525.Az

"...Xocalı soyqırımının tanınması məsələsi müzakirə oluna bilər"


 

"...Xocalı soyqırımının tanınması məsələsi müzakirə oluna bilər"

Müsahibimiz Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Fəhd bin Əli əl-Düsəridir.

-Cənab səfir, 23 sentyabr Səudiyyə Ərəbistanı Krallığının milli günü kimi qeyd edilir. Bu tarix xalqınız üçün hansı önəmi kəsb edir?

-Bu, Səudiyyə Ərəbistanı Krallığının yarandığı gündür. Həmin tarix Səudiyyə Ərəbistanının birliyini təcəssüm etdirir, dövlətin inkişaf mərhələlərinin rəmzi kimi başa düşülür. 1932-ci ildə kral Əbdüləziz Səudiyyə Ərəbistanını vahid ölkə kimi birləşdirib. Buna qədər isə Səudiyyə Ərəbistanı müxtəlif hakimliklərdən ibarət idi. Dövlətin yaradılması yalnız kralın zəhməti deyil, yerli əhalinin onunla həmrəyliyi, ona dəstəyi nəticəsində mümkün oldu, xalqla kralın əl-ələ verməsi müasir bir dövlətin əsasını qoydu. Bu gün həmişə bizə xatırladır ki, ölkəmiz hansı mərhələdə idi və indi hansı mərhələdədir. Əlbəttə ki, həmin tarix bizim üçün həm mənəvi, həm maddi cəhətdən qiymətli dəyər sayılır.

Biz fəxr edirik ki, Səudiyyə Ərəbistanı bu gün beynəlxalq aləmdə çox önəmli yerlərdən birini tutur.

-Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələrin səviyyəsini necə dəyərləndirirsiniz?

-İki ölkə arasında əməkdaşlığı əhatə edən bir sıra sahələr var. Məsələn, turizmdən başlayaq. Qarşıdakı bir ay ərzində ölkələrimiz turizm sahəsində anlaşma memorandumu imzalayacaqlar. Eyni zamanda investisiyalar sahəsində bəzi layihələrimiz var. Bir çox səudiyyəli iş adamları və investorlar Azərbaycanda çalışırlar. Satış, marketinq üzrə Azərbaycan və Səudiyyə Ərəbistanı şirkətləri arasında sazişlər var. İki ölkənin iş adamları müxtəlif sahələrdə əməkdaşlıq edirlər.

İnkişaf layihələrinə gəlincə, Səudiyyə Ərəbistanı Azəbaycanda həyata keçirilən ictimai əhəmiyyətli layihələri maliyyələşdirir.

Əməkdaşlıq sahələrindən danışarkən parlamentlərarası münasibətləri qeyd etməyə bilmərəm. Siyasi əlaqələrə gəlincə, demək artıq olar ki, bu əlaqələrimiz yüksək səviyyədəddir. Beynəlxalq səviyyədə əməkdaşlıq baxımından Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx koordinasiya var.

-Bəs ticarət dövriyyəsinin həcmi barədə nə deyə bilərsiniz?

-Ticarət dövriyyəsinin səviyyəsi çox aşağıdır. Bunun bir səbəbi budur ki, Səudiyyə Ərəbistanı malları Azərbaycana birbaşa yolla deyil, başqa ölkələr vasitəsiylə gəlir. Azərbaycanın da malları həmçinin. Əsas səbəblərdən biri də ikiqat vergitutmanın aradan qaldırılmasına dair müqavilənin olmamasıdır. Amma ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş təsdiqlənəndən və tam işə düşəndən sonra biz şahidi olacağıq ki, artıq ticarət sahəsində əsaslı inkişaf var.

Bununla xərclər də azalacaq. Çünki vergi yükünün aradan qaldırılması və başqa ölkələr vasitəsi ilə olan xərclərin azaldılması əsas qiymətə təsirini göstərəcək. Müqavilə işə düşəndən sonra ümid edirik ki, iqtisadi əlaqələrimiz də digər sahələrdə olan əlaqələrin səviyyəsinə yüksələcək.

-Turizm sahəsində anlaşma memorandumu nələri əhatə edəcək?

-Turizm sahəsində memorandum hər şeydən əvvəl qarşılıqlı təcrübə mübadiləsini nəzərdə tutur. İkincisi, turistləri həvəsləndirmək məqsədi daşıyır. Azərbaycan turizm üçün cəzbedici ölkədir.

Bizim xalqımız turizmə çox meyl göstərir. Xüsusi ilə bayramlarda, tətillərdə onlar başqa ölkələrə getməyə üstünlük verirlər. Daha doğrusu, burda ailə turizminin inkişafından söhbət gedir.

-İki ölkə arasında birbaşa hava əlaqəsinin qurulması məsələsi gündəmdədirmi?

