525.Az

“Dava-dava” oyunu


 

“Dava-dava” oyunu<b style="color:red"></b>

Hamımız körpə olmuşuq. Hərənin uşaqlığı bir cür keçib. Kimi qayğı ilə əhatələnib, “yox" sözü eşitməyib, kimi isə çətinliklərin “dad"ını uşaq vaxtı dadıb. Kimi valideyn himayəsində böyüyüb, kimi isə uşaq evində. Kimi əmin-əmanlıq içində yaşayıb, kimi isə müharibənin, od-alovun cəngində. Kimi böyüyüb, boya-başa çatıb, kimi isə... Amma bütün uşaqları birləşdirən bir nəsnə olub - uşaq əyləncəsi.

İnternetin, mobil rabitənin, videooyunların olmadığı bizim uşaqlıq dövrümüzdə boş vaxtımızı öz təfəkkürümüzün məhsulu olan müxtəlif oyunlar oynamaqla keçirirdik. “Gizlənqaç", “yeddidaş", “klass-klas", “qaçdı-tutdu", “onbirtuş"... Sevimli əyləncələrimizdən biri də “dava-dava" oyunu idi. Özümüzə qurğuşundan tapança, yeşik taxtalarından  “avtomat" düzəldib həvəslə oyuna başlayırdıq. Kimin “sovet", kimin isə “nemes" olmasını müəyyənləşdirəndə həmişə mübahisə düşürdü. Hamı “sovet" olmaq istəyirdi. Hərənin də bir ləqəbi olurdu - “Bəxtiyar", “Mixaylo", “Qaçaq Nəbi", “Qatır Məmməd"... Hərdən bizim “dava-dava" oyunumuza böyüklər həvəslə tamaşa edirdilər. İllər keçdi, dövran dəyişdi. Bu dəfə ermənilərin “dava-dava oyunu" başladı. Böyüklər iştirakçı, uşaqlar isə tamaşaçı oldular. 

Ermənistanın respublikamıza ərazi iddiası, torpaqlarımızın işğalı nəticəsində on minlərlə soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb, minlərlə insan vəhşiliklə öldürülüb, əsir götürülüb. Onların arasında uşaqlar da az deyil. Təkci bir faktı misal gətirək - Xocalı faciəsində qətlə yetirilən 613 nəfərdən 76-ı uşaq idi. Müharibə hələ başa çatmayıb və ən azı işğal olunmuş torpaqlarımızın azad olunduğu günə qədər davam edəcək.

Bu gün Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlarda, daha dəqiq, qoşunların təmas xəttində onlarla yaşayış məntəqəsi yerləşir ki, orada yaşayan əhalinin böyük bir hissəsini uşaqlar təşkil edir. Həmin uşaqların təhsili, fiziki və mənəvi inkişafı dövlətimiz tərəfindən həmişə diqqət mərkəzində saxlanılıb. Qoşunların təmas xəttində yerləşən yaşayış məntəqələrinin və orada yaşayan əhalinin, o cümlədən uşaqların sayı barədə dəqiq rəqəmlər olmasa da, Dövlət Statistika Komitəsinə göndərdiyimiz sorğuya əsasən bəzi məlumatlar əldə edə bildik. Belə ki, hazırda qoşunların təmas xəttində yerləşən 11 rayon və Naxçıvan Muxtar Respublikasında əhalinin sayı ümumilikdə 1.541.700 nəfərdir. Onlardan 680.100-ü 17 yaşına çatmamış uşaqlardır. Həmin uşaqların normal təhsil almaları, idmanla məşğul olmaları üçün dövlətimiz na kimi işlər görüb?

