525.Az

Nağıl adam - (portret-povestdən parçalar)


 

Nağıl  adam - <b style="color:red">(portret-povestdən parçalar)</b>

“Yol deyir: “Gəl məni izlə, çünki mən sənin gələcəyinəm”. Mən də həm sənə, həm yola deyirəm: “Mənim nə keçmişim, nə də gələcəyim var”.

Əgər qalsam qalmağımda bir ayrılıq olacaq,
Getsəm, yarı canım burda qalacaq”.

Mövlana 

Köhnə müəllim.                              

Aydının həyatı haqqında bunları da bilirəm ki, 1952-ci ilin avqust ayının 29-da indiki Şabran şəhərində anadan olub. Elə Şabranda da orta məktəbi, sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu (indiki Bakı Slavyan Universitetini) bitirib. Evlidir, iki oğlu, bir qızı, hələlik də üç nəvəsi var. Otuzdan çox ədəbi və publisistik kitabın müəllifi olmasını da nəzərə alsaq, kişi “dövlətli” adamdı.

Bax, bu bildiklərimin elə hamısı statistikadı, çoxu da düşür onun yeniyetməlik və gənclik illərinə.

Dostumun gəncliyə əl sallayıb həyatının üzü ahıllığa tərəf gələn dövrünü yaxşı bilsəm də (bu dövrün son iyirmi ili lap ayna kimi gözlərim önündədir), uşaqlığı barədə çox az şey bilirəm və ya heç nə bilmirəm, desəm, doğru olar. Özü bir şey danışmır, mən də soruşmuram...

Xain və məkrli, bədnam qonşularımızın - ermənilərin başımıza gətirdikləri fəlakət və ağrıları bütün şair və yazıçılarımız kimi Aydın da dönə-dönə qələmə alıb. Hətta onun bu mövzuda yazdığı hekayələrindən biri qardaş Türkiyədə çap olunmuş “Qarabağ ağrıları” məcmuəsinə də daxil edilib.

Sözüm bunda deyil. Aydının yaddaşında necə ilişib kök salıb qalıbsa, dostum bir uşaqlıq xatirəsindən dönə-dönə söz salıb, az qala hiddətlə: - Mən erməni xislətinin nə olduğunu hələ 12-13 yaşlarımda, orta məktəbin 5-ci sinfində oxuyanda görmüşəm, - deyir.

...Aydıngilin sinfində, demə, Vasili adlı bir erməni dığası da oxuyurmuş. İşə bir baxın: dostum danışır ki, dərslərindən axsayan bu şagirdin, di gəl, yaxşı qarmon çalmağı var imiş. O illərdə məktəblərdə tək-tük şagird olardı ki, həm belə qabiliyyəti, həm də özünün çalğı aləti olsun. Və elə buna görə də erməni gədəsi, necə deyərlər, məktəbin əziz-xələfiymiş. Qarmonun hesabına az qala adı şərəf lövhəsinəcən gedib çıxacaqmış. Tədbirlərdə öz qarmonu ilə məktəbin üzünü ağartdığına görə, bildi-bilmədi, rüblük qiymətləri də yerində olurmuş.

Bir yay tətili zamanı atası, Aydının xahiş-minnətindən sonra, ona o vaxtlar məşhur olan bir “Kazan” qarmonu alır. Aydın da ona çalğı öyrətməsi üçün, əlbəttə ki, sinif yoldaşına üz tutur...

Və beləcə Vasiligilə yollanır. Vasili də qarmonu əlinə alıb çox o tərəf-bu tərəfə çevirir, barmaqlarını dillərində gəzdirir. Gah bərk, gah yavaş dartır. Axırda da üz-gözünü büzüşdürüb: - Yox, fərli şey deyil, - deyir. - Dilləri xarabdır, nə bilim, daha nələr-nələr...

Xülasə, qarmonda min nöqsan tapıb onu sinif yoldaşının gözündən elə salır ki, Aydın bu dəfə atasından min dəfə xahiş-minnət edir ki, qarmonu qaytarsın...

Dərslər başlayanda erməni gədəsi sinif yoldaşından qarmonun taleyini xəbər alır. Və Aydından qarmonun qaytarıldığı xəbərini eşidəndə rahat bir nəfəs alır, sonra da şaqqanaq çəkir. Və bu şaqqanağının səbəbini heç gizlətmir də:

- Qarmona söz yox idi. Qorxdum ki, sən də qarmon çalmağı öyrənərsən. Daha mən məktəbdə gözdən düşərəm. Bəs onda qiymətlərim necə olardı?..