-Bu ilin dekabr ayında Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında birbaşa aviareyslərin açılmasına dair saziş imzalanacaq. Saziş iki ölkənin müvafiq dövlət qurumları arasında dekabr ayında ər-Riyadda keçiriləcək Beynəlxalq Hava Nəqliyyatı Təşkilatının konfransı çərçivəsində imzalanacaq. Bu məqsədlə Azərbaycandan nümayəndə heyəti ər-Riyada səfər edəcək. Biz Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük önəm veririk. Məhz buna görə də MDB ölkələri arasında məhz Azərbaycanla belə bir saziş həyata keçiriləcək. Hesab edirik ki, birbaşa hava nəqliyyatının qurulması həm turizm, həm də iqtisadi-ticari əlaqələrin inkişafına səbəb olacaq. Tək Azərbaycan deyil, digər MDB ölkələri də bu reysdən istifadə edə biləcəklər.

-Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini tam dəstəkləyir. Bundan çıxış edərək rəsmi ər-Riyad Xocalı soyqırımını tanıya bilərmi?

-Bizim Dağlıq Qarabağ məsələsində mövqeyimiz tam aydındır. Bütün beynəlxalq təşkilatlarda bu məsələdə Azərbaycana tam dəstək veririrk. Xocalı soyqırımına gəlincə, gərək bununla bağlı Azərbaycanın Milli Məclisi bizim qanunverici orqana- Şura Məclisinə müraciət etsin. Bundan sonra məsələ tərəflər arasında müzakirə oluna, qərar qəbul edilə bilər. Bu kimi məsələlər aidiyyatlı qurumlar arasında müzakirə edildikdən sonra qərar qəbul olunur.

-”Ərəb baharı” inqilabları bu gün də davam etməkdədir. Siz Suriya böhranın sonunu, regionun gələcəyini necə görürsünüz?

-Səudiyyə Ərəbistanı başqa ölkələrin daxili işlərinə qarışmır. Biz hər zaman regionda sabitliyin olmasını, xalqların əmin amanlıq içində yaşamasının tərəfdarıyıq. Bu istiqamətdə olan beynəlxalq və regional addımları, münaqişələrin həlli ilə bağlı təşəbbüsləri dəstəkləyirik.

-Gələn ay müqəddəs Həcc ziyarəti başlayır. Bununla bağlı hansı yeniliklər var, nə kimi təhlükəsizlik tədbirləri görülür?

-Bu istiqamətdə bir çox vacib addımlar atılır. Hər şeydən öncə səhiyyə məsələlərini həll etməyə çalışırıq. Infeksion xəstəliklərə qarşı peyvəndlənmə həyata keçiririk. Zəvvarlara Həcc qaydalarını başa salırıq. Təhlükəsizlik tədbirlərinə gəlincə, bütün güc strukturları bu işə cəlb olunub. Çünki bu elə bir mərasimdir ki, tanrı həmin işi həyata keçirmək şərəfini bizə əta edib. Bu Allahın bizə bir nemətidir.

Bu il Həcc ziyarəti üçün xarici ölkələrdən 3 milyon zəvvar Səudiyyə Ərəbistanına gələcək.

-Yeri gəlmişkən, bu günlərdə yayımlanan “Müsəlmanların günahsızlığı” filmi müsəlman dünyasında böyük narazılıq və etirazla qarşılandı. Bunu islam dünyası ilə xristina aləmi arasında münasibətləri gərginləşdirmək məqsədi ilə çəkilmiş təxribat xarakterli addım kimi qiymətləndirmək olarmı?

-Bu filmin yayılması İslam dininə və müsəlmanlara qarşı təhqirdir, Məhəmməd peyğəmbər bizim rəmzimiz və fəxrimizdir. Ancaq biz qəti şəkildə bizimlə birgə yaşayanlara, yaxud başqalarına təcavüzə qarşıyıq. Bu təcavüz bizə xeyir vermir, əksinə ziyan gətirir. Həmişə işlərin hikmətlə, ağılla yoluna qoyulması öndə olmalıdır. Səudiyyə Ərəbistanı Krallığı bütün dinlərə hörməti vacib və lazımlı hesab edir. Hörmətli Kral Abdulla sivilizasiyalararası dialoqa başlanılması təklifini irəli sürüb və müxtəlif din nümayəndələrini dialoqa çağırıb. Kralın təşəbbüsü ilə bu dialoqu həyata keçirən mərkəz də təsis olunub. Bu təşəbbüs BMT-də təsdiq olunub və ona dəstək göstərilib. Kralın dialoq təklifi Səudiyyə Ərəbistanının bu kimi məsələlərə baxışı və mövqeyini ifadə edir. Dialoq qarşıdurmalara, təhqirlərə son qoymaq məqsədi daşıyır.

PƏRVANƏ

 





22.09.2012    çap et  çap et