525.Az

Universal xarakterli alim-filosof


 

Universal xarakterli alim-filosof<b style="color:red"></b>

İnsanlar şəxsiyyət kimi doğulmurlar, şəxsiyyəti zaman yetişdirir. Bu adı qazananlar heç vaxt həyatı tam tərk etmirlər. Onların ideyaları, zəngin həyat təcrübələri daima yaşayır.

Dünya durduqca şəxsiyyətlər bu dünyanın vətəndaşları statusunu saxlayırlar. Cəmi altmış-yetmiş il yaşayıb sonradan min illərlə ömür sürən şəxsiyyətlər var bu həyatda. Kim necə düşünürsə, düşünsün mənim üçün bu dünyada ən böyük xoşbəxtlik sözün əsl mənasında başqaları tərəfindən sevilən insan ola bilməkdir. Öz xalqının, qohum-əqrabanın, dost-tanışın yaddaşında yüz illərlə iz qoya bilmiş böyük bir insandan - akademik Firudin Köçərlidən söhbət açmaq istəyim var.

Həyatımda çox istedadlı insanlar, çox şəxsiyyətlər görmüşəm. Sənətinə, şəxsiyyətinə, xeyirxahlığına, həm də insanların taleyüklü problemlərinin həllində göstərdikləri təmənnasız xidmətlərinə görə yüksək qiymətə layiq görülənlər yaddaşlarda həmişə yaşayır və yaşayacaqlar da. Gərgin zəhməti, çalışqanlığı, hünəri, uzaqgörənliyi, intellekti və istedadı sayəsində Azərbaycanın elm aləmində çinar kimi boy atıb kök salan, gündən-günə ucalan, əsl ziyalı mücəssəməsinə, ziyalı etalonuna çevrilən Firudin Köçərli kimi. Onun kimi müdrik el ağsaqqalının, mütəfəkkir alimin bir ideyaya köklənmiş həyat yolu hər bir azərbaycanlı gəncə örnək ola bilər.

Bütün bunlar müəyyən mənada onun bu dünyadan köçməsinin bir illiyi münasibətilə çap edilmiş mütəffəkkir alimin həyat və yaradıcılığından bəhs edən “Firudin Köçərli ucalığı” kitabında öz əksini tapıb. Kitabda görkəmli alimlər, söz-sənət adamları, dostlar, doğmalar öz məqalə, xatirə və şeirlərində Azərbaycan xalqının ləyaqətli oğlu, akademikin - vaxtilə respublikamızın ucqar dağ kəndindən şəhərə gəlmiş bir gəncin şərəfli həyat yolundan, onun bir ailə başçısı, şəxsiyyət, rəhbər, mərd azərbaycanlı kimi formalaşmasından dərin hörmət, ehtiram və məhəbbət hissi ilə söz açırlar.

O, el-obada, qohumlar, dostlar arasında böyük hörmət, nüfuz sahibi idi. Gənclik illərində sadə kənd müəllimi olduğu vaxtlarda doğmaları, yaxınları arasında ağlı, zəkası, müdrikliyi ilə seçilir və sevilirdi. Çoxları onun məsləhətinə ehtiyac duyurdu, o da heç vaxt heç kəsdən nə mənəvi, nə də maddi köməyini əsirgəməz, necə deyərlər, el ağsaqqalı missiyasını ləyaqətlə yerinə yetirər və bundan məmnunluq hissi keçirərdi. O, Qasım müəllim kimi el-oba ağsaqqalının ailəsində boya-başa çatmış, atasının yolunu davam etdirmişdir. Həqiqətən də o, ziyalı məfhumunun ən yüksək zirvəsində durmağı bacardı və atasının fəxr edə biləcəyi ləyaqətli oğlu oldu. Xeyirxahlığı, təmənnasızlığı nə qədər insan həyatına, taleyinə işıq salıb, onları elm fədaisinə çevirib. “Dünyanın üzü dönüb, insanlıq itib”, - deyə arzuları çirklənmiş, ümidləri üzülmüş yüzlərlə insanın sönük qəlbində həyata inam işığını geri qaytarıb. Firudin Köçərli yamanlıq qarşılığında yaxşılıq edən ər kişilərdən idi. İndi də onun adını eşidənlərin üzündə istər-istəməz xoş təbəssüm yaranır. Bəli, Tanrı ona böyük ürək bəxş etmişdi. Sanki bu dünyaya yalnız yaxşılıq etməkdən ötrü gəlmişdi. O, istər insan kimi, istər alim kimi, istər pedaqoq kimi, istərsə də ailə başçısı kimi təkrarsız idi. Alim kimi nə qədər böyük olsa da, insan kimi çox sadə idi. Hamının dərdinə yanırdı. Yıxılanı qaldırmaq, dara düşənə arxa olmaq elə bil onun həyatının mənası idi. Pislikləri və pisləri görmək istəmir, “Belələrindən uzaq olun”, - deyərdi. Zərif, duzlu yumoru, şuxluğu, iti ağlı və zəkası ilə yoldaşlarının, dostlarının, tələblərinin sevimlisinə çevrilmişdir.