... Hə, bu hələ o vaxt on-on iki yaşlı bir erməni uşağının hiyləsi, məkri...

Aydın deyir ki, sonralar mən də o hayfımı institutda oxuyanda Ermənistandan olan, mənimlə bir qrupda təhsil alan ermənidən özlüyümdə guya aldım. Hər gün 4-cü mərtəbədəki auditoriyada mühazirə vaxtı ona on qəpik artıq pul verib 1-ci mərtəbədəki yeməkxananın bufetindən özüm üçün siqaret almağa yollayardım. O zamanlar on qəpik də iki “peraşki” demək idi və bu da evdən-eşikdən aralı tələbə üçün az şey deyildi. Aydın burasını da deyir ki, heç vaxt insanı alçaltmaq, aşağılamaq fikri olmayıb. Sadəcə olaraq, bu erməniyə anlatmaq istəyirdim ki, həmişə əlimizə baxmısınız...

Burada yadıma neçə il bundan qabaq eşitdiyim bir söhbət düşdü. Goranboyda işlədiyim vaxtlar idi. “Əvvəllər ermənilər buralarda necə yaşayırdılar, onlarla necə dolanırdınız”, - deyə oradakı dostlardan xəbər alıb soruşmuşdum.

Dostum Ceyhun Həsənov sualıma belə cavab vermişdi: “Necə dolanacaqdıq, soxulub köçlərini saldıqları kəndlər öz yerində, rayonun bütün təsərrüfatlarının, eləcə də yerli əhalinin fərdi təsərrüfatlarının bütün qara-qura işləri onların boynunda, onların üstündə idi. Bəzən imkanı olmayanlar belə, qonşudan borc alıb onlara iş gördürürdülər ki, qoy desinlər, bəs filankəs də həyətində, dirriyində erməni işlədir...”

Əzizim Aydın, onların nə zaman başları uca olub ki, aşağılanmağın nə olduğunu nə vaxtsa bilələr də...

Bəli, Aydın müəllimin ali məktəbi bitirdikdən sonra yüksək vətənpərvərlik nümunəsi göstərərək, ölkəmizin şimal regionunda doğulub böyüməsinə rəğmən, cənub regionuna, uzunömürlülər diyarı olan ucqar dağ rayonu Lerikə, böyüməkdə olan yeni nəslə “beynəlmiləl dil” öyrətmək üçün təyinatla işləməyə getməsindən, valideynlərinin “qayğısı”, atasının dostlarının “diqqəti” sayəsində, bir də aranda böyüyən gəncin dağda səhhəti ilə bağlı problemlər olduğuna görə bu “üç illik” təyinatı üç ayda “uğurla” yerinə yetirib qayım-qədim bir sakin olmaq üçün Şabrana (o zaman Dəvəçiyə) dönüşündən söz açmışdım. Bu dönüşdən sonra Aydın sevib-seçdiyi müəllimlik sənətini yaşayış yeri kimi qədimdən qədimliyi, xalqımızın mənəvi inkişafının mühüm göstəricilərindən olan xalçaçılıq sənətinin beşiyi, görkəmli şəxsiyyətlərinin sorağı tarixin dərin qatlarından gələn, yaddaşı iyirminci əsrin əvvəllərinə təsadüf edən, yüz ildən də çox bundan əvvəl bölgədəki ilk təhsil ocağı kimi fəaliyyətə başlayan Pirəbədil kənd orta məktəbinə işləməyə göndərilir.

Ancaq burasını da deyim ki, Aydın müəllimin qoyub gəldiyi Lerikin Andurma kəndi ilə müqayisədə, doğulduğu rayonun ad-sanı, şöhrətinin sorağı çox uzaqlardan gələn Pirəbədil kəndi arasında elə bir ciddi fərq görmürəm. Fərq olsa-olsa, dediyim kimi, Pirəbədilin şöhrətli kənd olması ola bilər. Hə, bir də Aydın bu kənddən həftədə bir dəfə şənbə günü dərsdən sonra rayon mərkəzinə dönər, bir gecəni evlərində keçirib evin olan-olmazından da barxanasını düzəldib, ertəsi gün yenə Pirəbədilə, iş başına dönərmiş. Gənc müəllim daha hər gün Tənkəmər dağının beli ilə iyirmi kilometr məsafə qət edib, valideynlərnin yaşadığı rayon mərkəzinə yol gedə bilməzdi ki...

