525.Az

Milli mətbuatda Mirzə Cəlal Yusifzadənin rolu və "Həqiqəti-əfkar" qəzetinin yeri


 

Milli mətbuatda Mirzə Cəlal Yusifzadənin rolu və "Həqiqəti-əfkar" qəzetinin yeri<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Mirzə Cəlal Yusifzadə çoxşaxəli fəaliyyət və yaradıcılıq istiqamətlərinə malik idi. Onun növbəti kitabı - "Qumar, şərab və aidiyyatı sairənin müzərrətlərini göstərən risaləsi "Nəhyi münkər"  adı ilə Tiflisdə 1905-ci ildə böyük demokrat Mirzə Cəlilin və Ömər Faiqin "Qeyrət" mətbəəsində nəşr olunur. Tərbiyəvi mövzuda, zərərli adətlərdən bəhs edən, Cəlal Yusifzadə imzası ilə işıq üzü görən, 46 səhifəlik bu nəşr "Qeyrət"in buraxdığı ilk kitablardan idi. Müəllif risaləsinin yığcam girişində yazırdı: "Bu müxtəsər risalədə qumar, şərab və sair aidiyyatın fəsad və zərərlərindən sadə türk dilində söyləyəcək istədiyimizdən bəzi ayati şərifə (şərəfli ayələr - A.R.) və əxbari səhihənin ərəbi əl-ləfz və əl-ebare zikrindən sərf-nəzər edib, fəqət məzmunlarını türkcə yazmağa iktifa edirik (kifayətlənirik).

Niyyətimiz isə türk dilinə və üslubuna aşina olanları tənbih (oyatmaq) etməkdən ibarət olub, bəlkə də gənc uşaqlarımıza təlimi səhl olub, qumar və şərab və sair aidiyyati müzərrənin məfsədələrinə alim olmağı mələkə (vərdiş-A.R.) həddinə yetişdirməkdir" (Cəlal Yusifzadə. "Nəhyi münkər", Tiflis, "Qeyrət" mətbəəsi, 1905, s. 2).

Müəllif məramnaməsində vurğuladığı kimi kitabın yazılmasında və nəşrində niyyəti türk gənclərini mənəvi saflığa, sağlam həyat tərzinə dəvət etmək, zərərli vərdişlərdən uzaqlaşdırmaqdır. Üç fəsildən ibarət olan "Nəhyi münkər"  kitabında da Mirzə Cəlal Yusifzadə maarifçilik məsləkinə sadiq qalırdı.

Onun "Rəşəhati-Nəbəviyyə" (Fəxri-Kainat, xatəmül-ənbiya) kitabı isə (Bakı, Orucov qardaşları mətbəəsi, 1910, I cild, 88 səh.) dini mövzuda yazılmış, ərəb dilindən tərcüməsidir.

Dahi bəstəkarımız Üzeyir Hacıbəyovdan sonra Mirzə Cəlal Yusifzadə opera librettosu yazan ikinci tanınmış sənətkardır. Onun Şeyx Nizami Gəncəvinin "İsgəndərnamə"sinə müraciət edərək "Fərhad və Şirin" (Bakı, Orucov qardaşları mətbəəsi, 1911, 32 səh.) adlı əsər yazması zəmanəsinin böyük hadisəsinə çevrildi. Mirzə Cəlal Yusifzadənin "Fərhad və Şirin" librettosu əsasında tarçalan Mirzə Zeynalla hazırladığı opera haqqında hələ 1910-cu ilin oktyabr ayında "Kaspi", "Zakavkazskoye obozreniye" qəzetlərində məlumatlar dərc olunmuşdur. "Yeni həqiqət" qəzetinin 21 fevral 1911-ci il sayında verilən məlumata əsasən Cəlal Yusifzadənin "Fərhad və Şirin" operası "Martın 6-da oynanılacaq və musiqişünaslar həmin opera üçün Asiya nəğmələrindən ibarət musiqi yazmışlar"/

"Yeni həqiqət"in digər sayında isə "Fərhad və Şirin" operasının ilk dəfə 1911-ci il 6 mart tarixində Nikitin qardaşlarının sirkində tamaşaya qoyulması, Fərhad rolunu Cabbar Qaryağdıoğlunun, Şirin rolunu isə Cəmil Nəcəfovun ifa etməsi xəbəri verilmişdir. Bu faktlar təsdiqləyir ki, "Fərhad və Şirin" operasını milli musiqiyə dərindən bələd olan Mirzə Cəlal hələ 1910-cu ildə tarçalan Mirzə Zeynalla hazırlamış, F.Şuşinskinin Saşa Oqanezaşvilini operaya şərik etməsi həddindən artıq şişirdilmiş məlumatdır.

M.Ə.Rəsulzadə "Fərhad və Şirin" operası haqqında "İqbal" qəzetində çap etdirdiyi resenziyasında (1914, 20 yanvar) Mirzə Cəlal Yusifzadəni "münəvvər bir alim və vaseh məlumata sahib bir şərqşünas" adlandırırdı.

M.C.Yusifzadənin sonuncu çap kitabı 1912-ci ildə Mirbabayevin "Zarya" mətbəəsində nəşr etdirdiyi "Ata - baba nəsihətləri" (16 səh) adlı, uşaq və gənclər üçün tərbiyəvi mövzuda qələmə aldığı əsəridir.

Tədqiqatçı-jurnalist Fazil Rəhmanzadənin "Buxaroyi-şərif"in redaktoru" məqaləsində (Bax: "Adın yadigar qalsın", Baki, "İşıq" nəş., 1986, səh. 38-45) Ağababa Yusifzadənin 1912-ci ildə çap olunmuş "Həyatın qəhri altında, yaxud xainin sonu" (Həyati həqiqətdən götürülmüş aşiqanə bir romandır) adlı kitabının Mirzə Cəlal Yusifzadəyə aid etməsi adi məntiqə, real faktlara söykənmir və mülahizə tamamilə əsassızdır.

