525.Az

Sərbəst şeirin imkanları


 

Sərbəst şeirin imkanları<b style="color:red"></b>

Onu çoxdan tanıyıram. Əlimə qələm alıb tənqidçi kimi ilk  məqalələrimi yazdığım XX əsrin 70-ci illərinin sonundan ara-sıra şeirlərini də oxumuşdum.

Sevimli yazıçımız İlyas Əfəndiyevin  ölümünə yazdığı "Məhəmməd oğlu İlyas" şeiri əldən-ələ gəzirdi. Bu elegiyanı oxuyub şairin dəyərli ədəbiyyat adamlarının ölümünə necə səmimi, nəcib kədərlə  yanaşdığına heyran qaldım. Bu şeirdə böyük ürək çırpınırdı.

Son iki ildə Ramiz müəllimlə isti münasibətlərimiz yaranıb. O, ədəbiyyatımızın təəssübünü çəkən,  haqsızlığa dözməyən, ictimai ədalətsizliyə nifrət edən bir ziyalıdır.

O bəzən yerinə düşməyən bir sözün üstündə mübahisə edir. Mənim kitablarımı oxuyub yerindəcə qeydlərini üzümə deyir. Ümumiyyətlə, dilə çox həssas adamdır, yaxşı da dil fəhmi var. Tez-tez zəng vurub deyir: - Filan söz nə deməkdir? Mən də cavab verirəm. Onda soruşur: - Bəs bu adam niyə belə yazır? Çox oxuyur və fikirlərini də bölüşür, bu, ziyalı, ədəbiyyat adamı kimi onun ən gözəl məziyyətidir. Bir neçə ayın söhbətidi: maşında rayona gedirdik, cibindən çıxarıb bir qəzet verdi,  yana-yana təəssüflə dedi, al oxu, bu adamlar Bəxtiyar Vahabzadənin şair olub-olmamasını müzakirəyə qoyublar, onu bəyənmirlər.

Dedim, təəccüblü deyil, belə şeylər həmişə olub, belələri istedadsızlar gündəmdə qalmaq üçün bu üsuldan istifadə edərlər. 20-ci illərdə komsomol şairlər Füzulini bəyənməyəndə, ona föhşlər yağdıranda Müşfiq yazmışdı:

Yazalım
Özümüzü öyməyəlim
Füzuliyə dəyməyəlim
Utanmazmı
Füzulini söyən
Özü bir heç ikən...

Özünü şair, yazıçı, tənqidçi sayan adam ana dilində hədyan yazmaz, şair dil yaradar, dil korlamaz. Əslində şeir dilə hörmətdən, dilə həssaslıqdan başlanır. Yalnız özünə qiymət qoyan adam başqasını qiymətləndirə bilər.

Ramiz Məmmədzadənin bu yaxınlarda "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş, gözəl şairimiz Məmməd Aslana həsr edilən məqaləsi şairə, dosta, müasirinə ehtiramın nəcib nümunəsidir. Ramiz Məmmədzadənin özünün kim olmasını bilmək üçün o məqaləni oxumaq kifayətdir.

R.Məmmədzadə sərbəst vəzndə yazır: Maykovski kim, Rəsul Rza kimi, Nazim Hikmət kimi... və Özü kimi.!  Bu vəznin kökü "Kitabi-Dədə Qorqud" eposunun səcli nəsrindədir. Sərbəst şeir coşqu ilə yazılan şeirdir. Orada qafiyəli ahəng deyil, sərbəst fikirlər ahəngi əsasdır, başqa sözlə, sərbəst şeirdə fikirlər qafiyələnir. Sərbəst şeirdə fikir istədiyi vaxt bir-birini tamamlayır. Ona görə də sərbəst vəzndə yazmaq çox çətindir, çünki onun konkret ölçüsü, heca və əruz kimi konkret qəlibi yoxdur, onun semantik strukturu var. Sərbəst şeirdə fikrin dinamikasına uyğun söz sistemi yaratmaq lazım gəlir.

R.Məmmədzadənin yenicə çap olunmuş şeirləri ("525-ci qəzet", 24.X.2015) onun şair məramını, poetik mövqeyini, dünya ilə həsb-halını aydın ifadə edir: "Yaxşı ki" şeirində deyir:

Uzaq-uzaq üfüqlərdən
üfüqlərə
Hara uçur bu quşlar?
Bu sonsuzluqa
üz tutmuşlar
Bəlkə anlayan tapılmadı
Onları bu yer üzündə
Ya bir məna görmədilər
Yer üzünün gecəsində,
gündüzündə
Yaxşı ki, göylərə əl çatmır
Yoxsa göy üzünə çılpaq çıxan
Ulduzlara əl atıb,
sataşardılar.
Bu quşlar hardasa
bəxtiyardılar
Mən də bu quşlara qoşulub
uçasıyam bir gün
Sirrimi buludların o üzündə
açasıyam bir gün...

Bu şeiri M.Müşfiqin ən yaxşı şeirlərindən olan "Küləklər" şeiri ilə müqayisə etmək olar. Şairin lirik "mən"ini aydın bir şəkildə ifadə edən bu şeiridə onun xəyali quşların ardınca üfüqlərdən-üfüqlərə qanadlanır, sonsuzluğa üz tutmuşların taleyi ilə maraqlanır. Onu narahat edən "bəlkə anlayan tapılmır yer üzündə?", "bəlkə bir məna görmür yer üzünün gecəsində, gündüzündə?" kimi cavabı özündə olan poetik suallarla ilkilənir.

