525.Az

Regionların inkişafı və regional universitetlər


 

Regionların inkişafı və regional universitetlər<b style="color:red"></b>

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında və Dövlət Proqramında qeyd edildiyi kimi regionların inkişafı son 10 ildə ölkənin sosial-iqtisadi inkişaf strategiyasında prioritet kimi müəyyən edilib.

Regional tarazlığın təmin edilməsi istiqamətində müstəsna rol oynayan regional inkişaf üzrə Dövlət Proqramları əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olub, vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nın əsas məqsədi qeyri-neft sektorunun davamlı inkişafı, ölkə regionlarının tarazlı inkişafının təmin edilməsi, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin və müəssisələrin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılması və həyat səviyyəsinin yüksəldilməsindən ibarət olub.

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nın uğurlu icrası bütün regionların inkişafında yeni bir mərhələnin yaranmasına səbəb olmuş, formalaşmış əlverişli iqtisadi mühit ölkənin sosial-iqtisadi inkişafı sahəsində başlanmış tədbirlərin davam etdirilməsi zərurətini yaradıb. Ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunması məqsədilə 2004-cü ildən başlanmış tədbirlərin davam etdirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilib. Bu proqramın uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində mühüm rol oynayıb. Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılan məqsədyönlü siyasətin davamı olaraq "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" hazırlanıb.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında və Dövlət Proqramında qeyd edilir ki, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.

Dövlət proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən, qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacaq.

Dövlət Proqramında qarşıdakı illərdə regionlarda təhsil sahəsində də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu sahədə həyata keçiriləcək işlər "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq dünya ölkələri sırasında keyfiyyət nəticələri və əhatəliliyinə görə aparıcı mövqe tutan, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün genişmiqyaslı tədbirləri nəzərdə tutur. İqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun təhsil sistemi ölkədə kadr hazırlığının, təhsili idarəetmə sisteminin və təhsil infrastrukturunun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verərək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın davamlı inkişafını təmin edəcək.

Proqramda nəzərdə tutulur ki, bu məqsədlərə nail olmaq üçün qarşıdakı illərdə aşağıdakı tədbirlər həyata keçiriləcək:

- regionlarda təhsil müəssisələrinin tikintisi və əsaslı təmir işlərinin davam etdirilməsi:

- təhsil şəbəkəsində rasionallaşdırma tədbirləri həyata keçirməklə, regionlar arasında təhsilin keyfiyyətini bərabərləşdirmək üçün müvafiq tədbirlərin görülməsi;

- regionlarda əmək bazarının mütəmadi öyrənilməsi sisteminin yaradılması;

- distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin yaradılması.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda qeyd edilir ki, ali təhsil müəssisələri məzunlarının tərkibi iqtisadiyyatın tələbatları ilə tam uzlaşmır. Azərbaycanın ali təhsil müəssisələri tələbələrinin yalnız 1,2 faizi kənd təsərrüfatı ixtisasları qrupu üzrə təhsil alır. 25-34 yaş arasında olan ali təhsilli mütəxəssislərin 67 faizi dövlət sektorunda cəmlənmişdir. Özəl sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı problemi yaranmışdır. Ən böyük kadr çatışmazlığı xidmət sektorunda və kənd təsərrüfatı sahəsində müşahidə olunur. Hər 100 000 nəfərə düşən ali məktəb tələbələrinin sayına görə Azərbaycan Respublikası üzrə göstəricilər əhəmiyyətli dərəcədə artırılmalıdır. Əhali təbəqələri və regionlar arasında xüsusən ali təhsilə çıxış imkanları genişləndirilməlidir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın 4.2 bəndində Təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, 4.3 bəndində Distant təhsil, istedadlı şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin yaradılması nəzərdə tutulub.

"Azərbaycan - 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında qeyd edilir ki, bölgələrin inkişafı və mütəxəssislərə tələbatı nəzərə alınaraq, regional çoxprofilli kolleclərin yaradılması istiqamətində tədbirlər görüləcək, təhsilin keyfiyyətinin artırılması üçün ilk peşə, orta ixtisas və ali təhsil pillələri üzrə mütəxəssislər hazırlayan təhsil komplekslərinin yaradılmasına başlanılacaq. Ali təhsil müəssisələri üçün universitet şəhərcikləri (kampuslar) və müvafiq texnoparklar yaradılacaq. Ali təhsil müəssisələrinin ölkənin sosial-iqtisadi inkişaf tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssis yetişdirməsinə və onların təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən standartlar hazırlanıb tətbiq olunacaqdır. Ali təhsil müəssisələrində aparılan elmi tədqiqatlar müasir standartlar səviyyəsinə çatdırılacaq, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqi təşkil olunacaq, elmin informasiya təminatının gücləndirilməsi, beynəlxalq elmi əlaqələrin dərinləşdirilməsi sahəsində tədbirlər görüləcək. Təhsil sisteminin informasiyalaşdırılması, bütövlükdə təhsilin müasir səviyyədə qurulmasının əsas istiqamətlərindən biri kimi, daim diqqət mərkəzində olacaq.