Aydın müəllimin Pirəbədildə necə işlədiyini, “beynəlmiləl dil”i böyüməkdə olan nəslə necə öyrətdiyini deyə bilmərəm. Ancaq gənc müəllim Pirəbədildə münasibətləri indiyəcən də davam edən yaxşı dostlar qazanıb. İndi də can deyib, can eşitdiyi Qədim müəllimlə o məktəbdə tanış olub, “yoldaşlığa” başlayıb.

Sovet ordusunda “müqəddəs” əsgəri borcunu şərəflə yerinə yetirib dönən, illərdi rayonda vəzifədən-vəzifəyə addaya-addaya təqaüd yaşına gəlib çatmaqda olan Əhməd Səmədovla kirayənişini olduğu Savadxanım qarının evində uzun qış gecələrinin dadını çıxarmaq üçün elə o qış günlərinin sayı qədər toyuq-cücə “qətlə” yetirib, məclislər keçirib, sağlıqlar söyləyiblər.

Aydın bir yerdə qərar tutar?!

İki il işləyəndən sonra da rayon mərkəzi ilə işlədiyi kəndin arasındakı gediş-gəliş məsafəsini bir xeyli, lap dəqiqi - 10 kilometr qısaldıb yaxın edir, dönür Əmirxanlı kəndinə.

lll

Müəllim peşəsi, müəllim adının şərafəti ilə bağlı dünyanın çox dahiləri çox qiymətli fikirlər söyləyiblər. Və elə bu qiymətli fikirlər içində bu ad elə bir müqəddəs zirvəyə, deyilməsi mümkün olan bütün fikirlərin fonunda elə bir ucalığa çatıb ki, daha tərif götürmür. Xüsusən gənc müəllimlərin də başlanğıcda bir qisməti öz doğma ocağında toxdayana qədər neçə-neçə ucqarlar dolaşıb sonra dönüb gəlməkdir.

Elə indinin özündə də ölkəmizin ucqarlarında, o ucqarların da ucqar kəndlərində hörmət və ehtiram ünvanı olan yüksək ixtisaslı müəllim çatışmazlığı var. Bir zamanlar isə bu ehtiyac daha böyük olub. Kənddə-kəsəkdə doğulub boya başa çatan, o kəndlərin daşlı-kəsəkli, lilli-palçıqlı yolları ilə payızda-qışda gündə neçə kilometr məsafə qət edib tər suyun içində məktəb partasına yetişib heç nəfəsini dərməmiş müəllim qarşısına çıxan indiki yaşlı, elə orta illərin nəslinin nümayəndələri də, yəqin ki, bunu yaxşı xatırlayarlar.

Kənardan işləməyə gələn o müəllimlər də bir qayda olaraq ya övladı şəhərə köçəndən sonra yurdda tək-tənha qalan yaşlı qadınların, ya dolanışıq dalıncan harasa köçüb gedən ailələrin tamam boş qalmış evlərində, bunların heç biri olmayanda isə, xüsusən, subaylar bəzən elə məktəbin istifadə edilməyən, ayrıca giriş-çıxışı olan yardımçı binalarındakı otaqların birində yerləşirdilər.

Belə qonaq müəllimlərə nəinki övladları məktəbdə oxuyan valideynlər, bütöv kənd əhli hörmət edər, diqqət, qayğı göstərərdilər.

İndi isə ucqar yaşayış məntəqələrimizdə bu boşluq müəllimlik sənətini qəlbən özünə peşə seçən gənclərimiz tərəfindən doldurulur. Və onlara ictimai problemlərdən başqa sosial müdafiələri ilə bağlı dövlət qayğısı da göstərilir, eyni zamanda bəzi imtiyazlar da verilir.

Mənim indi danışacağım bu hekayənin qəhrəmanı da ötən əsrin yetmişinci illərində vətənpərvərlik nümunəsi göstərib o vaxtlar bütün dünyaya “Beynəlmiləl dil” kimi təbliğ edilən, millətlərarası ünsiyyət və ikinci ana dili kimi təqdim olunan rus dilini öz azərbaycanlı balalarımıza öyrətmək üçün, dediyim kimi, Pirəbədildən sonra Əmirxanlıya yollanır. Və hələ nə müddətə orada işləyəcəyini dəqiq bilməyən bu subay müəllimimiz gəlmə müəllimlərin yerləşməsi üçün seçilən yerlərdən üçüncüsündə, çalışdığı məktəbin əsas binasına bitişik, aradan dəhlizlə ayrılan iki otaqlı yığcam binanın otaqlarından birində yerləşir.

