525.Az

Azərbaycan – dini və milli tolerantlıq məkanı


 

Azərbaycan – dini və milli tolerantlıq məkanı<b style="color:red"></b>

G.MUSAYEVA 

XXI əsr qloballaşma və inteqrasiya prosesinin sürətlənməsi nəticəsində dünyanın geosiyasi arenasında əhəmiyyətli dəyişikliklərin baş verməsi ilə xarakterizə olunur. Qloballaşma şəraitində ümumbəşəri dəyər kimi müxtəlifliyin qorunması məqsədilə mədəniyyətlər və dinlər arasında dialoqun qurulması, tolerantlıq və dözümlük ənənələrinin inkişafı olduqca vacibdir.

Tolerantlıq müxtəlif və zəngin dünya mədəniyyətinin, fərdiliyin təzahür tərzi və özünüifadə formasının qəbul edilməsi, doğru şəkildə anlaşılması və ona hörmət göstərilməsi deməkdir. Tolerantlıq – müxtəliflikdən doğan harmoniyadır. Bu yalnız mənəvi borc deyil, həm də siyasi və hüquqi tələbatdır. Tolerantlıq – sülhün əldə edilməsini mümkünləşdirən və müharibə mədəniyyətini sülh mədəniyyəti ilə əvəzləyən xeyirxahlıqdır (16 noyabr 1995-ci ildə YUNESKO-nun Baş konfransının 5.61 Qətnaməsi ilə təsdiqlənmiş tolerantlıq prinsipləri Deklarasiyasına uyğun olaraq).

Azərbaycan müxtəlif  xalqların və konfessiyaların nümayəndələrinin əmin-amanlıq və qarşılıqlı əməkdaşlıq şəraitində yaşadıqları unikal ölkədir. Möhkəm dayaqlara, zəngin ənənəyə, dərin tarixə və mənəvi köklərə malik olan tolerantlığı Azərbaycan xalqının və dövlətinin milli-mənəvi dəyəri hesab etmək olar. Bizim gücümüz – birlikdə, ölkəmizdəki sabitliyin möhkəmləndirilməsində, eləcə də dini və milli əmin-amanlığın təmin edilməsindədir.

Tarixən Azərbaycanda İslam, Zərdüştilik, Xristianlıq, İudaizm kimi müxtəlif dinlərin nümayəndələri yanaşı yaşamış və fəaliyyət göstərmişlər. Hələ qədim zamanlarda Azərbaycan ərazisində mənəvi mədəniyyət bütpərəstlik, atəşpərəstlik və Tanrıçılığın sıx mövcud olması şəraitində inkişaf etmişdir. Eramızdan əvvəl I minillikdə yaradılmış Zərdüştiliyin dini-fəlsəfi sistemi və Avestanın təlimi həyatın mənasına unikal yanaşmasına görə alim və mütəfəkkirləri indiyədək təəccübləndirir. Abşeron yarımadasında tarixi və memarlıq abidəsi kimi qorunmuş atəşpərəst məbədi – Atəşgah Azərbaycan xalqının mənəvi irsinin parlaq tarixi-mədəni ünsürlərindən sayılır.

Ölkəmizdə yüksək səviyyədə dözümlük mühitinin formalaşmasında İslam dininin böyük rolu olmuşdur. Çünki azərbaycanlıların ənənəvi dini olan İslamda tolerantlıq, dözümlük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Tarixi faktlar təsdiqləyir ki, Azərbaycanda bütün dövrlərdə müsəlmanlar öz inanclarına söykənərək digər dinlərin mənsublarına nəinki qucaq açmış, hətta ibadət evləri tikmək, etiqadlarına uyğun yaşamaq üçün onlara yardım göstərmişlər. XIX əsrin sonlarına yaxın Bakıda “Qızıl kilsə” kimi tanınan “Aleksandr-Nevski” kilsəsinin inşası üçün toplanılmış ianənin böyük hissəsinin müsəlmanlar tərəfindən verilməsi dünya tolerantlıq tarixinin parlaq səhifələrindəndir.

Azərbaycan ərazisində Qafqazda ən qədim kilsə sayılan, xristian dünyasının ilk kilsələrindən biri Alban Apostol Kilsəsi təsis edilmişdir. Qafqaz Albaniyasında xristian icmaları hələ eramızın ilk əsrlərində meydana gəlmişdir. Həmçinin yerli alban kilsəsi ilə yanaşı XIX əsrdən etibarən ölkəmizdə xristianlığın digər qolları da yayılmışdır. Belə ki,  Azərbaycanı işğal etdikdən sonra Rusiya imperiyasının regionda apardığı aktiv köçürmə siyasətinin tərkib hissəsi kimi rus, erməni, alman, polyak və digər xalqların nümayəndələrinin ölkəmizdə yerləşdirilməsi nəticəsində burada pravoslav, yevangelik-lüteran, katolik kilsələri yaradılmış və müxtəlif xristian məzhəbləri fəaliyyət göstərmişdir. XIX əsrdə və XX əsrin başlanğıcında Bakıda, rus qəsəbələrində, ölkənin müxtəlif bölgələrində pravoslav kilsələri və prixodlar təsis edilmişdir. 1896-1899-cu illərdə Bakıda alman yevangelik-lüteran kirxası, 1909-1911-ci ildə katolik kostyolu tikilmişdir.

