525.Az

Pillə-pillə ucalırdı...


 

Pillə-pillə ucalırdı...<b style="color:red"></b>

İnsan var ki, ömür boyu həmişə sakit bir guşə, rahat həyat arzulayır. İnsan da var ki, ömrün dolaylarında çırpınır, işin çətinindən yapışır, müşkülləri asan etməyə çalışır. Əziz rəfiqəm, tələbə yoldaşım, istedadlı qələm sahibi Rəhilə Gülgün kimi.

Rəhilə haqqında həmişə xoş sözlər danışsam da, onu səciyyələndirən, xarakterini açan cəhətləri dilə gətirsəm də, barəsində yazmaq fürsətim olmayıb. Bundan ötrü bir imkan, məqam da yaranmayıb.

Qələmi ələ alıb fikirlərimi çözələyərkən hiss etdim ki, əməlli-başlı düşünüb-daşınmalı, mülahizələrimi, necə deyərlər, ələkdən keçirməli olacağam. Axı bu, özgəsi deyil, canım qədər sevdiyim, həyatına, ailəsinə və ən nəhayət, yaradıcılığına bələd olduğum Rəhilə Gülgündü.

Unudulmaz tələbəlik illəri

Bizi erkən gənclik çağlarından - 70-ci illərin əvvəllərindən nə az-nə çox, düz 40 illik zaman kəsiyi ayırır. 1973-cü ilin sentyabrın 1-i idi. Metronun "Bakı Soveti" (indiki İçərişəhər) stansiyasından üzüyuxarı qalxan Kommunist (indiki İstiqlaliyyət) küçəsində qələbəlikdi, necə deyərlər, iynə atsaydın, yerə düşməzdi. Burada yanaşı yerləşən ali məktəblərin tələbələri ilk dərs gününün fərəhini yaşayırdı.

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsinə qəbul olunmuş, köksündə böyük arzular, ümidlər çağlayan əlli gənc ilk mühazirəni 37-ci auditoriyada dinləyirdi. 630 və 632-ci qruplar "potok" şəklində birləşmişdi. Həmin gün filologiya elmləri doktoru, professor Vaqif Vəliyevin bizlə bölüşdüyü maraqlı, həm də baməzə söhbətlərini bu gün də həvəslə xatırlayırıq. Sonralar dünyasını dəyişən professorun bir fikrini heç unutmadıq. O demişdi: "Siz universitet tələbəsi kimi şellənib, bu küçə ilə yeriyəndə elə bilirsiniz ki, dünya-aləm sizə baxır. Əslində isə sizi hələ heç kəs tanımır, sevinciniz də özünüzə bəllidir. Sizi yaxşı mütəxəssis olanda tanıyacaqlar". Sırğa edib qulağımızdan asmışdıq bu fikirləri.

Ustad jurnalist Nəsir İmanquliyev, Mir Cəlal Paşayev, Qulu Xəlilli, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Famil Mehdi, Nəriman Zeynalov, Tofiq Rüstəmov, Yalçın Əlizadə kimi sevimli müəllimlərimizdən dərs alıb jurnalistikanın incəliklərinə yiyələnirdik.

Rəhilə ilə həmişə bir yerdəydik. Auditoriyada birinci sırada, eyni masa arxasında otururduq. Tez-tez bizə gəlir, seminar məşğələlərinə, semestr imtahanlarına birgə hazırlaşır, kurs işi yazırdıq.

Rəfiqəmin hələ lap gənclik illərindən şux, gülərüz, deyib-gülən, həyat eşqi coşub-daşan bir qız kimi tələbə yoldaşlarımızın yaddaşında qaldığından əminəm. İndi də xətrini çox istədiyimiz tələbə qızlarımız mənlə rastlaşanda hal-əhval tutub soruşduqlarından biri bu olur ki, "əziz bacın necədir, əvvəlki nikbinliyi yerindəmi?"

Bu sarışın, alagöz, yaraşıqlı qızın səmimi, ünsiyyətcil, zarafatcıl olması, xoş rəftarı ona rəğbət qazandırmış, qrupumuzun sevimlisinə çevirmişdi. Həmişə düşünürdük ki, onu heç nə ilə ruhdan salmaq olmaz. Ən çətin anlarda belə yumor hissi və hazırcavablığı ilə vəziyyətdən çıxmağı bacarırdı.

Oxuduğumuz 632-ci qrupun sinif nümayəndəsi idim. O, bununla da qürrələnir, zarafatla "nə problemim ola bilər, qrupun "ağası" öz adamımızdır" deyirdi.

