525.Az

Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru(6-cı yazı)


 

Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru<b style="color:red">(6-cı yazı)</b>

6-cı yazı

Dünyada elə bir cəmiyyət, xalq ola bilməz ki, hansısa din onun həyatında ciddi izlər qoymasın, mədəniyyətinin, dünyagörüşünün formalaşmasına təsir göstərməsin. Təbii ki, Azərbaycan xalqı da bu məsələdə istisna təşkil etmir, amma azərbaycanlıların başqa xalqlardan fərqi ondadır ki, onların mədəniyyətinin, dünyagörüşünün, hətta bədii təfəkkürünün formalaşmasında bir yox, bir neçə dinin böyük rolu olub. Bu baxımdan Azərbaycan xalqının tarixində və həyatında önəmli rol oynamış dinlərdən biri xristianlıqdır.

Xalqımız Azərbaycanda tarixən aparıcı dinlərdən biri olmuş xristianlığa və onunla bağlı keçmişinə üzüağ, şərəfli tarixinin tərkib hissəsi kimi baxır. Maraqlı məqamlardan biri də odur ki, Azərbaycanda aparıcı din hesab edilən İslamdan fərqli olaraq xristianlığın, demək olar ki, bütün cərəyanları ölkəmizdə bu və ya digər şəkildə təmsil olunmuşdur. Azərbaycanın bu xüsusiyyətinə görə islam ölkələri arasında analoqu yoxdur və ölkəmiz bu sahədə yalnız bəzi xristian dövlətlərilə müqayisə edilə bilər. Ümumiyyətlə, ölkəmizdə xristianlığın təxminən 2 min yaşı var ki, bu fakta görə Azərbaycan yalnız xristianlığın meydana çıxdığı bölgə ilə müqayisə edilə bilər. Belə ki, Azərbaycanda xristianlığın yayılması İsa Məsihin səhabələrindən olan Varfolomeyin adı ilə bağlıdır və dini rəvayətlərə görə, o, 71-ci ildə yaralanmış və Bakıda vəfat etmişdir. Şəhərin mərkəzində, Qız qalasının yanında adı çəkilən səhabənin qanı tökülmüş və bu yer 2 min il ərzində xristianlar tərəfindən müqəddəs hesab olunmuşdur.

 Azərbaycanda xristianlıqdan danışarkən Alban kilsəsinə və onun tarixinə toxunmamaq qeyri-mümkündür. Çünki Azərbaycanda  xristianlığın tarixi, demək olar ki, Alban kilsəsindən başlayır və bütövlükdə bu dinin tarixində həmin kilsənin xüsusi yeri var. Qədim müəlliflər və qaynaqlar sübut edir ki, Alban kilsəsi nəinki Qafqazda, hətta bütün  xristian dünyasında ən qədim kilsələrdən biridir və apostol mənşəlidir. Alban kilsəsinin qədimliyini təkcə tarixi faktlar yox, həm də mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış qədim alban məbədləri təsdiqləyir.

Xristianlıqla bağlı araşdırmalar aparan tədqiqatçıların ümumi qənaətinə görə, Azərbaycanda bu dini yayan ilk xristianların tikdirdikləri və “Şərq kilsələrinin anası” saydıqları Kiş kilsəsi Qafqazda ilk xristian məbədidir ki, günümüzə qədər qorunub saxlanılıb. Əslində dövrümüzə qədər gəlib çatmış və böyük əksəriyyəti Qarabağ, Qəbələ-Şəki-Zaqatala bölgəsində yerləşən alban abidələri xristian Azərbaycan türklərinin xristian mədəniyyətinə, ümumilikdə, bəşəriyyətin mədəni dəyərlər xəzinəsinə ən böyük töhfəsidir.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycana qarşı işğalçılıq siyasəti aparan təcavüzkar Ermənistan zəbt etdiyi ərazilərdə xalqımızın min illər ərzində qurub yaratdığı tarixi-mədəni abidələri yerlə-yeksan etmiş, Azərbaycan xalqının tarixində böyük bir mərhələni təşkil edən alban abidələri saxtalaşdırılaraq qriqoryanlaşdırılmışdır. Erməni tarixçiləri heç bir dəlilə əsaslanmadan hər yerdə Azərbaycan-alban toponimlərini dəyişərək saxta tarix yaratmaqda davam edirlər. Təcavüzkar Ermənistan işğal etdiyi ərazilərdə geniş qazıntı işləri apararaq bu torpaqlarda erməni izi axtarır, saxtalaşdırdığı alban məbədlərini dünyada erməni abidələri kimi qələmə verir.  Halbuki, həm tikilişinə, həm memarlıq xüsusiyyətlərinə, həm də dini atributlarının formasına görə alban abidələri erməni kilsələrindən fərqlənir və alban ənənələri erməni kilsəsi ilə müqayisədə alban kilsəsinin daha qədim olduğunu təsdiqləyir.

 Qarabağdakı alban abidələrinin ermənilərə heç bir aidiyyətinin olmadığını başqa yollarla da sübut etmək mümkündür. Məsələn, tutaq ki, Qarabağdakı xristian abidələri ermənilərə məxsusdur. Bəs, onda Şəki-Zaqatala bölgəsindəki xristian abidələrini kim tikib? Axı, ermənilər bu bölgədə heç vaxt kompakt halında yaşamayıblar! Digər tərəfdən, Yuxarı Qarabağda Gəncəsər monastrı ətrafında XIII-XIV əsrlərə aid qəbir daşlarının üstündə xristian adları ilə yanaşı, türk adları da həkk olunub və bu onu göstərir ki, hələ o dövrdə Qarabağ xristianlarının bir qismi türk etnosuna mənsubiyyətlərini itirməmişdilər.

