525.Az

Sevgidən eşqə...


 

Sevgidən eşqə... <b style="color:red"></b>

...Sevdiyi qədər darıxar, özlədiyi qədər aşiqdir insan. İndi çoxu "sevirəm" deyir, ya da sevmək, sevilmək arzusundadı. Mən bunlardan çoxdan keçdim. Mənə görə bir hiss var ki, onun ifadə və təsviri yoxdu. Buna sadəcə cəhd etmək olar. Necə ki, hal-hazırda mən çalışıram.

EŞQ... Bütün inanclarıma and olsun ki, insanların çoxu bu duyğunu yaşamayıb. Bəlkə belə deməyim sizdə bir az qıcıq yarada bilər. Amma gerçək budur.

Hər eşqin içində sevgi var, amma hər sevgi eşq deyil. Bir həqiqəti də anlamaq lazımdır ki, eşqi insan gec dərk edir, bəlkə ömrünün erkən saatlarında rastlaşır bu möcüzə ilə, ancaq başa düşmək o qədər də asan olmur. Zaman keçir və keçən tək zaman olmur... Ağrılar, əzablar, aldanışlar, münasib münasibətlər, müsibətlər, xəyanətlər və ya xoş hesab etdiyin boş anlar, "hədiyyələr", diktələr və diqqətlər, saymaqla bitməyən dəqiqələr, səni bərkə-boşa salan acı həqiqətlər, bütövlükdə böyük bir yalan ötür həyatından. Və sən bu yalanlarına borclusan əslində ən böyük doğrunu - eşqi anladığına, dərk etdiyinə görə. Və sən bu olanlara borclusan, ruhunun özünü anlayıb üzünü eşqə çevirə bildiyinə görə. Onu gördüyünə və görüldüyünə görə...

...və qarşılıqsız olan hisslərin heç birinin eşqə dəxli yoxdu. Eşq bir bütünlükdür. Fərqli rakuslardan belə olsa eyni nöqtəyə baxmaqdır. Qarşılıqsız sevgi ola bilər, qarşılıqsız hörmət ya da tam əksinə, nifrət. Amma təktərəfli eşq yoxdur. Çünki eşq O-dur. O dediyimiz isə ikinci bir Səndir. Eyni dərrakəyə və ya ağılsızlıqlara sahib olan, ən əsası sənə aid olan və özünü onun bir parçası, ya da elə bütövlükdə varlığını gördüyün ikinci bir sən. Əslində burda "ikinci" sözü də artıqdır. Sənin sənlə rastlaşmasıdır eşq. Yəni bir olmaq... Burda digər rəqəmlərə heç ehtiyac da yoxdu. Sizə məxsus hər nə var və olacaqsa hamısı o BİRdə, yəni Sizdə cəmləşir.
Hər şey isə ona inanmaqla başlar. Bilmədiyin, hiss etmədiyin, anlamadığın, amma varlığına inandığın eşqə... Və təbii ki, hər kəs eşqi dada bilməz. Necə ki, hər oxuyan Molla Pənah Vaqif olmur... Siz uzağı sevə bilərsiniz. Aşiq olmaq sizlik deyil, daha doğrusu, ruhunuz buna yaramır. Əvvəl göz açdığın qucağı sevməli insan... Sonra ayaq tutub yeridiyi yeri... Əvvəl sevgini sevməli insan, yəni dayaq bildiyi yeri və bu lap körpəlikdən başlayır. Uşaqlıq etmək ən böyük haqqın olduğu bir vaxtda belə böyükləri düşünmək və bu düşüncələrlə böyümək. Ya da, sənə əziz olan insanları incitdiyinə görə özünü uşaq ağlınla danlamısansa, dilinin acısı ürəyinə siraət edibsə ruhuna eşq olsun... Hər kəsin uşaqlığı bir olmur, düzdür, amma hamı yoxluqlar görə-görə yaşa dolur. Mənim dediyim budur ki, aşiq olmağı bacaran insan, daha doğrusu dərk edən adam ruhunu daha çox yoxluqlarla bəsləyib var edəndir. Əlbəttə ki, burada maddi ünsürlər neçəncisə sıraya keçir. Əgər körpəniz içinizdəki uşağı xatırladırsa və o Sizə daha ağıllı, düşüncəli, həyatsevər, bir sözlə dolu gəlirsə evinizdə bir aşiq böyüyür, bilin. Onun əlini sıxın, amma ruhunu əsla! Sözümün canı budur ki, hamımız ruhumuzla bərabər doğuluruq, ancaq cismindən öncə ruhu ölənlər daha çoxdu təəssüf ki...

Bütün bunlar sadə bir yanaşma tərzindən keçir. "Sənə sarı rəng yaraşır deməyin, hansı rəngdə paltar istəyirsən, deyə soruşun". Yəni cavabları özü tapmağa çalışsın, çətinlik çəksə, onsuz da Sizdən soruşacaq. Siz isə ona mümkün variantları təqdim edib, seçim şansını verməlisiniz. Bütün məsələ budur!

