525.Az

Türkiyədə Azərbaycan ədəbiyyatı - Orxan Aras Almaniyadan yazır


 

Türkiyədə Azərbaycan ədəbiyyatı - <b style="color:red">Orxan Aras Almaniyadan yazır</b>

Bizim nəsil Azərbaycan ədəbiyyatı nümunələrini ilk dəfə Azərbaycan jurnalında oxudu.
 
Məmməd Əmin Rəsulzadənin Ankarada qurduğu Azərbaycan dərnəyinin sanıram üç ayda bir çıxardığı “Azərbaycan” jurnalını maraqla gözləyər və gələr-gəlməz də bütün səhifələrini əzbərcəsinə oxuyardıq. O jurnalda Hüseyn Cavid, Mükayil Müşfiq, Cəfər Cabbarlı kimi şairlərimiz və yazarlarımızın yanında istiqlal mübarizəsi qəhrəmanlarını da tanımışdıq.

Sonra İstanbulda Əhməd Kabaklının aylıq olaraq nəşr etdiyi “Türk ədəbiyyatı” jurnalında Əhməd Şmide vasitəsilə günümüz ədəbiyyatçılarını da oxumağa və tanımağa başladıq. Təbii, bu vaxt Mirzə Ələkbər Sabiri latin əlifbası ilə nəşr edən Məcid Doğrunu, Yusuf və Fethi Gedikli qardaşlarını, “Qardaş qələmlər” jurnalını çıxaran İbrahim Bozyeli, Yavuz Akpınarı, Zeynalabdin Makası, İrfan Murat Yıldırımı, Ali Akbaşı və bu kimi başqalarını da unutmaq olmaz. Son dövrlər isə İmdat Avşar, Yasemin Bayer kimi bu mövzuda sıx çalışan Azərbaycan ədəbiyyatı sevdalılarını yad etməmək vəfasızlıq olar.

Mənim əsl üzərində dayanmaq istədiyim mövzu Azərbaycanda nəşr olunan ədəbiyyatın Türkiyədə çap olunmasından daha çox, Türkiyədə nəşr edilən Azərbaycan ədəbiyyatı nümunələridir. Bu mövzuda çalışan bir xeyli yazarımız var Türkiyədə. Müslim Oğuz, Ziya Zakir Acar, Serdar Ünsal, Yahya Azeroğlu, Fatma Çetin Kabadayı, Mehmet Kum, Yurtseven Şen kimi ilk anda ağlıma gələn adlar... Bunlar Türkiyədə doğulub-böyüyən və romanlarında, şeirlərində Azərbaycan ədəbiyyatından nümunələr təqdim edən yazar və şairlərimizdir.

Əlimə bir neçə ay əvvəl keçən Mehmet Kumun “Atamın səsi “kitabı ilə Yurtseven Şenin “Ferize” romanıdır. İkisini də birnəfəsə və maraqla oxudum.

Yazar Mehmet Kum, əslində İğdırda həkimlik etməkdədir. Orta hesabla hər gün qarşılaşdığı insanların duyğularını, dərdlərini, komikliklərini və inanclarını, müəyyən ki, çox diqqətlə izləmişdir. Hekayələrini ilk dəfə mənə göndərəndə zövqlə oxumuş və dərhal Avropada yayınladığımız “Baxış” jurnalında nəşr etmişdim. Hekayələr böyük rəğbətlə qarşılanmışdı.

O, türk ədəbiyyatına çox fərqli və gerçəkçi insan tipləri təqdim edən usta yazarlarımız Yaşar Kamal, Fakir Baykurt kimi diqqətli bir Anadolu müşahidəçisidır. Oxucularının qarşısına çıxardığı bu ilk kitabında Anadolunun ən ucqar guşələrindən birində - İğdırda müşahidə etdiyi adi insanların ziddiyyətlərini, yanılqılarını, xurafat içində çırpınışlarını sadə, axıcı bir dillə və ustalıqla təsvir edib. Onun hekayələrinin elə ilk sətirlərində türk dilinin özünəxas musiqisinə qapılmamaq mümkün deyil. Hekayələrindəki dialoqlar şişirtməsiz, səmimi, xalqın danışdığı dilə yaxın və axıcıdır. Mövzular əksəriyyətlə Türkiyədə (İğdırda) yaşayan Azərbaycan türklərinə xas inancların yadlaşmasından və insanların getdikcə öz içinə qapanması kimi problemlərdən seçilmişdir. İnsan gerçəkliyinə tərs və özgəninkiləşdirilən bəzi inancların insanı necə kiçiltdiyi, dəyişdirdiyi və gülünc hala saldığı çox usta bir üslubla bu hekayələrdə təsvir edilmişdir. Onun “Yetim Məhərrəm”, “Ölü bayramı”, “Zurnaçı Qulem” adlı hekayələrı az qala Cəlil Məmmədquluzadə dadında hekayələrdir. Mirzə Cəlilin hekayələrində “Danabaş kəndi” necə yaddaqalan bir yer olaraq təsvir edilmişsə, Mehmet Kumun hekayələrində də “Tamahkar köyü”  təsviri önə çıxmaqdadır.

Mehmet Kumun digər  xüsusiyyəti isə İğdır və ətrafında danışılan Azərbaycan türkcəsinə xas tərzdə yazması və Türkiyə oxucusunu bu bölgənin insanları, adət-ənənələri və inanclarıyla tanış etməsidir.

Yurtseven Şen gənc bir şairimizdir və İstanbulda yaşayır. Əvvəl onun şeirləriylə tanış olmuşdum. Şeirlərində həm satira, həm də dərin bir lirizm var. Azərbaycan türkcəsindən də çox ustalıqla istifadə edir. Onun şeirlərini də “Baxış” jurnalında nəşr etdim və oxuculardan şeirlər haqda tərif məktubları aldım.

Amma bu dəfə əlimə onun “Ferize” romanı keçdi. “Azərbaycan Mədəniyyət Yayınevi”ndə nəşr olunan 366 səhifəlik roman gerçək bir hekayədən yola çıxaraq türk oxucusunu Azərbaycan tarixinə, folkloruna və müstəqillik mübarizəsinə aparmaqdadır. Romandakı hekayə 20 Yanvarda şəhid olan İlham Allahverdiyev ilə həyat yoldaşı Fərizənin dərin eşqlərini və mübarizələrini izah etməkdədir. Yurtseven Şenin yazı dili çox axıcı və ifadə üslubu cəlbedicidir. Azərbaycanı çox da tanımayan bir oxucu bu romanla birlikdə həm o acı dolu illəri öyrənəcək, həm də özünü bir anda Azərbaycanda hiss edəcək. Şenin öz romanıyla vermək istədiyi mesajlar və məlumatlar Azərbaycanın yaxın tarixinə tutulan bir işıq kimidir.

Azərbaycan türkcəsini Türkiyədə layiqincə təmsil edən bu iki yazarımızı təbrik edirəm.

 





14.12.2015    çap et  çap et