525.Az

Oğuznamələrin tarixi və tipologiyası


 

Oğuznamələrin tarixi və tipologiyası<b style="color:red"></b>

Tanınmış folklorşünas alim Əfzələddin Əsgərin “Oğuz yaradıcılığı” monoqrafiyası həmişəyaşar Oğuznamələrə  həsr edilmiş fundamental bir tədqiqatdır.

Rəşidəddin və Əbülqazinin, Dəvadari və A.Olearinin, Hafiz Dərviş Əli Cəngi mətnləri, Bayburlu Osmanın Oğuznamə adına bağlanan mətni, Dədə Qorqud və Topqapı Oğuznamələri, “Atalar sözləri” kitabı və Məmmədəli Oğuznaməsi monoqrafiya üçün tədqiqat obyekti kimi seçilib.

Oğuznamə yaradıcılığının ümumtürk folklor hadisəsi kimi götürülməsi barədə çağırış monoqrafiyanın əsas istiqamətini, məğzini və mahiyyətini təyin edir. Monoqrafiyada Oğuznamə nümunələrinin ümumtürk folklor hadisəsi kimi müdafiəsi ümumtürk sevgisindən daha çox tədqiqat zamanı Oğuznamələr barədə düzgün elmi nəticələrə gəlməyin mənbəyi kimi düşünülüb.

Monoqrafiyada Oğuznamənin arxaik epik ənənə ilə əlaqəsindən bəhs olunarkən şifahi mətndə arxaik elementlərin yer tutmasının həmin mətnin yaranması dövrünü əks etdirməsi ilə müşayiət olunması daha qabarıq şəkildə diqqətə çatdırılır.

Tədqiqatçı bu düşüncədədir ki, Oğuznamə Oğuz elindən bəhs edən mətn olduğuna görə Oğuz haqqında dastanın bütün versiya və variantları Oğuznamə seriyasına daxil edilə bilməz.

Müəllif öz araşdırması üçün vacib və gərəkli olan, eyni zamanda həmişə folklorşünaslıq tədqiqatlarının mübahisə hədəfinə çevrilən şifahi və yazılı ənənə barədə də dəyərli fikirlər söyləyir.

Əfzələddin Əsgər üçün proses halında olan şifahi yaradıcılıq var. Yəni şifahi xalq ədəbiyyatı nümunələri müəyyən bir prosesin nəticəsidir. Yaradıcılıq prosesindən kənarda bayatı, nağıl, dastan və s. yoxdur. Əslində onun öz tədqiqatını  “Oğuznamə yaradıcılığı”, yaxud “Ümumtürk folkloru tarixində Oğuznamə yaradıcılığı” adlandırması da elə bunun nəticəsidir. Müəllif özü bunu həm sözdə - irəli sürdüyü tezisdə, dediyi etirafda açıq şəkildə bildirir, həm də əməldə, konkret nümunədə - tədqiqatında həyata keçirir.

Monoqrafiyada Ozan sənəti, Oğuznamənin ifası və poetik forması xüsusi bir coşqu ilə araşdırılır. Ozanın həm söyləyici, həm musiqi aləti, həm də ifanı özündə cəmləşdirən bir hava olması və bunların tədqiqatçı tərəfindən səbr və təmkinlə araşdırması ozan anlayışının qədimlərə gedib çıxdığını, onun əməlli-başlı bir ömür yaşadığının təsdiqidir. Burada tədqiqatçının dilçilik baxışları da özünə müəyyən yer tuta bilmişdir.

Monoqrafiyada həm XI əsrdə yaşayan Mahmud Kaşğarlının, həm də XIV əsr müəllifi  Rəşidəddinin “ozan” sözünü işlətməməsi “dünyanın dağılması” kimi qələmə verilmir. Əksinə, bu faktlar həmin sözün mahiyyətinin açılmasında bir mənbə səviyyəsində dəyərləndirilir. Beləliklə, Kaşğarlı dövründə ozan ifaçılığının olmaması, “tarixi-oğuzan və türkan” anlayışına rəğbət bəsləyən Rəşidəddinin isə  bədii mətnlə o qədər də maraqlanmaması faktları ortaya çıxır.

