525.Az

Hadi Rəcəbli: “Azərbaycanın əleyhinə olan hesabatlar ikili standartların təzahürüdür”


 

Hadi Rəcəbli: “Azərbaycanın əleyhinə olan hesabatlar ikili standartların təzahürüdür”  <b style="color:red"></b> “Azərbaycanın son illərdə dinamik inkişafı, xüsusən BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etməsi dostlarımızı sevindirdi, düşmənlərimizin isə gözünü çıxardı. Elə buna görə də antiazərbaycançı dairələr ölkəmizə qarşı yeni çirkin kampaniyalara başlayıblar. “Amnesty İnternational” və “Human Right Watch”, “Fredom House” kimi təşkilatlar tərəfindən antiazərbaycançı şəbəkənin sifarişilə hazırlandığı məlum olan, qərəzli və heç bir əsası olmayan hesabatlar bunu təsdiq edir”.
 
525.az-ın məlumatına görə, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dilə gətirib. Komitə sədrinin qeyd etdiyinə görə, bu gün Avropaya inteqrasiya yolu tutan Azərbaycan həm də bütün bəşəriyyətə qarşı təhlükə olan terrorizmlə mübarizə aparır. H.Rəcəbli bildirib ki, Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verən strateji tərəfdaşdır, eyni zamanda, torpaqlarının Ermənistan tərəfindən işğalına baxmayaraq, Azərbaycan demokratiya yolu ilə inkişaf edir, cəmiyyətimiz öz tolerantlıq ənənələrini saxlayır və inkişaf etdirir. Bəzi təşkilatların bütün bunları görmək, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyona yaxın azərbaycanlının hüququnun pozulmasına münasibət bildirmək əvəzinə, antiazərbaycançı şəbəkənin sifarişilə iftira dolu qətnamə ortaya qoyması dünyadakı ikili standartların davamından xəbər verir:

“Reuters” agentliyinin ABŞ Dövlət Departamentinə istinadən yaydığı məlumat da bunun göstəricilərindəndir. Bu gün Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. Ölkə daxilində əcnəbilərin sərbəst hərəkəti üçün heç bir təhlükə yoxdur. Azərbaycan hüquq-mühafizə orqanları baş verə biləcək cinayət hadisələrinin qarşısını alır və ölkədə təhlükəli mühit mövcud deyil. Amma ABŞ kimi dövlətin özündə vəziyyət olduqca riskli və təhlükəlidir. Məsələn, ABŞ-da bir neçə gün əvvəl gənc bir oğlan məktəbə silahla daxil olaraq 20 kiçik yaşlı şagirdi və 6 müəllimi qətlə yetirdi. 62 yaşlı kişi həbsxanadan müvəqqəti icazə alaraq öz evini yandırdı, bacısını alovlar içində qoydu, yardıma gələn yanğınsöndürənlərdən ikisini güllələdi. Norveçdə isə Anders Breyvik adlı birisi 77 günahsız insanı qətlə yetirdi. Bunlar nə tez unuduldu? Bundan başqa Avropanın müxtəlif ölkələrində, xüsusilə də Fransada baş alıb gedən islamofobiya insanların təhlükəsizliyinə risk yaratmırmı? Görəsən, “Reuters” agentliyi niyə bunları görməzliyə vurub? Bu cür ədalətsiz yanaşma dünyada ədalət anlayışının özünə təhlükə deyilmi?” Komitə sədri bu baxımdan hesab edir ki, belə təhdid və dezinformasiyalar heç zaman Azərbaycanı haqq yolundan döndərə bilməz: “Primitiv təxribatlarla ölkəmizi gözdən salmaq istəyən qüvvələrə Azərbaycan real işləri, o cümlədən dünya və beynəlxalq səviyyəli tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığı, təhlükəsizliyi, firavanlığı, dinamik inkişafı ilə cavab verir”.

K. HƏMZƏOĞLU
 





09.01.2013    çap et  çap et