Rəhilə Zərdab rayonunun Salahlı kəndində sadə ailədə dünyaya göz açıb. Qızlarımız onun yaxşı oxuması ilə yanaşı, gözəl, müasir dəblə geyinməsinə də qibtə edir, "elə bil heç kənddə-kəsəkdə böyüməyib" deyirdilər. Qrupumuzun oğlanlarından biri isə onu zarafatla "kənd burjuaziyasının nümayəndəsi" adlandırmışdı.

Tənəffüsdə zarafatlaşır, bir-birindən hal-əhval tutur, olub-keçənləri çözələyirdik. Rəhilə və ətrafındakı bir neçə tələbə yoldaşımız o biri qrupun "adlı-sanlı" nümayəndələrini söz atəşinə tutmuşdu:

- Sizin divar qəzetiniz "Çeşmə" yamanca quruyur, ondan heç sısqa bulaq da qalmayacaq... Bizim qəzetimiz "Zirvə" isə, görürsünüz, daim ucalarda, zirvələrdədir.

Digər qrupun təəssübkeşi isə:

- "Çeşmə"nin əsas yazarları qrupumuzdakı şairlərdir və biz sizdən fərqli olaraq, ilham almağı bacarırıq. Doğma yurddan, təbiətdən, məhəbbətdən, dostluqdan...

Rəhilənin sözü isə bu oldu ki, nicat yolu kompromisə getməkdir. Yoxsa, gur çeşmədən qaynaqlanan yaradıcılıq zirvələrə yüksəlməz. Dil-boğaza qoymayan Rəhiləyə söz çatdırmaq olardı? Onun su səpən, barış yaradan bu sözlərini hamı alqışladı.

Tələbə qızlarımız - Şəfiqə, Afaq, İradə, Lumuxanım, Məsudə və Sevillə, həmçinin tələbə oğlanlarımız - Qüdrət Piriyev, Vaqif Bəhmənli, Qulu Məhərrəmli, Ələddin Əsədov, Cəfər Sadiq, Məsaim Abdullayev, Çingiz Aslanov, İlham Mazanlı, Zülfüqar Şahsevənli və Kamil Muradovla, habelə adını çəkə bilmədiyim neçə-neçə qələm dostumuzla birgə təhsil illərimizi, həyatımızın o mənalı çağlarını unutmuruq.

Rəhilə tələbə yoldaşımız, hələ o vaxt incə ruhlu şeirlər yazan Vaqif Bəhmənli ilə ailə qurdu. Vaqif Bəhmənli sonralar bir müsahibəsində deyəcəkdi: "Tale elə gətirdi ki, istəkli kurs yoldaşım Qulu Məhərrəmli ən ağıllı tələbə qızlarımızdan biri olan Zemfira ilə ailə həyatı qurdu. Mən də onun ən yaxın rəfiqəsini "ələ keçirdim". Tələbəlik dostluğu ailə dostluğuna çevrildi".

Radioda uşaq proqramlarının müəllifi 

Əziz, unudulmaz tələbəlik illərimiz arxada qalmış, təyinat alıb müxtəlif ünvanlara - qəzet və jurnal redaksiyalarına, televiziya və radio proqramlarına, informasiya agentliklərinə və nəşriyyatlara səpələnmişdik. Rəhilə Azərbaycan radiosunun müxbiri kimi fəaliyyətə başlamışdı. O, radionun Uşaq verilişləri baş redaksiyasında çalışır, məktəbəqədər və məktəbyaşlı uşaqların təlim-tərbiyəsi, təhsili, ahəngdar inkişafı, asudə vaxtının təşkili ilə bağlı silsilə proqramlar hazırlayırdı. Verilişlərini balacaların başa düşdüyü, anladığı dildə, çox vaxt öz yapışıqlı səsi ilə çatdırırdı. Bütün yazılarında uşaq dünyasına olan marağı, sevgisi duyulurdu.

Hazırladığı proqramlar peşəkarlığı, Azərbaycan ədəbi dilinə sayğısı, ehtiramı, mübarizliyi ilə fərqlənirdi. Çiyin-çiyinə çalışdığı həmkarları Rəhilə Gülgünü məhz bu keyfiyyətlərinə görə dəyərləndirirdilər.

