525.Az

Vasif Adıgözəlov silsilə tədbirlərlə anılır


 

Vasif Adıgözəlov silsilə tədbirlərlə anılır<b style="color:red"></b>

Dövlət Opera və Balet Teatrının səhnəsində Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli bəstəkar Vasif Adıgözəlovun üçpərdəli "Natəvan" operasının tamaşası nümayiş olunub.

Tamaşa Azərbaycan Prezidentinin "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşıb. Günümüzlə səsləşən bu tamaşa mərhum bəstəkarın yubileyi münasibətilə onun xatirəsinə hörmət və ehtiram ifadəsi olmaqla yanaşı, tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bir sıra xarici qonaqların da nümayişinə qatıldığı tamaşada Azərbaycan şairəsi Xurşidbanu Natəvanın həyat və fəaliyyəti, onun yaradıcılığı fonunda Qarabağda uzun əsrlər boyu hakimiyyət uğrunda gedən mübarizələr, bu yurdun insanları, ab-havası, musiqi və rəqsləri təsvir olunub.

Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rejissoru Azərbaycanın və Özbəkistanın Xalq artisti Firudin Səfərov, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirovdur.

Tamaşada teatrın aparıcı solistlərindən Xalq artistləri Azər Zeynalov, Şahlar Quliyev, Mənsum İbrahimov, Nəzakət Teymurova, Əməkdar artist Zemfira İsmayılova və başqaları çıxış ediblər.

Xatırladaq ki, opera ilk dəfə teatrda 2003-cü ildə səhnələşdirilib.

Vasif Adıgözəlovun 80 illik yubileyi çərçivəsində Bakıda, görkəmli bəstəkarın "Çanaqqala-1915" oratoriyasının türkiyəli solistlərin ifasında təqdim olub.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında reallaşan gecədə əvvəlcə iştirakçılar foyedə, görkəmli bəstəkarın əsərlərindən və Çanaqqala savaşından bəhs edən sərgi ilə tanış olublar.

Tədbirdə hökumət üzvləri, tanınmış elm və mədəniyyət xadimləri, bəstəkarın dostları və ailə üzvləri, eləcə də musiqisevərlər iştirak ediblər. Xalq artisti, dirijor Yalçın Adıgözəlovun idarə etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə  Dövlət xor kapellasının ifasında səslənən oratoriyada solo partiyaları türkiyəli sənətçilər Perihan Nayir, Nesrin Gönüldağ, Okan Şenozan, Ünüşan Kuloğlu və Tuncay Kurtoğlu ifa ediblər.

Bu oratoriyanı Vasif Adıgözəlov yaradıcılığının zirvəsi saymaq olar. "Çanaqqala-1915" oratoriyası mahiyyətcə rekviyemdir, şəhidlərin ruhuna ithaf edilmiş musiqidir. Bu əsərdə türk əsgərlərinin Vətənə olan sonsuz, tükənməz sevgisi, rəşadəti, yenilməzliyi tərənnüm olunur. Azərbaycanda qardaş Türkiyənin zəfər savaşı olan Çanaqqala mövzusuna ilk dəfə Vasif Adıgözəlov müraciət edib. Onun "Çanaqqala-1915" oratoriyası türk dünyasında əlamətdar bir hadisə kimi qiymətləndirilir. İlk dəfə 1996-cı ildə Çanaqqalada səslənən bu oratoriyanın Bakıda yenidən təqdimatı da möhtəşəm alınıb.

S.ABDULLAYEVA

 





03.11.2015    çap et  çap et