525.Az

Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru (1-ci yazı)


 

Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru<b style="color:red"> (1-ci yazı)</b> İnanclı filosoflar və ilahiyyatçılar insanın ruh və bədəndən ibarət olduğu, yaşamaq üçün bədənin maddi, ruhun isə mənəvi qida almasının zəruriliyi fikrini müdafiə edirlər. Əslində, ateist filosoflar da ilahi kitablardan qaynaqlanan bu fikrin əleyhinə deyillər. Sadəcə, onlar insanın mənəvi ehtiyaclarının ödənilməsi üçün dinin zəruriliyi fikrini qəbul etmirlər. Onların ümumi mövqeyi belədir ki, din və onun qaynaqlandığı ilahi qüvvə insan təxəyyülünün məhsuludur. 

Təbii ki, bu, inanc məsələsidir və hansı tərəfin yanlış düşündüyünü faktlarla sübut etmək çox çətindir. Lakin ortada bir həqiqət var: bəşər tarixində dinlərin və fəlsəfi cərəyanların sıxışdırıldığı, insanların inancsızlığa və allahsızlığa məcbur edildiyi dövrlər olub, amma bu siyasət və inancsız ideologiyalar heç vaxt özünü doğrultmayıb. Çünki insanların inancsız, cəmiyyətin dinsiz yaşaya bilməyəcəyini tarix çoxdan sübut edib. 

Hətta ilahiyyatçılar iddia edirlər ki, Allah inancı və din duyğusu insanın fitrətindən irəli gəlir, daha konkret desək, insan yaradılışdan bu hisslərə malik olur. Lakin formalaşdığı cəmiyyət onun din duyğusunu ya daha da təkmilləşdirir, ya da zəifləməsinə, dini ifadə ilə  desək, fitrətinin pozulmasına gətirib çıxarır. Əgər insanlar inancsız yaşaya bilmirlərsə, deməli, cəmiyyətin dini ehtiyacı labüddür. Çünki cəmiyyət insanlardan ibarətdir və cəmiyyətin tələbatı insanların ehtiyacından yaranır.  Bu məsələdə önəmli məqamlardan biri insanların din ehtiyacının necə və hansı formada ödənilməsidir. Bu, cəmiyyətin mənəvi və fiziki sağlamlığı, eləcə də gələcək inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Ona görə ki, insanların inandıqları etiqadların hamısı din deyil və hər din də səmavi-ilahi qaynaqlara söykənmir.

Digər tərəfdən, dinin necə yayılması və təbliğ olunması onun gerçək mahiyyətindən heç də az əhəmiyyət daşımır. Çünki mütərəqqi din belə, elə təbliğ oluna bilər ki, insanlarda ona qarşı ikrah hissi yaranar, yaxud yüksək səviyyədə aparılan təbliğat nəticəsində qeyri-insani prinsiplərə söykənmiş inancların gerçək mahiyyəti gizlədilə bilər. Deməli, insanların, bütövlükdə cəmiyyətin dinlərə, hətta konkret bir dinə ümumi münasibətinin formalaşmasında təbliğatın çox böyük rolu var. Bir sözlə, istənilən halda inanc insanlar, din cəmiyyət üçün zəruri ehtiyacdır. Bəs dinlərarası dialoq: bunsuz bəşəriyyətin inkişafı mümkündürmü?  Dünyada onlarla din, yüzlərlə təriqət və dini dünyagörüşü var. Amma insanların yaşaya biləcəyi bir planet mövcuddur:

Yer kürəsi. Milli və dini mənsubiyyətlərindən asılı olmayaraq, insanlar bu planetdə birgə yaşamağa və onu paylaşmağa məhkumdurlar. Bunun yolu isə qarşılıqlı anlaşmadan və birgə əməkdaşlıqdan keçir. Önəmli məqamlardan biri də odur ki, zaman keçdikcə dinlərarası əməkdaşlığa olan ehtiyac daha da artır. Çünki informasiya texnologiyaları əsrində yalnız hansısa bir dinin və ya xalqın mənsublarından ibarət təcrid olunmuş cəmiyyət yaratmaq mümkün deyil. Başqa sözlə, çağdaş dünyamızda dini dözümlülüyün mövcudluğu çox vacib amildir. 