Monoqrafiyada Oğuznamələrin yazıya alınmasına və onların mətn xüsusiyyətlərinin tədqiqinə daha geniş yer ayrılıb. Tədqiqatda Oğuznamələr şifahi ifadan yazıya alınmasına, təsvir üsuluna və tərtibə görə qruplaşdırılır. Mətnin şifahi ifadan yazıya alınmasının nümunələri sırasına Dədə Qorqud Oğuznamələri, Topqapı Oğuznaməsi və F.Ditsin üzə çıxardığı “Atalar sözləri” kitabı daxildir.

Bu mətnlər içərisində “Kitabi-Dədə Qorqud” daha mükəmməl olduğuna görə ondan daha geniş şəkildə bəhs edilir.

“Kitabi-Dədə Qorqud”un variantlarının müqayisəsi müasir folklorşünaslıq üçün çox əhəmiyyətlidir. Bu baxımdan Vatikan nüsxəsində katib əlavələri və şifahi ənənədən gələn formullar məsələsi tam ardıcıllıqla öyrənilib. Bu əlavələr dəqiqliklə nəzərdən keçirilir, eyni zamanda onların səbəbləri izah olunur.

Topqapı Oğuznaməsinə gəldikdə isə onun Oğuz bəylərinin şərəfinə söylənmiş alqışlardan, atalar sözlərindən, Qazan bəyə məxsus söyləmələrdən ibarət olması nəzərə çarpdırılır. Eyni zamanda sintaktik paralelizmlər şəklində olan parçaların  Oğuznamənin poetik formasına uyğunluğu səciyyəvi fakt kimi dəyərləndirilir. “Atalar sözü” kitabına daxil olan nümunələrin də bir mətn kimi şifahi ifadan yazıya alınmasına görə öz üstünlüyünü qoruyub saxlaması qeyd edilir.

Təsvir üsulu ilə yaranan mətnlər sırasına Oğuz tarixi haqqında olan Rəşidəddin (“Cami-ət təvarix”) və Əbülqazi (“Şəcəreyi-tərakəmə”) mətnləri, Basatın Təpəgözü öldürməsi haqqında Dəvadari mətni, Qazan xanın Dağıstan tatarları üzərinə yürüşü haqqında A.Oleari mətni, Bükdüz Əmənlə Yetim Qozan arasında qan düşmənçiliyi haqqında Hafiz Dərviş Əli Cəngi mətni və nəhayət, Oğuznamə əsasında yazılmış Bayburtlu Osman mətni daxildir.

Bunların hər birinin özünəməxsus xüsusiyyətləri olduğu kimi ortaq cəhətləri də vardır. Belə ki, Rəşidəddin yazıya aldığı mətnin informatorları haqqında məlumat verdikdən sonra Nuh peyğəmbər, onun dünyanı öz oğlanları arasında bölüşdürməsindən danışır. Əbülqazi də peyğəmbərlərin tarixi haqqında məlumat verməyi daha faydalı hesab edir. Rəşidəddin və Əbülqazinin mövqeyi bir növ klassik ədəbiyyatdakı ənənəvi başlıqları - minacat, nət, mədhiyyə və fəxriyyəni yada salır.

Monoqrafiyada Dəvadari, A.Oleari, Hafiz Dərviş Əli Cəngi, Bayburtlu Osman mətnləri barədə də faktlar və müqayisələr əsasında geniş təsəvvür yaradılır.

Tərtib üsulu ilə yaranmış mətnin ən bariz nümunəsi isə şərti olaraq adlandırılmış Məhəmmədəli Oğuznaməsidir (əsl adı “Məcməül-əmsali-Məhəmmədəli”dir). Görkəmli dilçi və mətnşünas alim Samət Əlizadə onu “Oğuznamə” adı ilə çap etdirmişdir. Aydınlıq üçün qeyd edək ki, həm Samət Əlizadə, həm də Əfzələddin Əsgər bu adı özlərindən uydurmayıblar, çünki kitabın üzərində “bu, Oğuznamə kitabıdır” sözləri yazılmışdır.