Orta məktəbdə “beynəlmiləl dil”i tədris edən bu yeganə müəllimin ixtiyarına iki növbəli, altı günlük iş həftəsi olan məktəbin birinci sinfindən onuncu sinfə qədər dərs cədvəlində yerləşməsi mümkün olacaq qədər dərs saatı verilir. Gənc olmasına, müəllimliyə yenicə başlamasına rəğmən, qəhrəmanımız elə o vaxtkı “ispalkom” sədrləri qədər əməkhaqqı alır.

Uzaq kənddən doğma evə-eşiyə gedib dəymək, dəyişəcək əyin-baş məsələlərini nizamlamaq, rayon mərkəzindəki “tay-tuşla” görüşüb həsbi-hal etmək üçün həftədə cəmi bircə - bazar günü qalır ki, o günün də az qala yarısı mənzil başına gedib qayıtmağa, yola sərf olunur.

Beləcə, qəhrəmanımız mehrini kəndə salıb ciddi-cəhdlə uşaqlara “beynəlmiləl dil” öyrədir, razılaşma əsasında məktəbin xidmətçilərindən bir üstuflusunun onunçun hazırladığı biş-düşlə güzəranını keçirib qalan boş vaxtını da (dərs qurtarandan növbəti dərs günü başlananadək) sərf edir mütaliəyə, yazıb pozmağa.

Yazdıqları ya hekayə, ya da elə bu kəndin yaşlılarından, dünyagörmüş kişilərindən, “söz boğçası” nənələrdən eşitdiyi əhvalatlar, deyimlər, duyumlar, bayatılar, oxuduqları isə Cəlil Məmmədquluzadə, Anton Çexov, ya da, yəqin ki  Heminquey...

Beləcə müəllimimiz payızı yola verib qışın soyuğunda qızınmaq üçün yatıb-durduğu otağında dəmir sobanı qurdurur, odunla qalayıb alışdırır.

Özü danışıb deyir ki, bir gün bərk soyuq idi. Çöldə yavaş-yavaş qar ələnirdi. Bir kasa toyuq bozbaşıyla - yanında da bir baş soğan - şam edib, üstündən iki stəkan pürrəngi çay içəndən sonra maqnitofona həzin, lirik mahnılar yazdırdığım bir lent qoyub düyməsini basdım  (bu yerdə: - Gərək ki, ya Rübabə Muradova, ya da Zeynəb Xanlarovanın lent yazılarıydı - deyə bir haşiyə də çıxır). Elə o həzin musiqinin sədaları altında kağız-qələmi götürüb ötən gündən yarımçıq qalmış hekayəmin davamını yazmağa başladım... Peç guruldayır, istisi vələs odununun ətrinə qarışıb otağa yayılır, xoş bir rayihə yaradırdı. Mən başımı qaldırmadan şövqlə işləyirdim. İşimin, fikrimin şirin yerində sakit otaqda peçin gurultusuna “fısıltı”ya bənzər bir səs də qatıldığını qulağım çaldı. Sanki biri mənə:  “Ey qafil, bir dön ətrafa bax”,- dedi. Qələmi yerə qoymadan başımı qaldırıb sağa çevrildim, nə görsəm yaxşıdır? - Qəhrəmanımız udqunur, nəfəsini sıxıb boşaldır, elə yəqin o zamankı kimi sinəsini oturduğu yerdə azacıq qabağa, irəli əyib baxır.

Mənim səbrim çatmır:

- Ürəyim üzüldü, bir de görüm nə gördün e, nə gördün, - deyə “köhnə” müəllimi tələsdirirəm.

Baxışlarını üzümə zilləyib əlini də o zaman çevrildiyi səmtə sarı - sağ tərəfə tuşlayıb:

- İlan! Nəhəng bir qızıl ilan. İkicə addımlıqda düz quyruğu üstə dirənib nəfəs çəkmədən şax durub. İlan musiqiyə çox həssasdır, yaxşı musiqini sevir axı, isti, peç, musiqi, bayırda da qar, - deyə əlavə edir.

Danışır ki, donub qaldım. Nitqim qurudu, heç cür yerimdən tərpənə bilmədim. Sonra da “asta qaçan namərddir” deyib yerimdən qopdum.

