525.Az

Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru (10-cu yazı)


 

Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru <b style="color:red">(10-cu yazı)</b>

Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən insan hüquq və azadlıqlarına, xüsusilə vicdan və dini etiqad azadlığının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, insanların, əsasən də gənclərin milli-mənəvi dəyərlərə sadiq yetişməsinə böyük önəm verildi.

Milli və dini bayramlar münasibəti ilə xalqa müraciət etməyi, ölkə vətəndaşlarına təbrik ünvanlamağı unutmayan böyük dövlət xadimi bütün dini və milli bayramlarda insanlar arasında olur, onlarla söhbətlər edirdi. Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, müxtəlif dinlərə mənsub ölkə vətəndaşları arasında ayrı-seçkilik qoymur, bütün səmavi dinlərin nümayəndələrinə eyni gözlə baxır, istər məscid, istər kilsə, istərsə də sinaqoqların bərpasına və tikintisinə dəstək verirdi. Bütün bunlar xalqa olan diqqətin, onun milli mənəviyyatına bəslənən sevginin və min illər boyu formalaşan tolerantlıq ənənələrinə hörmətin təzahürü idi.

Yeri gəlmişkən, bu məsələdə önəmli məqamlardan biri də milli-mənəvi dəyərlərimizin qloballaşma prosesi ilə qarşı-qarşıya qoyulmaması, onların bu prosesin içində əriməsinin qarşısını almaqdır. Qloballaşma heç də milli-mənəvi dəyərlərimizdən imtina etmək deyil, əksinə, həmin dəyərlərin daha geniş arealda təbliği üçün böyük fürsətdir. Bu baxımdan Azərbaycanda milli-mənəvi dəyərlərə qayıdışın qloballaşma ilə “toqquşmaması” sevindirici haldır. 

Tarixi-dini abidələrin bərpası 

Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir. XIX əsrin sonlarına yaxın Bakıda “Qızıllı kilsə” kimi tanınan “Aleksandr-Nevski” kilsəsinin inşası üçün toplanılmış ianənin böyük hissəsinin müsəlmanlar tərəfindən verilməsi dünya tolerantlıq tarixinin ən parlaq səhifəsidir.

Azərbaycanın müstəqillik illərində belə bir mütərəqqi ənənə bərpa edildi. Dinlərarası münasibətlərin gərginləşdiyi, dini-etnik qarşıdurmaya zəmin yaradıldığı bir zamanda uzun tarixi dövr ərzində formalaşmış bu ənənənin bərpası bütün dünya üçün nümunə, bizim üçün qürurverici hadisədir.

Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk vaxtlardan tarixi-dini abidələrin bərpası və yeni ibadət evlərinin tikintisi dövlət nəzarətinə götürüldü, bu prosesin Azərbaycan xalqının istəyinə uyğun aparılması üçün mümkün olduğu qədər dövlət dəstəyini əsirgəmədi.

Bu proses həm də onunla fərqlənirdi ki, tarixi-dini abidələrin bərpası dedikdə yalnız İslama deyil, digər səmavi dinlərə məxsus abidələri də nəzərdə tuturdu.

Bakıda Rus Pravoslav Baş Kafedral Kilsəsinin bərpası tək Azərbaycanda yox, onun sərhədlərindən kənarda da geniş əks-səda doğurdu. Çünki bu, bütün dünya pravoslavlarının həyatında əlamətdar hadisə idi.

Yeri gəlmişkən, bu kilsənin inşasının və bərpasının çox maraqlı və hər bir azərbaycanlı üçün qürurverici tarixi var. Əvvəllər Con Mironosets kilsəsi adlandırılan bu məbədi məhşur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev tikdirmişdir. 1920-ci ildə bağlanmış kilsə Sovet hakimiyyəti dövründə anbar kimi istifadə olunmuş və dağıntılara məruz qalmışdır.

Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan hökuməti tərəfindən Rus-Pravoslav kilsəsinə verilən kilsənin təmirini azərbaycanlı iş adamlarından biri öz üzərinə götürmüş, məbəd əsaslı şəkildə təmir edilərək, əvvəlki görkəminə qaytarılmışdır. 2001-ci ilin mayında Azərbaycanda səfərdə olan Moskva və Ümumrusiya Patriarxı II Aleksi isə məbədə baş kafedral kilsə statusu vermişdir.

Azərbaycanda təkcə səmavi dinlər yox, onların müxtəlif qollarının və cərəyanlarının mənsublarına da sərbəst şəkildə ibadət etmək, əqidələrini yaymaq imkanı yaradılıb. Heç kimə sirr deyil ki, Azərbaycanda katolik xristianların sayı azdır, onlar əsasən müxtəlif vaxtlarda ölkəmizə pənah gətirmiş insanlardır. Bununla belə, 1999-cu ildə katolik icması da dövlət qeydiyyatına alınmış, əvvəllər dini ayinləri evlərdə icra edən icma üzvlərinə lazımi şərait yaradılmışdır. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi məqsədilə xüsusi bina alınaraq kilsəyə çevrilmiş, daha sonra Azərbaycan hökuməti ilə Vatikan arasında Bakıda Roma-Katolik kilsəsinin inşa olunması barədə razılıq əldə edilmişdir.

