525.Az

Vətənpərvərlik hər kəsin qəlbindədir


 

Vətənpərvərlik hər kəsin qəlbindədir<b style="color:red"></b>

Əsl vətəndaşlar həyatın mənasını vətənə, dövlətə, xalqa sədaqətlə xidmət etməkdə görən  insanlardır. Onlar bu yolda fədakarlıqla çalışır, yorulmaq bilmir, var qüvvələrini sərf  edirlər.

Ağcabədi rayonundakı Alı Mustafayev adına orta məktəbin tarix müəllimi, 59 yaşlı Elbrus Mirzəyev də belə insanlardandır. O, adıçəkilən bölgənin nüfuzlu ağsaqqallarından sayılan atası Vəliş kişi kimi daim dövlətə, dövlətçiliyə bağlı, sədaqətli bir ziyalı kimi tanınıb.

Dövlətimizi ürəkdən sevən, ona ləyaqətlə xidmət etməyi özünə borc bilən Elbrus müəllim tədris etdiyi tarix dərslərində bu yüksək məziyyətləri şagirdlərinə də aşılamağa, onları vətənpərvərlik ruhunda tərbiyə etməyə, həqiqi vətəndaş kimi yetişdirməyə  can atır.

Odur ki, dərs saatlarında, məktəb tədbirlərində, söhbətlərində vətənimizin tarixi keçmişi, coğrafiyası, mental dəyərlərimiz, adət-ənənələrimiz, milli mədəniyyətimiz, dövlət atributlarımız barədə sevə-sevə, ürəkdolusu danışır. Dövlətçiliyimizin  aşiqi olan pedaqoq dövlət atributlarımıza yüksək hörmət və məhəbbətlə yanaşır, onları həmişə müqəddəs və əziz tutur. Səriştəli pedaqoq tədris prosesində dövlətimizin tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər, dövlət xadimləri barədə mövzulara da tez-tez toxunur, onların vətən qarşısında xidmətlərini böyük həvəslə  təbliğ edir.

Həmin tarixi şəxsiyyətlər sırasında xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin adı xüsusi yer tutur. Dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin qorunub saxlanılmasında, Azərbaycanın yeni, müasir inkişaf yoluna qədəm qoymasında ulu öndərin misilsiz xidmətlər göstərdiyini vurğulayan Elbrus Mirzəyev onun əziz xatirəsi önündə daim baş əyir, özünün azərbaycanlı olmasından qürur duyur. O, gənc nəslə vətəni,milləti və dövləti ulu öndər Heydər Əliyev kimi sevməyi öyrədir.

E.Mirzəyev Heydər Əliyevin ideyalarının bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini alqışlayaraq, son illər respublikamızda misli görünməmiş quruculuq işləri həyata keçirildiyini, yüksək sosial-iqtisadi nailiyyətlərə imza atıldığını iftixar hissi ilə qeyd edir. Onun dediyi kimi, Ağcabədi rayonunun timsalında bunlar aydın əksini tapıb. Sözügedən bölgənin ucqarlarından hesab olunan Yuxarı Qiyamadınlı kəndi Sovet dönəmində uzun illər gözdən-nəzərdən uzaq düşüb, ciddi sosial problemlərlə üzləşib,hətta Qarabağ döyüşləri zamanı düşmən hücumlarına  da məruz qalıb. Hazırda ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində kənd abad ərazilərdən birinə çevrilib. Son vaxtlar bərbad yolların yenidən qurulması, təbii qaz xətlərinin çəklişi, yeni, müasir məktəb binasının istifadəyə verilməsi  mühüm əhəmiyyət  kəsb edib və əhali tərəfindən minnətdarlıqla qarşılanıb.

Elbrus müəllimin qənaətinə görə, heç bir dövlət çətinliklərdən sığortalanmayıb. Ancaq çətinlik, problem vətəndaşlıq hisslərini sarsıtmamalıdır. Vətənpərvərlik insanın qəlbinin hakimidir. Hər kəs xoş gündə də, ağır məqamda da dövlətinin, dövlət başçısının yanında olmalı və öz dəstəyini verməyi bacarmalıdır.

Torpaqlarımızın 20 faizindən çoxunun erməni işğalı altında olması ilə heç cür barışmayan Elbrus Mirzəyev hər an ərazilərimizin mənfur düşmən tapdağından  xilas olması  arzusu ilə yaşayır. O,ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun xalqın bu istəyini tezliklə gerçəkləşdirəcəyinə möhkəm əmindir.

 





10.03.2016    çap et  çap et