Bəzi mənbələrə görə, İudaizmin Azərbaycanda inkişafı dağ yəhudilərinin erkən orta əsrlərdə bu ərazilərə köçməsi ilə bağlıdır. Avropa yəhudiləri – aşkenazilər isə XIX əsrdən başlayaraq miqrasiya prosesləri, ölkənin iqtisadi-sənaye inkişafı ilə bağlı Azərbaycana gəlmişlər. XIX əsrin sonu – XX əsrin əvvəlində Bakıda Avropa və dağ yəhudilərinə məxsus sinaqoqlar tikilmişdir. Bütün bunların nəticəsi olaraq ölkəmizdə tarixən təşəkkül tapmış çoxkonfessiyalılığı və Azərbaycan xalqının özünəməxsus mədəniyyətinin formalaşmasına təsir göstərmiş müxtəlif dini dünyagörüşlərin vahid cəmiyyətdə birgə inkişaf etməsini mədəniyyətlərarası dialoqun mümkünlüyünü göstərən bariz nümunə kimi qəbul etmək olar.

Sovetlər Birliyinin dağılması nəticəsində Azərbaycan müstəqilliyi ilə yanaşı, dinlərin və sivilizasiyaların qovşağı kimi daşıdığı tarixi missiyanı da bərpa etmişdir. Bu mənada Sovet rejiminin süqutu təkcə müstəqilliyimizin bərpasının yox, həm də milli-mənəvi dəyərlərimizə münasibətdə yeni mərhələnin başlanğıcıdır. Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşın vicdan azadlığına və azad dini seçmək hüququna tam təminat verir. Eyni zamanda, 1992-ci ildə qəbul edilmiş “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə mövcud olan dini icmalar arasında stabil dostluq əlaqələrinin və dini dözümlülüyün inkişafına imkan yaradır.

Bu gün Azərbaycan dünyada məscid, kilsə və sinaqoqun üçünün bir arada olduğu, eləcə də müxtəlif dinlərin mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biridir. Azərbaycan xalqı tolerantlıq keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Bu, həm də mütərəqqi dünyanın, xarici siyasətçilərin, diplomatların və beynəlxalq qurumların rəsmilərinin etiraf etdikləri həqiqətdir. Təsadüfi deyildir ki, bütün regionda ilk dəfə 16 noyabr Beynəlxalq tolerantlıq günü kimi Azərbaycanda qeyd edilmiş və ümummilli liderimiz Heydər Əliyev 1999-cu ildə öz təşəbbüsü ilə bu əlamətdar gündə ölkəmizdəki dini konfessiyaların başçıları ilə görüşmüşdür. O, bununla həm tolerantlıq prinsiplərinə münasibətini bir daha nümayiş etdirmiş, həm də gələcəkdə mütərəqqi bir ənənənin yaranması üçün zəmin hazırlamışdır.

Azərbaycan dövlətinin din siyasəti tarixi köklərə malik olan çoxkonfesiyalılığın qorunması üçün əlverişli şəraitin və dini icmalar arasında dialoqun yaradılmasına, ictimai problemlərin birgə həllinə yönəlmişdir. Bunun nəticəsidir ki, Azərbaycan İslam dünyasında fərqli mədəniyyətlərin və dinlərin qovşağı funksiyasını bu gün də uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəvəti ilə Roma katolik kilsəsinin başçısı II İohann Pavelin 2002-ci ildə Azərbaycana rəsmi səfərə gəlməsi bu tezisi sübut edən bariz nümunədir.

Ümummilli lider Heydər Əliyev tarixi-dini abidələrin bərpası və yeni ibadət evlərinin tikintisinə də xüsusi diqqət göstərmiş, bu işlərə mümkün olduğu qədər dövlət dəstəyini əsirgəməmişdir. Ölkəmizdə bu proses həm də onunla fərqlənir ki, tarixi-dini abidələrin bərpası dedikdə yalnız İslama deyil, digər dinlərə məxsus abidələr də nəzərdə tutulur. Heydər Əliyevin diqqət və qayğısı sayəsində Bibiheybət məscid-ziyarətgah kompleksinin yenidən qurulması ilə yanaşı, Katolik kilsəsinin inşası, Rus-Pravoslav Baş Kafedral Kilsəsinin, Qafqaz Albaniyasının mədəni-tarixi irsi olan Kiş məbədinin əsaslı bərpası, Bakıda regionun ən böyük sinaqoqunun dindarların istifadəsinə verilməsi tək Azərbaycanda yox, onun sərhədlərindən kənarda da böyük əks-səda doğurmuşdur.

