525.Az

Bir ömür var söz içində


 

ŞAİR-PUBLİSİST VAQİF BƏHMƏNLİNİN YARADICILIĞI HAQQINDA DÜŞÜNCƏLƏR

Bir ömür var söz içində<b style="color:red"></b>

Yaxşı təbi və incə zövqü olan istedadlı şair ədəbiyyat hadisəsi, dürüst və vicdanlı adam isə mənəviyyat hadisəsidir. Amma bir adamda həm parlaq ədəbi istedadın, həm də yüksək insani keyfiyyətlərin birləşməsi bizim günlərdə az qala qeyri-adilik sayılır. Bu mənada təpədən-dırnağacan ruh adamı olan şair Vaqif Bəhmənli yaradıcılığı və şəxsiyyəti ilə qeyri-adi şəxsiyyətlərdən sayıla bilər.

Kimsə yaxşı deyib ki, söz adamının tanınması üçün onun öz bədii kəşfləri kifayət deyil, gərək bu yaradıcı şəxsin özünü də kəşf edənlər olsun. Bu mənada Vaqif Bəhmənli ədəbiyyatımız, publisistikamız, mənəvi mühitimiz və cəmiyyətimiz üçün kəşf edilmiş yaradıcı simalarındandır. Ona böyük ictimai sevgi var, hər yerdə qiymətləndirir, əziz tutur, dəyər verirlər. Əlbəttə, hər bir insan öz sevgisi qədərdir, heç kimi sevməyəni sevməzlər. Vaqif həm də insanları, üstündə gəzdiyi torpağı, Vətəni, mənsub olduğu xalqı, dostlarını sevdiyi üçün bu qədər doğmadır adamlara.

Yaradıcılığın od başlanğıcı

Əsl şair ruh adamıdır, seçilmişdir, Allaha yaxındır. Ona görə də belə hesab edirlər ki, şair xalqının yaradıcı gücünün ifadəçisi, ruh aləmində baş verənləri düşüncə dünyasına, bu dünyada olanları isə bilik xəzinəsinə toplayan bələdçidir. Amma hər şairin də ədəbi yaradıcılığa gedən yolunun bir bələdçisi olur.

V.Bəhmənlinin ciddi yazı-pozuya, böyük ədəbiyyata gedən yolu, sözün həqiqi mənasında, oddan keçir. Hələ orta məktəbdə oxuyarkən kəndlərinin taxıl zəmisinə yanğın düşməsi barədə Füzuli rayon qəzetinə bir xəbər yazır. Yazıda kənd camaatının yanğını necə söndürməsi barədə dramatik epizodlara da yer verir. "Araz" qəzeti Bəhmənli kənd orta məktəbinin 8-ci sinif şagirdinin bu informasiyasını çap etməklə təkcə bir yeniyetməni sevindirmir, həm də böyük savab iş görərək indi 35 kitabın müəllifi olan bir şairi qələmi yerə qoymamağa ruhlandırır...

Bu epizodu həm də ona görə xatırladım ki, Vaqif öz keçmişinə çox bağlı olan adamdır, əlçatmaz uşaqlığı haqqında yorulmadan danışan dostumuzdur. Bizim ədəbiyyatımızda çox az qələm sahibi var ki, unudulmaz uşaqlıq illərini Vaqif qədər sevgi və xiffətlə nəzmə çəksin, o illərin az qala hər bir anını lirik nəğmə kimi şeirlərə hopdursun. Şair tez-tez xatirələrə "bir yolsuz körpəyəm, yapış əlimdən" deyir, "Tut ağacı" şeirində əlçatmaz uşaqlıq illərinin poetik mənzərəsini çox incə və kövrək boyalarla yaradır. Bu şeirdə tut ağacı şairin doğulduğu məkanın simvoludur, uşaqlığın unudulmaz nişanəsi, ildırımı özünə çəkib insanları fəlakətdən xilas edən ilahi rəmzdir. Həmin rəmzi tamamlayan, xəyalları qanadlandıran başqa rənglər də var - yaşıllıq içində bir kənd, boy-boya verən ağaclar, göz işlədikcə uzanıb gedən çəmənliklər, suyu şırıltılı arxlar, meyvə bağları, tağları ayağa dolaşan bostanlar. Və bir də bu mənzərəyə ruh verən müdrik Qabil baba ilə Məşədi Səfəralının qızı, hökmlü və zabitəli Dilbər nənə.

