525.Az

Gənc ədiblərin yeni dönəmdə ilk görüşü - Fotoreportaj


 

Gənc ədiblərin yeni dönəmdə ilk görüşü - <b style="color:red">Fotoreportaj </b>

Yanvarın 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Mədəniyyət və Turizm Nazirliyi ilə AYB-nin ortaq layihəsi olan Gənc Ədiblər Məktəbinin (GƏM) üçüncü dönəminə start verilib.

Tədbiri giriş sözü ilə açan Birliyin katibi, GƏM-in rəhbəri Rəşad Məcid iştirakçılara Məktəbin yaranması və qarşıya qoyulan məqsədlərdən danışıb:

"Artıq iki layihəni uğurla sona çatdırmışıq. Bugünkü toplantımız isə həm üçüncü dönəmə start vermək, həm də iştirak edəcək ədəbiyyata, sözə maraqlı gənclərlə tanışlıq məqsədi güdür.

Məktəbin görüşləri, bir qayda olaraq, Yazıçılar Birliyində keçirilir. Toplantılar koordinator tərəfindən təşkil edilir. Bundan əvvəlki layihənin koordinatoru gənc və istedadlı şair Emin Piri idi. İndi isə koordinatorumuz Müşfiq Şükürlüdür. Ayda bir dəfə keçirilən tədbirimizin məqsədi istedadlı gəncləri bir araya gətirmək, onlara ustad dərsləri keçmək, yazmağın, sözə münasibətin əsas prinsiplərini göstərməkdir. Gənclər burada bir-biriylə daha yaxından tanış olub, müzakirələr aparır, diskussiyalara qatılırlar".

Rəşad Məcid GƏM-ə kifayət qədər maraq olduğunu bildirib:

"İkinci dönəm təxminən iki il davam etdi. 200-dən artıq gənc bu layihəyə qatıldı. Onlardan təxminən əlli nəfər daha fəal olduqlarına görə diplomla təltif edildi. Müəyyən çətinliklərimiz, işimizə yersiz irad tutanlar oldu. Bütün bunlara rəğmən, müraciət edənlərin, maraq göstərənlərin sayı kifayət qədər çox idi.

Əksəriyyətin məqsədi Birliyə üzv olub təqaüd almaq deyil, məhz ədəbi mühitə, sözə yaxın olmaqdı.

Gənclərin axınını nəzərə alaraq, ikinci dönəm lap yeni bitməsinə baxmayaraq, üçüncü dönəmə start vermək qərarına gəldik. Bu mərhələdə də iki il ərzində ayda bir dəfə, tanınmış yazarlarla, ədəbiyyatşünaslarla görüşə, diskussiyalar, təhlillər apara, yazılarınızı oxuya biləcəksiz.

Gələcəkdə, ədəbiyyata marağı ötəri olmayan istedadlı gəncləri Birliyə üzv seçəcək, təqaüd verəcəyik".

R.Məcid layihənin yeni koordinatorunu iştirakçılara bir qədər də yaxından tanıdıb:

"Tədbirləri  gənc yazar Müşfiq Şükürlü təşkil edəcək. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsini bitirib. Hekayələri, yazıları "525-ci qəzet"də çap olunur. Müşahidələrimə əsasən, Müşfiqin bu işin öhdəsindən gələcəyini düşünürəm".

Rəşad Məcid layihədə nəzərdə tutulan görüşlərin anonsunu da verib:

"Mart ayına təsadüf edəcək növbəti görüşümüzün qonağı tənqidçi Əsəd Cahangir olacaq.  Bu tarixə kimi ən yaxşı şeirinizi, yaxud yazınızı verin ki, tənqidçi onları oxuyub təhlil edə bilsin. Sonrakı görüşlərimizdə isə "Ulduz"un redaktoru və kollektivi ilə söhbətlərimiz olacaq. Onlar da həm yazılarınıza baxacaq, həm müzakirə edəcəklər. Məktəbin əvvəlki dönəmlərinin fəal üzvləri, müvəqqəti olaraq, "Ulduz"un çapını həyata keçiriblər. Ədəbi mühitdə də kifayət qədər maraqlı alınıb. Bu, "Ulduz"la anlaşmamız çərçivəsində baş tutub.

