özünü-ifadə, əsərini müdafiə şansı-fürsəti olur.

Vay halına ki, suallar olmaya. Hər şey dümdürüst, protokol qaydası ilə, məclis ahəstə... Dissertasiya Şurasının çoxstajlı elmi katibi, filologiya elmləri doktoru, professor  İmamverdi Həmidov iddiaçını, iddiaçı dissertasiyasını uzun-uzadı təqdim edir. Öz-özünə peyda olan bir-iki sual. Dissertasiyaya rəylər, rəyçi çıxışları. Rəylərin irad hissələri və müəyyən canlanmaya səbəb iddiaçı cavabları. Elə biləsən iddiaçı əsərini yox, əsər iddiaçını təmizə çıxarır...

Akademik dəqiqdir, dürüstlüyü sevir, açıqdır. Deyir, tutaq ki, biz göz yumduq, halbuki qarşımızda mötəbər bir alimlər şurasıdır. Axı sonra daha bir instansiya var: AAK (Ali Attestasiya Komissiyası). Dissertasiya ordan qayıdıb gələ, iddiaçı nə qazanasıdır?, qayıdıb-gələndən hələ daha bir il də gözləməli olasıdır... Bizdə belədir, hər şey dürüst gərək. Gizlətməyə nə hacət; hətta bəzən İsa müəllim lirik haşiyələrdə olub-keçənlərdən zarafatlar da edir; deyir, deyirəm gəl filankəsə doktorluq mövzusu verək, deyirlər bəs namizədliyi özü yazmayıb, belə olarmı? Bu da bir şux yumordur, kamera üçün deyil. Olmaz, əlbəttə. Bizdə belə olmur! İddiaçı həmişə haqlıdır, əslində...

Axı konkret mövzunu onun tədqiqatçısından gözəl kim bilə bilər?! Bu, sınanmış həqiqətdir. Müdafiə şöləninin ən maraqlı, canlı məqamları, təbii ki, rəsmən protokol hissəsi deyil, ssenaridən kənar şifahi dəqiqələrdir. Bəzən iddiaçı kürsüdə sakit-təmkinli, elə elmi ləyaqət göstərir ki, dissertasiyasını belə arxada qoyur. Yadımda, ədəbi prosesdən tənqidçi kimi tanıdığımız Nərgiz xanım Cabbarlı çağdaş şeirin təqdimində (21.04.2015) məhz belə bir parlaq mövqe nümayiş etdirdi. Leyla Həsən qızı Hüseynovanın İsi Məlikzadəni müdafiəsini də (02.07.2015) bu sıraya yazmaq olar. Dissertasiyası da az qala özü qədər yaşlı, peşəkar, tanınmış kitabşünas İmaməddin Zəkiyevin kitabın müdafiəsini nöqtəbənöqtə, tam uğurla başa vurmasını da (31.03.2015) misal gətirməmək olmaz. Bəzən də olur ki, iddiaçı təvazökarlığına sığınıb tədqiqatını kürsüdən gərəyincə danışdıra bilmir. Məsələn, çox gözəl alim Arif Əmrahoğlunun elmi rəhbərliyi ilə yazılmış detal və təfərrüat barəsində çox gözəl dissertasiya, mənimcə, elmə istedadlı bir gəncin gəlişini xəbər versə də, gəl ki həmin Turan Teymurov M.Auezovun "Abay"ını kürsüdən lazımınca təqdim edə, tanıda bilmədi (21.04.2015)... Elə də olur ki, əksinə, iddiaçı müdafiə eyforiyasına elə qapılır ki, ziddinə min dəlil-sübut gətir, Quran ayəsidir sanki, dissertasiyasında yazılanlardan yapışıb-durur ki, durur; təxminən xanım Aytən Əhmədovanın metod-üslub tipologiyası kimi (30.06.2015)... 

Amma ötən semestrdən mənim ən çox yadımda qalan Afaq Əsədovanın post-modernist müdafiəsi oldu. Müdafiə-əvvəli havada bir qədər gərginlik duyulurdu; ələlxüsus Şuranın klassik ədəbiyyat tədqiqatçıları qanadında. Necə yəni: təsəvvüf və postmodernizm?; bir-birindən məsafəcə də, mahiyyətcə də uzaq hadisələrin tipoloji yanaşdırılması necə olur? Özü də belə bir vaxtda ki, klassik yanaşma tərəfdarları post-modernizmi ciddiyə almır və qayıdıb post-modern də klassikaya ironik yanaşır. Demə, olurmuş; məhz post-moderndə olurmuş. Afaq xanım Əsədova müdafiə gedişində elə bir performans nümayiş etdirdi, elə bir israr-çılğınlıq-həmləylə dissertasiyasının müdafiəsində durdu ki, mövzuda ehtiyat eləyənlər belə iddiaçısına inandılar! İnanmaya bilməyib, yekdilliklə Afaq xanımın özünü də postmodernist, müdafiəni isə ilk post-modernist müdafiə elan etdilər. Hətta əvvəldə danışmayıb-susmaq fikrində olanlar da danışıb iddiaçı haqqında xoş sözlər söylədilər...

