525.Az

Bakıda kruiz turlarının təqdimatı keçirilib


 

Bakıda kruiz turlarının təqdimatı keçirilib<b style="color:red"></b>

Oktyabrın 13-də Azərbaycan Turizm Assosiasiyasında “Millennium Tourism & Congress DMC” turizm şirkətinin təşkilatçılığı ilə kruiz turlarının təqdimat mərasimi keçirilib.

525.az-ın məlumatına görə, tədbirdə yerli turizm şirkətləri və media nümayəndələri iştirak edib.

“Millennium Tourism” şirkətinin direktoru Ruslan Quliyev dəniz gəzintiləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, Rusiyanın kruiz səfərlərinin təşkili ilə məşğul olan “İNFLOT Cruise & Ferry” şirkətinin Azərbaycandakı təmsilçisi “Millennium Tourism”dir. “İNFLOT Cruise & Ferry” şirkəti dünyanın demək olar ki, bütün sahilyanı ölkələrinə səfərlər təşkil edir:

“Şirkət 1934-cü ildən fəaliyyət göstərən “İNFLOT Worldwide” şirkətlər qrupuna daxildir. Qrupun dünyanın 160 dəniz limanında ofisləri var. 2003-cü ildə yaradılmış “İNFLOT Cruise & Ferry” şirkəti Beynəlxalq Kruiz Təşkilatları Assosiasiyasının üzvüdür. Assosiasiyaya 26 məşhur kruiz şirkəti daxildir”.

Ruslan Quliyev bildirib ki, kruiz turları bir qədər fərqli turizm məhsulu olmaqla, özündə bir çox nüansları birləşdirir:

“Azərbaycan vətəndaşları turizmin bu istiqaməti ilə yaxından tanış deyillər. Bizim şirkətin bu istiqamətdə əsas işi “İNFLOT Cruise & Ferry” şirkətinin ölkəmizdə fəaliyyətini koordinasiya etmək və vətəndaşlarımızı turizmin bu növü ilə məlumatlandırmaqdır. Üç ilə yaxın fəaliyyətimiz dövründə vətəndaşlarımızın bu turizm növünə marağının yüksək olduğunu deyə bilərəm. Kruiz səfərlərinin təşkili ilə məşğul olan şirkətlər müxtəlif xidmətlər təklif edirlər və turmenecer bütün bunlar barədə turisti dolğun məlumatlandırmalıdır”.

Sonra kruizlərin qiymətləri, səfər zamanı göstərilən xidmətlər, turların sifarişi və ödənişlər, nəzərdə tutulan bonuslar, səfər günlərində uşaqlar və böyüklər üçün əyləncəli proqramlar haqqında məlumat verilib.

Həmçinin menecerlərin kruiz səfərləri ilə bağlı paketlərin satışı zamanı qarşılaşdıqları problemlərə, turların ləğv olunması qaydaları və sığorta məsələlərinə diqqət çəkilib. Dəniz turlarının təşkili ilə məşğul olan “Royal Caribbean International”, “Costa Cruises”, “Norwegian Cruise Line”, “Louis Cruises”, “Oceania Cruises”, “Compagnie du Ponant”, “Regent Seven Seas Cruises”, “Crystal Cruises”, “Silver Sea”, “Sea bourn və Sea Dream Yacht Club” şirkətləri barədə də məlumat verilib.

 





14.10.2015    çap et  çap et