 Ermənilər tərəfindən udilərlə bağlı məsələnin süni mübahisə obyektinə çevrilməsinə gəlincə, bu etnik qrupun ermənilərə heç bir aidiyyətinin olmadığı tarixşünaslıqla təsdiqini tapmış inkarolunmaz faktdır. Belə ki, VII əsrdə Azərbaycanda İslamın yayılması ilə əlaqədar olaraq yerli əhalinin, o cümlədən, udilərin bir hissəsi dinini saxlayıb və bundan istifadə edən erməni kilsəsi tədricən udilərin qriqoryanlaşdırılması prosesinə başlayıb. Uzun əsrlər boyu davam  edən proses 1836-cı ildə faktiki olaraq hüquqi cəhətdən qanuniləşdirilib və xristian albanların bir hissəsi tam və qəti erməniləşməyə, assimilyasiyaya məruz qalıb.

 İqamətgahı Gəncəsər yerləşən Alban katolikosluğu formal olaraq 1836-cı ilə qədər mövcud olub, imperator I Nikolay və Rus Pravoslav kilsəsinin müqəddəs Sinodunun reskriptinə uyğun olaraq ləğv edilib. Bu qərar Alban kilsəsinin nominal mövcudluğuna son qoyub və müvafiq dini məbədlər, kilsələr və prixodlar birbaşa Eçmiədzin katalikosluğuna tabe edilib.

 Dağlıq Qarabağda da faktiki olaraq eyni proses həyata keçirilmiş və bu bölgədə xristian türk izlərinin silinməsinə cəhd göstərilmişdir. Şübhəsiz ki, bu tarixi həqiqətlərin üzə çıxması ədalətin gec də olsa bərpası üçün böyük əhəmiyyət daşıyır və təqdirəlayiq haldır ki, artıq bu istiqamətdə lazımi addımların atılmasına başlanılıb. Udili ziyalıların təşəbbüsü ilə 2003-cü ildə Alban-Udi xristian icması yaradılmış və müvafiq qaydada dövlət qeydiyyatından keçmişdir. İcmanın qeydiyyatı Alban apostol avtokefal kilsəsinin dirçəldilməsi, ümumiyyətlə, tarixi ədalətsizliyin aradan qaldırılması yolunda ilk addımdır. Sevindirici haldır ki, bu günə qədər Azərbaycan hökuməti tərəfindən Norveç Krallığının humanitar təşkilatının maliyyə dəstəyi ilə Şəki rayonunun Kiş kəndində yerləşən və Qafqazda kilsələrin anası hesab olunan apostol Yelisey kilsəsi bərpa edilmiş, 2006-cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki “Çotari” Alban-udi kilsəsinin rəsmi açılışı olmuşdur. Təbii ki, Alban-udi xristian icmasının dirçəldilməsi və alban abidələrinin bərpası tarixi ədalətsizliyin aradan qaldırılması, ölkəmizdəki tolerantlıq mühitinin qorunub saxlanılması baxımından təkcə Azərbaycan deyil, həm də bütün dünya tarixində mühüm əhəmiyyət kəsb edir.

 Məlumdur ki, ermənilər Azərbaycan xalqına məxsus abidələri saxtalaşdırarkən din amilindən, xüsusilə xristianlığın simvolu sayılan xaçdan yararlanmağa çalışırlar, üzərində xaç işarəsi olan bütün tarixi abidələri erməniləşdirirlər. Halbuki, Azərbaycanda xaçın tarixi xristianlığın tarixindən daha qədimdir. Eramızdan əvvəl XIII-XII əsrlərdən xaç, svastika (çərxifələk) kimi işarələr odun, işığın simvolu rolunu oynayırdı. Həmin dövrə aid Gəncəçay, Borsunlu abidələrində bu işarələrin həkk olunduğu çoxlu sayda işarələr var. Məsələn,  Borsunlu kurqanında tapılmış dərin boşqabların səthi xaç işarəsinin müxtəlif variantları ilə bəzədilib. Sarıçoban kurqanındakı qəbirlər isə xaç şəklində qazılıb. Bütün bunlar xaç işarəsinin xristianlıq dinindən çox-çox əvvəl mövcud olmasını və onun tamamilə başqa rəmzi məna daşımasını və həmin abidələrin ermənilərə heç bir aidiyyətinin olmamasını sübut edir.

Azərbaycan tarixinin xristianlıqla bağlı məqamları təkcə İslamdan öncəki dövrə aid deyil, əksinə, İslam Azərbaycanda aparıcı dinə çevrildikdən sonra da bu ərazilərdə xristianlar yaşayıb və ümumi mədəniyyətimizin formalaşmasında yaxından iştirak ediblər. Üstəlik müəyyən tarixi dövrlərdən başlayaraq bu dinin  müxtəlif qolları – pravoslavlıq, katoliklik və protestantlıq, eləcə də lüteranlıq ölkəmizdə yayılıb və yaşamaq hüququ qazanıb. Məsələn, Azərbaycanda xristianlığın yayılma tarixində katoliklik ayrıca səhifə təşkil edir və bu səhifənin yaşı əsrlərlə ölçülür. Azərbaycanda hələ orta əsrlərdən yayılmağa başlayan katoliklik XIV əsrin əvvəllərindən etibarən, xüsusilə, XVII-XVIII yüzilliklərdə geniş yayılıb, hətta Azərbaycanın ən iri şəhərlərində katolik monastrları, missiya və məktəbləri fəaliyyət göstərib.

(Ardı var) 

 





15.01.2013    çap et  çap et