525.Az

“Metsamor” AES məsələsində yekun qərarı İrəvan yox, Moskva verir”


 

“Metsamor” AES məsələsində yekun qərarı İrəvan yox, Moskva verir”

Müsahibimiz Kaliforniya-İrvin Universitetinin kriminologiya, hüquq və cəmiyyət fakültəsinin tələbəsi, Pax Turcica İnstitutunun üzvü Rəfiqə Qurbanzadədir.

- Ötən ay siz “Turkish Weekly” jurnalında “Metsamor, Qafqazın Fukusiması” adlı məqalə dərc etdiniz. Bu mövzuya müraciət etməyiniz təsadüfdür?

- Xeyr, “Metsamor” (AES) uzun müddətdir ki, təkcə Ermənistanın qonşularını deyil, həmçinin beynəlxalq ictimaiyyəti, xüsusən də avropalı müşahidəçiləri narahat edir. Yaponiyada 2011-ci ildə baş verən zəlzələ və sunami nəticəsində “Fukusima” AES-də radioaktiv maddələrin ətrafa yayılması Qafqaz kimi seysmik regionda AES-lərin insanlara və ətraf mühitə təsiri məsələsini gündəmə gətirdi. Və 11 avqust 2012-ci il tarixində qonşu Cənubi Azərbaycan bölgəsində (İran) baş verən dağıdıcı zəlzələ “Metsamor” AES fəaliyyətdə olduğu müddətdə Cənubi Qafqaz regionunun Fukusima Daiçinin üzləşdiyi fəlakətlə üzləşmək təhlükəsində olduğu barədə bir xəbərdarlıq oldu.

- Siz Fukusima Daiçi ilə “Metsamor”u əlaqələndirdiniz. Eyni fəlakətin Cənubi Qafqazda başvermə ehtimalı nə dərəcədədir?

- Dünyada baş verən zəlzələlərin 90-95%-i tektonik plitələrin sərhədlərində baş verir ki, bu sərhədlərdən biri də Cənubi Qafqazdan keçir. Ərəbistan və Avrasiya tektonik plitələri vaxtaşırı burada toqquşur və bunun nəticəsində Cənubi Qafqaz boyunca, şərqi Türkiyədə və şimal-qərbi İranda dağıdıcı zəlzələlər baş verir. Ermənistan özü 1988-ci ildə episentri “Metsamor” AES-dən elə də uzaqda olmayan dağıdıcı zəlzələ ilə üzləşib. Bundan əlavə “Metsamor” AES 1960-cı illərdə modelləşdirilmiş köhnə Sovet VVER reaktorlarından ibarətdir. Bu reaktorlarda təhlükəsizliyin saxlanma strukturu yoxdur və Çernobl RBMK reaktoru kimi təkdivarlıdır. Hər hansı bir hadisə baş versə, təkdivarlı reaktorun axmanın qarşısını almaq qabiliyyəti azdır. Bu səbəbdən bir çox beynəlxalq ekspertlər bu cür reaktorları ən təhlükəli reaktorlar hesab edir. “Metsamor” AES-in seysmik coğrafi məkanda yerləşməsi və köhnə olması faktoru ikisi birlikdə Ermənistan və onun qonşuları üçün böyük təhlükə yaradır.

- AES-in həddən artıq təhlükəli olması ilə bərabər, Ermənistan bu stansiyanı bağlamaqdan imtina edir. Ermənistanı bu mövqeyi dəyişməyə nə vadar edə bilər?

- Ermənistan enerjiyə olan tələbatının 40 faizini “Metsamor” AES-lə təmin edir. Bu səbəbdən ümumilikdə götürdükdə stansiyanın fəaliyyəti, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığı müddətdə ölkə iqtisadiyyatı üçün çox önəmlidir və Ermənistanın alternativ enerji mənbələrinə müraciət etmə imkanları məhduddur. Bundan əlavə, yaddan çıxarmayaq ki, nüvə yanacağı təchizatlarına görə Ermənistanın Rusiyaya 40 milyon dollar məbləğində borcunun əvəzi olaraq, 2003-cü ildən etibarən “Metsamor” AES-in fəaliyyəti Rusiya Dövlət Atom Enerji Korporasiyasına (RosAtom) məxsus olan İnter RAO UES tərəfindən aparılır. Beləliklə, Ermənistanın geosiyasi gələcəyi ilə bağlı bütün məsələlərdə olduğu kimi, “Metsamor” AES məsələsində də yekun qərarı İrəvan yox, Moskva verir. Rusiyanın da öz növbəsində “Metsamor”un fəaliyyətində böyük marağı var, çünki bu neft və qaz kimi digər enerji təchizatlarına ehtiyacı azaldaraq Ermənistanın Rusiyanın atom yanacağından olan enerji asılılığını daha da dərinləşdirir. Bundan əlavə, özünü Rusiyanın təsir dairəsi altına daha da salan Ermənistan üçün öz qonşuları ilə əlaqələri yaxşılaşdırmaq stimulu daha azdır. Buna görə də, Avropa İttifaqı və ya ABŞ daha ciddi narahatlıq büruzə verməyincə və Rusiya öz mövqeyini nəzərdən keçirməyincə, “Mestamor”un yaxın gələcəkdə bağlanma ehtimalı yoxdur.

- Regiondan kənarda kimsə bu məsələnin nə dərəcədə ciddi olduğunu anlayır? Qafqazda radioaktiv təhlükənin olması faktını tanıtmaq üçün diaspora hansı addımları atmalıdır?

- 2011-ci ildə Fukusima Daiçidə baş verən hadisədən öncə dünya ölkələrinin əksəriyyəti zəlzələ və ya digər təbii hadisə baş verdikdə AES və onun təbiətə potensial təhlükəsindən agah deyildilər. Bu Çernobl və “Metsamor” AES-ə aiddir. Əfsuslar olsun ki, insanlar fəlakətli nəticələri gördükdən sonra bu təhlükələri anlayırlar. Bu təhlükəni tanıtmaq üçün medianı və Avropada və Şimali Amerikada olan müvafiq dövlət agentliklərini, həmçinin beynəlxalq təşkilatları “Metsamor”dakı vəziyyətlə bağlı vaxtaşırı məlumatlandırmaq lazımdır. “Metsamor” AES Türkiyə sərhədindən 16 km uzaqda və Naxçıvan Muxtar Respublikasının yaxınlığında yerləşir. Təbii ki, ABŞ-da, Kanadada və Avropada fəaliyyət göstərən Türk və Azərbaycan diasporası çalışmalıdırlar ki, bu məsələni bu ölkələrin beynəlxalq siyasi gündəminə gətirsin. Bunu həmçinin erməni diasporası etməlidir, əgər o Ermənistan və onun əhalisinin ətraf mühit təhlükəsizliyinə və firavanlığına görə narahatdırsa.

PƏRVANƏ

 





22.09.2012    çap et  çap et