55 ildən artıq müddət ərzində Azərbaycanda fəlsəfə elminin tədqiqi, inkişafı, fəlsəfə elmi üzrə yeni kadrların hazırlanması naminə yorulmaq bilmədən böyük əzmkarlıqla çalışan Firudin Köçərlinin rəhbərliyi və birbaşa iştirakı ilə yazılmış dördcildlik “Azərbaycan fəlsəfə tarixi” toplusu sözün əsl mənasında fundamental səciyyə daşıyır. Akademik Firudin Köçərli XIX əsrin sonu və XX əsrin əvvəlləri Azərbaycan fəlsəfi və ictimai-siyasi fikir tarixinin nüfuzlu tədqiqatçılarındandır. Akademikin Azərbaycan fəlsəfə elminin inkişafına, xalqın mənəvi mədəniyyətinin təbliğinə həsr olunmuş 300-ə yaxın əsəri çap olunmuşdur. Firudin Köçərlinin dərin məzmunlu xüsusi mahiyyət təşkil edən fəlsəfi tədqiqatlarının nəticəsi olan elmi əsərləri öz aydınlığı, səlisliyi və güclü məntiqliyi ilə fərqlənir. O, 42 irihəcmli elmi əsərin redaktoru olmuşdur. Zamanın və ideya istiqamətlərinin yenilənməsi, fəlsəfə elminə münasibətdə dəyişikliyin baş verməsinə baxmayaraq, bu əsərlər elmi mahiyyətini və dərinliyini heç zaman itirməmişdir. Onun həyatı, elmi-pedaqoji, ictimai fəaliyyəti və əsərləri haqqında onlarca rəy və elmi məqalələr yazılmış, rus dilinə tərcümə olunmuşdur. O, həmişə təkrar-təkrar deyərdi: “Fəlsəfə elmi universal xarakter daşıyır. O, bir dövr, bir nəsil, bir millət üçün yox, bütün bəşəriyyət üçün, bütün tarixi dönəmlər üçün böyük əhəmiyyət kəsb edir. Bunu unutmayın”.

