525.Az

“Din tolerantlıq, qarşılıqlı ehtiram gündəlik həyat tərzimizdir” (Müsahibə)


 

“Din tolerantlıq, qarşılıqlı ehtiram gündəlik həyat tərzimizdir” <b style="color:red">(Müsahibə)</b>

HACI MİRƏZİZ SEYİDZADƏ: “TOLERANTLIQ DÖVLƏTÇİLİYİ MÖHKƏMLƏNDİRƏN XALQIN BİRLİYİNİ VƏ SIRALARININ SARSILMAZLIĞINI TƏMİN EDƏN AMİLLƏRDƏN BİRİDİR” 

Dini tolerantlıq baxımından ölkəmizin örnək olduğunu söyləsək, heç də yanılmarıq. Həqiqətən də Azərbaycan bir çox digər sahələrdə olduğu kimi, dini tolerantlıq baxımından da nümunəvi ölkələr sırasındadır. Bunu tez-tez ölkəmizə təşrif buyurun nüfuzlu qonaqlar da təsdiqləyərək, Azərbaycandakı dini tolerantlıq, dinlərarası münasibətlərlə bağlı xoş sözlər söyləyirlər. Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri, qazi Hacı Mirəziz Seyidzadə ilə söhbətimizi də bu mövzuda qurduq.   

– Ölkədə mövcud dini tolerantlıq mühitini, dinlərarası münasibətləri necə qiymətləndirirsiniz?

– Hər şeydən əvvəl qeyd edim ki, haqqı deməyin özü çox gözəldir. Peyğəmbərimizin çox yaxşı bir kəlamı var: “Çətinlikdə haqq sözün demək özü bir qəhrəmanlıqdır”. O mənada bu gün görülən işlər göz qabağındadır. Sovet dövrü ilə indiki dövrü müqayisə etdikdə biz gərək Allaha şükr edək. O dövrdə bizi “qapı arxasında saxlayıb”, həddindən artıq çox incidib, təqib ediblər. Bu gün biz müstəqilik. Hazırda yuxarıda sadalanan heç bir çətinlikləri yaşamırıq. Məscidlərimiz, mədrəsələrimiz, məktəblərimiz, digər dini ocaqlar var. Bakı İslam Universiteti, onun şöbələri fəaliyyət göstərir. Bu, böyük bir azadlıqdır. Vaxt var idi, müqəddəs Quranı köynəyimizin içində gizlədib samanlıqda dərs keçir, səhəri isə məktəbə gedərdik. Nə qədər böyük fərq var. İndiki zaman, şərait çox gözəldir. Ata-babalarımız belə bir zamanı görmədən, həsrətlə bu dünyadan köçdülər.

Ölkə rəhbərliyinin yürütdüyü siyasət nəticəsində insanlar vicdan azadlığı əldə ediblər – məscidlərimiz açıqdır, ibadət yerlərinə getmək üçün heç bir problem yoxdur. Hazırda təkcə İslam dini deyil, ölkəmizdə ümumiyyətlə dini durumla bağlı heç bir problem mövcud deyil. Bu gün bizim əqidəmizə həbs qoyulmur. Bütün vətəndaşlarımız dini ayinləri açıq şəkildə yerinə yetirir. Azərbaycanda olan tolerant mühit hazırda dünya ölkələrinin əksəriyyətində mövcud deyil. Bu isə Azərbaycanın dini, milli və irqi ayrıseçkilik məsələlərinə nə dərəcədə həssas yanaşmasının nümunəsidir. Tarix boyu din cəmiyyətin rifahının və sabitliyinin yeganə qarantı olub. Etnik və dini cəhətdən rəngarəng dövlət olan ölkəmizdə əsrlər boyu azərbaycanlılarla yanaşı, müxtəlif başqa millətlərin nümayəndələri də bərabər şəkildə yaşayıb. Onlar bu gün müstəqil Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Müxtəlif konfessiyaların nümayəndələri arasında əlaqələr həmişə dostluq münasibətləri səviyyəsində mövcud olaraq, tolerantlıq ənənələri ictimai şüurda möhkəm bərqərar olub.

Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığı faktını heç kəs dana bilməz. Sözügedən məqam ölkəmizin inkişafı üçün çox mühüm bir amildir. Bu, bir tərəfdən insanların ürəyindən gələn bir duyğu, bir tələbdirsə, digər tərəfdən din xadimlərinin fəaliyyətidir və əlbəttə ki, dövlət siyasətidir. Azərbaycanın hansı istiqamətdə inkişaf edəcəyi məhz bu üç əsas amildən asılıdır. Tolerantlıq dövlətçiliyi möhkəmləndirən, xalqın birliyini və sıralarının sarsılmazlığını təmin edən amildir. Təbii ki, tolerantlıq bizim milli sərvətimizdir və bu, düşmənlərimizi rahatsız edir. Borcumuz bu sərvəti var qüvvəmizlə qorumaq, aramıza nifaq toxumu səpmək istəyənlərin qarşısını hər vəchlə almaqdır.

– İslam dinində dini tolerantlıqla bağlı yanaşma necədir? Eləcə də ölkəmizdəki dini tolerantlığın tarixi ilə bağlı nə deyə bilərsiz?

