525.Az

Sürüşmə sahələri aktivləşir


 

Sürüşmə sahələri aktivləşir

Azərbaycandakı bütün sürüşmə sahələrində monitorinqlər aparılır.

Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov bildirib. Onun sözlərinə görə, mövsümlə əlaqədar sürüşmə sahələrində müşahidələr mütəmadi olaraq həyata keçirilir: “Yağışlarla bağlı müşahidələr arasında müddət qısaldılır. Çünki atmosfer çöküntüləri artanda sürüşmə sahələri aktivləşir. Hazırda belə sahələrdə cüzi aktivləşmələr var, ciddi problemlər törədəcək aktivləşmələr isə müşahidə edilmir”.

B. Qaralov bildirib ki, hazırda İsmayıllı rayonunun bir neçə kəndində mövcud olan sürüşmə sahələrində nisbi aktivləşmələr baş verib: “Onlar qədin sürüşmə sahələridir, yeni sürüşmə sahəsi yaranmayıb. Aktivləşmələr narahatlığa səbəb olacaq hal yaratmayıb”.

Ekspedisiya rəisi Şamaxının bəzi kəndlərdə və Muğanlı yolunda mövcud olan köhnə sürüşmə sahələrində də nisbi aktivləşmələr qeydə alındığını deyib. Onun sözlərinə görə, Ağsu aşırımında vəziyyət stabildir: “Həmin yolda ağır yük maşınlarının hərəkətinə qoyulan qadağa davam edir. Ağsu aşırımında 28 sürüşmə sahəsi var, lakin onlarda ciddi aktivləşmələr qeydə alınmayıb”.

Bakıdakı sürüşmə sahələrində də vəziyyətin stabil olduğunu deyən B.Qaralov Xətai rayonu ərazisində bu gün baş verən hadisəyə də münasibət bildirib. Onun sözlərinə görə, yolda baş verən hadisə torpaq sürüşməsi yox, torpaq çökməsidir.

 





24.09.2012    çap et  çap et