525.Az

Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru (9-cu yazı)


 

Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru <b style="color:red">(9-cu yazı)</b>

Bütün regionda ilk dəfə 16 noyabr Beynəlxalq tolerantlıq günü kimi Azərbaycanda qeyd edilmiş və 1999-cu ildə bu əlamətdar gündə ölkəmizdəki dini konfessiyaların başçıları ilə görüş keçirilməsi məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə olmuşdur. O, bu təşəbbüsü ilə həm tolerantlıq prinsiplərinə münasibətini bir daha nümayiş etdirmiş, həm də gələcəkdə mütərəqqi bir ənənənin yaranması üçün zəmin hazırlamışdır.

Bu ənənənin davamı kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən konfessiyaların dini bayramlarında və əlamətdar günlərində ayrı-seçkilik qoymadan müsəlmanlara, xristianlara və yəhudilərə müraciət edir, dini və milli bayramlarda insanlar arasında olur, tolerantlıq mühitinin daha da məhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icrasına nəzarət edir.

İndiki dövrdə Azərbaycanda dini vəziyyətin və dini dözümlüyün səviyyəsini müəyyən etmək məqsədilə qeydiyyatdan keçərək, rəsmi fəaliyyət göstərən dini icmaların tərkibinə baxmaq kifayətdir. Bu günə kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 502 islam, 32 qeyri-islam təmayüllü dini icma qeydiyyata alınmışdır ki, sonunculardan 20-si xristianlığı, 8-i yəhudiliyi, 3-ü bəhailiyi, 1-i isə krişna şüurunu təmsil edir. Eyni zamanda, hazırda ölkədə 1200-dən artıq məscid, 10 kilsə, 5 sinaqoq və 26 ibadət evi fəaliyyət göstərir.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Konstitusiyasında dinlə bağlı məsələləri ehtiva edən 18 və 48-ci maddələrə də müvafiq əlavələr edilmişdir. Həmin mütərəqqi əlavələrin “Dini etiqad azadlığı haqqında” Qanunda öz əksini tapması üçün qanuna əlavə və dəyişikliklər olunmuş və onlar demokratik dəyərlərin cəmiyyətdə tam bərqərar olmasına geniş şərait yaratmışdır.

Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Çünki dinlərə və dini fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Bu, təkcə bizim məmnunluq və iftixar hissi ilə qeyd etdiyimiz fakt yox, həm də mütərəqqi dünyanın və beynəlxalq qurumların rəsmilərinin etiraf etdikləri həqiqətdir.

Bir neçə il ərzində həm Moskva və Ümumrusiya Patriarxı II Aleksinin, həm Roma Papası II İohann Pavelin, həm Gürcüstan Patriarxı II İlyanın, həm də Rum Patriarxı I Varfolomeyin Azərbaycana yüksək səviyyədə səfərləri təşkil olundu və onlar istər-istəməz buradakı tolerantlığın şahidinə və təbliğatçısına çevrildilər.

2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan II Aleksi ölkəmizdəki tolerantlıq mühitinə, necə deyərlər, heyran qaldı və səmimi etiraflar etdi: “Burada pravoslavlar heç bir sıxışdırmaya məruz qalmadan öz dinlərinə və əqidələrinə etiqad edirlər. Hətta, bu cür şərait təəssüf ki, bəzi pravoslav ölkələrdə belə yoxdur”.

Azərbaycana səfəri zamanı ulu öndərimizə müraciətlə “Siz bu torpaqlarda yaşayan insanların bərabər hüquqlu olmaları, öz dinlərinə etiqad etmələri, bərabər işləmələri və bir-birilərinə qarşı durmamaları üçün səy göstərmiş və buna nail olmusunuz” – deyən Moskva və Ümumrusiya Patriarxı II Aleksi əslində, bu sözləri ilə həm Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirdi, həm də Azərbaycanda insan hüquqlarının, o cümlədən vicdan azadlığının qorunduğunu və nəticədə ölkədə nümunəvi spesifik bir tolerantlıq mühiti formalaşdığını təsdiqlədi.

