525.Az

"Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır" (Müsahibə)


 

"Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır" <b style="color:red">(Müsahibə)</b>

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin APA-ya müsahibəsi

 

- İranda tətbiq edilən “vəhdət  həftəsi”nin əsas mahiyyəti nədən ibarətdir?

 

- İslam dini düşmənlər üçün hər zaman müsəlmanlar arasında ixtilaf yaratmaq, onları zəiflətmək üçün hədəf olub. İranın dini lideri İmam Xamneyi müsəlmanların birliyi üçün Rəbiül-əvvəl qəməri ayının 12-dən 17-nə qədər olan həftəni “vəhdət həftəsi” elan edib. Rəbiül-əvvəl ayının 12-ci gününü sünnilər, 17-ci gününü isə şiələr Məhəmməd peyğəmbərin mövludu günü sayır. Bu səbəbdən də bu müddət İranda “vəhdət həftəsi" kimi elan edilib. “Vəhdət həftəsi” müsəlmanlar arasında birliyi möhkəmləndirmək, birgə  bağlara söykənmək və təxribat məsələlərindən uzaq münasib həftədir. Ümumiyyətlə, bu həftə elan olunduqdan sonra dünya müsəlman ölkələri tərəfindən İmam Xamneyinin təşəbbüsü çox alqışlandı və bütün müsəlman ölkələrində bu vəhdətlə əlaqədar mərasimlər, konfranslar seminarlar keçirildi. Bu səbəbdən də iki gün öncə Bakıda Qafqaz Müsəlmanları İdarəsi tərəfindən konfrans keçirilib. Burada İslam dininə aid bütün məzhəblər - şiə-sünni mənsubları, din alimləri iştirak edib.

 

Hesab edirik ki, İslam düşmənləri və xüsusilə bəzi Qərb ölkələri İslam əleyhinə yumşaq müharibə aparırlar və bu, adətən özünü iki formada göstərir. İlk növbədə onlar müsəlmanlar arasında təxribat yayırlar. Məsələn, “İran öz inqilabını təbliğ etmək istəyir” bəhanəsi ilə İranla Azərbaycan arasında təxribat yaratmaq istəyirlər. Müxtəlif vasitələrlə çalışırlar ki, Pakistan və Əfqanıstan, Suriya və Türkiyə, bəzən Türkiyə və İraq, hətta Fələstin daxilindəki qruplar olan FƏTH və HƏMAS arasında ixtilafları artırsınlar, həmçinin Suriyada terrorçuları silahlandırıb Bəşər Əsədin qanuni dövlətini yıxmağa çalışırlar. Eyni zamanda terrorçularla mübarizə bəhanəsi ilə Maliyə hücum edirlər, digər tərəfdən Suriyada özləri terrorçuları silahlandırırlar. Tamamilə ziddiyyətli siyasət yeridilir. Bu baxımdan İslam vasitəsilə müsəlmanları zəiflətmək istəyirlər. Hətta İran-Azərbaycan münasibətlərində dəfələrlə şahid olmuşuq ki, hər iki tərəf rəsmiləri 3-cü qüvvələrin münasibətləri korlamağa çalışdıqlarını bəyan ediblər. Amma hər iki ölkənin rəhbərlərinin uzaqgörənliyi sayəsində onlar bu təxribatlardan agahdırlar və həmişə hər iki ölkənin münasibətlərinin möhkəmlənməsini istəyiblər.

 

Qərbin ikinci siyasəti müsəlman əleyhinə İslam ümmətində, yəni ayrı-ayrı məzhəblər arasında, o cümlədən şiə və süni arasında ixtilaf yaratmaqdır. Bu bir həqiqətdir ki, sünni və şiə arasında müştərək tellər daha çoxdur, nəinki fikir ayrılıqları, fərqli baxışlar. Bütün müsəlmanların bir Allahı, bir peyğəmbəri var, kitabları birdir, qiblələri birdir, hamısı məscidə gedir, namaz qılır, oruc tuturlar, yəni prinsipcə onların bir fərqi yoxdur. Bu baxımdan İslam düşmənləri əleyhinə müsəlmanlar bir olmalı, müsəlman ölkələri bir-birinə daha çox dost olmalıdır. Hər ölkənin təxribat xarakterli siyasətinə, bu yumşaq müharibəyə uymamalıdırlar. “Vəhdət həftəsi”nin də əsas mesajı budur.