Hazırda qloballaşma anlayışının həyati gerçəkliyə çevrildiyi, inteqrasiyanın geniş vüsət aldığı, böyük miqyasda miqrasiyanın baş verdiyi dövrdə yaşayırıq. Nə qədər qəribə də olsa, zaman keçdikcə sürətlənən və insanları, xalqları bir-birinə yaxınlaşdıran qloballaşma prosesi, sanki onlar arasında etiqad fərqliliyindən qaynaqlanan xüsusiyyətləri daha da dərinləşdirir. Dünya miqyasında dini ayrı-seçkiliyin gücləndiyi, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən rəvac verildiyi bir zamanda yaşayırıq. Bu səbəbdən dini dözümlülüyün, tolerantlığın hakim mövqe tutması, dinlərarası dialoq və əməkdaşlıq vacib və labüddür. Amma bunun reallaşması üçün münbit şərait formalaşmalı və müəyyən şərtlər yerinə yetirilməlidir.   

Tolerantlıq mühiti – dinlərarası dialoqa zəmin kimi. Cəmiyyətdə, böyük miqyasda götürdükdə isə dünyada tolerantlıq prinsipləri bərqərar olunmayana qədər dinlərarası dialoqdan danışmaq və bu istiqamətdə səy göstərmək əbəs yerə enerji sərf etməyə, obrazlı ifadə etsək,  içərisində heç kim olmayan evin qıfıllı qapısını döyməyə bənzəyir. Çünki dialoqun baş tutması üçün tərəflərin bir-birini qəbul etməsi, bir masa ətrafında əyləşməyə razılıq verməsi lazımdır. Əgər tərəflər tolerant deyillərsə, deməli, bir-birilərini qəbul etməyəcəklər və nəticədə dialoq baş tutmayacaq. Çağdaş dünya bəşəri dəyər kimi tolerantlıq prinsiplərini hamının qəbul etməsi və bütün cəmiyyətlərdə bərqərar olunması istiqamətdə XXI əsrə qədər xeyli yol qət edə bilib. Ən azı ona görə ki, bu gün dünyada heç bir dövlət beynəlxalq müstəvidə qəbul olunmuş tolerantlıq prinsiplərindən rəsmi şəkildə imtina etmir. Amma təbii ki, arxa planda bu prinsiplərə əməl etməyən dövlətlər və cəmiyyətlər kifayət qədərdir. Məsələn, Ermənistan insan hüquqları və onun tərkib hissəsi kimi tolerantlıqla bağlı konvensiyalara qoşulmasına baxmayaraq, etnik təmizləmə və işğalçılıq siyasətindən hələ də əl çəkməyib. Əksinə, dünyanın gözü qarşısında və beynəlxalq təşkilatların mövqeyinə zidd olaraq Ermənistan monoetnik dövlətə çevrilib.

Bir sözlə, praktiki baxımdan olmasa da, nəzəri cəhətdən çağdaş dünya tolerantlıq prinsiplərini qəbul edir və bunu dinlərarası dialoqun, eləcə də əməkdaşlığın reallaşması üçün zəruri şərt və ilkin mərhələ kimi qiymətləndirmək mümkündür. Bu məsələdə önəmli məqamlardan biri YUNESKO-nun “Tolerantlıq prinsipləri haqqında bəyannamə”sidir ki, həmin sənəd kifayət qədər əhatəli və məzmunludur. Bütün dünya dövlətlərinin qəbul etdiyi bu Bəyannamədə qeyd edildiyi kimi, dözümlük dünyamızın geniş mənada müxtəlifliliyinin, bizim özünü ifadəetmə formalarımızın və şəxsiyyətin formalaşma üsullarının hörmətlə qəbul edilməsi deməkdir. Bu, nəinki mənəvi borcdur, həmçinin siyasi və hüquqi tələbatdır. Dini dözümlük güzəşt, iltifat deyil, ilk növbədə, insanın universal və əsas hüquqlarının qəbul edilməsi əsasında formalaşan fəal münasibətdir. İnsan hüquqları ilə səsləşən tolerantlıq plüralizmin, demokratiyanın və hüquq qaydalarının tətbiq edilməsinə yardım etmək öhdəliyidir. Tolerantlıqla bağlı konkret prinsiplər olduğu və bütün dünya ölkələri onları qəbul etdiyi üçün növbəti mərhələ həmin prinsiplərin həyata keçirilməsi olmaldır. Daha konkret desək, bütün cəmiyyətlərdə dözümlük prinsiplərinə əməl olunan tolerantlıq mühiti formalaşmalıdır. Bundan sonra dialoqa və əməkdaşlığa gedən yolun qarşısı xeyli açılacaq. Çünki tolerantlıq mühitinin yarandığı ölkələrdə dinlərarası dialoqun və əməkdaşlığın reallaşması inkaredilməz faktdır. Bunun ən bariz örnəyi isə Azərbaycandır.

