525.Az

“Macarıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” - MÜSAHİBƏ


 

“Macarıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” -<b style="color:red"> MÜSAHİBƏ</b> Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutoranın APA-ya müsahibəsi

- Azərbaycan və Macarıstan arasında münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?

 
- Mənim üçün böyük şərəfdir ki, Azərbaycan mətbuatı Macarıstanla maraqlanır. Ölkələrimiz arasında çox yaxşı əlaqələr, strateji tərəfdaşlıq mövcuddur. Aramızda mübahisə, fikir ayrılığı yoxdur, siyasi, iqtisadi, mədəni, idman əlaqələrimiz yüksək səviyyədədir. Bu, bizim üçün çox yaxşıdır, çünki biz, səfirlik olaraq, bunun üçün çalışırıq. Düşünürəm ki, xalqlarımız arasında qarşılıqlı simpatiya var və daha çox azərbaycanlı artıq Macarıstanı ziyarət edir.
 
- Keçən il Macarıstan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi qeyd olunub. Siz bu əməkdaşlığın 20 illik dövrünü necə xarakterizə edərdiniz? Bu müddət ərzində nə qədər saziş imzalanıb və bu yaxınlarda yeni sənədlərin imzalanması gözlənilirmi?
 
- Əgər keçmişə nəzər salsaq, o zaman deyə bilərəm ki, Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan və ölkənizlə diplomatik əlaqələr quran ilk dövlətlərdən biri olub. Təbii ki, başqa bir ölkədə səfirliyin açılması təkcə siyasi məsələ deyil, çox şey maliyyədən də asılıdır. Biz Bakıda səfirliyimizi 2009-cu ilin yanvarında açmışıq. Azərbaycan öz səfirliyini Macarıstanda bizdən bir az tez açıb. Bilirsiniz, burada səfirlik açılması mənim arzum idi. Bundan əvvəl mən Macarıstanın Moskvadakı səfirliyində Qafqaz üzrə referent vəzifəsində işləyirdim və mənim təşəbbüsüm ondan ibarət idi ki, əvvəlcə fəxri konsul vəzifəsini təsis edək. Bu məqsədə biz 2004-cü ildə çatdıq. Ardınca mən bugünkü səviyyədə olan nümayəndəlik açılması üçün təşəbbüs irəli sürdüm və biz onu 2008-ci ildə həyata keçirməyə nail olduq, 2009-cu ildə isə burada səfirlik açdıq. İki ölkənin səfirlikləri arasında çox sıx əlaqələr var. Moskvada Qafqaz üzrə referent işləyərkən mən Bakıda o vaxt xarici işlər naziri vəzifəsində çalışan Vilayət Quliyevlə görüşmüşdüm. Keçmiş XİN rəhbərinin Macarıstana səfir təyin edilməsi Macarıstan üçün əlamətdar bir hadisədir.
 
Sazişlərə gəlincə, deyə bilərəm ki, bizim hüquqi bazamız var, çoxlu sazişlər imzalanıb. İmzalanan sazişlərin konkret sayını demək istəməzdim, çünki bu rəqəm daim dəyişir. Bu il də bir sıra sazişlərin imzalanması gözlənilir, lakin bu, yüksək səviyyəli səfərlərin həyata keçirilməsindən asılıdır.
 
- Bu il ikitərəfli səfərlər və hökumətlərarası komissiyasının iclası planlaşdırılıbmı?
 
- Bu ay biz Macarıstanın nəqliyyat nazirinin Azərbaycana səfərini gözləyirik. Səfərin dəqiq vaxtı diplomatik kanallarla razılaşdırılır. Həmçinin biz Azərbaycan prezidentinin Budapeştə səfər edəcəyini gözləyirik. Hökumətlərarası komissiyanın iclasına gəlincə, onu deyə bilərəm ki, iclas mütləq keçiriləcək. Keçən ilin noyabrında komissiyanın üçüncü iclası keçirilib və biz dördüncü iclasın keçirilməsi üzrə işlər aparırıq. Hesab edirəm ki, növbəti iclas bu ilin payızında Bakıda keçiriləcək.
 
- Ramil Səfərovun Azərbaycana ekstradisiyası ikitərəfli əlaqələrə necə təsir etdi?
 