Mən onu təntidirəm: - Bəs ilan, ilan da tərpənmirdi? Eləcə yerində durmuşdu?

- Yox e, yox! O da qımıldanmırdı. Eləcə şax, quyruğu üstə dik durmuşdu.

Mən:

- İnanmıram, ola bilməz, bəlkə “saf su”, yəni o məsələ, “filan”... Ola bilsin bir az “dozanı qaçırıbmışsan”, təsirindən şövqə görmüsən, - deyə o vaxtdan bəri qorxusu hələ də canından çıxmamış, danışanda da elə o məqamın əhvalında olan “köhnə” müəllimin xofunu, indi də olsa, canından çıxarmağa cəhd edirəm.

 O yenə: - Yox e, yox, inan, o vaxtlar belə şey yadıma da düşmürdü. Axı kənd yeri, məktəb, müəllim... Bunlarla heç tutmurdu. Sonra da məni qəti inandırmaq üçün:

-”Ay tövbə”, içmək nədir, - deyə hələ bir and da içir.

- Yaxşı, bəs necə oldu, ilandan necə qurtuldun, - soruşuram.

Yadına nəyisə salıb gülümsəyir, gərginliyi sovuşur: - O bir türk filmi var e, deyəsən, adı “Yağmurçu”du (əslində “Fırıldaqçı”), baş rolda Kamal Sunar oynayır. Övliya kimi ad çıxaran Rıfkının (filmin qəhrəmanının adı) yanına şikəst bir xəstə gətirirlər. Rıfkı da guya qamçı kimi özüylə gəzdirdiyi rezin ilan fiqurunu şikəstin qabağına atandan sonra o adam necə yerindən sıçrayıb qaçırsa, bax, mən də bir anda, ildırım sürətilə yerimdən qopub özümü qapıdan çölə saldım. Yalnız qaçıb həyətə çıxandan sonra: - Ay aman, ilan, ilan, - deyə qışqırmağa başladım.

- Gecənin o aləmində kim idi səni eşidən, ha qışqır da, - deyə söhbətin ardını eşitmək marağı ilə onu tərpədirəm.

- Niyə? Eşidən oldu, məktəbə yaxın, iyirmi-otuz addımlıqda qonşular yaşayırdı. Məktəbin müəllimləri idi. Qulluğumda da çox durublar. Mənim səsimə tez özlərini yetirdilər. Başıma gələni ayaqüstü danışdım.

Qonşu əlinə elə həyətdən bir yarmaça aldı, o qabaqda, mən də ardınca gəlib keçdik otağa. İlan-filan nə gəzirdi, yəqin sürünüb getmişdi.

Mən özümü saxlaya bilmirəm:

- Ay qardaş, qışın günündə, özün də deyirsən ki, göydən də qar yağırdı, ilan sürünüb necə yox ola bilərdi?..

- Qaçmışdı, otağın döşəməsinin taxtaları aralıydı, bəzi yerləri də lap bir ovuc enində. Qonşu da təsdiq edib dedi ki, yəqin döşəmənin altında olubmuş. Otaq isindikcə o da oyanıb, musiqi də öz yerində, - deyə israrla əlavə edir...

Beləcə, indiki bu “köhnə” müəllim o gecəni qonşusunun evində keçirir. Ertəsi gün kişinin yığcam “barxanasını” elə orada dəhlizlə kəsişən, “ilanlı” otağın qarşısındakı, nisbətən daha münasib xanəyə köçürürlər.

- Allaha şükür, daha qorxudan çıxmısan da, ondan sonra işlərin, yəqin ki, yaxşı gedib, - deyirəm.

“Köhnə” müəllim:

-Yoox, əşi, demə, yağışdan çıxıb yağmura düşmüşəm... Özümü bundan da beşbetər bir oda-alova atmışam. Yeni otaqda başıma daha qorxunc  əhvalat gəldi. İlan qorxusu şükürlüymüş, - deyib daha bir “nağıl” danışır.

...On-on beş gün olardı yeni mənzilimdə qalırdım. Bir gün yenə gecənin yarısı “xanəmdə” çarpayıda uzanıb kitab oxuyurdum. Qəfildən qulağım nəsə hənir aldı. Elə bil kim isə dəhlizin qapısını taybatay açmışdı.

