525.Az

Ölümsüz eşqin əbədi ünvanı


 

Ölümsüz eşqin əbədi ünvanı<b style="color:red"></b>

İstər klassik, istərsə də müasir Azərbaycan ədəbiyyatını, dünya ədəbiyyatını vərəqlədikcə ülvi eşqin, saf məhəbbətin tərənnümünə həsr olunmuş yüzlərlə əsər çıxır qarşımıza.

Eşq, məhəbbət, sevgililərin fədakarlığı ədəbiyyatın daimi, tükənməyən mövzu qaynağıdır. Sevgilisi yolunda şirin canından keçmiş aşiqlər heç vaxt unudulmur, zaman-zaman xatırlanır, onların eşqi bədii əsərlərlə əbədiləşdirilir.

1990-cı ilin 20 Yanvar faciəsində də məhəbbətin, sevginin yaddaşı, ömrü təzələndi. O qanlı hadisədən sonra dünyaya yeni və daha təsirli bir eşq abidəsi - İlham və Fərizə dastanı gəldi. Başqa qeyrətli oğullar kimi, İlham da müstəqilliyimiz və azadlığımız uğrunda mübarizəyə qoşulmuşdu. Sovet imperiyasının tankları ölkəmizin paytaxtına soxulanda o da yalın əllə sinəsini irəli verdi. İmperiya əsgərlərinin atdığı odlu güllələr onun həyatına son qoydu. Ürəyində neçə-neçə arzu daşıyan gənc İlham o qanlı şənbə gecəsində şəhid oldu.

Həmin gecə qapıları həm odlu güllələr, həm də qara xəbərlər döydü. İlhamgilə də onun şəhid olması barədə xəbərlər gəlib çatdı. Həyat yoldaşının şəhid olduğunu eşidən Fərizə acı xəbərdən sarsıldı. Ağlayıb acı göz yaşları axıtsa da, yalnız bununla təskinlik tapa bilmirdi. Doğulduğu bu həyatda dünyalarca sevgi bəslədiyi İlhamsız yaşamaq, onsuz ömür sürmək istəmirdi. Çünki İlhamı ürəkdən sevmişdi, ona qəlbən, ruhən bağlanmışdı. İlhamın ölümü onun ürəyinə çalın-çarpaz dağlar çəkmişdi. Həyatını bir anlıq da olsa, onsuz təsəvvür edə bilmirdi. Bu dünyada da, o dünyada da İlhamsız olmaq istəmirdi. Ürəyindən sevgilisi ilə bir məzarda dəfn olunmaq keçirdi.

Eşqinə sadiq olan Fərizə İlhama əbədi qovuşmaq üçün ölümə üsyan etdi, ona qalib gəldi. Ayrılığa dözmədi, Haqq dünyasında sevgilisi ilə görüşə tələsdi. Arzusuna çatdı, istəyinə yetdi. Yaxınları, qohumları onları birgə dəfn etdilər. Sevgililər əbədi qovuşdular. Daha onları kimsə bir-birindən ayıra bilməzdi. Fərizə və İlham sadiqlik və sədaqətin rəmzinə çevrildilər. Artıq 26 ildir ki, Şəhidlər Xiyabanına gələnlər ən çox, İlham və Fərizənin məzarları önündə ayaq saxlayırlar. Onları sonsuz ehtiramla yad edir, İlhamla Fərizənin ölməz sevgisi, sədaqəti və məhəbbəti qarşısında baş əyirlər.  Onillər, yüzillər ötəcək, İlhamla Fərizənin məzarı ölümsüz eşqin abidəsitək daima hüzn və qürurla ziyarət ediləcək.     

 





20.01.2016    çap et  çap et