525.Az

Ağdamda nəyim qaldı? - avtobioqrafik roman


 

Ağdamda nəyim qaldı? - <b style="color:red">avtobioqrafik roman</b>

Nənəmlə mən

Qubadan Şəfiqəsiz qayıdıb gələndən sonra ailəmizin və təbiidir ki, həyatımın yeni bir mərhələsi başladı. İndi biz üç nəfərdik: Papam, Nənəm və mən. Bura onu da əlavə eləyim ki, Papam hələ də işsizdi, deməli, maddi vəziyyətimiz gərgin, hətta dözülməzdi.

Nənəm çox qoca olduğundan heç xö

rək də bişirə bilmirdi, qab-qazan əlindən düşürdü,  bir dəfə paltarlarını yumaq üçün qızdırdığı bir qazan qaynar su ilə ayaqlarını yandırmış, bir neçə ay özü də, biz də zülüm çəkmişdik. Onun olan-qalan qüvvəsi bütün günü deyinməyə, qarğış eləməyə və öskürməyə çatırdı.

Papam işləməsə də səhər evdən çıxır, ancaq hava qaralandan sonra, bəzən də lap gecəyarısı gəlirdi evə, çox vaxt da kefi yuxarı. Ağdamın baməzə söhbət sevən kefcil oğlanları demək olar ki, hər gün Papamı kababxanalara, restoranlara yeyib-içməyə aparırdılar. Kişi gününü pis keçirmirdi, yemək-içməkdən də korluq çəkmirdi. Cibinə siqaretpulu adıyla xərclik də basırdılar. Problem Nənəmlə mənimki idi.

Papam hər gün, bəzən də günaşırı mənə bir-iki manat pul verirdi. Bu pulla mən evi dolandırmalıydım. Pis-yaxşı, bir-iki adda xörək bişirməyi öyrənmişdim. Demə, Şəfiqə cürbəcür işlər buyuranda məni bu günə hazırlayırmış. Yaxşı ki, Mənaf köçüb yaxına gəlmiş, Dəyirman həyətinə bitişik bir ev kirələmişdi. Dediyim kimi, Mənafın arvadı mənim atabir bacımdı. Az-çox o  bizə əl yetirirdi. Elə Mənaf da bizi unutmurdu. Ümumiyyətlə, Mənafın ən yaxşı cəhəti onun Papama nisbətdə çox səxavətli olmasında idi. Bununla belə, evin əsas gündəlik işlərini mən görməli olurdum, məsuliyyət  mənim üstümdəydi. Doqquzuncu sinifdə oxuyan on beş yaşlı oğlan üçün çox çətin missiya idi. Amma çıxış yolu yoxdu, yaşamaq, təhsil almaq, qoca nənənin qayğısına qalmaq lazımdı. O nənənin ki, mənə məhəbbət bəslədiyini heç vaxt hiss eləmədim, bir “Başına dönüm, ədə! Səni verənə şükür! Gözümün işığı!” kəlməsini eşitmədim o arvaddan. Nədənsə ona elə gəlirdi ki, mən onun oğlunun, yəni Papamın evini dağıdıram. Arvad mənə ögey oğul, ögey nəvə kimi baxırdı, baxmayaraq ki, mən onun doğmaca qızının qarnından çıxmışdım.

Beləcə, 1963-cü ilin yayını keçirdik, əsas imtahan qışda oldu.

lll

O vaxtlar Ağdamda hamı evi odun peçi ilə qızdırırdı. Normal yaşayışı olan ailələr hələ yayda odun tədarük edirdilər. Qışı rahat başa vurmaq üçün azı iki yük maşını yaxşı odun lazımdı. O qış biz odun da ala bilmədik, amma donmamaq üçün evi qızdırmaq lazımdı. Papam hələ də işsizdi, odun almaqdan danışmağa dəyməzdi. Nənəm məni sevməsə də, onun soyuqdan titrəməsinə dözə bilmirəm, elə özüm də əziyyət çəkirəm. Əlimə nə taxta-tuxta, zir-zibil düşürsə, yığıb gətirirəm, peçdə yandırıb beş-on dəqiqəlik də olsa evi qızdırıram, amma bu çıxış yolu deyil. Nəzərlərim bizim kiçik həyətimizin tualetə yaxın tərəfində çox yoğun və demək olar ki, qurumuş çəkil ağacına yönəlir. İki adam əl-ələ versə, o ağacın gövdəsini qucaqlaya bilməzdi. Mən o ağacı kəsib doğramaq qərarına gəlirəm. Bunun gücüm xaricində olduğunu bilsəm də, soyuq məni buna məcbur edir.

