525.Az

"Minsk qrupu vaxtında bəyanat verməlidir"


 

"Minsk qrupu vaxtında bəyanat verməlidir" Müsahibimiz Azərbaycan-Amerika Şurasının (AAC) İdarə Heyətinin üzvü, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi Yusif Babanlıdır.  

–Yusif bəy, bu günlərdə “Daşnaqsütyun” partiyası Ermənistanı Qarabağ münaqişəsinə dair Azərbaycanla danışıqları davam etdirməkdən imtina etməyə çağırıb. Bu baş verərsə nəticə necə olacaq? 

– Mən bildiyim qədəri Ermənistan hökumətini danışıqlar prosesindən imtina etməyə çağıran təkcə “Daşnaqsütyun” deyil. Ermənistandakı hər bir partiya və ya onların xaricdə erməni diasporunda olan sponsorları Ermənistan rəhbərliyindən Azərbaycanda vasitəli danışıqları dayandırmağı tələb edə bilərlər. Lakin Ermənistana Qarabağ sülh danışıqları ilə bağlı nəyi və necə etməyi onlar deyil, onun havadarı, regionda ən yaxın müttəfiqi olan Rusiya diktə edir. Özünə pis ad çıxarmış 2009-cu il Türkiyə-Ermənistan protokolları yaxşı nümunədir. Belə ki, ABŞ-da, Fransada və digər ölkələrdə fəaliyyət göstərən erməni-amerika lobbi dəstələri danışıqlardan yayınması üçün Sarkisyan hökumətinə təzyiq göstərdilər, lakin iflasa uğradılar, çünki Moskva Ermənistanın protokolları imzalamasını təkid etmişdir. Biz Rusiya xarici işlər naziri Lavrovun imzalama mərasimi boyunca belə desək Nalbandyana şəxsən necə bələdçilik etdiyini xatırlayırıq. Bu səbəbdən düşünmürəm ki, Ermənistan hökuməti Rusiyanın şəxsi göstərişi olmadan danışıqları dayandıracaq və hal-hazırda Rusiyanın sülh danışıqlarını dayandırmaqda maraqlı olduğunu görmürəm. 

– Ramil Səfərovun əfvi ilə bağlı beynəlxalq qurumlardan və xarici ölkələrdən gələn bəyanatları necə dəyərləndirirsiniz? 

– Əslində, ABŞ, Rusiya və Fransa daxil olmaqla bir neçə hökumət Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı bəyanatla çıxış etdilər. Vaşinqtondan, həm Dövlət Departamenti, həm də ABŞ Milli Təhlükəsizlik Şurası, bəzi beynəlxalq qurumlar bu məsələdən öz narazılıqlarını ifadə etdilər. Onlar bəyan etdilər ki, bu, regional gərginliyi azaltmaq və barışığı təşviq etməkdə davam edən səylərə ziddir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı baş katibi Nikolay Bordyuja bildirdi ki, Səfərovun əfv edilməsi “beynəlxalq qanuna ziddir”. Eyni zamanda Fransa Xarici İşlər Nazirliyi bu məsələyə münasibət bildirərək qeyd etdi ki “risklər danışıq cəhdlərinə və tərəflər arasında etimad mühitinin formalaşmasına ciddi şəkildə xələl gətirir. ATƏT-in Minsk qrupu həmsədrlərinə gəldikdə isə ABŞ, Rusiya və Fransa Cənubi Qafqazda vəziyyətin pisləşəcəyinə görə narahatdır, lakin diqqət və narahatlıq Azərbaycandan daha çox Ermənistana tərəf yönəldilməlidir. Başqa sözlə desək, nə üçün Sarkisyan hökuməti gərginliyin artmasına yol verməlidir? Əgər o Macarıstanda Azərbaycan vətəndaşı tərəfindən qətlə yetirilən Ermənistan vətəndaşının ölümünə görə narahatdırsa, onda o mütləq 2008-ci ilin mart ayında hökumətə qarşı dinc etiraz aksiyası keçirən on Ermənistan vətəndaşının qətlinə və onu törədənlərin məsuliyyət cəlb olunmasına görə də narahat olmalıdır, elə deyilmi? İkincisi, Minsk qrupundan hər hansı bir tərəf Səfərovun əfv edilməsinin gərginliyin artmasına və beynəlxalq qanunun pozulmasına səbəb olacağına görə narahatdırsa, o zaman o mütləq Ermənistanla bağlı vaxtında bəyanat verməlidir, çünki sülh prosesinə xələl gətirən addımları atan məhz bu ölkədir. Hər şeydən öncə beynəlxalq ictimaiyyət qəbul edib ki, beynəlxalq qanunu pozmaqda və Azərbaycanın Qarabağ regionunu işğal altında saxlamaqda davam edən məhz Ermənistandır. İkincisi, avqustun sonlarında erməni qoşunları işğal olunmuş Qarabağ ərazisində hərbi təlimlər keçdilər. Ondan bir az sonra, Xankəndidə separatçı hökumət hər il olduğu kimi hərbi parad nümayiş etdirdi. Necə olur ki, bütün bunlar gərginliyi artırmır, amma bir azərbaycanlı məhbusun azad edilməsi artırır? Nə üçün Minsk qrupu birgə və sərbəst şəkildə Ermənistana qarşı bəyanat qəbul edib ona beynəlxalq qanunu pozduğuna və “parad” fəaliyyətinə görə xəbərdarlıq etmir? 

