525.Az

“Ölüm mələyi”


 

“Ölüm mələyi”

Tanınmış yazıçı Mustafa Çəmənlinin “Ölüm mələyi” tarixi romanı işıq üzü görüb.

“Xallı gürzə”, “Səs qərib olmur”, “Fred Asif”, “Ruhların üsyanı” və başqa dəyərli kitabların müəllifi olan yazıçının “Ölüm mələyi” əsərində Azərbaycan tarixinin çox mürəkkəb və ziddiyyətli bir dövründən söz açılır. Romanda Səfəvi hökmdarı I Təhmasibin ömrünün son günləri, onun on doqquz il altı ay iyirmi bir gün Qəhqəhə qalasında dustaq etdiyi oğlu İsmayıl Mirzənin hakimiyyətə gəlməsi və fəaliyyəti öz əksini tapıb. “Ölüm mələyi” romanının süjet xətti və məzmunu tarixi romanlara xas ənənəvi döyüş səhnələri ilə deyil, saraydaxili ziddiyyətləri, insan münasibətləri, hakimiyyəti əldə etmək və onu qorumaq uğrunda mübarizə üsullarının təsviri ilə səciyyəvidir.

Əsər Şah İsmayılın oğlu I Təhmasibin çox ağır bir xəstəliklə yatağa  düşməsi ilə başlayır. Romanın sonrakı gedişatı Təhmasib şahın ölüm yatağında keçmişini xatırlaması ilə davam edir. Müəllif Təhmasib şahın anadan olduğu ildən ta hakimiyyətə gəlməsinə qədər olan hadisələri özünəməxsus tərzdə - maraqlı təhkiyə və axıcı təsvirlərlə qələmə alıb.
Mustafa Çəmənli bu romanda Şah İsmayıl Xətai ilə Osmanlı sultanı Sultan Səlim arasında baş verən çəkişmələri, iki böyük türk sərkərdəsinin bir-birinə düşmən mövqeyində dayanmasını da çox dolğun şəkildə oxucuya çatdırıb. Romanda “Çaldıran” döyüşünə qədər iki hökmdarın bir-birinə göndərdikləri məktublardakı sərt ismarıclar diqqəti xüsusilə cəlb edir. Sultan Səlimin Şah İsmayıla kəşkül, təsbeh göndərib  “sən get dərvişliyini elə”, Şahın da Sultana göndərdiyi tiryəklə “sən də get tiryəkini çək, nəşələn, sultanlıq sənə yaraşmaz” kimi sataşmalarla iki dövlət arasındakı düşmənçilik atəşini daha da alovlandıraraq Çaldıran döyüşünə gətirib çıxarmaları əsərdə qabarıq şəkildə öz əksini tapıb. Səfəvilər xəndanının böyük bir dövrünü əhatə edən bu romanda bir sıra tarixi şəxsiyyətlərin dolğun obrazları yaradılıb. 

GÜNEL

 





22.09.2012    çap et  çap et