525.Az

Sarı gəlin-(Şeir)


 

Sarı gəlin-<b style="color:red">(Şeir)</b>

Yaqub Səmədov
AMİ-nin Ağcabədi filialının əməkdaşı

Sarı gəlin

Çox ağırdır daşın sənin, Sarı gəlin,
Qədimlərə gedib çıxır,
Bilinməyən yaşın sənin, Sarı gəlin.
Zaman-zaman çalışdılar,
ayırsınlar səni bizdən,
Bu təhqirə ölməz ruhun necə dözdü, nə düşündü,
Allah bilir, için-için nələr çəkdin,
Sarı gəlin.
Çək-çevirdə saflığını, paklığını
İtirmədin, Sarı gəlin.

Qürurundur, ismətindir, sətrindəki
“Saçın ucun hörməzlər”in, Sarı gəlin,
“Gülü sulu dərməzlər”in, Sarı gəlin,
Heyif elə anlar oldu, az da olsa.
“Saçlarının ucları”nı hördürdülər, Sarı gəlin,
Naxələflər səni bizə tərs gördülər, Sarı gəlin.
Mahnıdakı “gəlin”, “çoban” sözlərinin
cəhd etdilər mənasını dəyişməyə, alınmadı,
Qarşımızda əyildilər, diz çökdülər,
Sarı gəlin.

Elin gücü, sözün gücü,
Səsin gücü, sehrin gücü
Qüdrətinə, ovsununa mat qaldılar,
paxıllıqdan çatladılar, Sarı gəlin.

Kəlməndəki “dərə” “quzu” inanc yerim,

Sarı gəlin,
Araxçının, kələğayın, arxalığın milli geyim, Sarı gəlin.
Dilindəki zənginliklər xalq dilindən qaynaqlanıb,
Əsrarəngiz gözəlliyin bir dünyadır,
Mən nə deyim, Sarı gəlin.

Nakam sevgin, dərdli qəlbin bayatımla pərvazlanıb,
“Şur” muğamı üstə nalən dörd tərəfdə anlaqlanıb,
O illərdən nələr ötüb, nə baş verib naməlumdur,
Xalq qızını əziz tutub, xatirəni daim anıb.

Yüzə qədər bəlkə də çox sənə mahnı qoşulubdur,
Mahnıların türk elində neçə qəlbi ovudubdur,
Vətənimin hər daşında, torpağında qalıb izin,
Xalqımızın həsrətisən, niskilisən, Sarı gəlin.

Nə qədər ki, xain qonşu millətimə kəc baxırsa,
Tariximə, soykökümə, mənliyimə şər atırsa,
Bu adətdən, pis niyyətdən,
bəd əməldən çəkinmirsə,
Gəlinimiz, inamımız, əqidəmiz, Sarı gəlin.
Lazım bildim olmuşları, keçmişləri, həqiqəti,
Təkrar çözüm, təkrar yazım, Sarı gəlin.

 





08.01.2013    çap et  çap et