Başqa bir misal: Roma Papası Bakıya səfərə gəlir və “Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlük münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər” – deyir və bu fikirlər dünyanın ən nüfuzlu telekanallarında, qəzetlərində yayımlanır. Bu, Azərbaycanın azərbaycanlılar yox, Roma Papası səviyyəsində təbliğ olunması və onun Azərbaycan həqiqətlərinin təbliğatçısına çevrilməsi deməkdir.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, istərsə də Qarabağ münaqişəsinin həllində ölkəmizdə səfərdə olan dini liderlərin imkanlarından maksimum istifadə edilməsinə çalışılıb. Bu mənada Rum Patriarxı I Varfolomeyin Azərbaycana səfəri zamanı buradakı tolerantlığa verdiyi  qiymət də çox maraqlıdır: “Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir. Azərbaycanı çox sevdim. Bu ölkənin rifahı və xoşbəxtliyi üçün hər zaman dua edəcəyəm”.

Azərbaycanda tolerantlığın yüksək səviyyədə olması həm də xarici siyasətçilərin və diplomatların etiraf etdikləri həqiqətdir. Hətta Azərbaycanın dövlət-din münasibətləri modelinin ixrac edilməsinin zəruriliyini söyləyən xarici diplomatlar, mütəxəssislər də var. ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun keçmiş rəhbəri Cerar Ştudman etiraf etmişdir ki, “Azərbaycanda dini dözümlük heç də yeni konsepsiya deyildir. Bu ölkə yüz illər boyunca müxtəlif mədəniyyətlərin yanaşı yaşamasına, dözümlüyə bariz nümunə ola bilər. Biz onu ümumi mədəni irsimizə münasibətdə nümunə göstərə bilərik”.

Təəssüflə onu da qeyd edək ki, xalqımızın tolerantlıq keyfiyyətindən sui-istifadə edən,  dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasəti aparan Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüzün qurbanları arasında tarixi-dini abidələrimiz, fərqli dini konfessiyaların və müxtəlif  xalqların mənsubları da var. Azərbaycandakı dini konfessiyaların nümayəndələri Ermənistanın təcavüzkarlıq və etnik təmizləmə siyasətindən əl çəkməsi, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olmuş bir milyondan artıq Azərbaycan vətəndaşının öz yurd-yuvasına qayıtması tələbi ilə dəfələrlə beyəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət edib. Lakin işğalçı Ermənistan hələ də məkirli planlarından əl çəkmək istəmir. Bununla belə dini konfessiyaların başçıları Azərbaycan xalqının sülh istəyini və dövlət başçısının  apardığı sülhpərvər siyasəti təqdir edərək dəstəkləyir və onun uğurlu, müdrik siyasəti nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarının dünya birliyinin səyləri ilə azad ediləcəyinə əmindir.

Milli-mənəvi dəyərlərə qayıdış.Hələ müstəqilliyimizin ilk günlərindən təbii olaraq milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişdi, ateizm buxovları qırıldığı üçün xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində hörmət göstərilməyə başlandı, bu dəyişikliyin fonunda həm də ölkədə etiqad, inanc azadlığı tam bərqərar oldu.

Milli-mənəvi dəyərlərə münasibətin bu şəkildə dəyişməsi insanlarımızın milli və dini mənsubiyyətlərinin fərqinə varmalarına, tarixi keçmişlərinə, babalarının maddi və mənəvi miraslarına sahib çıxmalarına böyük zəmin yaratdı.

Müstəqilliyimizin ilk dövrlərindən xalqımız öz dini və milli bayramlarını sərbəst şəkildə qeyd etdi, insanlar əvvəlki kimi çəkinə-çəkinə, qorxa-qorxa deyil, ürəklə, gözəl ovqatla məscidlərə, kilsələrə, sinaqoqlara üz tutub ibadət edə bildilər. Respublikanın rayon, şəhər və kəndlərində məscidlər tikildi, minarələrdən azan səsi eşidildi. İllər boyu yolu-izi itmiş, baxımsızlıqdan uçub dağılmış müqəddəs ocaqlar, pirlər və ziyarətgahlar yenidən canlandı.

Lakin bu da həqiqətdir ki, XX əsrin ən böyük azərbaycanlısı Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra milli-mənəvi dəyərlərimizə münasibətdə yeni mərhələ başladı. Bu, milli-mənəvi dəyərlərə qayıdışın geniş vüsət alması və xalqımızın mənəvi mədəniyyətində yeni intibah dövrünün başlanğıc nöqtəsi idi.

(Ardı var)

 





18.01.2013    çap et  çap et