Vaqifin şeirlərinə insan nəfəsi hopduran, onu ətə-qana gətirən, isidən, bütün poetik yaradıcılığına rəng qatan, ona təbiilik və səmimilik gətirən bu solmaz mənzərələrdir, bir də ətrini şeirlərinə qatdığı ana torpaqdır:

Torpaq altda ölülər də oyaqdı...
Dərə dağa, dağ dərəyə dayaqdı.
Nəki dik var, səcdə yeri ayaqdı -
Ayağına bağlanan baş qurumaz.

Bir şair kimi Vaqifin ruhu, xəyalı göylərdə olsa da, ayağı yerdən üzülmür. İnsan torpağın gücünü ona bağlı olanda hiss edir. Bir şair kimi ayağı torpaqda olduğu üçündür ki, Vaqifin poeziyasında elə-obaya, yurda bu qədər bağlılıq, tükənməyən məhəbbət var. Onun ilk kitabı olan "Bahar-payız arası"ndan (1979) tutmuş, hələlik sonuncu olan "Beş damla"yadək (2015) bütün kitablarında bu məhəbbətin sayrışan nişanələri var.

Mən sözün içində ömür sürürəm...

Bu ömrün sevinci və nəşəsi də, kədəri və əzabı da var. Amma bütün hallarda V.Bəhmənli bu ömrü vicdanla yaşayır. Özünün mənəvi ərazisi, öz yaradıcılıq üslubu, daimi mövzuları, təbii ki, həm də öz dəst-xətti var. Onun zəngin yaradıcılığı üçün yalnız şeiriyyət - sözdən şair kimi istifadə eləmək, sözə "ehya vermək" qabiliyyəti yox, həm də zəngin ovqat, fikir-təfəkkür materialının bolluğu xarakterikdir (N.Cəfərov). Ən zəngin dünyaların hopduğu bu söz materialı bir şair kimi V.Bəhmənlinin həyatının yaşantılarını güzgü kimi əks etdirir. Onun baxtı da, taxtı da bu ömür boyu qalayladığı şeirlərdədir:

Ovcumun içindən oxunmaz baxtım,
Qanundan kənaram qaraçı kimi.
Sənətim, sirlərin üstün açmaqdı,
Sürtgəcli, səbirli qalayçı kimi.

Hələ 70-ci illərin əvvəllərində V.Bəhmənlinin qələmindən çıxan bir çox şeirlər gənclərin, xüsusən tələbələrin dillər əzbəri idi. Onun "Mənim nənəm sizdədi", "Qızlar bulaq üstə gələr", "Sən tərəfdən əsən külək", "Bu qızlar nə yaman gözəlləşiblər", "Üzlük", "Payız məhəbbətim", "Arazım", "Bir kənd qoyub gəlmişəm" adlı şeirləri ədəbiyyatımıza yeni bir nəfəsin gəlişindən xəbər verirdi. Bu poetik nümunələrdəki yeni ruh, obrazlı düşüncə və maraqlı ifadə tərzi Vaqif haqqında bir şair kimi inamla danışmağa əsas verirdi. 23 yaşında ikən nüfuzlu "Azərbaycan" jurnalının onu ədəbi ictimaiyyətə təqdim etməsi, artıq Vaqifin müəyyən estetik idealı olan bir söz sahibi kimi ədəbi üfüqlərdə parlamasının ciddi göstəricisi idi.

Bəxtəvər doğulmuşam - Günəşin özü kimi,
Ulduzun işartısı, Ayın ziyası təndə,
Əbədi yük çəkirəm, canım yelkənli gəmi,
Dünyanı daşıyıram girdə, yumru bədəndə.