Tarixən dözümlük ənənələrinin bərqərar olduğu ölkəmizdə hazırda konfessiyalar arasında geniş, möhkəm əməkdaşlıq əlaqələri və sarsılmaz həmrəylik var. Dinlərin dialoq və əməkdaşlıq imkanlarından istifadə. Dinlər Tanrı ilə insan arasında ünsiyyət vasitəsidir. Hətta dinləri insanla Yaradan arasında körpü də hesab etmək olar. Bütün dinlərin mahiyyətində və missiyasında bu dayanır. Əgər hansısa dində insanlar arasında ayrı-seçkiliyə, ədavətə və qarşıdurmaya rəvac verən qaydalar varsa, deməli, o, bəşəri mahiyyət daşımır və insanpərvərlik prinsiplərinə ziddir. Ümumiyyətlə, bu cür inanc sistemlərini din adlandırmaq doğru deyil. Çünki mahiyyətində mənfi çalarlar və qarşıdurma yaratmaq elementləri olan inanc forması din anlayışı ilə daban-dabana ziddiyyət təşkil edir.  Bəşəri dinlərin mərkəzində Tanrı, onun şah əsəri – insan və yaradılmışlara hörmət prinsipi dayanır. Ona görə də, bütün insanlar dini və milli mənsubiyyətindən asılı olmayaraq, vahid Tanrının bərabər bəndələridir. Onlar öz inanclarına uyğun olaraq Tanrını müxtəlif adlarla və fərqli formalarda çağırırlar, amma Yaradan onların hamısını eyni “məsafədən” eşidir, görür və mərhəmətini əsirgəmir. Belə olan halda bəzilərinin, daha doğrusu, din adından danışan “dinpərəstlərin” insanlar arasında ayrı-seçkilik salması, onları qruplaşdırması Yaradanın işinə qarışmaq deməkdir. Bu isə dinlərin hamısında böyük günah sayılır. 

Bütün bunlar onu deməyə əsas verir ki, dinlərin mahiyyəti nəinki dialoqa və əməkdaşlığa imkan yaradır, hətta TANRI və İNSAN naminə bunu zərurətə çevirir. Deməli, dünya dinlərinin “bətnində” konfessiyalararası dialoqu və əməkdaşlığı reallaşdırmaq üçün böyük potensial “gizlənib”. Çağdaş dövrümüzdə dinlərarası əməkdaşlığın baş tutması müəyyən mənada bu potensialdan nə qədər və necə istifadə olunmasından asılıdır. Əgər dinlərin sülhyaratma, dialoq və əməkdaşlıq imkanlarından maksimum istifadə ediləcəksə, din adından danışanların təsir dairəsi zəifləyəcək, nəticədə onlar zərərsiz və əhəmiyyətsiz qüvvəyə çevriləcəklər. Bu gün həm beynəlxalq təşkilatlar, həm siyasi qüvvələr, həm də dini qurumlar və mərkəzlər tərəfindən dialoq və əməkdaşlıq məsələsində dinlərin müsbət potensialından istifadə etmək meylləri açıq-aşkar hiss edilir. Təbii ki, bunun müsbət nəticələrinin olması inkaredilməz faktdır. Amma iş ondadır ki, real nəticələr mövcud imkanlarla düz mütənasib deyil. Əgər belə olmasaydı, vəziyyət indikindən qat-qat yaxşı ola bilərdi. Dinlərin dialoq və əməkdaşlıq potensialından istifadə olunması üçün dünya miqyasında dini maarifləndirmənin gücləndirilməsinə və əhatə dairəsinin genişləndirlməsinə böyük ehtiyac var. Çünki insanların böyük əksəriyyətinin nəinki başqa dinlərdən, hətta öz etiqadının mahiyyətindən və bəzi prinsiplərindən xəbəri yoxdur. Belə bir vəziyyətdə maraqlı və məkirli qüvvələrin dinlər arasında qarşıdurma yaratmaq imkanları daha geniş olur. Son illər ərzində Avropada, Afrikada və Asiyada dini qarşıdurma meyllərinin yaranması faktları bunu təsdiqləyir. 