- Bilirsiniz, bu, tamamilə hüquqi bir qərar idi. Bundan asılı olmayaraq, əlaqələr yaxşılaşıb. İdarələr, ölkələrin birinci simaları arasında çox yaxşı əlaqələr var, hətta deyə bilərəm ki, onlar bir növ, dost da olublar. Ramil Səfərovun Azərbaycana ekstradisiyası məsələsi sırf hüquqi proses olduğuna görə bizim əlaqələrə heç bir təsir göstərməyib. Xalqlarımız oxşardır və bir-biri ilə əlaqələr qurmaqdadır. Azərbaycan xalqı çox mehriban və qonaqpərvərdir, macar xalqı da elədir. Bizim dillərimizdə çoxlu oxşar sözlər var, məsələn, “alma”, “balta” sözləri eyni şəkildə tələffüz olunur. Macar dilində hətta “ağsaqqal” sözü də var. Macarlar artıq Azərbaycan barədə daha geniş məlumata malikdirlər, azərbaycanlılar da mətbuat sayəsində Macarıstan barədə çoxlu məlumatlar alırlar.
 
- Azərbaycan və Macarıstan tərəfləri Ramil Səfərovun ekstradisiyasının beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməsi barədə bəyanatlar yaymışdılar, lakin buna baxmayaraq, Ermənistan Macarıstanla diplomatik əlaqələrini dayandırıb. Bu məsələ hal-hazırda nə yerdədir?
 
- Mən dəfələrlə demişdim ki, Ramil Səfərovun ekstradisiyası məsələsi hüquqi məsələdir. Macarıstanın Ramil Səfərovun qaytarılması barədə qəbul etdiyi qərar hər hansı ölkənin əleyhinə yönəlməmişdi. Çox təəssüf olsun ki, Ermənistan bizim ölkə ilə diplomatik əlaqələri dayandırıb. Biz Ermənistanla əlaqələri normallaşdırmağa çalışırıq və ümid edirəm ki, bu məsələ tez biz zamanda öz həllini tapacaq. Bizim heç kimlə düşmənçiliyimiz yoxdur və biz hamı ilə yaxşı əlaqələrin olması istiqamətində çalışırıq.
 
- Mətbuatda belə bir məlumat yayılıb ki, Azərbaycan Macarıstan iqtisadiyyatına sərmayə yatırmaq niyyətindədir. Bu barədə nə deyə bilərsiniz?
 
- Təbii ki, bu, iqtisadi münasibətlərdə normal bir prosesdir, lakin bu məsələ həmişə maraqlardan asılıdır. Azərbaycanın iqtisadi dairələri çox güman ki, Macarıstana investisiyalar yatırmağa hazırdırlar, amma bu, onların maraqlarından asılıdır. Mən də Azərbaycan və Macarıstan mediasında oxumuşam ki, Ramil Səfərovun qaytarılmasından sonra Azərbaycan Macarıstana investisiyalar yatırmağa hazırdır. Hətta müxtəlif rəqəmlər də deyilirdi, məsələn, 1 milyard, 2 milyard, hətta 5 milyard avro... Amma mən Azərbaycanın Macarıstan iqtisadiyyatına sərmayə yatırmaqda maraqlı olduğu haqda rəsmi məlumat eşitməmişəm. Bilirəm ki, maraq göstərən müəyyən biznes dairələri var və mən səfir kimi Macarıstanın bütün imkanları barədə məlumat verməliyəm. 2012-ci il dekabrın 28-də Macarıstan hökuməti qərar qəbul edib. Bu qərara əsasən Macarıstana azı 250.000 avro məbləğində sərmayə yatıran, dövlət istiqrazları alan hər bir xarici vətəndaş ölkədə yaşayış üçün icazə alınması üzrə proseduru asanlaşdırılmış qaydada keçə bilər. Bu qərarın detalları hələlik açıqlanmayıb, lakin çinlilər artıq maraq göstərməyə başlayıblar.
 
- Keçən ilin dekabr ayında Bakıda Macarıstan Ticarət Evinin açılışı oldu. Bu əlamətdar hadisə ikitərəfli iqtisadi əlaqələrə necə təsir göstərəcək? Həmçinin, ticarət dövriyyəsinin göstəriciləri barədə nə deyə bilərsiniz və hansı sahələrdə daha çox fəallıq hiss olunur?
 