Ağzının yarısı qırılmış küt balta ilə işə başlayıram. Hər gün məktəbdən qayıdandan sonra nərdivanla  çəkilin başına çıxır,  qurumuş budaqları qırıram. Sonra aşağı düşüb həmin budaqları çilikləyib peçin ölçüsünə uyğun doğrayıram. Mənim o çoxillik çəkil ağacı ilə mücadiləm getdikcə qızışır. Əvəzində peçimiz, pis-yaxşı, yanır. Bir gün, beş gün, budaqlar qurtarır, indi qalır çox yoğun gövdə, ağzının yarısı qırıq balta və mənim qabar bağlayıb suluqlamış əllərim, amma nə olur-olsun, qışdan salamat çıxmalıyıq. Nənəm hamama gedəsi halda deyil, hərdən onu çimizdirmək lazımdı, deməli, peç yanmalı, ev isti olmalıdı. Burda bir vaxtlar Nənəmdən eşitdiyim bir əhvalat köməyimə gəlir.

Deyir, keçmiş əyyamlarda bir oğlan bir qıza elçi düşəndə qız evi oğlanın bərkliyini-boşluğunu yoxlamaq üçün ona mənim çəkilim yoğunluğunda bir kötük verərmişlər ki, doğrasın. Əgər oğlan işin öhdəsindən gəlirdisə qızgildən “hə” cavabı alırdı, gəlmirdisə, “yox” kəlməsi eşidirdi. Bir dəfə bir adaxlının da qabağına kötük itələyirlər. Oğlan bir az ağıldan zay, bədəndən də çəlimsizmiş, odun yarmaqda da mənim kimi səriştəsi yoxmuş. Qız görür oğlan işin öhdəsindən gələ bilməyəcək, deməli, adaxlı əldən çıxacaq. Qərara gəlir ona yardım eləsin, amma necə? Elə zaman, elə dövrandı ki, qız oğlana heç yaxınlaşa bilməzdi. Nəsə bir fənd işlətmək lazımdı. Yaxşı ki oğlana nisbətən qız daha ağıllı imiş. Tələsik bir qab ayran götürüb aralıda şöngüyüb yad oğlana hirslə baxıb mırıldayan, boynundakı zənciri çeynəyən itə yaxınlaşır və ayranı yerə tökür. İt acgözlüklə ayranı yalamağa başlayır. Onda qız oğlana eşitdirmək üçün itə müraciətlə deyir:

- Ay it, tələsmə, üzdən-üzdən yala, üzdən-üzdən!

Oğlan nə qədər küt olsa da, itə xitabən deyilənin məhz ona aid olduğunu başa düşüb kötüyü qızın dediyi kimi üzdən-üzdən doğramağa başlayır və tez bir zamanda sınaqdan üzü ağ çıxır.

Mən də həmin ağıllı qızın məsləhəti ilə o yoğun çəkili üzdən-üzdən, qamqalaq-qamqalaq doğramağa başlayıram. Hər gün küt baltamı ağacın ora-burasına çırpa-çırpa bir-iki manqal qamqalaq tədarük eləyirəm. Böyük çillənin axırınacan mən o çəkili dibindən doğraya-doğraya, qamqalaqlar qoparda-qoparda yerə yıxıram. Ura! Qonşular məəttəl qalmışdılar. Heç kəs gözünə inanmırdı, elə mən özüm də.

Yelmar dayı çəkili böyrü üstə yerdə görəndə heyrətindən mat qaldı.

- Mamed, sən öl, mənim o eşşək belinnən düşmüyən gədələrim bunu eliyə bilməzdilər. Özdəri də sıpa boydadılar.

Papam qürrələnir:

- Ə, sıpa boyda olmaxnan dəyil ha, adamın gərək ağlı ola!

Bax, onda, deyəsən, Nənəm də şeytanın qıçını sındırıb dedi ki, ömrü uzun olsun bu gədənin, yoxsa mən yaza çıxmazdım. Ömrünün axır illərində arvadın yaşamaq şərti qışdan yaza çıxmaqdı: “Bu yaza çıxsam, ölmərəm”, “Məni bu qara geyif, göy çalmış qış aparajax”, “Adam istidən dəyil, söyuxdan ölür”.