 

- Ermənistanda Xocalı aeroportunun açılması ilə bağlı xəbərlər, Azərbaycan Nazirlər Kabinetinin onun hava məkanını icazəsiz pozacaq hər bir obyektin vurulacağı ilə bağlı qərar qəbul etməsinə İranın bir region dövləti kimi mövqeyi necədir?

 

- İran İslam Respublikası bu fikirdədir ki, Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə və heç bir yeni müharibəyə girmədən həll olunsun. Xocalı aeroportunun açılması və bunun ətrafında gedən xəbərlərlə bağlı mövqeyimiz odur ki, tərəfləri qıcıqlandıran hər hansı bir addımın atılması düşmənçiliyi artırır və belə addımlardan yayınmaq lazımdır. Təbii ki, bu cür məsələlər müzakirələrə mənfi təsir edir. Biz düşünürük ki, Minsk Qrupu bu sahədə daha çox çalışmalıdır. Fikrimizcə, ATƏT-in Minsk Qrupu münaqişənin həllinə lazımınca maraq göstərmir. Münaqişənin uzadılması nə hər iki tərəfin, nə də regionun xeyrinədir. Biz təkid edirik ki, münaqişə ən qısa zamanda sülh yolu ilə həll olunsun.

 

- Ümumiyyətlə, İran İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?

 

- Beynəlxalq prinsiplər əsasında Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hazırda Azərbaycanın tərkibində olmayan bu ərazi Azərbaycana qaytarılmalı, bu çərçivədə sülh və dinclik yolu ilə münaqişə öz həllini tapmalıdır.

 

- Son zamanlar İranın Şərqi Azərbaycan vilayəti və Ermənistan arasında əməkdaşlıqla bağlı müqavilələr imzalanıb. Hətta buna ərazidə yaşayan azərbaycanlılar etiraz edib...

 

- İranın Şərqi Azərbaycan vilayəti və Ermənistan arasında qurulmuş münasibətlər adi iqtisadi münasibətlərdir. Düşünmürəm ki, bu, bizim azərilərin etirazına səbəb olub. Onlar həmçinin Azərbaycanla da yaxşı münasibət qurmaqda maraqlıdırlar. Təəssüf ki, Azərbaycan Respublikası İran azərbaycanlıları üçün lazım olan şəraiti yaratmayıb. Ermənistan isə iranlılar, xüsusilə Şərqi Azərbaycan vilayətinə ticarət və gediş-gəliş üçün əlverişli şərait yaradıb. İran xalqı, xüsusilə azərilər çox istəyirlər ki, Azərbaycan Respublikası ilə gözəl əlaqələr qursunlar. Lakin bunun üçün viza, şirkətlərin qeydiyyatı problemləri mövcuddur. Ona görə də iranlılar sərmayələrini Ermənistana, Türkiyəyə yatırırlar. Lazımi şərait qurulsa, İran biznesmenləri istəyirlər ki, ilk növbədə Azərbaycanla əlaqə qursunlar.

 

- İran və Azərbaycan arasında ötən həftə gömrük sahəsində əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Bu əməkdaşlıq nədən ibarətdir?

 

- Keçən həftə İran və Azərbaycanın gömrük idarəsi rəhbərlərinin müavinləri Astarada görüşdülər və sonda çox gözəl nəticələr əldə olundu. Tərəflər hər iki ölkənin əhalisinin, yüklərin, qonaqların gediş-gəlişi üçün asan şəraitin yaradılması sahəsində razılığa gəldilər. Biz fikirləşirik ki, bunun nəticəsində biz tezliklə iki ölkə arasında gediş-gəlişin və ticarət mübadiləsinin artımına şahid olacağıq. Bundan başqa, görüş zamanı qərara alındı ki, ayda bir dəfə hər iki tərəfin bu sahə ilə bağlı yüksək rəsmiləri görüşsün və problemli məsələləri müzakirə etsinlər.