Akademik Firudin Köçərli görkəmli ictimai xadim, elm təşkilatçısı, təcrübəli pedaqoq kimi təkcə sovetlər məkanında deyil, onun hüdudlarından kənarda da tanınırdı. O, bir çox xarici ölkələrdə keçirilən beynəlxalq konqres və simpoziumlarda Şərq fəlsəfəsinin aktual problemlərinə dair sanballı məruzələrlə çıxış etmişdir. Akademikin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Elmlər Akademiyasının tərkibində yaradılan azsaylı işçisi olan Fəlsəfə bölməsi sonradan onun yüksək təşkilatçılıq səyi nəticəsində Fəlsəfə və Hüquq İnstitutuna - Azərbaycanın ictimai fikir tarixində qabaqcıl elm ocağına çevrilmişdir. O, bütün gücünü elmimizin inkişafına, cəmiyyətimizdə ideya-siyasi tərbiyə işinin təkmilləşdirilməsinə, vətənpərvərlik hissinin təbliğinə sərf etmiş və bu işlərin davamı üçün möhkəm fundament yaratmışdır. Hətta təqaüdə çıxdıqdan sonra da öz doğma institutunun professoru, fəxri direktoru kimi kollektivlə sıx əlaqədə olmuş, onlara elmi tədqiqat işlərində dəyərli məsləhətlər vermişdir. Ölkəmizdə filosoflar nəslinin - ictimai-fəlsəfi fikrin formalaşıb zənginləşməsində əsas rol oynamış akademik F.Köçərli bu irsi davam etdirərək alimlərin yetişməsində faydalı işlər görmüşdür. Universal xarakter daşıyan fəlsəfə elminin yeni dövrdə tətbiqi yollarını göstərmişdir.  Mən deyərdim ki, bu, onun elmi fəaliyyətinin ən məsuliyyətli dövrü olmuşdur. Fəlsəfə elminin universal xarakter daşıdığını sübut etmək hər filosofun işi deyil. Buna yalnız keçmişdən gələcəyə körpü çəkməyi bacaran alimlər nail ola bilərlər. Yeni dövrdə elmdəki hərc-mərcliyi nizama salıb yaranmış onlarla yeni cığırı magistral yola çatdırmaq kimi çətin bir missiyanı öhdəsinə götürməklə o, sanki ağır “qaya”nı yerindən tərpətməyə başlamışdır. Təəssüf ki, ömür macal vermədi. Amma bu ideya özünə yol tapıb davam etdirildi. Yeni dövrdə Azərbaycan fəlsəfi fikrinin yeni elementlərlə zənginləşmə işi başlandı.

Firudin Köçərli nəinki görkəmli elm tədqiqatçısı, eyni zamanda yorulmaz elm təbliğatçısı idi. O, elmi-praktiki konfranslara, elmi diskussiyalara, simpoziumlara mühüm əhəmiyyət vermiş, azad fəlsəfi fikir söyləmək üçün münbit şərait yaratmışdır. 

Akademik Firudin Köçərli görkəmli alim və ictimai xadim olmaqla yanaşı, el-obası ilə sıx bağlı insan idi. Erməni təcavüzünün ilk günlərindən o, sərhəddə yerləşən doğma kəndi və bütövlükdə Gədəbəy əhalisi ilə sıx əlaqədə olmuşdur. Kənd camaatına imkan daxilində göstərdiyi maddi və mənəvi yardımla yanaşı, onun tez-tez rayona baş çəkməsi, xüsusilə hər il yay aylarını kənddə keçirməsi əhaliyə müəyyən mənada dəstək idi. Akademikin İsalı kəndindəki yay evi iki aylığa ziyarət məkanına çevrilərdi. Onun nurani üzünü, insanpərvərliyini görmək, maraqlı söhbətlərini dinləmək istəyənlərin sayı-hesabı olmazdı.

Firudin müəllimi səciyyələndirən mühüm keyfiyyətlərdən biri də qayğıkeş ailə başçısı olması idi. O, zəhmətkeş, sadə və səmimi insan olan həyat yoldaşı Zərifə xanımla birgə beş övlad tərbiyə edib böyütmüşdür. Ailənin bütün qayğılarını Firudin müəllimlə çiyin-çiyinə daşıyan Zərifə xanım onun hər dərdinə, sevincinə şərik çıxardı. O qədər də geniş olmayan evində hər gün Firudin müəllimin yaşlı və gənc aspirantlarını qəbul edər və onları bişirdiyi dadlı yeməklərə mütləq qonaq edərdi.

Bəli, Firudin Köçərli şəxsiyyəti Azərbaycan elmində zirvəsi hər yerdən görünən dağdır. Firudin Köçərli yaradıcılığı əsl ziyalılıq, əsl alimlik məktəbidir. Akademik F.Köçərli unudulmaz, əbədiyaşar şəxsiyyətdir. Onun ibrətamiz, şərəfli həyatı və zəngin fəlsəfi irsi hər zaman tədqiq olunacaq, öyrəniləcək, yeni dövrdə də elmi fəlsəfi fikrin milli zəmində hərtərəfli inkişafına yardım edəcəkdir. İnanıram ki, Firudin müəllimin əziz və unudulmaz xatirəsi, qohumlarının, yaxınlarının, onu tanıyanların və bütövlükdə qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq və əziz tutulacaqdır.

 





28.12.2015    çap et  çap et