525.Az

Ruzbeh Məmmədin nağılı


 

Ruzbeh Məmmədin nağılı <b style="color:red"></b>

I

Bilirəm uzaqdadı... Lap uzaqda... Onu da bilirəm ki, döyülən pəncərənin o üzündə həmişə onun olmasını arzulayacağam. Həmişə də bir başqası olacaq.

***

Bir oğlan var. Adı Ruzbeh. Şeirlərinin sonunda həmişə bu adı oxuyuram: Ruzbeh Məmməd.  O oğlan öz kiçik ovuclarında ümid böyüdüb. Hər gün bir az böyüdükcə ümidləri, dilinə sehrli kəlmələr gəlib. Allahın əta etdiyi bu sehrlə zaman-zaman 39  qapı açıb: Mərifət qapısı... Elm qapısı... İnam qapısı... İman qapısı... Sevgi qapısı... və sair... və ilaxır...

Atasının 57 yaşına yazdığı şeirdə "sözün böyüklüyünü, özünün "bir kəlmə söz" önündəki heyrətini" yazıb Ruzbeh Məmməd...

Sənin hər sözündə, evimizdəki
Kitablarını yığdığın
otaqdan da böyük bir hikmət vardı...
Balaca-balaca atdığım addımlar zamanı,
Sənin boyumdan uca, çəkimdən yekə,
Dediyin kəlmələrdən yapışıb yeriyirdim...

II

Narahatam... Gəlməyəcək, bilirəm. Darıxsam da, düzəlməyəcək. Şaiq Vəli demiş: "Olacaqlar olacaqlar..." 

Dərk edirəm bunları. Amma di gəl, yumruğum boyda bir ürəyə bunun heç birini anladammıram. Ya mənim sözüm keçmir, ya da anlatmağa söz tapmıram. Həsrətimi böyüdürəm. Boyuna baxıb ağlamaq ümidilə...

***

Ruzbeh Məmməd çox tez böyüdü... Nağıl dili yüyrək olur axı. Böyüdü və yolu Bakı adlı böyük şəhərə düşdü. Burda daha yazdıqlarını gizlətmədi. Açdığı "hiss boxçası"ndan ürək-ürək sevinc, kədər, darıxmaq, xatırlamaq payladı onu oxuyanlara... Özü də məktub oxuya-oxuya...

Yaman da pis şey imiş,
Bilirsənmi darıxmaq?
Oxudum məktubunu,
Deyirsən ki, darıxma...

Deyirsən, unudam səni,
Bu da qismət, bu da baxtdı...
Hər gün səni düşünürəm,
Unutmağa vaxtım yoxdu...

Günlərin bir günü Ruzbehin yadına düşdü ki, hələ 40-cı qapının arxasında nə olduğundan xəbərsizdi. 

Tamam etdiyi bütün elm və ədəb kitablarını qoltuğuna vurdu, məhəbbət sirrlərini ürəyində saxlanc elədi, gözlərində gizlətdi vüsal ümidlərini... Yol aldı 40-cı qapının qənşərinə. Əl atdı ki, aça... Bir səs gəldi ürəyindən:

- Açma, igid!

Heç igid də başladığı işi yarım qoyardımı!?

Ruzbeh 40-cı qapını açdı. Açdı, amma ürəyinin səsinə qulaq asmadı deyə özünü ömürlük lənətlədi.  40-cı qapının arxasında  onu "əlahəzrət ayrılıq"  gözləyirdi.

Öyrətdim özümü təkliyə
Öyrətdim bir balaca...
Çatdım qaçmadığım finişə!
Öyrətdim özümü
Təkliyə,
Nə asan sənsizliyə...
Gözlərimi yuxusuzluğa,
Dodaqlarımı öpüş həsrətinə,
Qarnımı aclığa.
Öyrətdim özümü
Elə-belə... Acığa...

***

Adamların yaşı 20-yə çatdımı, "böyüdü"... 30-a yetdimi, "ağıllanmaq" dövrü bitdi... 40-ı keçdimi... "öyrənəsi"  heç nəyi qalmadı...

Bəs, mənim hər gün bir şeir boyu böyüyən həsrətim?  Heyf ki, bu nağılın üç alması da şeir boydadı... Və göydən düşmür... Ürəkdən cücərir...

Hə... Bir də bunu deyim: bizi şeirlər qardaş-bacı elədi Ruzbehlə...

Və mən bu gün onun nağılını oxuya-oxuya ( yaza-yaza)  düşünürəm ki, baş qəhrəmanı  həsrət olan nağılım şeirlərimin anasıdır... Və hələ də mənim şeirlər kitabım yoxdur...

***

Ruzbeh Məmməd uzaqdadı, Gəncədən... 2014-cü ildə işıq üzü görən "365  gün" adlı  kitabını mənə göndərməyi unutmayıb bu uzaqlıqda... Onun kitabını hərdən oxuyuram. Ən çox da bu cümləni: "Narahat olma, düzələr"ə qalır üç yüz altmış beş gün həyat..."

Bir də Fərqanə Mehdiyevanın bu sözlərini...

- İnanıram ki, Ruzbeh Məmməd imzası həm poeziya vurğunlarına, həm də mənəviyyat adamlarına maraqlı töhfə olacaq.

Mən də inanıram... İnanıram ki, Ruzbeh Məmmədin  nağılının sonunda bu cümlələr yazılacaq: "Hər kəs murada yetdi... Göydən üç alma düşdü... Hamısı da Ruzbehin... "

Gəncə

 





08.10.2015    çap et  çap et