Ədəbiyyata gəldiyi enerji ilə də uzun illər davam etmək çox az-az yaradıcı şəxsə nəsib olur. Çox az şair tapılar ki, ilk poetik nümunələrindəki sevgi və səmimiyyəti getdikcə şaxələnən yaradıcılığında da təravətli saxlasın, sözünü bu enerji və təbiiliklə qidalandırmış olsun. Tükənməz ilham sahibi olan V.Bəhmənlinin şairliyinin hikməti istedad, zəhmət və səmimiyyətdir. "İndi yazdıqlarımla 30 il əvvəl yazdıqlarımın ürəyinin döyüntüsünün eyni olduğunu hiss eləyirəm. Ruh eynidi, amma sonrakı şeirlərin daha ağıllı, daha düşüncəli olduğunu da görürəm. Mənim həyat devizim belədir: "İstedad+zəhmət +bilik". Bunlar vacib şərtlərdir. Yaradıcılıq həm də elmdir. Ədəbiyyatda daimi dinamika var. Başqa elmlərdən fərqli olaraq ədəbiyyatda kəşflər hər an baş verə bilər, tapıntı gözlə-qaş arasındadır..." - bunlar altmış yaşını qeyd edən şairin ədəbi yaradıcılıq düsturudur. Məhz bu düstura sadiq qaldığı üçündür ki, Vaqifin bu gün də yazdığı hər bir şeir 30-40 il əvvəl olduğu kimi müəyyən ruhi həyəcandan, ürək döyüntüsündən, hissi təbəddülatlardan və çarpazlaşan duyğulardan qaynaqlanır.

Yalandı, günahdan yaranır,
yalandı, min ahdan yaranır,
Bir uca taxtdan yaranır,
göydəki Allahdan yaranır -
Heç nədən,
heç nədən yaranır şeir!

Ruhi çırpıntılardan, düşüncənin dərin qatlarından süzülüb gələn bu misralar, şairin dediyi kimi heç də "heç nədən" yaranmır. Bunun üçün dərin hisslər, insan şüurunun alt qatındakı duyğu burulğanları, ali düşüncənin özü daim ayıq olmalıdır. Axı əbəs yerə deyilmir ki, ədəbiyyat xalqın ruhudur, onun şüuru, düşüncəsi, mənəvi həyatının diriliyidir. Böyük H.Cavidə görə, həm də millətin əhval-ruhiyyəsinin, ovqatının ifadəsidir. Bu mənada V.Bəhmənli mənim üçün poeziyamızda milli psixologiyanı, düşüncə tərzini və milli ovqatı dürüst ifadə edən ən gözəl şairlərdən biridir.

Sərbəst şeirin qanadlarında

Bir də gözümüzü açdıq ki, Vaqif də məşhur adaşları kimi bir çox şeirlərini sərbəst vəzndə yazır, könül rübabını bu şeir formasında da dilləndirir. Düzdür, onun şeirləri Vaqif İbrahimin sevgi nəğmələrindəki mücərrəd tənhalıq havasında, Vaqif Səmədoğludakı kimi ekzistensialist ruhda, yaxud da Vaqif Bayatlının sərbəst şeirlərindəki bir az düşkün poetik ovqatda deyildi, obrazlar sisteminə və deyim tərzinə görə xeyli fərqliydi. V.Bəhmənli sərbəst şeirə tamamilə yeni nəfəs, yeni ruh, yalnız onun özünə xas olan yeni ifadə tərzi və cazibədar bir təbiilik gətirmişdi. Hələ ötən əsrin 80-ci illərinin əvvəllərində sərbəst üslubda yazdığı "Yaxşılıq" (1982), "Gülər üz" (1983) kimi fəlsəfi məzmun daşıyan şeirlərində Vaqifin deyim tərzindəki yenilik çoxlarının diqqətini cəlb edirdi:

Çəkildim ilhamın
sərxoş kölgəsinə,
Gözümdən
bir damla yaş düşdü
şeirimin
sonuncu kəlməsinə...

Ədəbi formanın dəyişməsinə baxmayaraq, ruh etibarilə bu şeir, 5-10 il əvvəl "Küçələrdən keçirəm, küçə mənə dar gəlir" yazan Vaqif Bəhmənlidir, amma daha bişmiş, cilalanmış və daha yetkin bir ampluada. O, heca vəzninin poetik sərhədlərini keçib müxtəlif şeir ölçü-biçilərinin fəzasında rahat qanad çalmaqla bir daha sübut etdi ki, həqiqi istedad üçün forma şərtidir, önəmli olan şairin duyumu, bədii düşüncənin miqyası, fikrin poetik tərzi və bədii düşüncəni ana dilinin ifadə imkanları ilə əks etdirmək məharətidir.

