525.Az

Müasir anlamda qadın və gender bərabərliyi problemi


 

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Müasir anlamda qadın <b style="color:red">və gender bərabərliyi problemi </b>

Gender bərabərliyi - bütün fəaliyyət sferalarında kişi-qadın bərabərliyidir  

Çağdaş dövrdə "gender bərabərliyi" mövzusu olduqca aktualdır. Cəmiyyətin diqqət mərkəzindəki məsələlərdən olan bu anlayış özündə ictimai, siyasi, mədəni və digər sahələrdə kişi-qadın bərabərliyini ehtiva edir. Cinsi ayrı-seçkilik daha çox idarəçilikdə və söz sahibi olmaq məqamlarında özünü büruzə verir. Belə halların olmaması üçün ölkə vətəndaşlarının cins, irq, din, milliyyətindən asılı olmayaraq qanun qarşısında bərabər olduqları və eyni məsuliyyəti daşıdıqlarını bilmək vacibdir.

Gender bərabərliyi cəmiyyətdə daha çox qadınlara qahmar çıxmaq, onlara xüsusi diqqət göstərmək kimi xarakterizə edilir. Əslində bunlar tamam fərqli anlayışlardır. Çünki sadalananlar hüquqi yox, etik müstəvidən yanaşmadır. Qadınların çox zaman haqlı narazılıqları, kişilərinsə idarəçilik iddiaları gender bərabərliyinin şərtlərinə əməl olunmamasına yol açır, nəticədə balans pozulur. Qadın və kişilərin hüquqi, sosial, mənəvi baxımdan bərabər olması sağlam ailə institutunun inkişafı üçün də mühüm addım sayıla bilər.

Əksər dünya ölkələrində bu sahədə bir çox qanunlar qəbul edilib. Hər hansı fiziki və cinsi özəlliyinə görə fərqlər qoyulmasına görə müəyyən addımlar atılıb, mühüm beynəlxalq sənədlər müəyyən edilib. 

Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət: Azərbaycanda gender bərabərliyinin tarixi 

Dünya praktikasına nəzər salsaq, Yeni Zelandiya 1893-cü ildə qadınlara seçki hüququ verən ilk dövlət olub. Avropada qadınlara seçki hüququnu verən ölkələr sırasında ilk yerləri isə müvafiq olaraq Norveç, Finlandiya və İslandiya tutur. Qadın hüquqları məsələsinin hələ İnqilab dövründə Olimpiya de Quj tərəfindən səsləndirilməsinə, qabaqcıl fikir adamlarının qadınlara cəmiyyətdə ikinci dərəcəli kimi baxılmasının radikal tənqidçiləri olmasına baxmayaraq, Fransa Avropada qadınlara seçki hüququ verən son ölkələr arasındadır.

1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk respublika kimi tarixə düşüb. Azərbaycan qadınları İslam dünyasında səsvermə hüququnu alan ilk qadın cəmiyyəti olaraq bu baxımdan avropalı və amerikalı həmcinslərini geridə qoyub. Həmin dövr üçün ağlasığmaz olan addım həm də Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması prosesinin uzun və şərəfli tarixə malik olmasının göstəricisidir.

Azərbaycanda gender bərabərliyinə möhkəm təminat var  

1998-ci ildə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması, "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" sərəncamları, 2000-ci ildə "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman Heydər Əliyevin Azərbaycanda gender bərabərliyinin təminatçısı olduğunu təsdiq edir. 2006-cı ildə ölkəmizdə qəbul edilən "Gender bərabərliyinin təminatı haqqında" qanuna görə, Azərbaycanda cinsi mənsubiyyətə görə hər cür ayrı-seçkiliyi qadağan olunub.

H.Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gender bərabərliyi istiqamətində atılan addımlar, görülən işlər ölkəmizdə demokratik cəmiyyətin qurulmasına bir çox töhfələr verib.