Bir müddət sonra o, radiodakı işindən ayrılaraq, "Humanitar" qəzetində çalışmağa başladı. Burada da öz nəcib missiyasına sadiq qaldı. R.Gülgün imzası ilə bu qəzetdə xüsusi qayğıya ehtiyaclı, valideyn himayəsindən məhrum, kimsəsiz uşaqların taleyi, saysız-hesabsız problemləri ilə bağlı silsilə yazıları dərc olunurdu. Həmkarım öz cəsarətli məqalələri, analitik materialları ilə məsələ qaldırır, əlaqədar təşkilatların diqqətini nisgilli uşaqların, küçələrə atılmış azyaşlıların çətinliklərinə, problemlərinin həllinə yönəldirdi. Onun həmin dövrdə "Ümid yeri" uşaq sığınacağında çalışması da həyatının ən mənalı səhifələrindəndir. Əsl ana mehri-ülfəti ilə bu qəbildən olan uşaqlara qayğı göstərir, "Ümid yeri"nə sığınmış binəsib balaların valideynlərini bu uşaq təşkilatının rəhbəri, jurnalist həmkarımız Nigar Mənsimli ilə birlikdə axtarıb tapır, onların bioloji ailələrinə qayıtmasına kömək edirdi.

"Xəbərin rəngi" necə ərsəyə gəldi? 

Rəhilə Gülgünün söz-sənət sərraflarına, tanınmış ədəbiyyat və incəsənət xadimlərinə həsr etdiyi, müxtəlif illərdə qələmə aldığı kitablar maraqla oxunur. Milli mədəniyyətimizin tarixində, müasir jurnalistikamızda özünəməxsusluğu, xeyirxah əməlləri ilə dərin və silinməz izlər buraxmış ustad jurnalist Nəsir İmanquliyevin yaradıcılıq yolu barədə tədqiqatlarının nəticəsi olaraq yazdığı "Xəbərin rəngi" kitabı istedadlı qələm sahibinə rəğbət qazandırdı. Qeyd etmək lazımdır ki, bu kitab ustad sənətkarla bağlı yazılmış ən etibarlı qaynaqlardan biridir. Bu əsərdə milli mətbuatımızın N.İmanquliyev fenomeninin izahı verilmiş, XX əsr Azərbaycan jurnalistikası və ictimai fikir tarixində görkəmli yer tutan, otuz il müddətində ölkənin ən populyar mətbu orqanlarına - "Bakı" və "Baku" qəzetlərinə rəhbərlik edən tələbkar redaktor və naşirin həyat və yaradıcılığından bəhs olunmuşdur.

Müəllif bədii-publisistik üslubda yazdığı bu kitabda təpədən-dırnağa jurnalist olan sənətkarın yaradıcılıq məziyyətlərini, onun çağdaş mətbuatımıza örnək sayılan meyarlarını diqqətə çatdırmışdır. R.Gülgün vaxtilə ona dərs demiş Nəsir müəllimin gözünün nuru, ürəyinin odu ilə ərsəyə gətirdiyi həmin axşam qəzetlərinin yaradıcılıq məktəbi kimi neçə-neçə ziyalının püxtələşməsində əvəzsiz rol oynadığını önə çəkmişdir. Müəllif sağlam budaqların sağlam köklərdən su içib ucaldığını, bu qəzetlərin "şinelindən çıxmış" qələm sahiblərinin bu gün həyatın müxtəlif sahələrində çalışaraq xalqımıza fayda verdiyini nəzərə çatdırmışdır.

Rəhilə Gülgün az sonra Xalq yazıçısı Mir Cəlal Paşayevin həyat və yaradıcılığı haqqında "Göylər adamı" kitabını və tanınmış psixoloq Elmira Mirzəyevanın bir alim kimi portret cizgilərini əks etdirən "Zərifliyin gücü" əsərini qələmə almışdır.

lll

Bu gün 60 yaşını qeyd edən Rəhilə Gülgün ləyaqətli ziyalı ömrünü yaşayır. O, gözəl, mehriban anadır. Ömür-gün yoldaşı, tanınmış şair-publisist, Mədəniyyət Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli ilə birgə üç övladının - Xəyyam, Şəms və Gülgünün layiqli vətəndaş kimi yetişməsində böyük zəhmət sərf edib. Daim yazıb-yaradan bir şairin ömür-gün yoldaşı olmaq isə elə də asan deyil.

Nəvələrinin dünyaya gəlişi ilə sanki ömürlərinin yeni mərhələsi başlayıb. Nəvə görmək ülvi bir istəkdir. Rəhilə xanım deyir ki, nəvələrimiz həyatımızı bəzəyir. Bu şirinlikdə ikinci bir duyğu təsəvvür etmək çətindir.

Zemfira MƏHƏRRƏMLİ

 





13.10.2015    çap et  çap et