Bu sətirlərin müəllifinin ədibin nəvəsi, texnika üzrə fəlsəfə doktoru, Azərbaycan Neft Akademiyasının dosenti Alina xanım Yusifzadə ilə söhbətlərindən məlum oldu ki, Mirzə Cəlalın bu günədək çap olunmayan zəngin ədəbi irsi ailə arxivində mühafizə olunmaqdadır. XIX əsrin sonu, XX yüzilliyin əvvəllərində yazıldığı güman edilən, həcmi bir neçə ümumi dəftərdən ibarət olan, əsasən qəzəl janrında yazılmış klassik bədii nümunələr qədim və zəngin ənənələrə malik ədəbiyyat tariximiz üçün müstəsna əhəmiyyət kəsb edir.

Etiraf olunmalıdır ki, Mirzə Cəlal Yusifzadənin ədəbi, bədii və ictimai fəaliyyəti, mətbuat sahəsindəki xidmətləri, bədii-publisistik yaradıcılığı ayrıca tədqiqata möhtacdır. Onun "Həyat", "İrşad", "Tazə həyat", "İttifaq", "Hilal", "Asari-həqiqət", "Sədayi-həqq" və b. qəzetlərdə C.C.Y, Cəlal Qarabaği, Cəlal Yusifi, Mirzə Cəlal Yusifzadə və digər imzalarla çıxış etməsi məlumdur. Mirzə Cəlalın  1911-1912-ci illərdə Bakıda ana dilində nəşr etdiyi "Həqiqəti-əfkar" (Fikirlərin həqiqəti - A.R.) qəzetini onun mətbuat sahəsindəki fəaliyyətinin ən yüksək məqamı kimi dəyərləndirmək olar. Azərbaycan arxivlərində bir nömrəsi də tapılmayan bu mətbuat orqanının tam dəsti akademik İsa Həbibbəylinin maddi və mənəvi dəstəyi ilə Rusiya Dövlət Arxivinin Sankt-Peterburq Filialından bu sətirlərin müəllifi tərəfindən gətirilərək AMEA Nizami adına Ədəbiyyat İnstitutunun arxivinə təhvil verilmişdir.

Mirzə Cəlal Yusifzadənin müdirliyi və sahibi imtiyazlığı (redaktorluğu və naşirliyi) ilə "Həqiqəti-əfkar" qəzetinin ilk sayı 1911-ci il 29 oktyabr tarixində, şənbə günü, Bakıda Nikolayevski küçəsində yerləşən Tağıyevin Qız məktəbinin (indiki AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun - A.R.) altında, Orucov qardaşlarının elektrik mətbəəsində o vaxtın leksikonu ilə desək "təb edilmişdir". Qəzet A-2 formatlı, dörd səhifəlik, həftədə bir dəfə işıq üzü görən "siyasi, ədəbi, fənni, ictimai və iqtisadi türkcə" mətbuat orqanı idi. Birinci sayın ilk səhifəsinin əsas bildirişində müdir və sahibi imtiyaz oxucularına üz tutaraq yazırdı: "Həqiqəti-əfkar". Oktyabr ayının 29-dan etibarən həftədə bir dəfə şənbə və müsəlman bayramlarının sabahı günləri "Həqiqəti-əfkar" qəzetəsi nəşr olunacaqdır. Elm və ədəbdən bəhs edən məqalələr üçün qəzetəmizin səhifələri açıqdır" ("Həqiqəti-əfkar" qəz., Bakı, 1911, 29 oktyabr, № 1, səh. 1).

Mirzə Cəlal Yusifzadə qəzetin məram və məqsədini ilk nömrənin baş yazısında belə bəyan etmişdir: "H.Ə" (Həqiqəti-əfkar - A.R.) intişarından əsl məqsədimiz Qafqaz türk həmvətənlərimizə məlumat verməkdir. Siyasi, iqtisadi, ictimai, əxlaqi, ədəbi... hər qism məqalələrə vərəqələrimizdə yer vardır. Şəxsi qərəzdən xali, ədəb dairəsindən xaric olmaqdan ari hər günə məqalələr və əxbar dərc olunacaqdır.

Möhtərəm ədib, mühərrir və alimlərdən rica olunur ki, bizim bu müxtəsər vərəqparəmizin islahına məxsus bəzli-itaət buyursunlar. Bir mətləbdə səhvlərimiz və xətamız olursa göstərmək ilə bizi xoşhal eyləsinlər" ("Həqiqəti-əfkar" qəz., Bakı, 1911, 29 oktyabr, № 1, səh. 1).

Bu bir neçə cümlə qəzetin və onun redaktorunun demokratik dəyərlərə sadiqliyini, cəmiyyətin maariflənməsi yolunda məşəqqətlərə dözümlülüyünü, həqiqətin, doğrunun söylənilməsində inadcıllığını təcəssüm etdirən çox açıq bəyannamədir. Burada xalqına xidmət etmək istəyən jurnalistin, mühərririn yüksək "əfkarı"ı və əxlaqi dəyərləri ön plana çəkilir, şəxsi qərəzlər üçün vərəqparələrdə yer tapılmayacağı bildirilir. "Həqiqəti-əfkar"ın birinci səhifəsində "C" imzası ilə yer alan bu yazı qəzetin tutacağı yolu nişan vermişdi.

(Ardı var)

 





30.09.2015    çap et  çap et