Öz nəfsləri ilə yer üzünü murdarlayan adamların göy üzünə yaxşı ki, əli çatmır, yoxsa onlar çılpaq ulduzlara da tamah salardılar: avara köpəklər kimi ulduza hürərdilər. Şair quşlara qoşulub səmaya uçmaq arzusu ilə yaşayır, yer üzündə yaşamaqda məna görmür, o öz sirrini - insan sirrini orada açmaq fikrindədir. Bu  şeirin özündə romantik bir uçuş var, nəcib bir kədər var, yenilməz bir qürur var. "Əyilib üzündən öpdüm" şeirində bu qürur və kədər konkret bir adam - dost üzərində birləşir.

Üzünə baxdım,
Gözləri payız kimiydi...
İşığı uçub getmişdi...
Təbəssümü qaralmışdı
Yastığa söykənib
dikəlməyə çalışdı
"Qapıda qalmışdı gözlərim,
Yaxşı ki, gəldin" - dedi
...Əlini uzatdı
Barmaqlarımı sıxdı
Əyilib üzündən öpdüm
Otaqdan çıxdım...
O, səhərə çıxmadı
Həmin gündən elə bil
Sağ əlim mənim deyil...

İnsan taleyi haqqında deklarativ bəyanatdan uzaq, sakit, poetik-simvolik poeziyadı bu... Bu kədərli poetik lövhədə yaşanılmamış bir ömrün təəssüfü obrazlaşır və bu obraz poeziyanın işığına bələnib.

Qadın olmaq çox çətindi. Onun həyatında ən mühüm mərhələ, tale məqamı ailə qurduğu, ərə getdiyi dövrdür. Bu zaman o özünü bütünlüklə seçdiyi adama bəxş edir. Bu çox böyük risk, ən böyük fədakarlıqdır.
Lakin heç də həmişə bu qismət özünü doğrultmur. "Mən"i olan, qüvvətli qadın bu zaman seçim qarşısında qalır. Adətən kişi qadını boşayır. Ramiz Məmmədzadənin "Boşanmış qadının hekayəti" şeirinin qəhrəmanı kişini boşayan, özünə hörmət qoyan qadındır:

O, başqa bir planetdən gəlib
Heç yer üzünün adamına bənzəri yox
Elə bil Yer üzündən xəbəri yox
Onu nə toyda şadlanan
gördüm
Nə də yasda kədərlənən
Çayını, çörəyini ver
Getsin, gəlsin
yesin, içsin
Aylarla axtarmaz
ata-anasını
... Qollarını göylərə qaldırıb
Tanrıya yalvardım
Hər gün onu görmək
Əzabından qurtardım.

Ramiz Məmmədzadə Qarabağ ağrısı ilə, Vətən təəssübü ilə yaşayan qeyrətli bir vətəndaşdır. Elə bir söhbəti olmaz ki, doğulduğu Ağdam, oradakı evlərindən, uşaqlıq çağlarından - külli Qarabağdan kövrələ-kövrələ danışmasını. Şeirlərində də Qarabağ dərdi gizlənmiş bir ağrı yaddaşı var. Bu dəfə onun şeirlərinə bu mövzu əfsanəvi Qarabağ atlarının timsalında yol tapır:

Qığılcım qoparar
Daşlardan nalları
Dağlardan-dağlara
Uzanar yolları
Qəzəbdən çeynəyər çayları, otları
Qarabağ atları
Didərgin düşəli
Hayqırar, kişəyər
Yolunu kəsənə
"yolumdan keç" - deyər
O ülgüc dırnağı, xışlayar yadları
Qarabağ atları.

Şeirin leytmotivini "üzəngi həm səni, həm məni gözləyir" çağırışı təşkil edir. Bu şeirdə cəngi ritmi, Qarabağ atlarının qəzəbli kişnərtisi var, bu kişnərti yatmış cəsarəti oyadır.

Ramiz Məmmədzadə hər kefi gələndə şeir yazan deyil, o, səbrlə ilhamın yolunu gözləyir, onun nazına, şeirin əzabına dözməyi bacarır.

Ramiz Məmmədzadənin böyük həyat təcrübəsi var. O həm də dövlət məmuru kimi,  bir çox şairlərin görə bilmədiyi pərdəarxası olaylarla tanışdır. Lazım gəldikdə bütün bunlar poeziyanın materialına çevrilir. Fəqət, bir insan kimi o, maraqlı adamdır, insanlar üçün yaşamağı, xeyirxahlığı bacarır. Onun poeziyası elə duyğulardan yaranır ki,  onlar ancaq onun özünə məxsusdur, onun fərdi yaşantılarıdır. O, hadisələrin içərisindən  çıxmağı, onların fövqündə dayanmağı, uzaqdan qiymət verməyi bacarır. Ramiz müəllim çətin günün adamıdır, dosta "yox" deməyi bacarmır. Əsas isə budur ki, şeir yazmağa çox ciddi bir iş kimi baxır, təkcə şairliyi yox, həm də Azərbaycan ziyalısı adını uca tutur, onun bütün mənəvi etiketlərini otruşunda-duruşunda, danışığında, süfrə arxasında, rəsmi məclislərdə ləyaqətlə qoruyur. Millətə sevgi, dövlətə ehtiram onun poeziyasında da başlıca yer tutur.

Ramiz Məmmədzadə bir an olsun belə unutmur ki, "Şair sözü yüksək və müqəddəs bir sözdür. Bu sözdə ölməyən, əbədi şöhrət var" (V.Belinski) və o, şair sözünün ucalığını, müqəddəsliyini əzmlə qoruyur.

 





02.12.2015    çap et  çap et