Nənəmin Allahla da öz haqq-hesabı vardı. Hava pis olanda münasibət kəskinləşir, arvad açıqca Allaha tənə edir, hətta danlayırdı:

- Genə nə qara geyif göy çalırsan, çıxart dayna bu gününü!

Bir az qabağa qaçıb deyim ki, yaza çox ümidli olan arvad çox qorxduğu qışda deyil, öz dili ilə desək, yazın qırx beşində, yəni yazın oğlan çağında vəfat elədi, amma bu sonranın söhbətidi.

lll

1963-cü ilin qışından Nənəm salamat çıxsa da, Əmim rəhmətə getdi ürək xəstəliyindən. Düzdü, o mənim həyatımda çoxdan elə bir rol oynamırdı, bu illər ərzində valideynlərimə olan sevgim xeyli səngimiş, öləzimişdi, amma onun belə erkən ölümü məni silkələdi, çox sakit, təvazökar, doğma bir insanın ölümü təklədi məni. Papam məni kəndə yas yerinə apardı. Hamının mənə maraqla baxdığını hiss edirdim. Əslində, ağlamalıydım, amma bacarmadım, ağlaya bilmədim. İçim ağır nisgillə, hüznlə dolu olsa da gözlərim quruydu.

Həmin il həm də mənim sevimli Xruşşovumun qarğıdalı ilə bağlı aqrar siyasətinin nəticəsində dəhşətli bir çörək qıtlığı yaranmışdı. Ağdamda buğda, un və təbii ki, çörək tapmaq müşkülə çevrilmişdi. Hətta elə vəziyyət yaranmışdı ki,  müharibə vaxtında olduğu kimi, çörəyə norma qoyulmuşdu: adam başına üç yüz qram  qara çörək.

Ailəmizin adı evimizdən xeyli aralıda yerləşən  çörək budkasındakı siyahıda idi. Budka bazara və məktəbimə yaxındı. Öz-özünə aydındı ki, həmin o çörəyi nə Papam növbəyə dayanıb alandı, yəni özünə, şəxsiyyətinə sığışdırmazdı, nə də Nənəm bu işi bacarandı.

Əmimin vəfat elədiyi gündən çox keçməmişdi. Soyuq gündü. Dərsdən çıxıram. Çörək almalıyam. Bazara tərəf yönəlirəm.

Budkanın ətrafında növbə gözləyən xeyli adam var. Hələ çörək gətirməyiblər. Dedilər saat dörddə olacaq. Mən də növbəyə yazılıram. Düz iki saat gözləməliydim. Havayı yol ölçmək istəmədim, ona görə də evə gedib bir də qayıtmaq fikrindən daşındım. Həm də Nənəm əliboş gəldiyimi görüb mütləq qara-qışqırıq salacaqdı. Bir tərəfdən də, Ağdam saatına gümanım yoxdu, burda vaxta münasibət nisbi idi, dörd deyib üçdə də gətirə bilərdilər, beşdə də.

Hava get-gedə soyuyur. Əynim yalındı. Ölümündən əvvəl iki-üç il xəstə yatdığından Əmim işləyə bilmir,  qazanmırdı. Deməli, mənə sırıqlı alan da yoxdu, alsa da geyinməzdim, xeyli vaxtdı yaraşdırmırdım özümə sırıqlını. Ağdamda sırıqlı geymək “kəççilik” əlaməti idi. 

