525.Az

Sabir Rüstəmxanlı: “Uşaqlarını “parabeyin” görmək istəyənlər, onları başqa dildə olan məktəblərə qoysunlar”


 

Sabir Rüstəmxanlı: “Uşaqlarını  “parabeyin” görmək istəyənlər, onları  başqa dildə olan məktəblərə qoysunlar” “Azərbaycanda dövlət dili ilə bağlı ciddi problem var. Xüsusilə, Bakıda bütün hər yerdə qapıların üstünə Azərbaycan dili ilə yanaşı, ingilis dilində olan sözlər yazılır”.

Bunu mətbuata açıqlamasında millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı dilə gətirib. Onun dediyinə görə, bu tendensiya keçmiş SSRİ-nin tərkibində  Rusiya ilə birgə  olduğumuz, ələlxüsus, rus dilinin hökmranlıq etdiyi zamanlarda da daim özünü büruzə verib:
 
“Ruslarla  birgə  olanda ona görə hər şey rusca yazılırdı ki, bir dövlətin tərkibində idik və rus dili də o dövlətin rəsmi dili idi. İndi başa düşmək olar, axı, ingilis dili hansı statusla gəlir bura?  İngiliscə yazmaq və danışmaq üçün  hansısa bir dövlətə, hansısa bir təşkilata da  borcumuz yoxdur. Bizim öz dilimiz var. Kim gəldi qabağında yıxılmalıyıq? Belə olmaz ki?!”

Özəl uşaq bağçalarında, məktəbə hazırlıq kurslarında Azərbaycan bölmələrinin olmamasına, həmçinin, bu qurumlara lisenziya verən orqanların bu kimi məsələlərə laqeyd yanaşmasına gəlincə, millət vəkili bunu həddindən artıq sərt qarşılayıb və bunu xəyanət kimi qiymətləndirib:

“Təhsil haqqında” dövlətimizin müvafiq qanunu var. Orada da göstərilir ki, Azərbaycanda məktəblər, uşaq bağçaları ana dilində olmalıdır. Düzdür, başqa dillərdə də bu kimi müəssisələri açmaq olar, amma bu ana dilinin sıxışdırılıb sıradan çıxarılmasına gətirə bilməz. Uşaqlar dilini ana dilində açmalıdır. Uşaqların dilini başqa dillərdə açması düzgün deyil. Valideynlər uşaqları üçün dayə tuta bilər, başqa dil öyrədə bilər, amma onların  beyinlərinin təmiz vaxtında – orta məktəbə qədərki  dövrdə  başqa dildə düşünüb-daşınması, həmin uşaqları əbədi olaraq bu torpaqdan qopardır, “parabeyin” edir.  Odur ki, kim uşağını “parabeyin” görmək istəyirsə, versin oralara. Nə olsun, rus dili bilənlər var idi, Azərbaycanın bütün böyük ziyalıları ötən bu illər ərzində – əksəriyyəti də kənddən çıxmış insanlardır –  rus dilini kifayət qədər mükəmməl bilirdilər,  danışırdılar, amma öz ana dillərinə də hörmətlə yanaşırdılar.  Ona görə də məsuliyyətsizlik, informasiyasızlıq, gələcəyi düşünməmək, bütün bunlar hamısı nəticə etibarı ilə bizi bugünkü durumla üzləşdirir. Guya ingilis dili biləndə nə olur ki? Hindistanda bir milyarda yaxın  artıq insan ingilis dilini bilir, yaxud deyək ki, bütün Afrika fransız dilini bilir. Bu, nəyi dəyişir ki?” 

Kamil HƏMZƏOĞLU
 





20.09.2012    çap et  çap et