525.Az

Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru (8-ci yazı)


 

Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru <b style="color:red">(8-ci yazı)</b>

Yetmiş bir illik sovetlər dövründə bütün dinlər və ruhanilər təqib və təzyiqlərə məruz qalıb. Amma ədalət naminə etiraf edilməlidir ki, son 3 əsrdə, xüsusilə sovetlər dönəmində daha çox ədalətsizliklə, haqsızlıqla və təzyiqlərlə üzləşən İslam olub. Bütün bunlara baxmayaraq, İslam mövcudluğunu qoruyub və azərbaycanlıların aparıcı dini olaraq qalıb. Bu, həm İslamın gücünü, həm də xalqımızın bu dinə bağlılığının səviyyəsini göstərir və şübhəsiz ki, zamanın təsdiqlədiyi bu fakt bizim üçün mükəmməl meyar və qiymətli dəyərdir.

Azərbaycanda İslamla bağlı önəmli məqamlardan biri də odur ki, bu din Qafqazda ölkəmiz vasitəsilə yayılmışdır. Bunun məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Qafqaz regionunda yaşayan bütün müsəlmanlar üçün dini mərkəz rolunu oynayır və bu fakt istər elmi, istərsə də dini dairələr tərəfindən qəbul edilir.

Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı ilə 9-11 dekabr 1998-ci ildə Bakıda keçirilən “Qafqazda islam sivilizasiyası” adlı beynəlxalq simpoziumda bu məsələlər ətraflı tədqiq olunmuş və regionda islamşünaslıq elminin inkişaf etdirilməsi bir vəzifə kimi qarşıya qoyulmuşdur. Hətta ulu öndər bu məqsədlə ayrıca təşkilatların, orqanların və elmi mərkəzlərin yaradılmasını tövsiyə etmiş və simpozium iştirakçılarına müraciətlə demişdir: “...Mən belə fikrə gəlirəm ki, Azərbaycan Qafqazda İslam sivilizasiyası araşdırmalarının mərkəzi ola bilər. Azərbaycanın buna haqqı da vardır.

...Əgər siz hamınız belə bir qərara gələ bilsəniz, Azərbaycanda bir mərkəz yaratmaq olar. Azərbaycan dövləti də buna himayəçilik edə, kömək göstərə bilər. Mən hər halda Azərbaycanın timsalında demək istəyirəm ki, bu sahədə çox böyük işlər görülməlidir. Elmi tədqiqat üçün burada geniş imkanlar vardır”.

Keçmişini bilməyən gələcəyini qura bilməz 

Hər bir xalqın taleyində tarixi dönüş nöqtəsi, başqa ifadə ilə desək, sınaq dövrü olur. Bu sınaqdan necə çıxması isə onun gələcək müqəddəratını müəyyənləşdirir. Azərbaycan xalqı belə sınaqdan sonuncu dəfə XX əsrin doxsanıncı illərində, daha doğrusu, sovetlərin dağılmasından sonra çıxdı. Əslində, bu vəziyyət Azərbaycanla yanaşı, Sovetlər Birliyinə daxil olan bütün ölkələr və sosializmin yayıldığı Şərqi Avropa üçün də xarakterik idi. 

70 ateizmin, allahsızlığın təbliğ olunduğu Sovetlər Birliyi ateizmə əsaslanan kommunizm ideologiyasını bütün dünyada yayırdı, ancaq özü də fərqinə varmadan ideologiyasının qurbanına çevrildi. Şübhəsiz, böyük bir imperiyanın süqutunda din amili yeganə şərt sayıla bilməz, amma bu ideologiyanın iflasa uğramasının səbəbləri arasında Sovetlərin milli və din siyasətini düzgün qurmaması əsas amillərdən biri, bəlkə də birincisidir. Çünki Allahı, dini inancları inkar etmək min illər boyu fomalaşan ehkamlara qarşı çıxmaq, bəşərlə yaşıd olan dini dəyərlərdən imtina etmək, başqa sözlə, insanların fitrətini dəyişdirməyə çalışmaq deməkdir.

O da nəzərə alınmalıdır ki, Sovetlər Birliyinin dağılması nəticəsində yeni bir dövrün başlaması, başqa sözlə, ateizmə əsaslanan cəmiyyətdən milli-dini dəyərlərə hörmətlə yanaşılan cəmiyyətə keçid heç də asan olmadı. Dövrün ziddiyyətləri insanları fakt qarşısında qoydu. Bir vaxtlar hakim ideologiyaya xidmət edən, bilərəkdən və ya bilməyərəkdən onun təbliğatçısına çevrilən insanlar yolayrıcında qaldı: ya keçmişin üstündən xətt çəkib dövrlə ayaqlaşmalı, ya da keçmişlə yaşamalı oldular.

