525.Az

Ağcabədi Pedaqoji Kollecinin fəaliyyətində ciddi dönüş


 

Ağcabədi Pedaqoji Kollecinin fəaliyyətində ciddi dönüş<b style="color:red"></b>

Son illər dövlət diqqət və qayğısı sayəsində Azərbaycanda təhsil yüksək inkişaf dövrünü yaşayır.

Uğurlu təhsil strategiyası, islahatlar, qəbul edilmiş proqram, qərar və sərəncamlar bu sahədə ciddi keyfiyyət dəyişiklikləri yaradıb, nailiyyətlər qazanılmasında həlledici rol oynayıb. Görülmüş tədbirlər nəticəsində milli təhsilimizin maddi-texniki bazası daha da möhkəmləndirilib, müasir tələblər səviyyəsində yenidən qurulub, yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması istiqamətində ciddi addımlar atılıb.

Şübhəsiz, bu nəticələrin əldə olunmasında təhsilin səmərəliliyinin artırılması məqsədilə tədris şəbəkələrinin genişləndirilməsi, paytaxt və iri şəhərlərlə yanaşı, bölgələrdə orta ixtisas müəssisələrinin fəaliyyət göstərməsi də xüsusi önəm daşıyıb. Qarabağda, xüsusilə, cəbhə bölgələrində yerləşən ümumtəhsil müəssisələrinin tələbatları ilə əlaqədar olaraq 2001-ci ildən  fəaliyyətə başlayan Ağcabədi Pedaqoji Kolleci bu baxımdan  mühüm əhəmiyyət kəsb edib.

Adıçəkilən təhsil müəssisəsinin direktoru, respublikanın Əməkdar müəllimi Hacı Mirələm İbrahimlinin dediklərinə görə, Ağcabədi Pedaqoji Kolleci uzun illər bölgənin, bütövlükdə regionun ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Möhkəm maddi-texniki bazaya malik sözügedən təhsil ocağı kadr potensialına, təlim-tərbiyənin səviyyəsinə görə respublikanın qabaqcıl pedaqoji kollektivlərindən birinə çevrilib.

Ötən son bir il ərzində kollecin fəaliyyətində ciddi dəyişikliklər baş verib. Respublika Təhsil Nazirliyinin və rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində kollecdə əvvəllər yol verilmiş nöqsanlar aradan qaldırılıb, tədrisin keyfiyyəti xeyli yüksəlib. İlk növbədə, kollektivdə təlim-tərbiyə sahəsində şəffaflıq və obyektivlik, sağlam ab-hava yaradılıb. Direktorun dediyi kimi, tələbə-müəllim münasibətlərində qarşılıqlı inam başlıca meyara çevrilib. Kollecdə zəruri ehtiyac yarandığı təqdirdə dərslərdə və imtahanlarda valideynlərin iştirakı təmin olunur. Necə deyərlər, nəticədən müəllimlər də razı qalır, tələbələr də, valideynlər də...

Əlbəttə, bütün bunlar kollektivdə nizam-intizamın, məsuliyyət hissinin gücləndirilməsi, tədris prosesinə tələbkarlığın artırılması hesabına mümkün olub. Bir sözlə, indi burada hər kəs məsuliyyətlə çalışır, layiqli pedaqoji kadrlar hazırlanması üçün əlindən gələni əsirgəmir.

M.İbrahimli qeyd edib ki, hazırda Pedaqoji Kollecdə 1200 nəfərdən çox  tələbə təhsil alır. Onların təlim-tərbiyəsi ilə 68 nəfər pedaqoq məşğul olur. Burada fəaliyyət göstərən 3 tədris şöbəsində ibtidai sinif, informatika, texnologiya, məktəbəqədər təlim və tərbiyə, fiziki tərbiyə, təsviri incəsənət və musiqi müəllimliyi ixtisasları üzrə kadrlar hazırlanır.

Kollecdə tədrisin keyfiyyətinin artırılması daim diqqət mərkəzində saxlanılır. Dövlət müəssisəsinin yerləşdiyi  uyğunlaşdırılmış özəl tədris korpuslarında bunun üçün hər cür şərait yaradılıb.  Təhsil ocağında fənn kabinetləri, laboratoriyalar yeni avadanlıq, inventar və kompüterlərlə təchiz olunub, otaqlarda monitorlar quraşdırılıb. Burada müxtəlif idman növü ilə məşğul olmaq üçün  müasir tipli idman kompleksi  istifadəyə verilib. Tədris prosesinə monitorlar vasitəsi ilə eyni vaxtda nəzarət etmək mümkündür. Bundan əlavə, müəssisənin həyətindəki istirahət parkında müəllim və tələbələrin asudə vaxtlarının səmərəli keçirmələri üçün nümunəvi şərait yaradılıb.

Bütün bunların nəticəsidir ki, kollecin nüfuzu ilbəil yüksəlir. Təsadüfi deyildir ki, təhsil müəssisəsində hazırda Bakı şəhəri daxil olmaqla, respublikamızın əksər bölgələrindən tələbələr təhsil alır. Eyni zamanda kolleci  bitirən pedaqoji kadrlara hər yerdə  hörmətlə yanaşılır və böyük etimad göstərilir. Məzunlar təhsil aldıqları müəssisənin adını daim layiqincə doğruldurlar.

M.İbrahimli söhbətinin davamında bildirib ki, kollecdə təlim-tərbiyə sahəsində qazanılan uğurlarda keçirilən mədəni-kütləvi tədbirlərin də təsiri böyükdür. Tarixi günlər, bayramlar, əlamətdar hadisələrlə əlaqədar təşkil olunan mərasimlər, ədəbi-bədii gecələr, konsert proqramları, konfranslar, yaradıcı insanlarla görüşlər bu baxımdan diqqəti çəkir. Hazırda kollektivdə 20 Yanvar faciəsinin ildönümü münasibəti ilə keçiriləcək tədbirə ciddi hazırlıq görülür.

 





13.01.2016    çap et  çap et