Bu ki, müdafiədə təkcə müdafiəçi sınaqdan çıxmır. Eyni zamanda elmi instansiya  təzə nəfəs-rakurs-iddia qarşısında imtahan verir, özü-özünü sınayır... Hərçənd ki, Müdafiə Şuramızda filologiya elmləri doktoru, professor Q.Paşayev, filologiya elmləri doktoru, professor M.Qasımlı kimi folklor biliciləri, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Ə.Səfərli, filologiya elmləri doktoru, professor İ.Həmidov, filologiya elmləri doktoru F.Əzizova kimi klassika xiridarları, filologiya elmləri doktoru, professor Z.Əsgərli, filologiya elmləri doktoru, professor A.Məmmədov, filologiya elmləri doktoru, professor A.Bayramov, filologiya elmləri doktoru, professor B.Əhmədov kimi yeni dövr ədəbiyyatı başbilənləri, filologiya elmləri doktoru, professor V.Yusifli, filologiya elmləri doktoru, professor T.Mustafayev və s. kimi müasir ədəbiyyat asları var...  Postmodernizm burda təzə mövzudur, hər dəfə də auditoriyanı silkələməsə olmur. Anarmı daha çox postmodernistdir, Kamal Abdullamı? Və Afaq Əsədova K.Abdulla mətnlərində elə işarələr-həngamələr-nüansirovkalar tapıb-üzə çıxarır ki, nəinki D 01. 131 şifrəli Dissertasiya Şurası qabağında dura, heç Eyvaz Tahadan prof. Maks Statkiyeviçə beynəlxalq miqyaslı K.Abdulla araşdırıcılarının belə, hələ içi mən qarışıq milli Kamalşünasları demirəm, yatsa yuxusuna girməz; olsa-olsa, bu heyndə bəlkə bir hərfindən nöqtəbənöqtəsinəcən K.Abdulla mətnlərini de-şifrələyən Mehman Qaraxanoğlu Afaq xanımla bəhsləşə bilə...

Akademik deyir: hər dissertasiya işi elmi söhbət üçün bir bəhanədir... Bu yöndən bizim şuranın sözün həqiqi mənasında aktivistləri var. Filologiya elmləri doktoru, professor tənqidşünas Şirindil Alışanlının hər mövzuya fərqli baxışı, atmacaları, sualları, fundamental çıxışları, filologiya elmləri doktoru, professor  tənqidçi Rəhim Əliyevin hər mövzu ətrafında maraqlı improvizələri, filologiya elmləri doktoru, professor Əsgər Rəsulovun hər mövzuya dürüst müdaxiləsi, qeydləri, təshihləri, filologiya elmləri doktoru, professor şair Rafiq Yusifoğlunun mövzu ətrafında oldu-olmadı odlu-alovlu çıxışları, filologiya elmləri doktoru, professor Mahirə Quliyevanın hər mövzuya qarşı dəmir məntiqi və məntiqli sualları, komparativist xanım, filologiya elmləri doktoru, professor G.Əlibəyovanın mövzu ətrafında nagahan passajları və s. və i. olmasa, müdafiə və müzakirələrin ləzzəti olmaz ki...

Elmdə hərtərəfli olmaq çətindir, elə hərtərəfli olduğu üçün də D 01. 131 şifrəli Dissertasiya Şurasının sədri, akademik İsa Həbibbəyli bugün bizim filolojidə flaqmandır. Şurada gərgin keçən elmi mübahisələrin faydalılıq əmsalını məhz akademik müəyyən edir, hər növ söhbətə rəvac verdiyi kimi polemikaların da sonunu o təyin edir, nəticə və hasil olan qənaətləri ümumiləşdirir, gələcək perspektivlərə ayna salır. Akademik sanki elmi-ədəbi gedişatla yaşayır; müdafiəyə çıxarılan hər mövzu ilə yaxından tanışdır, hər işə dair konkret sualları və problemin xarakteri ilə bağlı aydın qənaətləri var. Səslənən fikirləri, replikaları, elmə gərək məqamları yerindəcə tutur, inkişaf etdirir, tamamlayır. Elmə münasibətdə səhlənkarlığa, intizamsızlığa, diletantlığa qarşı kəskin olduğu kimi, bəzən amma zarafata salıb:  "yəqin ki, belə demək istəyirdin", yaxud "bu yerdə belə deməlisən" - deyib iddiaçıya dəstək verməyi də bacarır...            

Bir sözlə, adlı-ünlü filoloji doktorlarından ibarət D 01. 131 şifrəli Dissertasiya Şurasının kapitanı, əlbəttə ki, akademik özüdür. Sükanı hərdən az müddətə Şuranın sədr müavini filologiya elmləri doktoru, professor Məmməd Əliyevə tərk edirsə də, nə qəm, təmkin və müdriklik etalonu Məmməd müəllimin dürüst taktları müdafiə prosesinin ab-havasını necə var, qoruyub-saxlamağa bəs eləyir. Ta ki: "Akademiyanın prezidenti ilə görüşməliyəm..." - deyə, müvəqqəti bizdən ayrılmış sədrin tam dəqiqliklə, dediyi vaxtdaca geri dönməsinəcən. Akademik İsa Həbibbəyli işdə-əməldə düzlüyü sevdiyi kimi, sözündə də möhkəmdir...

Bu ki, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurası bugün etibarlı əllərdədir; milli filolojimiz - həmçinin. Onun Ədəbiyyat İnstitutu kimi elmin sularında ləngər vuran gəmisi var.

 





29.09.2015    çap et  çap et