Qürur hissi ilə qeyd edilməlidir ki, bu proses Azərbaycanda daha asan və mütəşəkkil keçdi. Yenidən müstəqilliyinə qovuşan Azərbaycan dinlərin və sivilizasiyaların qovşağı kimi daşıdığı tarixi missiyanı da bərpa etdi. Bu mənada sovetlərin dağılması təkcə müstəqilliyimizin bərpasının yox, həm də milli-mənəvi dəyərlərimizə qayıdışın başlanğıcı idi.

Dini dözümlük ənənələrinin qorunub saxlanılması 

Azərbaycan ərazisi bütün dövrlərdə dini ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynamış, üstəlik, bura təkcə fərqli dinlərin mənsubları deyil, həm də müxtəlif səbəblərdən təzyiqlərlə üzləşən islam və xristianlıqla bağlı məzhəblərin nümayəndələri pənah gətirmişlər. Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini fəlsəfi cərəyanların yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlük əlaqələri formalaşmış, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmamışdır.

Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olmuş, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda mübarizə aparmışlar. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşmuş, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər Xiyabanı bu gün bizim təkcə and yerimiz yox, həm də qardaşlığımızın və tolerantlığımızın simvoludur. Vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlüyün İslamın və Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir.

Sevindirici haldır ki, Azərbaycan dünyada məscid, kilsə və sinaqoqun üçünün bir arada olduğu, eləcə də müxtəlif dinlərin mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biri, bəlkə də, birincisidir.

Bu sahədə önəmli məqamlardan biri də xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılaraq bu sahənin dövlətin nəzarəti və qayğısı altına keçirilməsidir. Vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, geniş şəkildə isə “Dini etiqad azadlığı haqqında” Qanunda təsbit olunmuşdur. Konstitusiyamızın 48-ci maddəsinə görə, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir.

Bunlardan əlavə ölkədə tolerantlığı, dini dözümlüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır.

Dövlət siyasətinə uyğun olaraq dini konfessiyalar arasında dözümlük mühitinin daha da inkişaf etdirilməsi sahəsində dönüş yaranmış, dövlətlə dini qurumların münasibəti yeni mərhələyə qədəm qoymuşdur. Bunun məntiqi nəticəsi kimi, 2001-ci ildə Konstitusiyamızın vicdan azadlığı barədə müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə Azərbayca Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalanmışdır.

Dövlət Komitəsi yaradılmaqla ölkədə din siyasəti daha da möhkəmləndirilmiş, tolerantlıq mühitinin inkişaf etdirilməsinə yeni bir təkan verilmiş və baş verə biləcək mənfi halların qarşısı əvvəlcədən alınmışdır.

Ancaq təəssüflə qeyd edilməlidir ki, ölkəmizdə fəaliyyət göstərən konfessiyalarda milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmayan, dinlər və məzhəblər arasında qarşıdurma yaratmaq istəyən qruplar da mövcuddur.

Dinlərin və etnik qrupların birgə yaşayış sahəsində böyük tarixi təcrübəsi olan Azərbaycan xalqını belə kiçik təxribatçı qüvvələrin öz yolundan döndərməsi, əsrlərlə formalaşmış ənənələrini zədələməsi qeyri-mümkündür. Amma yenə də təxribatçı qüvvələrin, qanunçuluğu pozan dini qurumların dövlətçiliyimizə və milli maraqlarımıza zidd fəaliyyətini zərərsizləşdirmək qarşımızda duran mühüm vəzifələrdən biri, bəlkə də birincisidir. Bu baxımdan dini dözümlüyü təbliğ etmək, sözügedən istiqamətdə maarifləndirmə işi aparmaq dövlət qurumları ilə yanaşı, dini icmaların da başlıca vəzifəsi olmalıdır.

Dövlət Komitəsi dini qurumlarla qarşılıqlı anlaşma şəraitində münasibətlər qurur və dini dözümlük prinsiplərinə əməl olunması, tolerantlıq mühitinin qorunub saxlanması üçün atılan atdımları dəstəkləyir və birgə tədbirlər həyata keçirir. Dövlət vətəndaşların əqidə seçiminə hörmətlə yanaşmaqla bərabər, dini ekstremizm, dözümsüzlük ideyalarının təbliğinin qarşısını qətiyyətlə alır və bundan sonra da alacaqdır. Dindən siyasi məqsədlər üçün istifadəyə çalışan, insanları radikallığa çağıran qüvvələrin fəaliyyətini genişləndirməsinə, dövlətçiliyimiz üçün təhlükə mənbəyinə çevrilməsinə, xalqımızın yüzillər boyu formalaşmış dözümlük ənənələrinə xələl gətirməsinə və ölkədəki dini-etiqad azadlığından sui-istifadəsinə yol vermək olmaz.

 





17.01.2013    çap et  çap et