– Bu məsələ ABŞ Azərbaycan münasibətlərinə nə dərəcədə təsir edə bilər? 

– Düşünmürəm ki, Ramil Səfərovun azadlığa buraxılması hansısa formada ABŞ-Azərbaycan münasibətlərinə təsir etsin. Qarşılıqlı münasibətlər erməni lobbisinin cəhdlərinin qurbanına çevrilməmək üçün kifayət qədər güclü, dostyana və stratejidir. 

– Ermənistanın xaricdə terror aktı törətmiş vətəndaşlarını cinayət məsuliyyətindən azadetmə halları Azərbaycana yaxşı tanışdır. Bu faktları beynəlxalq ictimaiyyətə çatdırmaqda və azərbaycanlı zabitin azad edilməsini Bakının bütün ermənilərə olan nifrəti kimi təqdim edilmə cəhdlərini neytrallaşdırmaq üçün Azərbaycan diasporu nə etməlidir? 

– Həqiqətən də Ermənistan hər zaman respublikası məşhur terroristləri milli qəhrəman adı ilə şöhrətləndirən təhlükəsiz məkan olub. Ermənistanın terroristi şöhrətləndirməsi ilə bağlı son hadisə Varujan Karapetyanla bağlı olub. Fransanın Orli hava limanına hücum edənlərdən biri olan Varujan Karapetyan azadlığa buraxılıb, Ermənistanda prezident Robert Koçaryan və baş nazir Andranik Markaryan tərəfindən qarşılandı və şöhrətləndirildi. Karapetyan milləti və bayrağı söyüldüyünə görə zabit qətlə yetirməyib. O, amerikalı, isveçli, dörd fransız və iki türk daxil olmaqla səkkiz mülki vətəndaşı qətlə yetirib. Buna baxmayaraq, ömürlük həbs cəzasının 17 ilini çəkdikdən sonra o, Fransa həbsxanasında azad edildi və Ermənistanda qəhrəman kimi qarşılandı. Bu siyahıya həmçinin Cenevrədə türk diplomatı Mehmet Yerquzu qətlə yetirən və 15 illik həbs cəzasından cəmi 10 ilini çəkən Mardiros Camqoçyan da aiddir. Ədalətdən yayınma həmçinin 1988-ci il fevral ayında Sumqayıt hadisələri zamanı həm azərbaycanlı, həm də erməni əsilli Azərbaycan vətəndaşlarını qətlə yetirdikdən sonra Moskvaya ekstradisiya edilən Eduard Qriqoryana da qismət oldu. 1991-ci ildə azərbaycanlı jurnalist Salatın Əskərova və üç sovet zabitinin qətlinə görə məhkum olunan erməni qatilləri Hraçik Petrosyan, Arvet Manqasyan, Qanik Arqustamyan və Arno Mkrtiçyan Rusiyaya ekstradisiya edildikdən sonra azadlığa qovuşdular. Bu siyahını davam etmək olar. Lakin bu hadisələrin heç birində Azərbaycan hökumətindən başqa, heç bir hökumət onların bu üç ağır cinayətdən sonra nə üçün və necə azad olunduqları barədə düşünmədi. Azərbaycanlı Amerika ictimaiyyəti və təşkilatları sadəcə olaraq ictimaiyyətə bu faktları xatırladırlar. Həqiqət qalib gəlməlidir. 

Pərvanə SULTANOVA  

 

 





19.09.2012    çap et  çap et