Müasir Azərbaycan: Müstəqillik dövründə qadınlar 

Azərbaycan qadınları XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçməyi bacarıblar. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Bütün bunların əksər hissəsi Sovet dövründə gerçəkləşsə də, bu nailiyyətlərin əsas hissəsi müstəqillik dövrünün payına düşür. Azərbaycan müstəqillik qazandıqdan, ölkədə sabitlik bərpa edildikdən sonra qadınların siyasi, eləcə də ictimai müstəvidə rolu xeyli dərəcədə artıb. Konstitusiyamız qarşısında qadınlar və kişilər eyni hüquqlara malikdirlər. Bu prosesi daha da sürətləndirmək üçün bir sıra qanunlar qəbul edilib, tədbirlər planı həyata keçirilib və keçirilməkdədir. 

Birmənalı şəkildə demək olar ki, Azərbaycanda gender bərabərliyi dövlət tərəfindən ciddi şəkildə təmin olunur. Ölkəmiz 1995-ci ildə BMT-nin "Qadınlara Qarşı Ayrı-seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında" Konvensiyanı ratifikasiya edib. Sözügedən konvensiyada sadəcə cinsi əlamətə görə, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi nəzərdə tutulur.

Müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Azərbaycan qadını bu gün idarəçilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə orqanlarında təmsil olunur, məsul vəzifə daşıyır.

Ailə, Qadın və Uşaq Problemləri, Tələbə Qəbulu üzrə Dövlət komitələrinin rəhbərləri, eləcə də İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) qadındır. Hazırda ali qanunverici orqanımız olan Milli Məclisdə qadınlar yüksək səviyyədə təmsil olunur. Respublikada hökm sürən demokratik mühit qadınların istənilən sahədə inkişafı üçün əlverişli zəmin yaradır.

Qadın hüquqlarının fəal qoruyucusu

Respublikada qadın hərəkatının geniş vüsət almasında, sistemli fəaliyyətinin genişlənməsində Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkli Mehriban Əliyevanın xidmətləri də xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi qayğıkeşlik və insanpərvərlik keyfiyyətlər Mehriban Əliyevanın timsalında təcəssüm tapıb. O, Azərbaycan qadınını YUNESKO və İSESKO kimi mötəbər qurumlarda layiqincə təmsil edir, ölkəmizi xaricdə tanıtmaq yolunda mühüm işlər həyata keçirir.

"Şərqdə daha çox kişilər dominantdır" 

Gender bərabərliyi ilə bağlı fikirlərini öyrəndiyimiz millət vəkili Jalə Əliyevanın fikrincə, Azərbaycan qadını müasirliyi, müstəqilliyi ilə yanaşı həm də Şərqi təmsil edir:

"Bilirsiniz ki, Şərqdə daha çox kişilər dominantdır, əksər qadınlar tabe olmaq üçün tərbiyələndirilirlər. Son illərdə gender bərabərliyi mövzusu xüsusən qabardılır. Düzdür, bu müəyyən mənada qıcıq doğura bilər, amma hesab edirəm ki, cinsi ayrı-seçkiliyi azaltmaq, cinslərarası balansın bərpası üçün vacibdir.

Təsəvvür edin ki, hələ də ailələrdə qız övladı ilə oğlan övladı arasında fərq qoyulur. Bəzən selektiv aborta belə əl atılır. Məncə, bütün bunların qarşısını almaq üçün daha çox maarifləndirici tədbirlər həyata keçirmək lazımdır".

"Qadınlar 20 il əvvəl kişilərin hansısa məsələdə dominantlıqlarını normal sayırdılarsa, indi bunu qəbul etmirlər" 

Psixoloq Elnur Rüstəmov gender bərabərliyi anlayışını lokallaşdırmağın əleyhinədir: "Bu, təkcə Azərbaycanla bağlı məsələ deyil, dövrün, sivilizasiyanın tələbidir. Qərb ölkələrindən qaynaqlanır və bu gün Azərbaycan cəmiyyətinə sirayət etməkdədir. Bəziləri gender bərabərliyini feminizmlə eyniləşdirir. Əslində sözügedən anlayışlar tamam fərqlidir. Feminizm qadın hüquqlarını önə çəkirsə, gender bərabərliyi bu ayırımçılığın əleyhinə çıxır, cinsindən asılı olmayaraq insanların eyni hüquqa malik olması düşüncəsini müdafiə edir".