Düzdür, V.Bəhmənli şair kimi tanınanda artıq sərbəst şeir ətrafında mübahisələr səngimişdi. Nazim Hikmətdən, Rəsul Rzadan qaynaqlanan bədii formanın klassik şeir ölçüləri ilə əlaqəsi, xüsusən bu forma ilə dilin ifadə imkanları arasında münasibətlər məsələsi arxa plana keçmişdi. Amma bununla yanaşı sərbəst üslubda yazılan poetik nümunələrə yanaşmada müəyyən psixoloji əngəllər hələ də qalırdı. O dövrdə poeziyamızın bir çox qüdrətli nümayəndələri ilə yanaşı, V.Bəhmənli kimi gənc istedadların da bu üslubda qələm çalması yeni bədii forma kimi sərbəst şeirin mövqelərini xeyli möhkəmləndirirdi. Çox aydın şəkildə görünürdü ki, yaradıcılığının ilk illərində heca vəznində bənzərsiz şeir nümunələri yaratmış Vaqifin ilham pərisi sərbəst şeirin sətirləri arasında da gözəl pərvaz edir. Bu formada yazdığı poetik misralarda onun fikirləri yeni, sözləri dipdiri, cızdığı poetik mənzərələr isə dupdurudur:

Dünyanı duysan, yaşasan
Bir də görəcəksən ki,
Sinəndən işıq süzülür,
nur daşır.
Ürək də torpaq kimidir -
yaxşılıq bitirmədikcə
itirir münbitliyini,
şoranlaşır...

Namərd bilməz dərd çəkməyi...

Poeziyanın bütün incəliklərinə bələd olan, mayası sözlə, təbii bir ilhamla yoğrulan "yazıçının bir işi var - yazmaqdır" deyən V.Bəhmənlinin ədəbiyyata, ədəbi yaradıcılığa fərqli baxışı var. Onun fikrincə, "...şairliyin də əsasında fövqəltəbii enerji dayanır. Bu, birinci şərtdir və izahına ehtiyac yoxdur. İkinci şərt bilikdir. Cahillər üçün şairlik bir yelbeyinin qismətinə düşən gözəl kimidir və o gözəlin pis yola düşməyi istisna deyil. Yaxşı şair olmağın üçüncü şərti məharətdir. Bütün şərtlərin birlikdə mövcud olduğu müstəvi, dördüncü şərt - zəhmətdir. Bu dörd şərti birləşdirməyə fürsət tapan şairin qüdrəti önündə qəzavü-qədər də acizdir". Vaqif üçün şeir, həm də Allaha qovuşmaq, ona pənah aparmaqdır:

Peşəm can hərləmək, boş xəlbirəm ki,
Dəftərim, qələmim, dilim - Allahın.
Sözlərdən nərdivan düzəldirəm ki,
Yetsin ətəyinə əlim Allahın.

Allaha can atmaq özünüdərkin, yetkinlik və kamilliyin son pilləsidir. Bu pillə şairə dünyaya sevgi ilə baxmağı, haqsızlığa, ədalətsizliyə göz yummamağı təlqin edir. Məhz bir çox klassik şairlərimizdə olduğu kimi, bu mərhələdə V.Bəhmənli yaradıcılığında ictimai motivlər güclənir, şairin şərə qarşı müqaviməti artır. Bu baxımdan onun "Sağlığında qiymət verin insanlara" deyən C.Novruz üslubunda yazdığı "Cəza" şeiri çox ibrətamizdir:

Namərd bilməz dərd çəkməyi,
nə dərd varsa, mərdə verin,
Qoyun yeyib qoyunlaşdıq,
 qoyunları qurda verin,
Ac ölənə yağlı aşı nə xeyri var, gorda verin,
Axirətə saxlamayın,
hər fərmanı burda verin -
Demirəm ki, nəsə alın, nəsə verin insanlara,
Sağlığında, diri-diri cəza verin insanlara!

Əlbəttə, adətən, şairin özünün dediyi kimi, "insanı qanadlandıran bir duyğu, ruhi vəziyyəti yüksəldən sevgi" şeirləri ilə yanaşı, belə poetik nümunələrin də meydana çıxması V.Bəhmənli yaradıcılığının mövzu rəngarəngliyini göstərməklə yanaşı, həm də onun həyat kredosunu oxucuya bildirir. Təbii ki, bu prosesdə diqqətli oxucu şairi böyük bir yanğı ilə insanları yaxşılıq etməyə çağıran səsinə də biganə qalmır:

Təzədən
gəlmək istəyiriksə, dünyaya
İçimizdəki
bütün xırdalıqları boğmalıyıq.
Anamız bizi doğub,
Biz
yaxşılıqları doğmalıyıq.