– Əslində müxtəlif mədəniyyətlərin bir arada olmasını uca Yaradanımız özü istəyib. Hesab edirəm ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır. Hələ eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirərək, sonradan burada yaranan Alban kilsəsinin əsasını qoyublar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənmiş və müsəlman tolerantlığının əsasını Qurani-Kərimin surə və ayələri təşkil edir. Qurani-Kərimin Əl-Hücurat surəsinin 13-cü ayəsində buyurulur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizlə tanış olasınız (kimliyinizi biləsiniz) deyə, sizi (ayrı-ayrı) xalqlar və qəbilələr etdik. Allah yanında ən hörmətli olanınız, Allahdan ən çox qorxanınızdır. (Pis əməllərdən ən çox çəkinəninzdir) Həqiqətən Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır”.

Sovet rejiminin dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı, əsl dini etiqad azadlığı da əldə etdilər. Bəzi dövlətlər bu azadlıqdan başqaları üçün təxribat məqsədilə istifadə edərək guya Azərbaycandan “İslam təhlükəsi”nin gözlənildiyini bəyan edirdilər. Şübhəsiz ki, belə hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmirdi. Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi.

Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynadı. Tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş və yaranmış şərait onları, dünya görüşlərindəki fərqlərə baxmayaraq, biri digərinə yaxınlaşmağa vadar edərək, bir-biri ilə yaxın ünsiyyətdə olub.

Bu, bir həqiqətdir ki, dünyanın üzləşdiyi bütün problemlərin kökündə mənəvi dəyərlərin böhranı durur. Unutmaq ölmaz ki, Allahın yaratdığı ən böyük dəyər insan həyatıdırsa, onun xilası tolerantlıqdan – müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından keçir. Ümummilli lider Heydər Əliyevin də İslam dini haqqında maraqlı fikirləri var idi. O, belə deyirdi: “Quranı-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir. Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir”. Heydər Əliyev dinin, xüsusən də İslamın inkişafına çalışan şəxsiyyət idi. Onun dini-mənəvi dəyərlərə qayğısı bu gün də hiss olunmaqdadır.

– Mərhum Prezident Heydər Əliyev də dini və milli dəyərlərin qorunub-saxlanması üçün mühüm addımlar atıb...

– Həqiqətən də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bütün azadlıqlar yaradıldı, o cümlədən vicdan azadlığı, dini azadlıqlar. Müstəqillik dövründə ölkəmizdə mindən çox məscid tikildi, yüzlərlə tarixi, dini abidələrimiz bərpa edildi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər daha da yaxşılaşmağa başladı. Dözümlülük ruhunun qorunub saxlanılmasında müsəlman ruhanilərinin də danılmaz xidmətləri oldu. “Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir” prinsipi xalqlar arasında səmimiyyət yaratmağa səbəb oldu. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada mövcud olan digər dinlərə də qayğı göstərməyə başladı.

Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy 27 may 2001-ci il tarixdə ölkəmizdəki Rus Provoslav kilsəsini müqəddəs elan edərək, ona baş kafedral kilsə statusu verdi. Açılış mərasimində ulu öndərimiz Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçıları iştirak etdi. 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi – Müqəddəs Məryamın Miladı Baş Kilsəsi də bərpa olundu. Bu gün katolik icmasında Vatikanın təyin etdiyi iki keşiş xidmət göstərir. Respublikanın paytaxtında layihəsi Vatikan ilə razılaşdırılan katolik kilsə inşa olunub. Ölkəmizdə qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan hökumətinin qayğısı ilə əhatə olunur. Ümummilli lider Heydər Əliyev 15 noyabr 1998-ci il tarixdə yəhudi icmaların rəhbərləri ilə keçirilən görüşdə bunu söylədi: “Respublikada yəhudilərlə bağlı xoşagəlməz hadisələr baş vermir və biz onların yaranmasına heç vaxt imkan verməyəcəyik”. 2000-ci ilin sonunda isə dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov “Şöhrət” ordeni ilə təltif olundu.

Azərbaycanda əsasını Heydər Əliyevin qoyduğu bir ənənədə mövcuddur – hər il Ramazanın iftar mərasimində Azərbaycanda mövcud ənənəvi dini icmalar bir araya gəlir və dövlət başçısı ilə bir süfrə arxasında otururlar.

Dinin tolerantlıq, qarşılıqlı ehtiram bizim gündəlik həyat tərzimizdir. Tolerantlıq mədəniyyətdir. Ulu öndər hələ 1992-ci ildə Təzə Pir məscidində bir tədbir zamanı bu sözləri söylədi: “Müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşların da yaşadığı çoxmillətli Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi bütün millətlərə dilindən, dinindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”. Onun bütün sonrakı addımlar bu sözlərin təsdiqi oldu.

Azərbaycanda sovet hakimiyyətinin qurulmasına qədər Quba rayonunun “Krasnaya sloboda” qəsəbəsində 11 sinaqoq var idi. Sovet dövründə onlardan yalnız biri fəaliyyət göstərirdi. 1996-cı ildən sonra dövlət tərəfindən daha iki sinaqoq qaytarıldı. 2001-ci ilin oktyabr ayında Azərbaycanın hökumət nümayəndələri və dünyanın bir çox ölkələrindən gələn qonaqların iştirakı ilə ikimərtəbəli, altıgümbəzli sinaqoqun bərpasına həsr olunmuş təntənəli mərasim keçirildi. Məhz bütün bunlar ulu öndərin bu sahədə göstərdiyi xidmətlərin, həyata keçirdiyi tədbirlərin bir hissəsi, eləcə də onun dini tolerantlığa necə qiymət verməsinin nümunəsi idi.

(Ardı var)

Aqil LƏTİFOV

 





10.02.2013    çap et  çap et