 

- Son zamanlar bəzi xarici mətbuat orqanlarında İsrailin İranı vurması üçün Azərbaycanda pilotsuz təyyarələr yerləşdirməsi ilə bağlı xəbərlər yayılmışdı. Azərbaycan tərəfi dərhal buna reaksiya bildirdi və bəyan etdi ki, heç bir dövlət 3-cü bir dövləti vurmaq üçün Azərbaycan ərazilərindən istifadə edə bilməz. Rəsmi Tehranın bununla bağlı mövqeyi necədir?

 

- Ümumiyyətlə, İran-Azərbaycan münasibətlərini istəməyən 3-cü ölkələr hər zaman çalışırlar ki, yanlış xəbərlərin yayılması ilə bu münasibətlərə xələl gətirsinlər. Adətən mərhələli şəkildə bu cür xəbərlər düşmən media vasitəsilə yayılır. Və çox sevindirici haldır ki, Azərbaycan rəsmiləri bu xəbərləri dərhal təkzib edirlər. Biz fikirləşirik ki, İran-Azərbaycan münasibətləri kifayət qədər möhkəmdir və bu cür təxribatlar bu möhkəmliyi sarsıda bilməz.

 

- Xəzərin hüquqi statusu ilə bağlı danışıqların son vəziyyəti necədir?

 

- Bütün Xəzəryanı ölkələr maraqlıdır ki, Xəzərin statusu məsələsi ən qısa zamanda həll olunsun. Bu məsələdə hər hansı bir təxirə salınma məsələsi yoxdur. Status məsələsinin mürəkkəbliyi baxımından təbii ki, bu sahədə çoxlu işlər aparılmalıdır. Amma ümid edirik ki, bu məsələ qısa zamanda həll olunacaq. Biz bütün Xəzəryanı ölkələrlə həm ikitərəfli, həm də beştərəfli müzakirələr aparırıq. O cümlədən Azərbaycanla da bu sadə ikitərəfli müzakirələr gedir. Hər iki ölkə Xəzərin hərbdən uzaq, sülh və əmin-amanlıq dənizi olmasını istəyir. Hər iki tərəf Xəzərin ekoloji vəziyyətinə, gəmiçiliyin inkişaf etməsinə çox diqqətlə yanaşır.

 

- İranın “Sərdar Cəngəl” yatağı ilə bağlı yayılan xəbərlər barədə nə deyə bilərsiniz?

 

- İran Xəzər dənizində öz daxili sularında kəşfiyyat işləri aparır ki, bu yatağın adını da “Sərdar Cəngəl” qoyub. Burada xüsusi bir problem yoxdur. Ola bilər ki, adı ilə bağlı hər hansı bir problem olsun. Əgər adla bağlı hər hansı problem varsa, Xəzəryanı ölkələr bu məsələni müzakirə edə bilərlər.

 

- Bu il üçün hansı qarşılıqlı səfərlər gözlənilir?

 

- İki ölkə arasında çoxsaylı səfərlərin reallaşdırılması üçün 2013-cü ildə əsaslı proqram hazırlanıb və həyata keçiriləcək. Qısa zamanda Tehranda iki ölkənin xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə müştərək siyasi komissiyanın iclası baş tutacaq. Həmçinin ardıcıl olaraq gömrük və sərhəd qoşunlarının rəsmilərinin görüşü olacaq. İqtisadi əməkdaşlıq çərçivəsində energetika nazirlərinin görüşləri olacaq. Bundan başqa, müştərək iqtisadi komissiyanın iclasının vaxtı Azərbaycan tərəfindən təyin olunduqdan sonra bizim xarici işlər naziri bu komissiyada iştirak etmək üçün Azərbaycana gələcək. Həmçinin İran-Azərbaycan dostluq qrupunun rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  sədri Vasif Talıbov İrana dəvət edilib.

 





28.01.2013    çap et  çap et