525.Az

Multikultural Azərbaycan dünyanın diqqət mərkəzində


 

Azərbaycan - multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?

Multikultural Azərbaycan dünyanın diqqət mərkəzində <b style="color:red"></b>

"Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir..."

Bu fikirlər Azərbaycan prezidenti İlham Əliyevin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında imzaladığı 2014-cü il 15 may tarixli Fərmanında öz əksini tapıb.

Fərmanın digər müddəasına görə, "multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq" Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması multikulturalizmin Azərbaycanda əsrlərə söykənən həyat tərzi və dövlət siyasətinin prioritet istiqaməti olduğunu sübut edən faktdır. Mərkəz fəaliyyəti dövründə çox böyük uğurlara imza atıb; ölkənin 28, dünyanın 13 nüfuzlu universitetində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi,  Beynəlxalq Multikulturalizm yay və qış məktəblərinin mütəmadi təşkili, Azərbaycan multikulturalizminin təşviqi və təbliği istiqamətində böyük əhəmiyyətə malik simpozium, forum, kollokvium və dəyirmi masaların təşkili, eləcə də çoxsaylı tədbir və layihələrin həyata keçirilməsi Azərbaycanı fenomenal multikultural ölkə kimi dünyanın diqqət mərkəzinə gətirib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, mərhum prezident Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir:

"Azərbaycan müstəqilliyinin ilk dövründə Prezident Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi. Öz siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi. Bu müstəvi siyasət müstəvisi idi. Ulu öndər Heydər Əliyev "Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir"; "Azərbaycanın ən başlıca sərvətlərindən biri, bəlkə də ən başlıcası qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır" kimi bəyanat xarakterli sözləri ilə, əslində, multikulturalizmin siyasi bazasının konturlarını cızırdı".

Prezident İlham Əliyev də bu uğurlu siyasi kursu layiqincə davam və inkişaf etdirərək hazırda Azərbaycan multikulturalizminin daha yüksək mərhələyə çatmasını təmin edib. Prezidentin sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunması multikulturalizmin ölkəmizdə mənəvi, siyasi önəmini bir daha önə çıxarmış oldu. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun ölkəmizdə keçirilməsinin qərara alınması da Azərbaycanın multikultural dövlət kimi dünyanın diqqət mərkəzində olduğunun parlaq sübutudur.  

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun miqyası Azərbaycana böyük etimaddan xəbər verir 

2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsi nəzərdə tutulan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda 50-dək ölkənin rəhbərinin, yüksək səviyyəli dövlət və ictimai xadimlərin iştirakı nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyinin Forumla bağlı açıqladığı statistikanın miqyası ölkəmizin beynəlxalq arenada qazandığı müsbət imic və etimadın təzahürü ilə düz mütənasibdir: "25-27 aprel tarixləri ərzində 40 tədbir keçiriləcək və bunun üçün lazımi şərait yaradılıb. Forum çərçivəsində aprelin 25-də gənclərlə bağlı tədbirdə BTM-nin baş katibi Pan Gi Munun da iştirakı gözlənilir. Forumun iclasları Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində təşkil olunacaq".

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vasif Eyvazzadənin bildirdiyinə görə, Forumun proqramında əksini tapan mövzular bilavasitə bu ilin prioritetləri ilə üst-üstə düşür: "Burada həm müxtəlif mədəniyyətlər, dinlər arasında dialoq məsələləri, ekstreizmə, terrorizmə qarşı mübarizə, gənclərin, qadınların dialoqda rolu, multikulturalizm mədəniyyəti və multikulturalizmin Azərbaycan modeli, prezident İlham Əliyev tərəfindən irəli sürülən "Bakı Prosesi" təşəbbüsü, həm də miqrasiyanın müasir multikultural proseslərdə rolu və digər istiqamətlərdə müzakirələr təşkil olunacaq. "İnklüziv cəmiyyətlərdə birgə yaşam: çağırış və məqsəd" devizi altında baş tutacaq 190 ölkədən, 40-dan artıq beynəlxalq qurumdan 2000-dən artıq nüfuzlu qonağın iştirak edəcəyi tədbirdə Bakı Bəyannaməsinin qəbul ediləcəyi gözlənilir. Qonaqların içərisində siyasətçilər, dövlət və hökumət başçıları, diplomatlar, tanınmış nüfuzlu şəxslər, başda baş katib Pan Gi Mun olmaqla BMT-nin ali rəhbərliyi də olacaq. Forumda 40-dan çox mövzu müzakirə ediləcək.