Statistika Komitəsindən aldığımız digər məlumata görə, bu gün həmin rayonlarda 924 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir ki, həmin təhsil ocaqlarında ümumilikdə 170.176 şagird təhsil alır. Şagird sayı az görünə bilər. Amma nəzərə alaq ki, həmin rayonlarda qeydiyyatda olanların bir hissəsi başqa yaşayış məntəqələrində yaşayırlar. Bundan başqa bu rayonlarda 7 Olimpiya İdman Kompleksi və 25 stadion, həmçinin 100-dən çox idman zalı var ki, orada da 225.428 nəfər idmanın bir neçə növü üzrə məşğul olur.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə isə, nazirliyin balansında olan 25 Olimpiya İdman Kompleksindən gün ərzində 3.436 idmançı istifadə edir. Cəbhə bölgəsində yerləşən Ağdam, Füzuli, Tovuz, Göy-göl OİK-də bu rəqəm 451-dir. Bu gün həmin komplekslərdə, stadionlarda, idman zallarında idmanla məşğul olan uşaq və gənclərin neçəsinin gələcəkdə yüksək nailiyyətlər qazanacağını, neçəsinin olimpiya və ya dünya çempionu olacağını kimsə deyə bilməz. Lakin bu sayəhə dövlət qayğısı, aparılan səmərəli iş  gələcəyə nikbin baxmağa əsas verir. Müasir Azərbaycan idmanı tarixində müharibənin, od-alovun içində böyüməsinə, qaçqın həyatı yaşamasına və digər çətinliklərə baxmayaraq, idmanda böyük uğurlar qazanan, bayrağımızı yüksəldən idmançılar az deyil. Onlardan biri də yaxınlarda Azərbaycanın peşəkar boks tarixində ilk dəfə WBF  və WBCA versiyalarında dünya çempionu olmuş Fariz Məmmədovdur.

Fariz 1980-ci il fevralın 5-də Ağdamda anadan olub. 4 qardaşın sonbeşiyidir. Onun uşaqlığının kiçik bir hissəsi əmin-əmanlıq dövrünə təsadüf edib.

1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin erməni icması Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdikdən sonra illərlə gizli şəkildə davam edən nifaq və nifrət yenidən alovlandı. Münaqişə silahlı xarakter aldı və ilk qurbanlar verdik.
 
Həmin vaxt Farizin cəmi 8 yaşı var idi. 5 yaşından güləşlə məşğul olmağa başlayan balaca Fariz uşaqların “dava-dava" oyununun deyil, ermənilərin “dava-dava oyunu"nun iştirakçısı oldu:

“Uşaq vaxtı çox dalaşqan idim. Yeri gəldi, gəlmədi, dalaşırdım. Döyüldüyüm yadıma gəlmir, həmişə döyürdüm. Müharibəyə görə əyləncə arxa plana keçmişdi. Tay-tuşlarım müxtəlif oyunlar, o cümlədən futbol oynayanda mən daha çox müharibəni yaxınlıqdan izləmək, savaşmaq istəyirdim. Evimiz Mərkəzi Xəstəxananın yanında idi. Tez-tez həyətimizin hasarına çıxıb orada baş verən hadisələri izləyirdim. Hər gün xəstəxanaya yaralılar, şəhidlər gətirilirdi..."

Günlərin birində 12 yaşlı Fariz dəftər-kitabı kənara ataraq Ağdamın könüllülərindən ibarət batalyonuna üzv yazılmaq, döyüşmək istəyir.  Batalyonun komandirləri rəhmətlik Eldar Bağırov  və onun qardaşı, milli qəhrəman, Naxçıvanik yaxınlığında minaya düşərək həlak olmuş Allahverdi Bağırov idi. Həmin batalyonda Farizin idman müəllimləri və böyük qardaşı Mahir Məmmədov da vuruşurdu. Digər qardaşı isə milli qəhrəman Fred Asifin rəhbərlik etdiyi batalyonda idi: “Əsgərlərin yanına gedib vuruşmaq istdiyimi bildirdim. Gözləmək olardı ki, uşaq olduğumu əsas gətirərək məni evə göndərəcəklər. Amma düşündüyümün əksi baş verdi. Əsgərlər məni əhatəyə aldılar, cəsarətimə görə qucaqladılar, hərbi paltar və ayaqqabı verdilər. O gündən həmin batalyonun bir üzvü, könüllülərin talismanı oldum. Məni kiçik qardaşları kimi əzizləyib, qoruyurdular. Hətta mənə avtomat da vermişdilər. Doğrudur, silah çox vaxt üstümdə olmurdu. Üstəlik, təhlükəli olduğu üçün döyüşlərə də aparılmırdım. Deyirdilər ki, sən burada bizə lazımsan. Uşaq idim, inanırdım. Amma postlara gedirdim. Bir dəfə də komandirimiz Allahverdi Bağırov məni özü ilə Əsgəran yaxınlığında əsirləri dəyişməyə aparmışdı. Ermənilər məni görəndə çox təəccüblənmişdilər..."

