525.Az

Milli mətbuat tarixində “Mücahid”, “Türk İzi”, “Türk Birliyi”, “Türk Yolu”, “Ərgənəkon Yolu” jurnallarının yeri


 

Milli mətbuat tarixində “Mücahid”, “Türk İzi”, “Türk Birliyi”, “Türk Yolu”, “Ərgənəkon Yolu” jurnallarının yeri

Nəsiman YAQUBLU,
tarix elmləri namizədi

“Mücahid” jurnalı 1955-ci ilin iyul ayında Türkiyədə nəşr edilməyə başladı. Sahibi və nəşriyyat müdiri Çingiz Göygöl idi. Jurnal Azərbaycan Kültürünü Tanıtma Dərnəyi və Azərbaycan Yardımlaşma Dərnəyinin yayım orqanı olaraq nəşr edilirdi.
“Mücahid” aylıq jurnal olsa da, iki aydan bir çap olunurdu. Başlıca istiqaməti belə idi: “Aylıq ictimai fikir məcmuəsi”.
“Mücahid” dərgisi fəaliyyət proqramında aşağıdakı qayəyə üstünlük verəcəyini bildirirdi: “Kommunizm əsarəti altında qalan 60 milyonluq Türküstan, Azərbaycan, Krım, İdil-Ural və Şimali Qafqaz türklərinin istismara qarşı apardığı və aparmaqda olduğu hürriyyət mücadiləsini müdafiə etmək, məhkum türk ellərinin coğrafi, iqtisadi və kültürəl qaynaqlarını tanıtmaq və eyni zamanda məhkum türk elləri arasında fikir birliyinin təmininə çalışmaq”.
Eyni zamanda bildirirdi: “Bu gün xaricdəki Türk mühacirət nəşriyyatında krımca, azərbaycanca, yakutca, qırğızca, tacikcə və özbəkcə təbirlərinin krım şivəsi, Azərbaycan türkcəsi və s. kimi təbirlərlə dəyişdirildiyini məmnuniyyətlə görməkdəyiz. Məhkum türklər, istisnasız müsəlman olduqlarından islam aləmindən heç bir zaman ayrılmazlar. “Mücahid” bu kimi bozğunçularla ağır başlı mücadiləsinə davam edəcəkdir...” .
“Mücahid” jurnalının sahibi və nəşriyyat müdiri Çingiz Göygöl idi. Jurnal Ankarada nəşr edilirdi. Jurnalın aparıcı yazarları aşağıdakılar idi: Əhməd Cəfəroğlu, Zəki Vəlidi Toğan, Həsən İsmayıl, Mustafa Vəlioğlu, İsmayıl Əkbər, Məcid Musazadə, Əziz Alpaut, Həmid Dönməz və b.
Qeyd edək ki, “Mücahid” dərgisi eyni zamanda müəyyən kitablar da nəşr etmişdir. Həmin kitablardan: 1) Çingiz Göygöl “Kommunist Rusiya və müsəlmanlar”. “Mücahid” nəşriyyatı, N1, Yeni mətbəə, Ankara, 1958, 64 s. 2) Abay Mirzə. “Balam-Balam dastanı”. “Mücahit” nəşriyyatı, N2, Ankara, Yeni mətbəə, 1958, 34 s.
Qeyd edək ki, “Mücahid” jurnalı mövzu müxtəlifliyinə görə də seçilən bir jurnal idi. Buradakı yazıları belə qruplaşdırmaq mümkündür: 1) Azərbaycanın mədəniyyət tarixi ilə bağlı yazılar; 2) Sovet və kommunist rejimi əleyhinə olan yazılar; 3) Qafqazla bağlı yazılar; 4) Azərbaycanın istiqlalı ilə bağlı xatirələr; 5) Azərbaycanın tanınmış şəxsiyyətləri və onların fəaliyyətləri haqqında yazılar; 6) Türk dünyasının tanınmış insanları haqqında olan yazılar; 7) Mühacirət və mühacirlərlə bağlı yazılar; 8) Türkiyə ilə bağlı yazılar; 9) İslam dini ilə bağlı yazılar; 10) Ədəbiyyat, şer.