Müxtəlif dövlət orqanlarından ibarət Təşkilat Komitəsinin sədri Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təyin edilib. Təşkilat Komitəsinin iclaslarında həm BMT Sivilizasiyalar Alyansının nümayəndələri həm də bizim müxtəlif dövlət orqanlarının rəhbər şəxslərinin iştirakı ilə Foruma hazırlıq məsələləri müzakirə edilib. Forumun ən yüksək səviyyədə öz hədəflərinə çatacağına,  ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzi kimi müxtəlif beynəlxalq qurumlarda və ölkələrdə daha çox tanınaraq böyük töfhələr  verəcəyinə inanırıq".

"Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin dünya arenasında nüfuzunu daha da artıracaq..." 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Anar Əlizadə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun multikultural siyasi xətt götürən ölkəmizə çox böyük müsbət təsiri olacağını düşünür: "Təbii ki, Azərbaycan həm öz təhlükəsizliyi, həm də yer üzündə sülhün, əmin-amanlığın bərqərar olması baxımından maraqlı tərəf kimi çıxış edir. Bu ilin aprelində Bakıda keçirilməsi planlaşdırılan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu günümüzdə dini-etnik zəmində minlərlə günahsız insanın ölümünə bais olan qanlı toqquşmalar, məzhəb ixtilaflarının aradan qaldırılmasında müsbət rol oynayacaq, fərqli sivilizasiyaların yaxınlaşması işinə töhfə verəcək. Həmçinin məsələnin beynəlxalq münasibətlər aspekti də var. Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin dünya arenasında nüfuzunu daha da artıracaq, sülhməramlı təşəbbüslə çıxış edən mütərəqqi dövlət kimi tanınmasına xidmət göstərəcək".

"Forumda Azərbaycan multikulturalizmini dünyaya daha yaxından tanıtmaq imkanı olacaq" 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov Forumu multikulturalizmin Azərbaycan təcrübəsini başqa dövlətlərlə bölüşmək imkanı kimi qiymətləndirib: "Ölkəmiz bütün dünyada multikultural ölkə kimi tanınır. Yeganə dövlətdir ki, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidməti var. Forumla əlaqədar dünyanın diqqəti Azərbaycana yönələcək, dövlət başçıları, siyasətçilər, Nobel mükafatı laureatları ölkəmizə səfər edəcək. Bir sıra qlobal, humanitar məsələlər müzakirə ediləcək. Bu, həm Azərbaycan, həm də bütövlükdə bəşəriyyət naminə atılan addım olacaq. Eyni zamanda, Forumda Azərbaycan multikulturalizmini dünyaya daha yaxından tanıtmaq, multikulturalizmdə Azərbaycan təcrübəsini başqa dövlətlərlə bölüşmək imkanı olacaq".

"Multikultural Azərbaycan obrazının dünyada tanınması üçün Forum əvəzsiz rola malikdir"

Millət vəkili Fazil Mustafa VII Qlobal Forum Azərbaycanın dünyaya inteqrasiyası, tanınması üçün vacib amil olduğunu qeyd edib: "Yeni bir obrazın- multikultural Azərbaycan obrazının dünyada tanınması üçün Forum əvəzsiz rola malikdir. Çünki Azərbaycanda dinlər, millətlər arasında bağ kifayət qədər möhkəmdir və bu, dünyaya nümunə ola biləcək uzlaşmadır. Ümid edirəm ki, Forum Azərbaycanın BMT-də mövqeyinin güclənməsi, öz sözünü diqtəsi baxımından faydalı olacaq".

"Forum qlobal arenada Azərbaycanın multikulturalizmin inkişafı istiqamətində gördüyü işlərin real təsdiqini əks etdirəcək" 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman Forumun Azərbaycanın multikulturalizmin inkişafı, alternativsizliyi istiqamətində gördüyü işlərin real təsdiqini əks etdirəcəyinə əminliyini bildirib: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir". Bu həyat tərzinin və dövlət siyasətinin tarixi əsasları və kökləri var. Yüz illərdir ki, Azərbaycanda müxtəlif xalqlar, etnoslar və dini konfessiyalar sülh şəraitində yaşayırlar. Müasir dövrdə belə böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi BMT tərəfindən dövlətimiz və xalqımıza verilən böyük qiymətdir. Forum bir daha qlobal arenada Azərbaycanın multikulturalizmin inkişafı, alternativsizliyi istiqamətində gördüyü işlərin real təsdiqini əks etdirəcək. 25-27 aprel tarixlərində ölkəmizdə keçiriləcək BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu  çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Multikultural cəmiyyətin qurulmasında Azərbaycanın rolu" adlı bölmənin təşkil olunması Azərbaycan multikulturalizminin bir model olaraq dünyaya tanıdılması istiqamətində ciddi bir töhfə olacaq".

Yazı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.

 





12.04.2016    çap et  çap et