Psixoloqun fikrincə, ölkədə cinslərarası konfliktlər əsasən məişət müstəvisində aktualdır:

"Əvvəllər kişi və qadın arasında əmək bölgüsü var idisə, indi bütün bunlar arxada qalıb. Texnologiyanın, eləcə də sivilizasiyanın inkişafı bu fərqi heçə endirib. Qadınlar daha aktiv, dinamik həyat tərzi sürürlər.

Hazırda Azərbaycanda qadınlar bütün sahələrdə vəzifə sahibidirlər. Qadın millət vəkilləri, siyasətçilər, hərbçilər, eləcə də bir çox başqa qadın vəzifə sahibləri kifayət qədərdir. Düzdür, bizdə bu proses tam başa çatmayıb. Diqqət etsək görərik ki, konfliktlər, zorakılıqlar az deyil. Amma bir məsələ də var ki, bütün bunlar daha çox məişət müstəvisində cərəyan edir. Ailədaxili məsələlərdə bəzən kişilər qadının müstəqilliyini qəbul edə bilmir. Yaxud qadınlar 20 il əvvəl kişilərin hansısa məsələdə dominantlıqlarını normal sayırdılarsa, indi bunu qəbul etmirlər. Düşünürəm ki, zaman keçdikcə bu məsələlər öz həllini tapacaq". 

"Qadınlar və kişilər qanun qarşısında bərabərdir, amma..."

Vəkil Zülfiyyə Bayramova məsələyə hüquqi tərəfdən yanaşıb:

"Qadınlar və kişilər qanun qarşısında bərabərdir, amma yeganə istisna qanunvericilikdə qadına ömürlük həbs verilməməsidir. Qalan bütün məsələlərdə məsuliyyət bərabərdir".

Z.Babayeva ölkədəki gender bərabərliyinin göstəricisindən məmnun deyil:

"Cəmiyyətimizdə xeyli stereotip var. Yazılmamış qanunlar kişilərə daha çox meydan verir. Adicə qadın ailə quranda "ər evindən meyiti çıxmalıdır" deyilir, yaxud qadınların təhsil almasına qarşı çıxılır. Bunlar yanlış düşüncə tərzidir".

"Gənclər ailə qurmazdan əvvəl gender stereotiplərini gözdən keçirməlidirlər"

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl hesab edir ki, gender bərabərliyi bir çox sahələrdə təmin edilmir:

"Azərbaycanda gender bərabərliyi qanunvericilik cəhətdən təxminən 80 faiz yaxşı vəziyyətdədir.

Qanunlarda bəzi çatışmazlıqlar olmasına baxmayaraq ümumilikdə gender bərabərliyinin təminatına şərait yaradır.

Təəssüf ki, bu məsələnin icrası ilə bağlı ciddi problemlər var. Buna görə də gender bərabərliyi bir çox sahələrdə təmin edilmir".

Ailədaxili gender bərabərliyinə də toxunan Şəhla İsmayıl bildirir ki, düzgün yanaşma sayəsndə həll edilməyəcək problem yoxdur:

"Ailə qurulmasında hər iki tərəf könüllü olmalı, məsuliyyət daşımalıdır. Gənclər ailə qurmazdan əvvəl ailə həyatı və bərabər hüquqlar barədə maarifləndirilməli, gender stereotiplərini gözdən keçirməlidirlər.

Xalqımıza xas kişi mühafizəkarlığı "sahibkarlığa" çevrilməməlidir. Hər iki tərəf danışıq aparmaq bacarığına, qarşı tərəflə ünsiyyət qabiliyyətinə malik olmalı, bir-birini dinləməyi bacarmalıdır. Qarşılıqlı hörmət əsasında ailədə həll edilməyəcək heç bir problem yoxdur. Ailə qurduqdan sonra iqtisadi azadlıq, xüsusilə də qadının iqtisadi azadlığı çox mühümdür. Hətta ailə qurmazdan əvvəl bu məsələ müzakirə olunmalıdır. Tədqiqatlar göstərir ki, işləyən qadın ailədə evdar qadından daha rahat mühit yaradır, burada anlaşma şəraiti daha əlverişli olur".

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 





03.03.2016    çap et  çap et