Əynimdə  tünd boz rəngdə pamazıya oxşar parçadan astarsız pencək vardı.  Papamın illər dostu olan Böyükkişi əmi “mesprom”dakı dərzi sexində tikdirmişdi. İlk vaxtlar uzunu az qala dizimə çatan o pencəyi geyməyə utanırdım, elə bilirdim məktəbdə hamı mənim bu qəribə pencəyimə baxıb gülür. Deyim ki, uşaqlıq illərimdə geyimimə görə həmişə sıxılmışam, utanmışam, hətta əzab çəkmişəm. Sırıqlım, əynimə xeyli yekə parusin kostyumum (o kostyum mənə iki il -  mən yekəlib onun ölçüsünə uyğunlaşana qədər əzab verdi), Papamın köhnələrindən tikilən, çevirtdirilən, calaşdırılan daha nə bilim nələrim, Papamın ayağına dar gələn, mənim ayağıma isə iri olan çəkmələri... Geyimimə görə bir-iki dəfə sevinmişəm. Papam “Remstroykantoranın” rəisi olanda ilk dəfə mənə məxsusi olaraq çox gözəl bir kostyum aldı. Bu, yeniyetmələr üçün çox dəbdə olan, özü də Çexoslovakiyada tikilmiş idman stilində tviddən şalvar-kurtka idi. Kostyum həm “modnı”dı, həm də əyniməydi. Ən çox xoşuma gələn isə ətəyi rezinli, sinəsində klapanları olan iki cibli kurtka idi. O kostyumu iki il dalbadal geyindim, əynimə balacalaşana qədər. Yenə də geyəcəkdim; günlərin bir günü Nənəm şalvarın süzülmüş, amma hələ cırılmamış dizlərinə tünd göy sətindən “dəsdəyirmi” yamaq salmasaydı. Sevdiyim o kostyumda yeniyetməlik dostum Tofiqin bacısı ilə şəklim var. Bu şəkildə mən çox xoşbəxtəm. Hələliksə, mənə xeyli əzab vermiş pamazı pencəkdə titrədirəm. Odun doğramaqdan içi qabar bağlamış, üstü havanın sazağından çat-çat olmuş əllərim soyuqdan gör-gör göynəyir. Dilim söz tutmur. Hərdən qızınmaq üçün yaxındakı aptekə qaçır, daş kömür peçinin az qala qarnına girirəm.

 Nəhayət, üstünə “Çörək- Xleb” yazılmış maşın göründü, adamlar tərpəşdi. Mənə düşən bir buxanka qara çörəyi hansı müsibətlə aldığımı nağıl eləyib zəhlə tökmək istəmirəm; şikayətlənməyi və gileylənməyi heç uşaqlıqda da bacarmırdım. Onda da, yaşımın indiki vaxtında da bütün uğursuzluqlarımın səbəbini ilkin olaraq özümdə axtarıram.

 İsti çörəyi qoltuğuma sıxıb az qala qaça-qaça evə yollanıram. Bilirəm ki, Nənəm acdı, məni gözləyir, qarğışın da biri bir qəpik. Elə mənim də ürəyim acından siyrilir, amma qoltuğumu isidən bu çörək məni sevindirmir. İçimdə elə kədər, elə ağırlıq var ki, indi də həmin məqamı xatırlayanda əlli ilin  o tayında qalmış yeniyetmənin vəziyyəti gözlərimi yaşardır. 

 Qoltuğumda çörək evə salıram özümü, axırıncı qamqalaqların yandığı peçə soxuluram, göynəyən əllərimi az qala isti qara metala yapışdırıram. Göynərti bir az da güclənir. Sifətimin ağrıdan əyildiyini hiss edirəm. Nənəm görünür çoxdan başlamış öskürək tutmasını bitirib töyşüyə-töyşüyə qışqırır:

- Ay üstünə od tökülsün, hardasan? Bəs demirsən nənəm kopaqqızı öldü ajınnan?

Mən zığıltı ilə ağlayıram. Məni ağladan nə əllərimin göynərtisi idi, nə də Nənəmin qarğışı, onsuz da ondan alxış gözləmirdim, dediklərini də çoxdan vecimə almırdım. Məni ağladan Əmimin ölümündən sonra içimdə yığılıb qalmış və heç kimə etiraf eləmədiyim qəhər, Mamamın dərdi, bacı-qardaşlarımın yetim qalması idi. Məni ağladan həmişə içimdə diri olan gizli qürurumun bir buxanka qara çörəyə görə əzilməsi, təhqir olunmasıydı. Fəhm gücünə hiss edirdim ki, mən bu həyatın adamı deyiləm, hətta məni əhatə edən insanlardan xeyli fərqli olduğumu düşünürdüm, amma sərt reallıq mənim bu xudbinliyimə diş ağardıb gülür, tamam başqa şey deyir, məni əzirdi. Bax elə o illərdə mən reallıqla hesablaşmağı öyrəndim. Personajlarımdan birinin dediyi kimi: “Sən reallıqla barışmaya bilərsən, amma onunla hesablaşmağa məcbursan!”

lll

Nəhayət, Papama iş verdilər. İndi o, “rayispalkom” deyilən rayon icraiyyə komitəsində əhəmiyyətsiz bir şöbəyə müdir təyin edildi. İş kişinin ürəyincə olmasa da, razılaşmağa məcbur olmuşdu. Maaşı yüksək deyildi, amma Nənəm demiş, “Nəhlət yoxa!”