Təhsil standartlarının unifikasiyası və Bolonya prosesinin dərinləşməsi ilə yanaşı Azərbaycanın təhsil ocaqlarının, xüsusilə də ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsinə, təhsil sahəsində həyata keçirilən beynəlxalq proqramlara onların fəal cəlb olunması üçün müvafiq şəraitin yaradılmasına xüsusi fikir veriləcək. Eyni zamanda, xarici ölkələrin aparıcı universitetlərində dövlət xətti ilə təhsil alaraq məzun olmuş mütəxəssislərin potensialından ölkənin inkişafında səmərəli istifadə olunması təmin ediləcək və gənclərin xarici ölkələrdə təhsil almasına dair yeni Dövlət Proqramı qəbul ediləcək.

Yuxarıda qeyd edilənlərdən aydın olur ki, regionların hərtərəfli inkişafında regional universitetlər də əhəmiyyətli rol oynamalıdırlar. Ona görə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla həyata keçirilməsi ali təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılmasını və regional universitetlər şəbəkəsinin daha da genişləndirilməsini tələb edir. Öz növbəsində bu, aşağıdakı problemlərin həllində əhəmiyyətli rol oynaya bilər.

1. Adətən mərkəzi şəhərlərdə hazırlanan kadrlar şəhər həyatına alışdıqdan sonra regionlara qayıtmırlar (ən çoxu 10-20 faizi qayıdır). Ona görə regionların mütəxəssislərə, xüsusilə region üçün səciyyəvi olan sahələr üzrə mütəxəssislərə olan tələbatının ödənilməsi üşün regionlarda da ali təhsilli kadrların hazırlığı aparılmalıdır.

2. Regionlarda çalışan kadrların fasiləsiz təkmilləşdirilməsi üçün regional mərkəzlər olmalıdır. Belə mərkəzlər tərkibində əlavə təhsil qurumları (fakültə, mərkəz və s.) olan regional universitetin bazasında yaradıla bilər.

3. Yeni texnologiyaları mənimsəmək və təsərrüfatın ayrı-ayrı sahələrində tətbiq edilən yeni cihaz və avadanlıqlarla işləmək bacarığı əldə etmək məqsədi ilə regionlarda müvafiq kadrlar üçün qısa müddətli kursların təşkilinə ehtiyac yaranır ki, bu da tərkibində müvafiq qurumlar olan regional universitetlərdə və elmi mərkəzlərdə həyata keçirilə bilər.

4. Bakıda yaşamaq çətinliyi (yataqxana problemi, yüksək təhsil haqqı və s.) regionların bir çox aztəminatlı ailələrindən olan savadlı gənclərin təhsildən yayınmasına səbəb olur. Ona görə regional universitetlərin və elmi mərkəzlərin yaradılması daha məqsədəuyğundur. Bu həm də hazırda əsasən Bakıda məskunlaşan səriştəli mütəxəssislərin və ziyalı təbəqəsinin regionlar üzrə paylanmasına səbəb olar.

5. Dünya Bankının hesabatına görə inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda  ali təhsillilərin sayı nisbətən azdır. Bunun əsas səbəblərindən biri də ali təhsil müəssisələrinin əsasən Bakıda toplanmasıdır. Ona görə təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması məqsədi ilə ali təhsil müəssisələrinin regionlar üzrə paylanması aktual məsələdir.

6. Hazırda respublikada fəaliyyət göstərən 53 ali təhsil müəssisəsindən 43-ü (təqribən 81 faizi) Bakıda və Bakı-Abşeron rayonunda cəmləşmişdir və tələbələrin 80 faizindən çoxu bu müəssisələrdə təhsil alır. O cümlədən, respublikada fəaliyyət göstərən 58 orta ixtisas təhsili müəsisəsinin 26-sının Bakıda və Bakı-Abşeron rayonunda yerləşməsinə baxmayaraq tələbələrin 50 faizdən çoxu bu müəssisələrdə təhsil alır. Bu məsələ bir tərəfdən yuxarıda qeyd edildiyi kimi regionların kadr təminatı üzrə çətinlik yaradır, digər tərəfdən isə həm ali təhsil müəssisələri arasında, həm də regionlarla mərkəz arasında rəqabət mühitinin formalaşmasına mane olur. Rəqabətin olmaması öz növbəsində keyfiyyətin aşağı olmasına səbəb olur. Ona görə rəqabət yaratmaq məqsədi ilə kadrların Bakı ilə yanaşı regional universitetlərdə də hazırlanması prioritet məsələ kimi qəbul edilməlidir.