- Bakıda Ticarət Evinin açılışı bizim işimizdə növbəti addım oldu. Belə bir məsəl var, “Moskva birdən-birə tikilməyib”. Ticarət Evinin Bakıda açılması təsadüfi hal deyil. Bir il bundan əvvəl mən bu prosesin başladılmasının təşəbbüskarı oldum. Bu, bizim maraqlarımıza uyğundur və mən hesab edirəm ki, Azərbaycanın biznes dairələri üçün də yaxşıdır. Ticarət Evinin məqsədi Azərbaycan və Macarıstan biznesmenlərinə kömək etməkdən, Azərbaycan iş adamlarına Macarıstanda tərəfdaşlar tapmaqdan ibarətdir. Ticarət Evi yaxşı məlumat bazasına malikdir və bu, Azərbaycanda öz işini qurmaq istəyən macar firmalarına və Macarıstanla işbirliyi yaratmaq istəyən Azərbaycan şirkətlərinə kömək edir. İş adamları orada qeydiyyatdan keçməklə, lazım olan məlumatı ala bilərlər. Bu, çox vacibdir, çünki Ticarət Evi biznes dairələri üçün bir növ qapı funksiyasını daşıyır. Baxmayaraq ki, Ticarət Evinin açılmasından cəmi bir ay keçib, mən hiss edirəm ki, müəyyən irəliləyiş artıq var. Bu irəliləyiş əsasən kənd təsərrüfatı, heyvandarlıq, toxumçuluq sahəsində müşahidə olunur. Sözsüz ki, energetika sahəsi bizim üçün çox vacibdir. Həmçinin turizm sahəsində də maraq mövcuddur. Azərbaycanda Macarıstan istehsalı olan məhsullar satılır, lakin sovet dövründə olduğu miqdarda deyil. İnsanlar hələ də “Qlobus” konservləri, “İkarus” avtomobillərini unutmayıblar, macar kolbasası da var. Artıq Bakıda macar restoranının, macar məhsullarını satacaq mağazanın açılması üzrə danışıqlar gedir.
 
Ticarət dövriyyəsi barədə isə deməliyəm ki, keçən il üzrə statistik məlumatlar yalnız bu  ilin fevral-mart aylarında bəlli olacaq. 2010-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 80 milyon avro, 2011-ci ildə isə böhranla əlaqədar 75 milyon avro təşkil edib. Mən ümidvaram ki, dünya maliyyə böhranına baxmayaraq, bu il ticarət dövriyyəsinin göstəricisi əvvəlki illərdən yüksək olacaq.
 
- Bakıya səfəri zamanı Macarıstan baş nazirinin ofisinin beynəlxalq əlaqələr və iqtisadiyyat üzrə dövlət katibi Piter Siyarto Budapeşt və Bakı arasında birbaşa aviareysin açılmasında maraqlı olduqlarını demişdi. Bu məsələ üzrə işlər nə yerdədir və bu iki ölkənin turizm əlaqələrinə necə təsir göstərə bilər?
 
- Bu, mənim təşəbbüsüm idi. Mən istəyirdim ki, tərəfdaşlarım, qohumlarım, dostlarım və ümumiyyətlə, macarlar Azərbaycana tez-tez və asanlıqla gələ bilsinlər. Ona görə də birbaşa reysin açılması üzrə ümumi bir fikir var. İsveçrə-Macarıstan “WizzAir” lou-kost aviaşirkəti belə bir reysin açılmasına hazırdır. Danışıqlar aparılıb və indi top Azərbaycandan olan tərəfdaşın - AZAL-ın meydançasındadır, biz onlardan cavab gözləyirik. Bilirsiniz, Budapeştə üç saat yarım uçmaq daha yaxşı olardı, nəinki başqa şəhərdən tranzit olaraq getmək.
 
- Macarıstan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı mövqeyi tutur və münaqişənin həllinə necə kömək edə bilər?
 
- Münaqişənin həlli yalnız sülh yolu ilə mümkündür. Tərəflərin danışıqlar masası arxasında qalması çox vacibdir. ATƏT-in Minsk Qrupunun öz vəzifələrini icra etməsi, tərəflərə kömək etməsi də böyük əhəmiyyət daşıyır. Hazırda Macarıstan və Ermənistan arasında əlaqələr o qədər də yaxşı səviyyədə deyil, diplomatik əlaqələrimiz kəsildi, ona görə də Macarıstan çətin ki, bu məsələdə kömək edə bilsin. Lakin bizim yanaşmamız dəyişməyib, Macarıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Biz təcavüz və müharibəyə qarşı çıxırıq. Ona görə də, problemin həlli ancaq sülh yolu ilə mümkündür.

 

 





14.01.2013    çap et  çap et