Bu ənənənin davamı kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən konfessiyaların dini bayramlarında və əlamətdar günlərində ayrı-seçkilik qoymadan müsəlmanlara, xristianlara, yəhudilərə müraciət edir, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icrasına dəstək verir. Prezidentin rəhbərliyi ilə böyük tarixə malik dini məbədlərimizin bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son illər ərzində Bibiheybət, Təzəpir, İçərişəhər Cümə, digər məscid və ziyarətgahlarda əsaslı təmir-bərpa işləri aparılaraq, dindarların istifadəsinə verilməsi, Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı – tarixi yevangelik-lüteran kirxası binasının rekonstruksiyası Prezident İlham Əliyevin bu sahəyə həssas münasibətinin, diqqət və qayğısının nəticəsidir.

Ölkəmizdə dini abidələrin, müqəddəs məkanların yenidən qurulması, bərpa və təmir edilməsi ardıcıl və mütərəqqi xarakter  daşıyır və dövlət  səviyyəsində aparılır. Dövlət başçısının xüsusi sərəncamları əsasında Şamaxı şəhəri Cümə məscidində və Gəncə şəhəri İmamzadə ziyarətgahında yenidənqurma və bərpa işlərinin aparılması, eyni zamanda “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun rekonstruksiyası və maddi-texniki təminatı bu fikrin əyani təsdiqidir.

Yeni məscidlərin, ziyarətgahların, xristian və iudaizm məbədlərinin tikintisi və bərpasında Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi qeyd edilməlidir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına böyük önəm verir.

“Azərbaycan tolerantlıq ünvanıdır” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Daşkəsən şəhər məscidində, Xəzər rayonu Binə qəsəbəsində Möhsin Səlim və İmam Rza məscidlərində, Mərdəkan qəsəbəsində Pirhəsən ziyarətgahında, Buzovna qəsəbəsində Cümə məscidində, Gəncə şəhərində Şah Abbas və Həzrət Zeynəb məscidlərində, Cavad xan və Comərdi Qəssab məqbərəsində, eləcə də Bakı şəhərindəki “Müqəddəs Məryəm” katolik kilsəsində yenidənqurma və bərpa işləri aparılmışdır.

Azərbaycan xalqının və dövlətinin tolerantlığa bu qədər həssas və ciddi yanaşması əslində təkcə keçmişinə hörmətindən deyil, həm də sağlam gələcək qurmaq istəyindən irəli gəlir. Çünki tolerantlıq prinsipləri bərqərar olmayan cəmiyyətdə dinlər və mədəniyyətlərarası dialoqun baş tutması, ən əsası ictimai-siyasi sabitliyin qorunması, sürətli inkişafın təmin olunması qeyri-mümkündür.

Azərbaycan artıq beynəlxalq səviyyədə dinlərarası dialoqun mərkəzinə və təşkilatçısına çevrilir. Bu baxımdan ölkəmizin son illər dövlət-din münasibətlərinin tənzimlənməsinə və dinlərarası dialoqun təşkilinə həsr olunmuş nüfuzlu beynəlxalq konfranslara ev sahibliyi etməsi təsadüfi deyildir. Təkcə onu demək kifayətdir ki, 3-4 aprel 2007-ci ildə Bakıda keçirilən “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük beynəlxalq konfransda dünyanın 20 ölkəsini təmsil edən din siyasətilə məşğul olan rəsmi şəxslər, tanınmış dinşünaslar, politoloqlar, tarixçilər, diplomatlar, habelə beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Eyni zamanda, 26-27 aprel 2010-cu ildə Bakıda təşkil edilmiş Dünya Dini Liderlərinin ikinci sammiti təkcə regionda deyil, bütövlükdə dünya miqyasında dinlərarası dialoqun və əməkdaşlığın reallaşması baxımından əhəmiyyətli rol oynamışdır. Sammitdə dünya miqyasında tanınmış nüfuzlu din xadimləri bəşəriyyətin sağlam gələcəyi naminə dinlərin üzərinə düşən böyük missiya barədə geniş fikir mübadiləsi aparmış, əməkdaşlıq və birgə fəaliyyət haqqında önəmli qərarlar qəbul etmişlər.

O da qeyd edilməlidir ki, bu gün Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsi, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması, nəticədə bir milyondan çox soydaşımızın məcburi köçkün həyatı yaşaması, işğal altındakı tarixi-dini abidələrimizin məhv edilməsi təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də tolerantlıq ənənələrinin möhkəmlənməsinə, dinlərarası əməkdaşlığın formalaşmasına ciddi problemlər yaradır. Lakin buna baxmayaraq, Azərbaycanda tarixən formalaşmış tolerantlıq ənənələri dövlət səviyyəsində davam etdirilir və zaman keçdikcə bu ənənələr yeni keyfiyyətlərlə zənginləşir.

Şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi din siyasəti nəticəsində qorunub saxlanılmış və inkişaf etdirilmiş tolerantlıq mühiti və bərpa edilmiş tarixi-dini abidələrimiz dövlətimizin dünya mədəniyyətinə ən böyük töhfəsi, gələcək nəsillər üçünsə ən dəyərli mirasıdır.

 





24.01.2013    çap et  çap et