525.Az

"Açıq söz" qəzetinin 100 yaşı tamam olur


 

YUBİLEY MÜNASİBƏTİLƏ "525-ci QƏZET" NƏŞRİN İLK SAYINI XÜSUSİ BURAXILIŞ KİMİ YENİDƏN ÇAP EDİB

"Açıq söz" qəzetinin 100 yaşı tamam olur<b style="color:red"></b>

Bu gün "Açıq söz" qəzetinin 100 yaşı tamam olur. Qəzet 1915-ci ilin oktyabrın 2-də Bakıda nəşr olunub.

Mətbu orqan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri, milli istiqlal hərəkatının lideri Məhəmməd Əmin Rəsulzadənin baş mühərrirliyi ilə fəaliyyətə başlayıb. O rəhbərlik etdiyi qəzetin ətrafına Mirzə Bala Məmmədzadə, Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Məhəmməd Hadi kimi milli ruhlu ziyalıları toplayıb.

1917-ci ilədək fəaliyyət göstərən qəzet yalnız mətbuat deyil, eyni zamanda xalqımızın azadlıq mübarizəsi tarixində əhəmiyyətli rol oynayıb.
 
M.Ə.Rəsulzadə bir lider olaraq xalqın düşdüyü ağır vəziyyətdən çıxmaq bacarığını məhz bu qəzetdə nəşr olunan yazılarında ortaya qoyub.

Qəzetin ilk sayının baş məqaləsi "Tutacağımız yol" adlanır. Müəllifi M.Ə.Rəsulzadə olan yazı bu sonluqla bitir: "Tutacağımız yolda önümüzə çıxacaq olanlara qarşı yeganə vasitəmiz olacaq açıq söz!".

Bu mənada, "Açıq söz" türkçülük, milli özünüdərk, dövlətçilik ideyalarını təbliğ edib. Qəzet fəaliyyətini erkən dayandırsa da xalqa təbliğ etdiyi fikirlərlə Azərbaycanda milli dirçəliş hərəkatının yeni dalğasının başlaması üçün əvəzsiz rol oynayıb.

Nəticədə, 1917-ci il aprelin 15-dən 20-dək Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayında M.Ə.Rəsulzadə tərəfindən irəli sürülən ərazi muxtariyyəti və millətlərin istiqlalı ideyasının məntiqi sonluğu 1918-ci ilin mayın 27-də Azərbaycan Milli Şurasının yaradılması, mayın 28-də isə Azərbaycan istiqlalının bütün dünyaya elan edilməsi olur.
 
M.Ə.Rəsulzadə 28 may istiqlalını mühüm hadisə adlandıraraq yazıb: "O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən milli olaraq dövlət qurmuş və bu dövlətin istiqlalı uğrunda bütün mövcudiyyəti ilə meydana atılıb". Bu mübarizədə isə siyasi, ictimai və ədəbi türk qəzeti olan "Açıq söz" əsas təbliğat vasitəsi olub.

Mətbu orqanın 100 illik yubileyi münasibətilə "525-ci qəzet" nəşrin 1-ci nömrəsini qəzetin xüsusi buraxılışı kimi yenidən çap edərək həm latın, həm də ərəb əlifbasında oxuculara təqdim edir.

Qeyd edək ki, qəzetin ilk sayını ərəb qrafikasından latın qrafikasına professor Şirməmməd Hüseynov transliterasiya edib. Nömrənin transliterasiya redaktoru professor Şamil Vəliyev, elmi işçisi isə Samir Xalidoğludur.

Ceyhun ABASOV

 





02.10.2015    çap et  çap et