525.Az

Sərhəd tanımayan Cəfər Cabbarlı şöhrəti


 

Sərhəd tanımayan Cəfər Cabbarlı şöhrəti<b style="color:red"></b>

Görkəmli Azərbaycan dramaturqu, şairi və nasiri Cəfər Cabbarlının adı gürcü xalqına və ədəbi ictimaiyyətinə hələ XX əsrin əvvəllərindən tanış idi.
 
1920-ci illərdən Gürcüstanda da yeni cəmiyyət qurulurdu və gürcü xalqı Azərbaycanın ictimai həyatına, mədəniyyətinə böyük maraq göstərirdi, beləcə hər iki xalqın dostluq və qardaşlıq əlaqələri daha da möhkəmlənirdi. Bu illərdə öz inkişafının yeni mərhələsinə qədəm qoyan Tiflis Azərbaycan Dram Teatrı repertuarını müasir Azərbaycan, gürcü və digər xalqlar ədəbiyyatının gözəl nümunələri ilə zənginləşdirərək xalqlarımız arasındakı dostluğun carçısına çevrilirdi. Bu kollektivin Rustaveli və Marcanişvili adına gürcü dram teatrlarının binalarında, Tiflisin və Gürcüstanın digər şəhərlərinin müxtəlif  klublarında göstərdiyi tamaşaların afişaları arasında tez-tez C.Cabbarlının "Solğun çiçəklər", "Aydın", "Oqtay Eloğlu", "Od gəlini" əsərlərinin də adına rast gəlmək olurdu. Bu tamaşalara gürcülər, azərbaycanlılar, ruslar, yunanlar və digər millətin nümayəndələri baxırdı. Teatrın işi ilə yaxından maraqlanan gürcü səhnə ustaları, rejissor və yazıçılar ayrı-ayrı əsərlərin səhnəyə qoyulması işində truppaya əməli yardım göstərirdilər. Cəfər Cabbarlının səhnə əsərləri onların həmişə diqqət mərkəzində idi.

Gürcü yazıçılarından Şalva Dadiani, Sandro Şanşiaşvili və başqaları Cəfər Cabbarlı ilə həm yaradıcılıq prinsiplərinə görə, həm də şəxsən bir-birlərinə yaxın idilər. S.Şanşiaşvili sonralar bu barədə deyib: "Cəfər Cabbarlı öz xalqının həyatını əks etdirirdi, mən isə öz xalqımdan yazırdım. Lakin eyni bir amala, vahid bir ideyaya qulluq etdiyimizdən mövzularımız eyniləşir, qəhrəmanlarımız arasında bir yaxınlıq yaranırdı. Cəfər mənim yaxşı yadımdadır. Biz onunla görüşər, öz yaradıcılıq planlarımızdan, dramaturgiyanın qarşısında duran vəzifələrdən danışardıq. Bir dəfə o mənə dedi ki, xalqlar dostluğu mövzusunda bir əsər yazmaq istəyir. Deyəsən yazdı da. Əgər səhv etmirəmsə bu, "1905-ci ildə" pyesi idi..."

Bu mövzu C.Cabbarlı üçün zəruri idi. Lakin qardaş xalqların həyatını bilmədən belə bir mövzuya girişmək də mümkün deyildi. C.Cabbarlı 1929-cu ilin may-iyun aylarında Zaqafqaziya Federasiyası yazıçılarının dostluq səfərlərində iştirak etdi, Tiflis, İrəvan və sair şəhərlərdə, qələm dostları, zəhmət adamları ilə görüşdü, onların həyatı ilə yaxından tanış oldu. Bu, ona çox şey verdi.

1929-cu ildə Tiflis Azərbaycan Dram Teatrı C.Cabbarlının "Od gəlini" pyesini Mir Seyfəddin Kirmanşahlının rejissorluğu ilə tamaşaya hazırlamışdı (O, C.Cabbarlının "Aydın" əsərini də böyük ustalıqla tamaşaya qoymuşdu). Əsər Tiflis tamaşaçıları tərəfindən rəğbətlə qarşılandı.  Müəllifi isə "Nizami yurdunun gənc nəğməkarı" kimi dost diyarın ən əziz qonağı oldu. Tiflisdə çıxan "Literaturuli qazeti", "Kommunisti", "Na rubeje Vostoka", "Yeni kənd" kimi qəzet və jurnallar bu dostluq görüşünə materiallar həsr etdilər. C.Cabbarlının həyat və yaradıcılığı haqqında oxucularına məlumat verən "Kommunisti" qəzeti onun əsərlərində "müasir Azərbaycanın aktual problemlərinin (qadın azadlığı, yeni həyat münasibətləri) ustalıqla seçildiyini, yaxşı işləndiyini" xüsusilə qeyd etmişdi.

C. Cabbarlı gürcü oxucularına ilk dəfə rus dili vasitəsilə çatdırılmışdı. "Literaturnoye Zakavkazye" jurnalının 1933-cü il birinci sayında "Yaşar" pyesindən bir hissə verilmiş, bir ildən sonra isə pyes rus dilində ayrıca kitabça şəklində nəşr olunmuşdu. 1936-cı ildə Tiflisdə C. Cabbarlının "Seçilmiş əsərləri" görkəmli ədəbiyyatşünas, professor Əziz Şərifin müqəddiməsi və redaktorluğu ilə rus dilində nəşr edildi. Kitaba "Qız qalası" poeması, "Gülzar", "Dilara", "Dilbər", "Firuzə", "Gülər" hekayələri, "Yaşar" pyesi və "Almas" ssenarisi daxil edilmişdi.

Keçən əsrin 70-ci illərində Tiflis Dövlət Universitetinin nəşriyyatı hazırladığı müntəxabatda C. Cabbarlının iki əsərinə -"Dilarə" hekayəsi və "Sevil" pyesinə yer verib. Hər iki əsərin tərcüməsindəki yaxşı cəhət birbaşa orijinaldan tərcümə edilməsindədir.  Q.Salkalamanidzenin tərcümə etdiyi "Dilara" hekayəsi bundan əvvəlkinə nisbətən daha səlis və bədiidir. Venera Cangidzenin tərcümə etdiyi "Sevil" pyesi də xoş təsir bağışlayır. 

Böyük ədəbi düha olan Cəfər Cabbarlının şöhrəti, ona olan rəğbət, göründüyü kimi, doğma Azərbaycanın hüdudlarını çoxdan aşaraq, qardaş xalqların və bütövlükdə dünyanın mədəni sərvətinə çevrilib.

 





11.11.2015    çap et  çap et