Poeziya dilin varlıq formasıdır

V.Bəhmənli yaradıcılığının bir üstün keyfiyyəti də, şəffaf, büllur kimi aydın olan dil və üslubla bağlıdır, onun poeziyası Azərbaycan dilinin yeni ifadə imkanlarının daha bir xarakterik nümunəsidir. Əslində əlinə qələm alan hər kəs bilməlidir ki, poeziya ən yaxşı sözlərin ən yaxşı şəkildə düzümü deyil (İ.Brodski), poeziya ilk növbədə, dilin varlıq formasıdır. Ona görə də şair bədii dilə, üsluba və cazibədar ifadə tərzinə estetik kateqoriya kimi yanaşaraq işlətdiyi hər sözün üstündə əsir:

Mən sözün içində ömür sürürəm -
Həyatım baxtıma bağlıdır mənim.
Söz var ki,
başına corab hörürəm,
Söz də var,
anamı ağladır mənim...

Təbii ki, sözə münasibətdə bu "iztirabları" yaşamasa, zaman-zaman bu sözün tozunu silməsə, şair parlaq poetik nümunələr yarada bilməz. Dil şairin əsas silahıdır, ondan ağılla istifadə şöhrətə aparan yoldur. Bu mənada Vaqif heç vaxt sözün əlində aciz qalmır, bədii mətləbi, emosional ovqatı müəyyən bir harmoniya içərisində tutarlı mənaya çevirərək oxucuya çatdıra bilir.

V.Bəhmənlinin düşüncəsinə görə, yaxşı şair Azərbaycan dilinin orfoqrafiya lüğətindən alınmış mincə sözlə möcüzə və sehr yarada bilər. Zəngin, koloritli və müdrik dil mühitində dünyaya göz açıb böyümək yazıçı üçün bəxtiyarlıqdır. Amma o sərvətdən ardıcıl şəkildə istifadə olunmasa və daim yeni axtarışlarla zənginləşməsə itib-batar, özündəşey olaraq qalar. Dil yaddaşdır, donuq yox, hərəkətdə olan yaddaşdır. Məhz bu yaddaş yazıçının istinad nöqtəsidir. Ona görə də Vaqif öz yaradıcılığında, həm də ona dilimizi qorumağa çağırır. Bu baxımdan onun "Dil" şeiri həm məzmunca, həm də strukturuna görə ən gözəl şeirlərdən biridir. Bugünkü dünyada gedən dil proseslərindən yazılmış yüzlərlə məqalədə qaldırılmış problemləri V.Bəhmənli bir şeirində ehtiva edə bilmir, bəşəriliyin ağuşunda məhv olmaqda olan milliliyin faciəsini bizlərə çatdırır:

...Ad günü yetişir, ata qoçağım
"Barbi qız" kəl desə, kəl alır ona.
İngilis dilində öpüb uşağı
"Həpi bööz" oxuyub əl çalır ana.
Nə olur bəs bunun nəticəsində;
Londondan ərməğan güllər ağlayır.
Ölür bala dili ana dilində,
nakam laylalara dillər ağlayır!
Ancaq
bu hır-hırda,
bu zır-zırda,
bu qar-qurda,
bu qur-qurda...

Ümumiyyətlə, ana dilinə tükənməz sevgi, sözün üstündə əsmək, sözə əbədi bir sitayiş V.Bəhmənli yaradıcılığından qırmızı xətlə keçir. O, xalq dili, ədəbi dil məsələsində çox güzəştsizdir.

Publisist sözünün gücü

Vaqifin böyük poeziyaya gedən yolu jurnalistikadan keçir. Biz tələbə yoldaşı olmuşuq və onun hələ birinci kursda ikən necə səlist məqalələr yazmasının şahidiyəm.

Hələ birinci kursda ikən üçümüz - Vaqif Bəhmənli, Çingiz Aslan və mən "Şuşa" qəzetində istehsalat təcrübəsində idik. Çingizlə biz yazmağı təzə öyrənirdik, Vaqif isə bizə yazmaqla bağlı əməlli-başlı dərs keçirdi. O, nədən yazırdısa gözəl alınırdı, fikirlərini rahat və səlis ifadə edirdi, arada hirslənsə də, deyinə-deyinə bizim yazılarımızı da redaktə edirdi. Onun duyumuna, müşahidəsinə, gerçəyi dəqiq cümlələrlə ifadə etməsinə heyran qalmamaq mümkün deyildi.