Qeyd edilənlərdən aydın olur ki, regional universitetlər əsasən 3 məsələni həll etməlidir: kadr hazırlığı, kadrların təkmilləşdirilməsi və fasiləsiz təhsili, elmi tədqiqatların aparılması. Bununla yanaşı inkişaf etmiş bir sıra dövlətlərdə regional universitetlər həmçinin aşağıdakı vəzifələri yerinə yetirirlər:

- regionun innovasion inkişafı üçün mərkəz rolunu oynayır;

- əhalinin intellektual potensialının, istedadlı uşaqların və gənclərin inkişafı mərkəzi rolunu oynayır;

- regionlarda yaşayan aztəminatlı ailələrdə böyüyən istedadlı uşaqlar üçün ali təhsil almaq imkanlarını təmin edir;

- özəl sektorla əməkdaşlıq edərək özəl sektorun, o cümlədən, qeyri-neft sektorunun inkişafını təmin edir;

- mədəniyyət mərkəzi rolunu oynayır;

- regionda sosial-mədəni dəyərlərin formalaşdırılması üçün baza rolunu oynayır;

- region üçün xarakterik sahələr üzrə səriştəli kadr potensialının hazırlanması üçün mərkəz rolunu oynayır;

- kadrların təkmilləşdirilməsi və fasiləsiz təhsili mərkəzi rolunu oynayır;

- kənd universiteti rolunu oynayır (region üçün səciyyəvi olan kənd təsərrüfatı sahələri üçün kadr potensialı hazırlanması və elmi-tədqiqatların aparılması missiyasını yerinə yetirir);

- regionun problemlərinin həll edilməsi üçün elmi mərkəz rolunu oynayır;

- milli dəyərlərin, o cümlədən, regional dəyərlərin və Azərbaycan dilinin qorunması və daha da zənginləşdirilməsində həlledici rol oynayır;

- qloballaşan dünyaya inteqrasiya üçün əhalidə tələb olunan minimal bilik, bacarıq və vərdişlərin formalaşdırılmasında əhəmiyyətli rol oynayır;

- xarici dil mərkəzi rolunu oynayır.

Artıq qeyd edildiyi kimi regional universitetin əsas funksiyasından biri regionun innovasion inkişafı üçün mərkəz (generator) rolunu oynamasıdır. Müasir şəraitdə regionun innovasion inkişafının əsas amilləri aşağıdakı kimi müəyyən edilə bilər:

- elm-təhsil-texnoloji komplekslərin (texnoparklar, biznes-inkubatorlar və s.) mövcudluğu;

- innovasiyaların və texnologiyaların  yayılma və transferi imkanı;

- həyata keçirilən iqtisadi siyasətin dəstəklənməsində (və ya onun məqsədəuyğunsuzluğunun əsaslandırılmasında)  əhəmiyyətli rol oynaya bilən regional elit təbəqənin olması;

- innovasiyaya meylli sosial mühitin formalaşması;

- regional sosial şəbəkənin (xüsusi regional dəyərlərə, ümumi mədəniyyətə və tarixə əsaslanan qeyri-formal institutların) varlığı.

Bu amillərin mövcudluğu şəraitində regionların innovasion inkişafının əsas əlamətləri:

- insan kapitalının inkişafı, əhalinin həyat səviyyəsinin yüksəlməsi;

- regionun iqtisadi sahələri arasında mütənasibliyin elmtutumlu istehsalın xeyrinə dəyişməsi;

- davamlı iqtisadi yüksəliş tempi, regional ÜDM-də elmtutumlu məhsulların payının artması;

- yeni texnologiyalar sahəsində xırda və orta biznesin inkişaf etməsi;

- intellektual fəaliyyətin nəticələrinin iqtisadi və sosial sferaya aktiv daxil edilməsi ilə xarakterizə olunur.

Regionların innovasion inkişafında universitetlərin rolu aşağıdakı amillərlə müəyyən edilir:

- yeni fundamental və tətbiqi biliklərin generasiyası;

- texnologiyaların transferi, istehsalda intellektual məhsullara keçid;

- innovasion istehsal, ideyanın məhsula çevrilməsi;

- innovasiya prosesi üçün zəruri səriştələrə malik olan kadrların hazırlanması;

- regionda mədəni və kreativ mühitin formalaşdırılması;

- sosial təşəbbüslərin inkişafı, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və dəstəklənməsi;

- universitetin informasiya və kommunikasiya resursları vasitəsilə dünyaya çıxışın təmin edilməsi.

Mümkün tədqiqatların aparılmasında universitetlərin rolu:

- universitetlərin rəqabət mühitinə cəlb edilməsi, onların yerli icmalarla qarşılıqlı təsir kanallarının olması;

- regional sosial şəbəkələrə qeyri-rəsmi təsir;

- regionda innovasion mühiti yaxşılaşdırmaq üçün universitetlərin fəaliyyəti (mövcud praktikanın təsviri və təhlili, regionun mədəni inkişafına, ərazinin insan kapitalının və ictimai mühitin formalaşdırılmasına pay verilməsi);

- universitetlərin fəaliyyətinin əmək bazarına təsiri;

- universitetlər tərəfindən regionun innovasion iqtisadi inkişafına təsir edən ilkin bazaların (müəssisələr, tədqiqat və konstuktor bazaları, yerli kompaniyalar üçün tətbiqi işləmələr və s.) yaradılması;

- innovasion fəaliyyətin güclü və zəif cəhətlərinin təhlili.

 





09.02.2016    çap et  çap et