Papam Bakıya ezamiyyətə getməyi çox sevirdi, Bakı üçün də bərk darıxmışdı. İşləmədiyi üç ildə bir dəfə də olsun paytaxta yolu düşməmişdi. İndi əvəz çıxmağın yeri vardı. Şöbənin işi ilə bağlı tez-tez, azı ayda bir dəfə Bakıya gedib yuxarı idarəyə hesabat verməli idi. Bakıdan hər qayıdanda əynində təzə nəsə olurdu, ən azı qalstukunu təzələyirdi. Hərdən mənə, hətta əyni-başı çoxdan tökülmüş Nənəmə də əl yetirirdi.

Şəfiqənin qayıdıb gəlməsinə olan-qalan ümid də çoxdan yox olmuşdu. Xeyli vaxtdı qırdı-qaçdılığına bəraət qazandıran, baş verənlərdə ilk növbədə yazıq Nənəmi günahlandıran məktublarının da arası kəsilmişdi. Onun yazdığı məktubları oxumaq üçün Papam hərdən mənə verirdi, amma özünün nə yazdığından xəbərim olmurdu. Məktublarının birində Şəfiqə yazmışdı ki, qorxuram nənən (Papam anasına “nənə” deyirdi) saçını kəsə-kəsə  “strişka” eləsin. Bu atmacanın məzmunu mənə məlumdu.

Məsələ buydu ki, Nənəm Şəfiqənin vaxtında heç olmasa həftədə, on gündə bir məscidə gedirdi. Əgər bu gediş gəlinlə dava-qırğından sonra baş verirdisə, qayıdanda mütləq ona eşitdirirdi ki, saçından kəsib qoyub məscidə. Bu o deməkdi ki, Nənəm kiməsə qarğış eləyib, kimisə Həzrət Abbasa tapşırıb və girov kimi də saçının ucundan kəsib qoyub məscidin hansısa bucağına. Əgər döyüş çox ağır olub yaralar dərinə işləyirdisə, Nənəm saç kəsməklə kifayətlənməyib, birbaşa Həzrət Abbasa ərizə yazdırırdı. O da məlumdu ki, qarğış o zaman effekt verir ki, obyektin bundan xəbəri olsun. Nənəm də mütləq elədiyi niyyətlər haqqında öz obyektinə, yəni Şəfiqəyə xəbərdarlıq edirdi. Gərgin vəziyyət bir neçə gün davam edirdisə, qarğışların sayı artırdı, deməli, Nənəm məscidə tez-tez, bəzən hər gün getməli olurdu. Doqquz-on yaşlarımda mənə elə gəlirdi ki, məscid kiməsə qarğış eləmək üçün xüsusi yerdi. İndi Nənəmin “strişka”sından  yazanda Şəfiqə  keçmiş olayları yada salıb Papama  kinayə edirdi.

Yeri gəlmişkən, Şəfiqə kinayə eləsə də, Nənəm Dəyirman həyətində  namaz qılan, oruc tutan, məhərrəmlik ayinlərinə riayət edən yeganə, deyək ki, imanlı ağbirçəkdi. Onun dini tərbiyəsi Novruzlu ilə bağlı idi. Ağdamın ən qədim kəndlərindən biri kimi tanınan Novruzlu məscidi olan az kəndlərdən biri idi. Ana babam  Şahverən kişi də , yəni Nənəmin, necə deyərlər, ömür-gün yoldaşı on ildən çox həmin məscidin qarovulunu çəkmişdi, özü də məccani, yəni ictimai əsaslarla. Mən namaz, zikr, oruc, məhərrəmlik, qətl və şəbehin nə olduğunu Nənəmdən öyrənmişdim. Kəlmeyi-şəhadəti də Nənəm diqtə eləmiş, mən yazmışdım, hətta əzbərləmişdim də. Yatağa girəndə Nənəm şüşəbəndin yuxarı başındakı çarpayısında, mən də aşağı başındakı çarpayımda kəlmeyi-şəhadətimizi deyib yatırdıq.

