525.Az

"Turizm sahəsində təhsilin keyfiyyəti əsas şərtdir"


 

"Turizm sahəsində təhsilin keyfiyyəti əsas şərtdir"<b style="color:red"></b>

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil ocağının sosial tərəfdaşı sayılan "Turizmin İnkişafına Kömək" İctimai Birliyinin dəstəyi ilə "Azərbaycanda turizm təhsilinin keyfiyyətinin yaxşılaşdırılmasına kömək" layihəsi çərçivəsində tədbir keçirilib. 

Universitetdən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilir. Layihənin müzakirəsi zamanı ATMU-nun Tədris işləri üzrə prorektoru Eldar Aslanov bildirib ki, universitet 10 illik fəaliyyəti ərəfəsində öz ənənəsinə sadiq qalaraq daha bir ilk yeniliyə imza atıb. ATMU Kataloqunun tərtib edilməsində başlıca məqsəd layihənin adından da göründüyü kimi ali məktəblərdə turizm təhsilinin keyfiyyətini artırmaqdan ibarətdir. Azərbaycanın üniversitetləri üçün pilot layihə sayılan kataloqun tərtibində ATMU-nun təcrübəli əməkdaşlarının təklif və rəylərinə, o cümlədən, xarici ölkə universitetlərinin çoxillik təcrübəsinə istinad olunub.

ATMU Kataloqu təxminən 50 səhifə olmaqla 8 bölmədən ibarətdir. Kataloqun birinci bölməsi "Azəbaycan Turizm və Menecment Universiteti haqqında" adlanır. Universitetin yaranma və fəaliyyət istiqamətinə, missiyasına, dəyərlərinə və əsas hədəflərinə həsr olunub. "Struktur və idarəetmə" bölməsində universitetin əsas struktur vahidləri kimi rektorluq, elmi şura, fakültələr, kadr hazırlığı aparılan ixtisaslar, kafedralar, şöbələr və mərkəzlər haqqında məlumat verilir.

Bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan şəxslərin qeydiyyatı, prosedurları ətraflı şərh edilir. Kataloqun ən mürəkkəb bölməsi "Akademik siyasət" adlanır. 20 alt bənddən ibarət bu bölmədə təhsil alanın tədris prosesində qarşılaşdığı əsas akademik addımlar və hadisələr tək-tək mövcud qaydalar əsasında izah olunur. Təhsil illərinin ən həyəcan dolu günlərini əhatə edən "Qiymətləndirmə və imtahanlarin keçirilməsi" bölməsində çoxballı sistemdə tələbə biliyinin qiymətləndirməsi, imtahan prosedurları və qaydaları, imtahanlara nəzarət, imtahan cavablarının yoxlanılması və appelyasiya ilə bağlı məsələlər öz əksini tapır. Yeddinci bölmə "Beynəlxalq əlaqələr" adlanır. Nəhayət sonuncu-səkkizinci bölmədə universitetin Akademik təqvimi verilir. Tələbələr əsas istiqamətverici tədris sənədinə əsasən illik və semestr dərslərinin başlanılma, bitmə, aralıq, final və yekun dövlət imtahanlarının,o cümlədən, istehsalat təcrübə və yay semestinin nəzərdə tutulan vaxt çərçivələrini dəqiqliyi ilə öyrənə bilirlər.

Onu da qeyd edək  ki, ATMU Kataloqu bir neçə il əvvəl çap olunan "Tələbələr üçün yaddaş kitabçası" formasında tərtib edilib.

Vəfa MƏMMƏDLİ

 





06.10.2015    çap et  çap et