Ədalət naminə etiraf edilməlidir ki, bu cür hallarda daha çox ədalətsizliklə, haqsızlıqla və təzyiqlərlə üzləşən müsəlmanlar olurlar. Hətta son zamanlar dünyanın müxtəlif regionlarındakı müsəlmanları ekstremist, təməlçi, tolerantlıq prinsiplərini tapdalayan insanlar kimi göstərməyə çalışan şəxslər də var. Nə qədər acı olsa da, belələrinə və İslamı humanizmdən uzaq din kimi qələmə vermə hallarına, hətta müqəddəs şəxslərin, xüsusilə Məhəmməd peyğəmbərin (s) təhqir edilməsi faktlarına bəzi Avropa ölkələrində tez-tez rast gəlinir. Müəyyən dairələrin dəstəklədiyi karikatura rəzaləti bunun bariz nümunəsidir. Belə münasibət İslam dininə və bütün müsəlman dünyasına qarşı ədalətsizlik və hörmətsizlikdir. Çünki dünyada və regionda tarixən dözümlük mühitinin formalaşmasında İslamın böyük rolu olub. Mərhəmət, sevgi və əxlaq dini olan İslamda tolerantlıq, dözümlük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Bu baxımdan, əsrlər boyu dinc və ayrı-seçkiliyə məruz qalmadan, müsəlmanlarla yanaşı yaşayan digər dinlərin mənsubları buna görə həm də İslam dininə minnətdar olmalıdırlar.
 
Tarixi faktlar təsdiqləyir ki, dinin siyasətdən uzaq olduğu bütün dövrlərdə müsəlmanlar öz inanclarına söykənərək, digər dinlərin mənsublarına nəinki qucaq açmış, hətta ibadət evləri tikmək, etiqadlarına uyğun yaşamaq üçün onlara yardım göstərmişlər. Bunun ən mükəmməl nümunəsi Azərbaycandır.  Dünya miqyasında dini maarifləndirmə işinin doğru və sağlam qaynaqlar vasitəsi ilə aparılması təkcə dinlərə bağlı həqiqətlərin yayılması, onlara qarşı olan mənfi fikirlərin aradan qaldırılması deyil, həm də dindarlar arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması, dialoq və əməkdaşlıq hissinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu məsələdə ortaq nöqtələrin tapılması, ümumi rəyin formalaşması və birgə qərarların qəbul edilməsi müxtəlif dinlərə mənsub insanlar arasında əməkdaşlığın genişlənməsinə və etimad hissinin möhkəmlənməsinə ciddi təsir göstərə bilər.

Nümunəvi gerçəkliyin tətbiqi və beynəlxalq təşkilatların bu prosesə cəlb olunması. Hər bir cəmiyyətin dinə, inanc sisteminə özünəməxsus münasibəti və baxış tərzi var. Təbii ki, bu münasibət bir neçə ilə yox, onilliklər, yüzilliklər ərzində formalaşır, cəmiyyətin ümumi mövqeyini və maraqlarını əks etdirir. Məsələn, İslam dininin vahid inanc, ibadət əsasları, eləcə də ümumi şəri qaydaları var və bu, bütün müsəlman aləmində eynidir. Amma müsəlman xalqlarının hamısının İslama, ümumiyyətlə, inanclar sisteminə baxış tərzi oxşar olsa da, eyni deyil. Ona görə ki, hər bir xalqın, cəmiyyətin dinə münasibətinin formalaşmasında həmin xalqın özünəxas etnik keyfiyyətləri, tarixi-milli adət-ənənələri, həyat tərzi, hətta təbii coğrafi şəraiti böyük rol oynayır. Bu baxımdan Azərbaycan xalqının dinə yanaşma tərzi digər xalqlarla, o cümlədən İslam ölkələri ilə müqayisədə xeyli fərqlidir. 
 





08.01.2013    çap et  çap et