 Ağdamda da Nənəm vaxtaşırı şəhərin lap mərkəzindəki qoşa minarəli  məscidə gedirdi. Mən də məktəbə həmin məscidin yanından keçib gedir, gündə üç dəfə azan səsi eşidirdim.

 Bu yaxınlarda jurnalistlərdən birinin Ağdam məscidi ilə bağlı bir sualı məni o uzaq illərə apardı. Sualın məğzi beləydi: düşmənlərimiz Avstraliyanın qədim peşə ilə məşğul olan bir aktrisasını Xankəndindən Ağdama gətirib müqəddəs Allah evinin qabağında müxtəlif pozlarda şəklini “atdırıblar”, bu barədə bir ağdamlı yazıçı, ziyalı kimi nə deyərdiniz?

 İlk reaksiyam sualı cavabsız qoymaq oldu, amma bu tez keçdi, hiss elədim ki, danışmağa ehtiyacım var. Jurnalistə dediyimi olduğu kimi təkrar edəcəm: “Mən o aktrisanı qınamıram, onun üçün harda, hansı şəraitdə poz verməyin fərqi yoxdur, təki vermək olsun. Qaldı həmin fotosessiyanı təşkil edən ermənilərə... onların bu addımı məndə nifrət deyil, rəhm oyadır. Ermənini yaşadan, bütün şər əməllərə təhrik edən kin, paxıllıq, həsəd və əlbəttə, sonsuz nifrətdir. O, bu nifrətlə doğulur, bu nifrətlə böyüyür, bu nifrətlə də ömrünü başa vurur. Nə qədər acı olsa da, bu nifrətin əsas obyektlərindən biri də bizik.

Çaqqal Tabaki kimi daha güclülərə sığınıb, yalmanıb torpaqlarımızı qəsb etməkdən ürəyi soyumayan erməni hələ acıq da verir, müvəqqəti qələbəsinin dadını çıxardır. Bax elə həmin provokasion şəkillərin özü də acığa xidmət edir. Əslində bu, nifrətdən boğulan insanın aciz çabalarını, aqoniyasını xatırladır və bu, normal ağıla, məntiqə sığmayan natəmiz əməllər, yenə də deyirəm, məndə nifrət deyil, rəhm oyadır o bədbəxt insanlara, ömrünü xeyirə deyil, şərə xidmətə sərf edən xəstə təxəyyüllü ermənilərə. Axı, bu pisliklər, məkr və xəbisliklər, hətta “qələbələr” ermənini xoşbəxt eləmir, əksinə, daimi məhrumiyyətlər və uğursuzluqlar içində inləyir, zarıyır və nəhayətdə diz çöküb güclülərə əl açmağa məcbur olur. Bu, erməninin həyat  tərzidir.

Mənim üçün müqəddəs məscidin qabağında peşəsinə və ixtisasına uyğun pozlar verib şəkil çəkdirmək o qədər də dəhşətli deyil, məscidə it bağlamaqla məscidi murdar eləyə bilməzsən. Dəhşətli və kədərli olan odur ki, biz Ağdama, Vahid Qazinin dediyi kimi, “ruhlar şəhərinə” ayaq basa bilmirik. Hər bir ağdamlının and yeri olan qoşa minarəli məscidi murdar düşmənlərdən, alçaq niyyətlərdən qorumaqda acizik. Məni incidən, ağrıdan budur.

Mənim o məscidlə bağlı xeyli xatirələrim var. Məktəbə yolum məscidin yanından keçirdi. Dərs aldığım sinfin pəncərəsindən məscidin minarələrini görürdüm. Hər gün saat birdə minarədən çox məlahətli, həm də sirli bir azan səsi gəlirdi qulağıma. Onda azan canlı idi, mikrofon, fonoqram yoxdu. Azan verilirdisə, deməli, bir azdan zəng vurulacaq, dərs günü başa çatacaqdı. Əgər bir gün azan səsini eşitmirdiksə, bilirdik ki, müəzzin (onda molla deyirdik) xəstələnib, ya da səsi yerində deyil. Onda Nənəm də deyirdi ki, Mir Heydər ağa “azarrıyıf”.