Fariz Ağdamın işğalına kimi həmin batalyonun üzvü olub. İşğaldan sonra isə peşəkar idmana qayıdıb. Daha doğrusu, buna məcbur olub. Uşaqlıqdan döyüşçü həyatı yaşayan Fariz bu gün də döyüşür. Özünün dediyi kimi, beşiyinin başında döyüşçü laylası oxunub. Farizdən hazırda eynən onun uşaqlığını yaşayan, döyüş bölgələrində böyüyən uşaqların gələcəkdə idmanın hansısa növündə uğur qazanması üçün nə etməli olduqlarını soruşdum. Cavabında onların istəkləri uğrunda mübarizə aparmalı, vaxtlarını boş işlərə deyil, məşqlərə sərf etməli olduqlarını söylədi: “Bunun üçün rayonlarımızda xeyli idman qurğuları, zallar, olimpiya kompleksləri  var. Ağdam döyüşkən zonadır. Orada əhalinin uşaqdan tutmuş yaşlısına kimi hamıda döyüşçü ruhu var. Boks da bir döyüş növüdür. Bunu əsas gətirərək bir müddət əvvəl “Qəbələ" İdman Klubuna Ağdamda boks bölməsinin yaradılmasını təklif etdim. Boks Federasiyasına müraciət etdikdən sonra Quzanlıda belə bir bölmə yaratdıq. Hazırda orada 100-ə yaxın uşaq boksla məşğul olur. Həmin boksçular sabahın əsgərləri, döyüşçüləridir. Bölmə 2 ildir fəaliyyət göstərir. Bəhrəsini artıq görürük. Bir neçə boksçumuz yeniyetmələr arasında müxtəlif çəki dərəcələrində respublika çempionu olublar. Gələcəkdə daha böyük uğurlar qazanacaqlarına inanırıq və bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik. Ağdamdan sonra Gəncədə, Tovuzda, Şəmkirdə də bu gür bölmələr yaratdıq. Həmin bölmələrdə yüzlərlə uşaq boksla məşğul olur. Mütəmadi olaraq bölmələrdə gedən işlərlə maraqlanıram. Peşəkar karyeramı bitirdikdən sonra isə vaxtımı bütünlüklə bu işə sərf etmək fikrindəyəm. Məqsədimiz Azərbaycana, idmanımıza layiqli xidmət göstərmək, istər rinq, istərsə də ermənilərlə savaş üçün döyüşçülər hazırlamaqdır. Bu, həm də uşaqların vaxtlarını səmərəli keçirməsi, pis vərdişlərə aludə olmaması baxımından əhəmiyyətli işdir".

Uşaqlığının müharibə içində keçməsinə görə üzülməyən Fariz indiki uşaqların belə həyat yaşamasını istəmir: “Əlimə avtomat alanda fikirləşmirdim ki, uşağam. Özümü uşaq kimi hiss etmirdim. Tez böyümək istəyirdim. Naxçivanik, Pircamal və digər döyüşlər, Xocalı faciəsi heç vaxt yadımdan çıxmaz. Gözümün qarşısında çox insanlar həyatlarını itiriblər, Bu üzdən həmişə ölmək yox, öldürməyi düşünmüşəm. 12 yaşımdan döyüşçü həyatı yaşayıram. Fərq etməz, məkan müharibə meydanı, ya rinq olsun".

Bu gün Fariz kimi uşaqlar az deyil. Doğrudur, onlar əsgər yox, özlərinin uşaqlıq həyatlarını yaşayırlar. Kimi cəbhədən uzaqda sakit həyat tərzi keçirir, tay-tuşları ilə “dava-dava" oyunu oynayır, kimi isə səngərlərin bir neçə metrliyində “dava-dava oyunu"na tamaşa edir. Harada yaşamalarından asılı olmayaraq uşaqlarımıza mübarizlik, döyüşkənlik ruhunu aşılamalıyıq.

E.ə. VI-V əsrlərdə yaşamış qədim yunan filosofu və riyaziyyatçısı Pifaqor demişdi: “Uşaqlarınızın göz yaşlarını qoruyun. Həmin göz yaşları məzarınız üstündə ağlayanda onlara lazım olacaq". Pifaqorun aforizmində kiçik dəyişiklik edərək demək istəyirik ki, uşaqların döyüş ruhunu qoruyaq, onlar gələcək qələbələrdə bizə lazım olacaq.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

 





23.03.2016    çap et  çap et