Birdən qarşıdakı sinif otaqlarında partalar dalbadal şaqqıldamağa başladı. Sanki kimsə partaların üstü ilə qaçırdı. Yerimdən qalxıb, başmaqlarımı ayağıma keçirib cəld qapıya tərəf yeridim. Ancaq kimsə görünmürdü... İlan əhvalatından sonra bir xəncər tapıb götürmüşdüm özümçün. Çarpayımda balışın altında saxlayırdım. İndi yerimdən qalxanda əl atdım həmin qəməyə! Özümü yetirib taybatay açılmış qapını bağladım, içəridən cəftəsini keçirdim. Əlimdəki xəncəri də möhkəm saxlayıb gözləyirdim. Bu gecənin yarısında məni narahat edən, daha doğrusu, vahiməyə salan hər kim, ya d ahər nə idisə, qapıda görünsə, qəsdim onu vurmaq idi.

Lakin o, dəhlizin qapısını açıb partaları şaqqıltı ilə vura-vura, səs-küy sala-sala elə o sürət, o gurultu ilə də uzaqlaşmışdı.

“Köhnə” müəllim ağır bir yükün altından azad olubmuş kimi dərindən nəfəs alır. Nəzərlərini nədənsə bir an uzaqlara dikir. Sonra yenə mənə tərəf dönüb söhbətinə davam edir:

- Daha yata bilərdim?! Elə otaqda var gəl edə-edə, bir qulağım da səsdə, səhəri dirigözlü açdım. O gündən də qarı-şaxtanı, enişi-yoxuşu, yol boyu hər təpə başından, xəndək dibindən ulartısı tük ürpəşdirən canavarların qorxusunu nəzərə almadan, səhərlər “vaxt” maşını ilə, dərsdən sonra isə kənddən rayon mərkəzinəcən yolu piyada gəl-get elədim.

- Bunlar ki çox maraqlı hekayələrdir, nə əcəb yazmamısan? - deyə xəbər aldım.

- Nə bilim... - dayanır, siqaretini səliqə ilə cibindən çıxarıb mənim çəkən olmadığımı bildiyindən, - birini çəkmək istəyirəm,- deyir.

- Çək, çək, - deyirəm.

O maraqlı əhvalatların qəhrəmanı, bayaqdan bəri başına gələn bu hekayələri mənə danışan sevimli dostum Aydın Tağıyev qutudan bir siqaret götürüb alışdırır. Bəlkə də ilk dəfə onu belə fikirli görürəm.

Qəribədir, bir-birindən maraqlı, mifoloji çalarlarla zəngin rəngarəng mövzuları sevə-sevə maraqlı bədii əsərlərə çevirən dostumuz, təəccüb edirəm ki, özünün başına gələn bu əhvalatları hər hansı bir əsərində nə bir süjetə salıb, nə də ayrıca mövzu edib. Qismət mənə qalıbmış, yaxşı da edib, bəs indi  söhbətimin bu yerində mən nə yazardım?

Xülasə, ilanın yaratdığı vahiməni, halənin xofunu canavarın təhlükəsindən üstün tutan “köhnə” müəllim bütün qışı Əmirxanlıdan Şabranacan 7-8 kilometrlik yolu səhər-axşam hər gün pay-piyadə gedib, uşaqlara - kəndli, fəhlə balalarına “beynəlmiləl dil” öyrədir. Dostum Aydın uzun qışı elə qışın özü qədər uzun görünən, neçə kəndin içindən, yan-yörəsindən keçən o yolu “Allah-Allah”la gəl-get edib, bahar fəslinə düşən dördüncü rübü də yola verəndən sonra Əmirxanlı əhlinə “siz sağ, mən salamat” - deyir, növbəti tədris ili üçün iş yerini Surra kənd ümumi-orta məktəbinə dəyişir. Bu kənd məktəbində də görkəmli yazıçımız Sadıq Elcanlının qonum-qonşusunun, qohum-əqrəbasının uşaqlarına rus dilini “əməllicə” öyrədəndən sonra müəllimliyin daşını atıb dönür öz sevimli yazı-pozu işinə, mətbuat və televiziyada jurnalistlik fəaliyyəti ilə məşğul olmağa başlayır.

Əgər bu minvalla getsəydi, Aydın müəllimlik sənətindən əl çəkməsəydi, yəqin hələ Şabranın irili-xırdalı bütün kəndlərini gəzib “fəth” edəcəkdi və “Şəms Pərəndə” kimi ona da bir künyə qoşacaqdılar. O da ola surralılar. Çox şükür ki, kişi yenə Surrada toxdadı. Yoxsa...

(Ardı var)

 





23.11.2015    çap et  çap et