Sonra Vaqif iri həcmli oçerkləri, bir-birindən maraqlı reportajları ilə əvvəlcə tələbə dostlarını, sonra müəllimlərini təəccübləndirdi. Biz beşinci kursu qurtarhaqurtarda sevimli müəllimimiz Nəriman Zeynalov artıq püxtələşmiş şair və publisisti Vaqifi "Sovet kəndi" qəzetinə mədəniyyət şöbəsinin müdiri vəzifəsinə dəvət etmişdi. Vaqif bu qəzetdə on il bir-birindən maraqlı yazıları ilə oxucuları sevindirə bildi. Daha sonra o, "Kommunist" qəzetində şöbə müdiri oldu, sonra da "Odlar Yurdu" və "Həyat" qəzetlərinə baş redaktorluq etdi. Bir müddət "Ədalət" və "Humanitar" qəzetlərində də çalışdı.

Vaqif həmişə işi yarıdan, quru qəzet səhifələrinə və cansıxıcı redaksiya otaqlarına həyat gətirməyi bacaran, dizayn incəliklərindən tutmuş, çap-poliqrafiya işlərinədək hər şeyi beş barmağı kimi bilən redaktordur, bunlarla yanaşı, həm də istənilən yerdə riyakarlığa üsyan edən jurnalistdir.

V.Bəhmənli mətbu sözün ayaqlar altına salındığı indiki vaxtda hər kəlməni zərif bənövşə kimi əzizləyən qələm sahibi, həyatın dolaşıq gərdişləri və mürəkkəb insan mənzərələri barədə anlaşıqlı dillə və bir ustad məharəti ilə danışmağı bacaran publisistdir. Mənim fikrimcə, onun neçə illərdir publisistika sahəsindəki uğurlarını ötən əsrin 70-80-ci illərində Səyavuş Sərxanlı və Məmməd Aslan kimi qüdrətli qələm sahiblərinin uğurları ilə müqayisə etmək olar.

Mayası səmimiliklə yoğrulmuş insan 

İndiki media vasitələri və piar texnologiyalarının bolluğu şəraitində bəzən cəmiyyətə təqdim edilən adamların özlərini yox, onların haqqında yaradılan müsbət obrazları tanıyırıq. Bir himlə dağılmağa məhkum olan bu "obrazlar" adamlarla canlı ünsiyyətdən qaçır, süni buzun əriməsindən qorxurlar. Adamlar da var ki, öz obrazlarını zəhmət və istedadları ilə gilə-gilə, addım-addım yaradır və cəmiyyətin yaddaşına hopdururlar. Uzun illərdir, tanıdığım böyük şair və bənzərsiz publisist V.Bəhmənli insanların yaddaşında özünün heykəlini yaradıb. Bu heykəlin əsas materialı dürüstlük, əxlaq və xeyirxahlıqdır.

Mən Vaqifin insani keyfiyyətləri, onun təpədən-dırnağadək təbiiliyini, sadəliyini, təvazökarlığını, iliyinədək işləmiş səmimiliyini qabartmaq istərdim. Biz indi çox istedadlı, amma gözü ayağının altını görməyən, müəyyən qədər intellektual, amma qanacaqsız, Qərb bədii təfəkkürünü alababat qavramış, amma milli ənənəyə xor baxan, bir-iki babat şeir yazdıqdan sonra iddiası yerə-göyə sığmayan qələm sahiblərini tez-tez görürük. Vaqifin böyüklüyü ondadır ki, o, bədii zirvələri fəth etdikcə daha da müdrikləşir, kamilləşir. Neçə-neçə populyar şeirin, kitabların müəllifi olan Vaqifin təvazökarlığına heyran qalmaya bilmirsən. Mən onun poeziyasının və şəxsiyyətinin gücünü həm də bu təvazökarlıqda, haqqa bağlılığında və halallığında görürəm. Bu illərdə onun bir dəfə də haqsız söz danışdığını, ədalətsiz addım atdığını görməmişəm.

Vaqifin poeziyasının və şəxsiyyətinin mayası təbiiliklə, səmimiyyətlə və haqq ilə yoğrulub. Haqq onun üz tutduğu qiblədir. "Haqdan üzülənin izi qalmaz" - deyən şairin ədəbiyyatda və oxucu ürəyində ona görə xüsusi yeri var ki, o, yaradıcılıqda və həyatda seçdiyi meyarlara həmişə sadiqdir, çünki bu meyarlar insanı həmişə işığa doğru aparır.

 





22.10.2015    çap et  çap et