Nə istədiyini bilən insan niyə istədiyini anlayandır. Bir münasibətdə hisslərin ayrılığı yaşanırsa, bilin ki, yaşadığınız ən yaxşı halda sevgi olub. Öyrəşmələri, adını "bağlılıq" qoyduğumuz "birliy"i belə bura aid etmək olar, amma eşqi əsla. "Hisslərin ayrılığı" deyəndə isə duyğuların natamamlığını nəzərdə tuturam. İkiniz də susayarsınız, amma içinizdəki yanğı başqa ola bilər. Belə anlarda sərinliyi eyni dərəcədə və daha çox istəməyə bənzəyir eşq. Eyni həvəslə, eyni həyəcanla sevişmək kimi... Və hər dəfə yeni bir ada kəşf edərsiniz duyğularınızda Ona aid... Yəni məna və maraq daim artar eşqdə... Nə gözündən düşər, nə könlündən... Bəlkə küsərsən nə vaxtsa, incidiyin anlar da ola bilər, amma getməzsən, gedə bilməzsən.

İnsan özündən getsə, ayılması çətin olur çünki və çox vaxt mümkünsüz. Yenə deyirəm, eşq sənin sənlə rastlaşmağındır. Bunu sizə aşiq biri deyir.

Bir də məsafələr vardır eşqdə. Sizinlə bu dünya və onun sakinləri arasında. Ölçüsünü düşünməyin belə. Siz onlardan ayrısınız. Onlar sizə yaxın ola bilərlər, amma siz yadsınız əslində hamıya... Doğmalıqdır eşq, amma heç bir əzizinizə hiss etmədiyiniz bir yaxınlıqdan söz gedir burda. Hər nə qədər BİR olsanız da bu məsafə dediyim anlam sizin də aranızda var. Bütün mövzularda əlbir olsanız da abır Sizin tək məsafənizdir eşqdə.

Bütün divarlar yıxıla bilər, buna qəzəb deyə bilərik, amma ən hirsli anlarda belə hörmət pərdəsi qədər bir məsafənin olmasıdır eşq! Bəzən yollar, ya da qollar ayırmağa çalışar sizi. Yazılan, yazılmayan qanunlar da bu işi görə bilər. Əslində isə eşqdə ayrılıq deyilən bir anlam yoxdur. Aradakı məsafələrin çoxluğu belə bir işə yaramır eşqdə. Bir başqasına hopa bilməməkdir və qopa bilməməkdir eşq.

Yaşadığınız hər nə olur olsun, bir təcrübədir, amma eşq təəccübdür - möcüzə kimi sizi heyran edər və heyrətdə saxlayar. Yaşınız neçə olur olsun, yaşadıqlarınız necə olur olsun, eşq gənc hiss etməkdir özünü.

Gücünü, əslində nə qədər qüvvətli olduğunu anlamaqdır. Və bir də heç kimə aid ola bilməyən baxışlarla baxmaqdır qeyri-ixtiyari aşiqinin gözlərinə və baxılmaqdır.

Eşq həm də ağrımaqdır. Daim bir sızıltı kimi hiss edərsən darıxdığın adamı əzalarında...

Yazdıqca yazmaq istər... Necə ki, azdıqca azmaq istərsən eşqin içində. Bilərəkdən gəldiyin yolu unutmaqdır eşq, geriyə dönmək, getmək ehtimalın olmasın deyə. Özünü Onda itirib elə Onda da tapmaqdır yəni.

...və mükəmməldir.... Eşqə aid hər nə varsa, mükəmməldir. Ağrısı da, acısı da, xoşluğu da, boşluğu da gözəldir. Yaranması da yarası da ürəyini yarması da əvəzsizdir. Eşq ya cənnəti yaşadar, ya cəhənnəmi və nə olursa olsun, tamlığı pozulmaz, tamı qaçmaz....

Sözümün canı budur ki, bütün mənalarda

EŞQ CAN VERƏR...

Dolarsan su qa bı kimi,
Köhnə paltar dolabı kimi,
Küncündən, bucağından işıqlar süzülər
İçindəki qaranlığa...

Yaşayarsan sınıq ağrısı kimi,
Məlhəmlər birləşdirər çatlarını,
Amma bir sızıltı qalar
Ruh sarğısı kimi...

Çaparsan atlarını
Uzaqdan-uzaqlara
Gedə bilmərsən amma bir piyada yolunu...
Söz olarsan kiminsə qulağında,
Gəlinlik sırğası kimi...

Cingildəyər adın,
Çiliklənər bir evin pəncərəsi,
Çirklənər gözlərində
Bütün rənglər ,
Göyqurşağı
İçindəki uşağı sevindirməz artıq.

Aralıq dənizi var aramızda,
Ayrılıq dənizi var.
Arazı atlamağa nə var?!
Ümmanları ötməli insan.
Boğulmaq qorxusu olmadan,
Eşqi içməli insan.
Keçməli insan,
Bütün sabahlardan,
Bütün günahlardan,
Arzulardan və bütün sulardan,
Suallardan keçməli insan.
Bir ONDAN başqa,
Bir SONDAN başqa!..

Eşq onun olmaq
Eşq sonun olmaqdır!..

 





29.12.2015    çap et  çap et