Gələcəkdə bu işi bacaracağını düşünən üzvlərimizə "Ulduz"un bir nömrəsinin çapını həvalə edəcəyik".

Məktəb rəhbərinin fikrincə, usta ədib olmaq üçün istedadla zəhməti birləşdirmək vacibdir:

"Yaradıcılıqdan söz düşəndə Orxan Pamukun "Yazıçılıq iynəylə quyu qazmaqdır" fikrini həmişə misal çəkirəm. Bu, üç-beş ilin işi deyil. Yazıçı olmaq üçün çalışıb öyrənməli, zəhmət çəkməlisən. İnsanın uğur qazanması üçün yaradıcılıq istedadının olması, əlbəttə, əsas şərtdir. Amma çox sevdiyim türkiyəli yazıçı Elif Şafaq hesab edir ki, insanın 17 faiz istedadı varsa, uğur 83 faiz zəhmətə bağlıdır. Mənim düşüncəmdəsə bunun nisbəti əlli əlliyədir. Əgər özünüzdə bu istedad qığılcımlarını görürsünüzsə, "ulduz xəstəliyi"nə tutulmadan, irəliyə getməyə çalışın, zəhmətdən usanmayın. Gündəmə qalmaqalla deyil, dəyərli mətnlərinizlə gəlin, yazılarınızla diqqət mərkəzində olmağa çalışın". 

Şair Emin Piri GƏM-in onun həyatındakı rolundan danışıb:
 
"İnsan nəsə əldə etmir, bir məsələdə irəli getmirsə, bu onun öz günahıdır. İnanıram ki, layihənin yeni iştirakçıları da öz imzalarını təsdiqləyə biləcəklər. Mən özüm burada həyatımın dönüş nöqtəsini yaşamışam. Bu layihə sayəsində oxumadığımız imzaları tanıma şansımız oldu. Yeni insanlar tanıdım, dostlar tapdım".

GƏM-in yeni koordinatoru Müşfiq Şükürlü də layihə barədə fikirlərini bölüşərək bildirib ki, indiyədək təxminən 50 gənc iştirak üçün müraciət edib.

Əvvəlki dönəmin fəallarından Gülnar Səma, Nuranə Nur və başqaları çıxış edib, layihə haqqında təəssüratlarını paylaşıb, yeni üzvlərə xoş arzularını çatdırıblar.

Daha sonra iştirakçılarla tanışlıq başlanıb. Layihə üzvləri özləri barədə qısa məlumat verib, yaradıcılıqlarından nümunələr səsləndirib, ədəbiyyata, sözə baxışlarını açıqlayıblar.

BDU-nun Jurnalistika fakultəsinin tələbələri Orxan Cuvarlı, Ulucay Akif, Elçin Həsənəliyev, daha sonra Günay Əliyeva, Nəzrin Şirin, Emil Hacıyev düşüncələrini söyləyib, bir-birinin fikirlərinə münasibət bildiriblər.

Bölgələrdən gələn gənc yazarlar da fəallıq nümayiş etdiriblər. Kəlbəcərdən Arzuman Orucov, Tovuzdan Sevil İşıq, Məhəmməd Mehdixanlı, Nofəl Ümid, Cəlilabaddan Ruslan Nadiroğlu, Ağcabədidən Cahandar Alıyev, Şəmkirdən Məhəmməd Turan, Gəncədən Zinyət Zəki şeirlərini oxuyub, layihə haqda, burada  iştirakları barədə düşüncələrini bölüşüblər.

 





26.01.2016    çap et  çap et