Məhərrəm ayı başlayanda minarələrdən qara bayraqlar asılırdı. Nənəm belə günlərdə xeyli hüzünlü olur, az yeyir, daha çox namaz qılırdı. Aşurada isə qətl sınana qədər heç bir iş görmürdü. Deyirdi ki, həmin vaxt paltar yumaq, çimmək, yır-yığış eləmək olmaz; günahdı.

Aşura təziyələrini də ilk dəfə Ağdam məscidində görmüşdüm. Əllinin axırları, altmışın əvvəlləri, Sovetin ən güclü vaxtları idi, amma Aşuranın dəmdəsgahla keçirilməsinə o vaxtkı hökuməti təmsil edən rayon partiya komitəsi də mane olmurdu. Həmin gün məscidin abad həyəti, ətrafı “unvermax” deyilən birmərtəbəli qarışıq mallar dükanının həndəvərinə qədər adamla dolu olardı. Sinə döyənlər, zəncir vuranlar, alnını çərtib qan çıxaranlar, şəbeh göstərən ağköynəklər, nəzir mənasında şərbət paylayan arıq, qara, başıxınalı qoca arvadlar... Mən bütün mənzərəni daha yaxşı görmək üçün məscidin həyətindəki ehsanlıq tut ağaclarından birinə dırmaşırdım...

Bir dəfə də “şami-qəriban” deyilən gecə mərasimində iştirak eləmiş və Papamdan yüngül bir “podzatılnik” almışdım , üstündə də yağlı bir “Padles!” Ateist olmasa da, kişinin əksər ağdamlılar kimi dinə, mollaya, seyidə sayğısı, yumşaq desək, sərindi. Seyid Lazım ağa istisna idi, o, bu siyahıya düşmürdü. Hər bir ağdamlının cibində nurani siması olan o kişinin şəkli vardı.

Məscid şəhərin lap mərkəzində olduğundan hər yerə mütləq onun yanından keçib getməli olurdun. Ağdamda o minarələrdən hündür tikili yoxdu. Şəhərin hər yerindən görünən qoşa minarə, dediyim kimi, inamından asılı olmayaraq hər bir ağdamlının and yeriydi. Ağdamın bütün yolları bizi o məscidə aparırdı. Təəssüf ki, o müqəddəs ocaq, müqəddəs Qarabağ torpaqları kimi murdar, şərəfsiz düşmənin ayaqları altındadır. Amma heyifslənmək, yanıb yaxılmaq azdır, düşünmək lazımdır! Axı hər şeydə bir səbəb - nəticə əlaqəsi var. Əgər uğursuzluğa düçar olmusansa, birinci növbədə özünə bax, əməllərini təhlil elə, nədə səhv elədiyini araşdır, sonra qarşı tərəfi təftiş elə.

İndi biz özümüzdən soruşmalıyıq: “Niyə biz vətənimizin gözəl bir parçasını itirdik?” Bu sual ətrafında mən çox düşünmüşəm, obyektiv və subyektiv səbəbləri anladığım qədər çək-çevir eləyib bir yazıçı kimi onun cavabını “Ünvansız qatar” adlı pyesimdə verməyə çalışmışam: “Biz həqiqətimizi itirdik. Dünya nemətlərinə olan hərisliyimiz gözümüzü bağladı, məmnuniyyətlə nəfsimizin köləsinə çevrildik, haqq dünyasını unutduq, özümüz özümüzə zülm elədik. Müqəddəs olan hər şeyi qiymətsiz elədik, nəfsimiz vicdanımızı yedi. İndi biz pulun köləsiyik. Biz bu köləlikdən qurtulub azad olmalıyıq. Bunun üçünsə, itirdiyimiz həqiqəti dərk etməliyik. Yalnız həqiqəti dərk edənlər həqiqi azadlığa qovuşurlar. Necə ki, Musa peyğəmbər həmin həqiqəti tapmaq üçün İsrail övladlarını Misirdən çıxardı, qırx il səhraları dolandırdı, Misirdəkindən çox əzablara düçar etdi onları ki, rahat, amma şərəfsiz köləlik həyatı qan yaddaşlarından silinsin nəsil-nəsil, ta ki, həqiqi azadlığın dadını bilsinlər. Bizim mənəviyyatımız o qədər aşındı ki, haramın qabağında ikiqat olub əyildik, halala isə həqarət elədik. Ona görə də biz öz vətənimizdə qaçqınıq. Biz heç yerə gedib çıxa bilməyən bu qatar kimi əsl yolumuzdan azmışıq, biz yalan yoldayıq bu qatar kimi. Bizim xəstə ruhumuz şəfa tapmayınca haqq yoluna çıxa bilməyəcəyik.”