“Mücahid” jurnalında məzmun və ideyasına, yeni faktlarla zənginliyinə görə aşağıdakı yazıları qeyd etmək mümkündür: 1) Çingiz: “Abay Mirzənin yeni əsəri “Füzuli” . 2) Abay Mirzə: “Azərbaycanda yazı dilini sadələşdirmə fəaliyyətləri . 3) Əhməd Cəfəroğlu: “Azərbaycan” . 4) Zəki Vəlidi Toğan: “Doğu türkləri üçün Kültür Birliyinin əhəmiyyəti. 5) Çingiz Göygöl: “Türkiyə Cümhuriyyətinin 32-ci ili”. 6) Tüymur Atəşli: “Milli Azəri şairi Mikayıl Müşfiq”. 7) İsmayıl Əkbər: “1920-ci ildə Azərbaycanda inqilab oldumu?” . 8) N. Xəzər: “Sovet Cümhuriyyətlərinə tanınan sözdə haklar”. 9) Əkbərağa Şeyxülislam: “Azərbaycan nasıl quruldu?” .
“Mücahid” dərgisində Azərbaycan İstiqlal mübarizəsinə geniş yer ayrılırdı. Xüsusən 28 May İstiqlalı və 27 Aprel işğalı ilə bağlı məqalələr həmin hadisələrin ildönümündə xüsusi olaraq fərqlənirdi. Bu mənada jurnalın Baş yazarı Çingiz Göygölün “Mücahid”in 1957-ci ilin May (yıl-3, say-8) buraxılışında çap edilmiş yazısı diqqəti cəlb edir. Müəllif yazırdı: “Mayıs günəşinin Qafqaz səmalarında parladığı 28 May 1918-ci il tarixi Azərbaycan Türklüyünün çar Rusiyasına qarşı uzun mücadilə və mübarizəsinin müvafiq olduğu bir gündür. 28 May Azərbaycan türklüyünün milli şüurunun şahlanaraq, Rus köləliyini yerlə-yeksan etdiyi bir gündür. Azərbaycan milli istiqlal dövrünün təməl daşı 28 May 1918-ci il tarixində atıldı. Geniş hürriyyət və insan haqlarına dayanan istiqlal bəyannaməsi, Azərbaycan milliyyətçiliyinin təməl prinsiplərini təşkil edir”.
“Mücahid”in daimi yazarlarından olan Yakuş Hacızadənin “28 Mayıs 1918”. “Mücahid”, iyıl-3, s.8. Mayıs 1957, s. 4. Ə. Cəfəroğlunun “28 Mayıs ölkəsi Azərbaycan”. “Mücahid”, iyıl 5, s. 29, mayıs, 1960. Çingiz Göygölün “28 Mayıs, 1918”. “Mücahid”, yıl-3, s. 14, iyun 1958 – yazılarında 28 May İstiqlalının məna və əhəmiyyəti açıqlanır.
“Mücahid” jurnalında Milli İstiqlalımızın matəm günü sayılan 27 aprel işğalı ilə də bağlı geniş materiallar verilirdi. Ə. Cəfəroğlu “Böyük matəm” adlı məqaləsində yazırdı: “27 nisan Azərbaycanın yas günüdür. 27 nisan 1920-də Azərbaycan yalnız düşmən istilasına uğramaqla qalmamış, yalnız bağımsızlığını və müstəqilliyini itirmiş, eyni zamanda insanlığın və müsəlmanlığın amansız düşməni olan kommunistliyin öldürücü zərbəsinə düşmüş vəziyyətdədir”.
“Mücahid” dərgisində 27 aprel işğalı ilə bağlı Mustafa Vəkiloğlunun “Azərbaycanın istilası”, Salih Gəncənin “27 nisanı anarkən” yazıları da çap olunurdu. Bu yazılarda rus işğalı pislənilir, Azərbaycan xalqının apardığı istiqlal mübarizəsi isə dəstəklənirdi.
1952-ci ilin may ayında Türkiyədə “Türk İzi” jurnalı yayımlanmağa başladı. Jurnal Azərbaycan Milliyyətçilər Dərnəyinin orqanı olaraq yayımlanırdı. Aylıq olaraq yayımlanan bu jurnalın nəşriyyat müdiri Çingiz Göygöl idi. Jurnalın fəaliyyət proqramı belə müəyyənləşmişdi: “Dərnəyimizin Nizamnamə və Bəyannaməsində göstərilən əsaslar dairəsində milli davalarımızı ümumi ictimaiyyətə duyurmaq və Azərbaycan türk milliyyətçiliyi əleyhindəki cərəyanlarla fikir və basın yolu ilə mücadilə etmək qayəsi ilə “Türk İzi” dərgisini çıxarırıq”.