2006-cı ildə tikintisi başa çatdırılmış kilsənin 2008-ci il mart ayının 7-də rəsmi açılış mərasimi keçirilmiş və mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vatikanın Dövlət katibi Tarçizio Bertone də iştirak etmişdir.

Qeyd edək ki, səfər çərçivəsində çoxsaylı görüşlər keçirən Tarçizio Bertone Azərbaycandakı tolerantlığı yüksək qiymətləndirmiş, onun nümunə kimi digər ölkələrə ixrac edilməsinin zəruriliyini bildirmiş və Vatikanın bu istiqamətdə ciddi səylə çalışacağına söz vermişdir.

Xristian məbədlərinə paralel olaraq yəhudi sinaqoqları da bərpa olunmuş, yeniləri inşa edilmişdir. 2003-cü ilin mart ayında Bakıda yəhudi sinaqoqunun dindarların istifadəsinə verilməsi dünya yəhudilərinin tarixinə əlamətdar hadisə kimi düşmüş, onların diqqətini ölkəmizə yönəltmişdir.

Regionda ən böyük sinaqoq sayılan bu ibadətgah köhnə məbədin yerində inşa olunmuşdur. Sevindirici haldır ki, sinaqoqun tikintisində xaricdə fəaliyyət göstərən yəhudi təşkilatları ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi, Rus-Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası yaxından iştirak etmişdir. Müsəlmanlarla xristianların yəhudi sinaqoqunun tikintisində iştirakı və yardım göstərməsi dünyada analoqu olmayan hadisədir. Bu, həm Azərbaycan xalqının tolerantlığının, həm dövlətin din siyasətinin nəticəsinin, həm də gələcəyimiz üçün yaradılan böyük bir zəminin və zəmanətin göstəricisidir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük tarixə malik dini məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirir. Aparılmış tikinti, yenidənqurma və bərpa işlərindən sonra Bibiheybət, Təzəpir, İçərişəhər cümə, digər məscid və ziyarətgahları görəndə hər bir azərbaycanlının qəlbi iftixar hissi ilə dolur. Bu müqəddəs ocaqlar öz unikal milli memarlıq xüsusiyyətləri və tarixiliyi ilə ölkəmizin çağdaş mədəni simasına misilsiz gözəllik və zənginlik gətirmiş, vətənimizin İslam dünyasında yerini möhkəmləndirmiş və nüfuzunu daha da artırmışdır.

Yeni məcidlərin, ziyarətgahların, xristian və iudaizm məbədlərinin tikintisi və bərpasında YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun məqsədyönlü və ardıcıl fəaliyyəti xüsusilə qabarıq nəzərə çarpır. Fond öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına böyük önəm verir.

“Azərbaycan tolerantlıq ünvanıdır” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Daşkəsən şəhərində məscid tikilmiş, Əzizbəyov rayonu Binə qəsəbəsində Möhsin Səlim və İmam Rza məscidlərində, Mərdəkan qəsəbəsində Pirhəsən ziyarətgahında, Gəncə şəhərində Şah Abbas və Həzrət Zeynəb məscidlərində, Cavad xan və comərdi Qəssab məqbərəsində, eləcə də Bakı şəhərindəki “Müqəddəs Məryəm” katolik kilsəsində yenidənqurma və bərpa işləri aparılmışdır.

Şübhəsiz ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu din siyasəti nəticəsində qorunub saxanılmış tolerantlıq mühiti və hazırda da ölkə Prezidenti İlham Əliyevin diqqəti sayəsində bərpa edilən tarixi-dini abidələrimiz bizim dünya mədəniyyətinə böyük töhfəmiz, gələcək nəsillər üçünsə çox dəyərli mirasımızdır.

Vaxt ötür, zaman dəyişir və hər şeyi dəyişdirən zaman xalqları, cəmiyyətləri də dəyişdirir. Şübhəsiz ki, Azərbaycan da bu dəyişiklikdən, inkişafdan kənarda qalmayıb və qala da bilməz. İqtisadiyyatı, mədəniyyəti, bir sözlə, bütün potensialı inkişaf edən Azərbaycanda dəyişməyən yalnız tarix boyu daşıdığı missiyadır: sivilizasiyaların və dinlərin qovşağı, eləcə də   dözümlük ənənələrinin  beşiyi və nümunəsi olmaq.

 Zaman keçdikcə sürətlənən və insanları, xalqları bir-birinə yaxınlaşdıran, amma onlar arasında etiqad fərqliliyindən qaynaqlanan xüsusiyyətləri daha da dərinləşdirən qloballaşma dövründə bəşəriyyətin bu missiyaya və onu daşıyanlara ehtiyacı böyükdür. Deməli, bəşəriyyətin taleyi müəyyən mənada Azərbaycandan və onunla birgə addımlayan ölkələrdən asılıdır. Bu missiyaya dəstək olmaq isə hər bir kəsin insanlıq borcudur.

(2009-cu ilin noyabrında Bakıda keçirilmiş “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzulu beynəlxalq konfransın materialları əsasında)

 





21.01.2013    çap et  çap et