lll

Nənəm ömrünün axır illərində məscidə gedə bilmirdi, namazını heç vaxt üstündən düşmədiyi çarpayısında oturulu vəziyyətdə qılırdı, hətta çox əyilməmək üçün canamazı yastığın üstünə qoyurdu. Uzun qış gecələrində təsbehlə zikr eləyir, mənə deyirdi niyyət tut, zikr eləyirəm. Mənim niyyətim çoxdan məlumdu: tezliklə Bakıya getmək, instituta daxil olub arzuladığım həyata qovuşmaq!

Zikrdə “Sübhanallah” gəlirdisə, Nənəm dişsiz ağzı ilə gülümsəyib təsbehin axırıncı dənəsini öpür və “yaxşı gəldi” deyirdi. Beləliklə, əgər mənim kitablarla tanışlığımın ilk səbəbkarı Şəfiqə idisə, ilk dini anlayışlarım da Nənəmlə bağlı idi.

Nəhayət, Şəfiqə bizim ünvanı tamam unutdu, ondan gələn məktublar birdəfəlik kəsildi. Papam onun bir vaxt cehiz adı ilə gətirdiyi “qu tükündən” bir dəst yorğan-döşəyini, boşqabda, nimçədə, nəlbəkidə, iri fincanda, daha nəyinsə üstündə olan saysız-hesabsız şəkillərini və Nənəmin dili ilə desək, bəzi “xırda-para andırlarını” da  göndərmişdi Qubaya. Buna baxmayaraq, kişi evlənmək haqqında deyəsən düşünmürdü. Yazıq Mamam bu barədə söhbət salanda Papam Nənəmi göstərib deyirdi:

- Nədi, Sitara, deyirsən bir arvad da gətirim bunun yanına, təzdən başdıyax kansertə?

 - Nə deyir, az, o? - Nənəm nəsə anlayıb quyruğu üstə qalxmağa təşəbbüs göstərir.

- Nə deyəjəm, az, sən gəlinnən dolanan... nəhlət saa şeytan dayna!

- Bo-ho! Mən hansı gəlinin gözünə ağ salmışam, ə?

- Zinyət, əl çək, qoy bu zəhrimarı içim, rədd olum!

- Ə, yox ey, sən maa de görüm o hansı gəlindi ki, dədəsinin goruna pox qoymuşam, xəbərim yoxdu mənim?

- Nəhlət saa şeytan dayna! - Papam boşalmış stəkanı nəlbəkiyə çırpır. - Az, o it qızı Mahzəri sən şərrəmədin? Şəfiqəni gözümçıxdıya sən salmadın?

- Ə, bəs o biriləri niyə demirsən? Mahzardan qabax beşini alıf boşamışdın haaa... Onda mən hardeydım? Bəlkə elçi getmişdim mən? Bəlkə mən kopaqqızı bilirdim sən kimi alıf, kimi boşuyursan?

- Az, bəsdi, kəs səsini, o bir parça dilini dinc saxla, məni halıt əvinnən çıxartma!

-Ə, mən saa demişdim get camhatın qabağında burcudan o lotunu al? Yoxsa o urus matışqasını maa gənəşiv almışdın?

Papamda artıq Qacar qəzəbi tüğyan edir.

- Az, ay imansız, sən mənim arvadlarıma... arvadıma lotu, matışqa deyirsən?

- Ə, bəs camahatın qabağında qol qaldırıf yambız burcudan lotu dəyil nədi?

Bundan sonra nələr baş verir, nə sözlər-söyüşlər söylənir, dörd-beş mərtəbəli nə qarğışlar edilir - onları dilə gətirmək, türklər demiş, mümkünsüz.

Əlbəttə, Nənəm acıqlı, hökmlü, ərköyün, qarğış və söyüş ustası mürəkkəb arvaddı, amma dediklərində kifayət qədər məntiq, elə o qədər də həqiqət vardı. Həqiqəti isə... Bir sözlə, qanlı-qadalı dava üçün motiv bəsdi deyincəydi.

 





01.02.2016    çap et  çap et