Monoqrafiyada oğuzların etnik tarixinə ümumi bir nəzər yetirilir. Oğuzların cahangirlik yürüşlərinin Oğuzun övladları arasında hakimiyyət bölgüsü aparmasından başlanması faktlarla  əsaslandırılır. Mövcud elmi mülahizələri nəzərə alsaq, oğuzların etnik tarixinə olan baxış nə qədər bəlli və ümumidirsə, bundan fərqli olaraq, nəticə bir o qədər konkret və əhəmiyyətlidir. Beləliklə, Oğuznamə ilk dəfə olaraq Əfzələddin Əsgərin monoqrafiyası ilə əcdadlar haqqında dastanlar kimi təqdim olunur. Eyni zamanda Oğuznamənin Qara xanla, Oğuzla bağlı tarixi gerçəkliyi düzgün əks etdirməsi vurğulanır.

Oğuznamədə “Oğuz”, “Qalın Oğuz eli”, “Oğuz eli” ifadələrinin sıx-sıx işlədilməsi tədqiqatçının Oğuz elinin tərkibinə daxil olan boylar haqqında müəyyən mülahizələr söyləməyə məcbur edib. Hətta Rəşidəddinin “Cami-ət-təvarix”də bəzi Oğuz boyları haqqında söhbət açması müəllifi bu barədə danışmağa daha da həvəsləndirib.

Müəllifin mövcud mənbələrə və tədqiqatlara istinadən gəldiyi nəticə belədir ki, Göytürk dövlətinin süqutundan sonra onların yerini tutmaq uğrunda mübarizə başlamış və bu mübarizədə uyğurlar (doqquzoğuzlar) karluklara və oğuzlara qalib gəlmişlər.Oğuz elinin formalaşması IX əsrin sonu X əsrin əvvəllərinə aiddir. Onlar bu zaman Oğuz çölündə - Balxaş gölünün cənubundan Volqa çayının aşağı axarlarına qədər olan torpaqlarda məskunlaşdılar. XI əsrin ortalarından Oğuz çölü Qıpçaq çölü adlanmağa başladı.

Eyni zamanda tədqiqatda Oğuznamələrlə tarixi salnamələrin qarşılıqlı müqayisəsi əsasında birbaşa Oğuz tarixinin mərhələləri şərh edilir ki, bu da əslində Rəşidəddin və Əbülqazi mətnlərindən irəli gəlir. Məntiqi olaraq Kayı, Qaraxan, Oyunak, Buran soyları və Sərəngin hakimiyyətə gəlişi haqqında olan Oğuznamələr araşdırmaya cəlb edilir. Oğuznamələrdə yaşayan  türk tarixi ilə bağlı həqiqətlər meydana çıxarılır.

Tədqiqatçı düşünür ki, dastanın kimə aid olmasını onun məzmunu ilə təyin etmək müəyyən bir üsul olsa da, yeganə və yetərli üsul deyil. Bu təyinolunma prosesində hansı dastanın hansı etnik mühitdə yaranmasının mühüm rolu vardır. Ona görə də “oğuz” sözünün sosial anlamı ilə etnik anlamı barədə mövcud elmi fikirlərə daha çox diqqət yetirməklə bərabər, oğuzların türkman adlanan etnosla bağlılığı və o cümlədən, türkman etnonimi, onların tarix səhnəsinə çıxması, islam dünyagörüşü ilə əlaqələri, etnik tərkibi və s. məsələlərə Oğuznamə yaradıcılığı çərçivəsində aydınlıq gətirilir.

Oğuznamədə nişan verilən və iyirmi dörd oğuzu birləşdirən etnik sistemin dinamikası türkman etnoniminin şərhinə yol açır. Bu sıradan Oğuznamənin ilk oğuz tərəfdarlarına uyqur adı verməsi türkman etnoniminin daxili məzmununa nüfuz etməyi vəzifə kimi irəli sürür. Yenə bu sıradan dastanlarda türkmanlara daxil olan karlukların, qıpçaqların deyil, məhz oğuzların vəsf olunması türkmanlar içərisində oğuzların əsas etnik əcdad statusunu nümayiş etdirir ki, bu da türkman etnoniminin tarixi qatlarına baş vurmağı zərurətə çevirir. Əlavə olaraq bu sıradan Əbülqazinin “Şəcəreyi-tərakəməsi”ndə səlcuqlarla türkmanlar barəsində irəli sürülən tezislər tədqiqatçını istər-istəməz bu məsələlərə yönəldir.