“Türk İzi” jurnalı öz yazılarında 28 May İstiqlalı və 27 aprel hadisələrinə də geniş yer ayırmışdır. Bu mənada Mehmet Altunbəyin “28 Mayıs” məqaləsi əhəmiyyətlidir: “Azərbaycan 28 Mayıs, 1918-də ilk Türk Cümhuriyyəti olaraq istiqlalını elan etdi. Bu gün Türk Dünyasının 100 ilə yaxın bir zamandan bəri gözlədiyi ən böyük bir gün idi. Bu gün Azərbaycan türklərinin 100 ildən bəri axan qanlı göz yaşlarının dindiyi gündür. Bu gün Azərbaycan tarixinin ən şanlı və müqəddəs günüdür. Bu gün Azərbaycanın üç rəngli ayyıldızlı bayrağının göylərdə yüksəldiyi gündür. Bu gün beş min Anadolu igidinin Azərbaycan istiqlalı uğrunda sevə-sevə qanını axıtdığı və şəhid olduğu gündür”.
“Türk izi” jurnalında Çingiz Göygölün 27 aprel işğalı ilə bağlı yazdığı “Matəm günümüz” adlı məqaləsində isə yazılırdı: “Azərbaycan türklərinin milli haqlarının Böyüklərcə qəsb edildiyi bir gün olan 27 Nısan milliyyətçi mücahidlərin əhəmiyyətlə üzərində durduqları və durmalarını vacib edən mühüm bir hadisədir. İnsanlıq və mədəniyyət düşməni olan kommunizmin qurmuş olduğu bir müdhiş idarənin bilxassə Azərbaycandakı zərəri hər millətdən çox olmuşdur. Dünya bazarında rəqabət apara biləcək iqtisadi üstünlüyə sahib olan Azərbaycan xalqı məşum 27 Nisan fəlakəti ilə bu gün ac və səfil bir həyat sürməkdədir”.
“Türk Birliyi” jurnalının ilk sayı 1966-cı ilin aprelində nəşrə başlamışdır. Jurnalın sonuncu 47-ci sayı 1970-ci ilin fevralında nəşr edilmişdir.
Jurnalın sahibi və genəl yayım müdiri Kərim Alxan (Yaycılı), məsul müdiri isə Firidun O. Kuranər olmuşdur. Jurnalın fəaliyyət istiqamətləri belə olmuşdur: “Türklük üçün çalışır, aylıq milliyyətçi, kültür və sənət dərgisidir”.
Jurnalda əsasən aşağıdakı şəxslərin yazılarına üstünlük verilirdi. Jurnalın əsas yazarları: Kərim Alxan (Yaycılı), İldəniz Qurtulan, M. Haqqı Türkəqul, Çingiz Göygöl, Mustafa Vəkiloğlu, Süleyman Təkinər, Əhməd Cəfəroğlu, İsa Yusif Alptəkin, Məhəmməd Sadiq Aran, Əli Azərtəkin, Səlahəddin Qılınc, Əziz Alpaut, Məhəmməd Əli Rəsulzadə, Məhəmməd Əmin Rəsulzadə və Mirzə Bala Məmmədzadə .
Jurnal hər ilin 28 mayında və 27 aprel hadisələrində ayrıca yazılar çap etdirirdi.
Jurnalda əsir türklər, türk birliyi, Rusiya məhkumu türklər haqqında da məqalələrə yer verilirdi. Qeyd olunmalıdır ki, jurnalın hər yazısında M. Ə. Rəsulzadənin və M. B. Məmmədzadənin məqalələrinə rast gəlmək mümkündür.
Azərbaycan mühacirət mətbuatının tanınmış xadimlərindən olan Mehmet Sadıq Aran 50-ci illərdə iki jurnal nəşr etməyə başlasa da, bunların heç biri davamlı və uzunmüddətli olmamışdır. Bu jurnallardan biri “Türk Yolu”, digəri isə “Ərgənəkon Yolu” adlanırdı. Aylıq nəşr kimi nəzərdə tutulan “Türk Yolu”nun birinci sayı 1951-ci ilin mayın 28-də, beşinci sayı 1953-cü ildə, altıncı sayı 1954-cü ilin 28 mayında, yeddinci sayı isə 1955-ci ilin fevralın 7-də yayımlanmışdır.
“Türk Yolu” dərgisi öz fəaliyyət proqramını belə açıqlayırdı:
1. “Türk Yolu” milliyyətçidir və realist bir yol güdür.
2. “Türk Yolu” kommunist və qara irtica ilə mücadilə edir.
3. “Türk Yolu” türk dünyasının siyasi, coğrafi, ədəbi durumunu aydınlatmağa çalışır”.
“Ərgənəkon Yolu” isə öz fəaliyyətini belə müəyyənləşdirmişdi:
“Türk ölkəsində türk yolları hələ yapılmamış olduğundan, biz də türk yolunda yürüyə bilmədik.
Bundan ötrü amaca doğru əski dədələrimizin yürüdüyü qurtuluş yolunda, Ərgənəkon yollarında yürümək zorunda qaldıq. Bu tilsimli yollarda yürüyərkən heç bir yabançı dala tutunmadıq... Bir gün, bir bozqurd bizi Ərgənəkon tilsimindən qurtaracaqdır”.
Tanınmış tədqiqatçı Səbahəddin Şimşir azərbaycanlı mühacirlərin müntəzəm olmasa da, qısa müddətdə nəşr edilən bəzi məcmuələri haqqında maraqlı bilgilər verərək yazır: “Bu dönəmdə Avropada “Qurtuluş” məcmuəsi yazı heyəti tərəfindən uzun ömürlü olmayan (1 ilə 4 sayı arasında dəyişən) bir sıra məcmuə də yayımlanmışdır. Bu dövrdə yayımlanan məcmuələr bunlardır: “Açıq söz” (N1. iyul – avqust 1936; N2. sentyabr 1936; “Kutlu od” (N1. yanvar 1936; N2. yanvar 1937; “Aydın yol” (N1. fevral 1937); “Doğru söz”. (N1. may 1937) N2. iyun 1937; “Həqiqət” (N1. iyul – avqust (1937); “Vətən səsi”. N1. İlk noyabr 1937); “Vətən diləyi” (N12. dekabr – yanvar 1937); “Milli Atəş” (N1. dekabr 1938). “Millət andı” (N1. fevral 1938); “Yasamız” (N1. Mart 1938); “İlham qaynağı” N1. May, 1938); “Müqəddəs Odlar ölkəsi” (N1, iyun 1938); “Haqqın səsi” (N1. iyul-avqust 1938); “Dilək” (N1. yanvar 1939 – N4. aprel – 1939; “Haqq” (N1, may 1939); “Həmlə” (N1. iyun-iyul 1939).
Bu məcmuələrdə aşağıdakı şəxslərin yazıları üstünlük təşkil edir: Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Hilal Münşi, Azəri, Almaz İldırım, Kərim Yaycılı, Əbdülvahab Yurdsevər və b. Xarici müəlliflərdən isə aşağıdakıların yazılarına tez-tez rast gəlmək mümkündür: Prof. Herhardt von Mende, prof. Dr. Herbert W. Duda, prof. Dr. Herbert Yanski, dr. Bertold Sruler, Yohannes Venzinç və b.
Bu məcmuələrdə də Azərbaycan istiqlalı ilə bağlı çoxlu sayda yazılar dərc edilmişdir. Məcmuələrin bəzi sayları isə bütövlükdə 28 May İstiqlalına həsr edilmişdir. Məsələn, “İlham qaynağı” məcmuəsinin 1938-ci ildə Berlində nəşr edilən 1-ci sayı 28 May İstiqlalının ildönümünə həsr edilmiş və bu böyük hadisənin tarixi mənasını, əhəmiyyətini açıqlayan yazılar çap etmişdir.
Bundan əlavə, Müsavat Partiyasının orqanı olaraq 1926-cı ilin oktyabrında fransız dilində “Azərbaycan” jurnalı nəşr edilmişdir. Ayda bir dəfə nəşri planlaşdırılan jurnal əsasən Müsavat Partiyasının məqsəd və vəzifələri haqqında yazılar nəşr etmişdir. Lakin jurnalın son səhifəsində, redaksiya qeydində bildirilirdi ki, növbəti say iqtisadiyyata və başqa məsələlərə həsr edilmişdir. Jurnalın sonrakı fəaliyyəti ilə bağlı başqa məlumatlar əldə edilməmişdir. Eyni zamanda “Qurtuluş” jurnalının da alman dilində bir əlavəsi buraxılmışdır.
Bu əlavələrin nəşri də mühacirlərimizin ciddi fəaliyyət göstəricilərini təsdiqləyir.
Bu mətbuat orqanları bəzi hallarda davamlı nəşr edilməsə də, Azərbaycan tarixi və mədəniyyətinin yaşadılmasın, kommunist ideologiyasının təqdim etdiyindən daha fərqli və faydalılığını ictimai fikrə çatdırırdı.

 





22.09.2012    çap et  çap et