Türkmanların gəlişi ilə başlanan Oğuznamə yaradıcılığı, Monqol epoxasının Oğuznamələrin inkişafında rolu, bir az sonra Ağqoyunlu təsiri faktlarla şərh olunur. Bu şərhlərdə tarixi faktlarla Oğuznamələrdəki detallar qarşılıqlı şəkildə elmi nəticələrin formalaşmasına şərait yaradır. Oğuznamələr tarixin ədəbi-mədəni abidələrinə çevrilir.

Oğuznamələrin tarixinə və Oğuznamələrdə verilən tarixə xüsusi nəzər yetirən tədqiqatçı bu möhtəşəm ədəbi abidənin son mərhələsinə də bir aydınlıq gətirir. Əslində “son mərhələ” adı altında Oğuznamənin epik dövriyyədən çıxması prosesi şərh olunur. Oğuznamənin Əbülqazinin “Şəcəreyi-tərakəmə” əsərindən qaynaqlanan və türkmən etnik mühitinə aid mərhələsi türkmənlərin Oğuznamədən Salur Qazanı ayıraraq onu özlərinin əcdadına çevirməklə yekunlaşır. Oğuznamənin A.Oleari mətninə söykənən Qızılbaş mərhələsi Oğuznamə ünsürləri ilə mifik görüşləri birləşdirən mətnlərlə seçilir. Oğuznamənin Osmanlı mühiti ilə bağlı olan və bundan dolayısı ilə yaranan Anadolu mətnlərinin digər mətnlərdən fərqi isə Oğuznamədə adı çəkilən qəhrəmanların elə öz adları ilə yaşatmasıdır.

Başqa bir davamedicilik ondan ibarətdir ki, “Dədə Qorqud”un bütün mətni xoşbəxtlikdən unudulmayıb və ona aid dörd boy müxtəlif dəyişikliklərlə XX əsrə qədər gəlib çatmışdır. Bu hal Dəli Domrul, Basat, Beyrək və Qazan xanın evinin yağmalanması boylarına aiddir. Dəli Domrul boyunun rəvayətlərə təsiri bu iki mətn arasındakı fərqləri və ortaq cəhətləri aşkarlamağa imkan verir. Basat boyunun süjetinə uyğun nağıl və rəvayətlərin özəlliyi isə onların türk xalqları içərisində daha geniş yayılmasıdır. Qazan xanın evinin yağmalanması boyunun təsiri ilə yaranmış bir mətnin isə özəlliyi ondadır ki, bu mətndə eposa aid qəhrəmanların bəzilərinin adı qorunub saxlanılmışdır: Bayındır, Qarabudaq, Dirsə xan, Qazan xan və s. Beyrək boyunun nağıl variantlarına Türkiyə coğrafiyasının hər tərəfində rast gəlinib və  “Oğuz eli” adının yaşaması da Beyrək boyu ilə bağlı nağıllara borcludur.  Tədqiqatçı çox inamlıdır ki, Oğuznamənin müasir mətnlərini orta əsrlərdə yazıya alınmış nümunələrdən tanıyırıq. Yəni şifahi ənənənin aparıcı olduğu folklorda yazıya alınmanın da öz əhəmiyyəti və faydası vardır.

Oğuznamənin Tütkman və Türkmən, Osmanlı və Qızılbaş mühitləri ilə bağlı olmasından asılı olmayaraq, Oğuznaməni yaradan da, onu qoruyub saxlayan da, onu ifa edən ozan da, onun məsuliyyətini daşıyan da məhz Oğuzlardır.

Əfzələddin Əsgərin “Oğuznamə yaradıcılığı” monoqrafiyasında araşdırılan bütün problemlərə konseptual mövqedən və müasir elmi-nəzəri səviyyədən yanaşılır. Şübhə yoxdur ki, monoqrafiya gələcəkdə bu məsələlər ətrafında yazılacaq əksər tədqiqatları təsir altına alacaqdır.

 





08.02.2016    çap et  çap et