525.Az

“Dini tolerantlıq, qarşılıqlı ehtiram gündəlik həyat tərzimizdir” (davamı)


 

HACI MİRƏZİZ SEYİDZADƏ: “TOLERANTLIQ DÖVLƏTÇİLİYİ MÖHKƏMLƏNDİRƏN, XALQIN BİRLİYİNİ VƏ SIRALARININ SARSILMAZLIĞINI TƏMİN EDƏN AMİLDİR”

“Dini tolerantlıq, qarşılıqlı ehtiram gündəlik həyat tərzimizdir”<b style="color:red"> (davamı)</b>

– Dövlətin dini tolerantlıqla bağlı həyata keçirdiyi siyasət haqda düşüncələriniz necədir?

– Azərbaycanın din sahəsində apardığı siyasət fikir və söz azadlığı, vicdan azadlığı üzərində qurulub. Dövlətin din sahəsində siyasəti beynəlxalq hüququn prinsipləri və normalarına, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır. Azərbaycanda hökumətin din sahəsində apardığı siyasət, vətəndaşların etiqad azadlığı haqqını təmin etmək sahəsində həyata keçirdiyi tədbir və qərarlar öz müsbət bəhrələrini verməkdədir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda məscidlərlə yanaşı, sinaqoqlar, kilsələr də fəaliyyət göstərir. Müxtəlif dini icmaların fəaliyyəti  azaddır.  Azərbaycanda 160 ildir “Bibliya” çap olunur. Azərbaycan Prezidentinin ayırdığı vəsait hesabına “İohann” Kilsəsi bərpa olunub. Müstəqillik illərindən etibarən 5 gürcü, 5 rus və 1 udin pravoslav kilsəsi fəaliyyət göstərir.

2009-cu ilin sentyabr ayından dini qurumların ilkin qeydiyyatı ilə yanaşı, əvvəllər qeydiyyatdan keçmiş dini qurumların yenidən qeydiyyatdan keçmə prosesi başlayıb. Ötən iki il ərzində 570 dini qurum yenidən və ya ilk dəfə dövlət qeydiyyatından keçib. Onlardan 20 dini qurum qeyri-islam təmayüllüdür. 30 dini qurumun qeydiyyatına imtina sərəncamı verilib, lakin onlardan 2-i imtinaya səbəb olmuş nöqsanları aradan qaldırdığından qeydiyyatdan keçib. Sənədləri qanunvericiliyin tələbinə uyğunlaşdırmaq üçün 191 islam təmayüllü dini icmanın sənədi Qafqaz Müsəlmanları İdarəsinə geri qaytarılıb. İndiki zamanda Azərbaycanda dini etiqad azadlığı tamamilə təmin edilir, dini durum sabitdir, ölkədəki dini tolerantlığın səviyyəsi yüksəkdir, dini mövzularda beynəlxalq konfranslar və görüşlər keçirilir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Dövlət orqanları bütün vətəndaşların, o cümlədən dini icmaların üzvlərinin hüquqlarını qoruyur. Cəmiyyətdə müxtəlif dinlərin nümayəndələri arasında ümumi dostluq mühiti hökm sürür.

Azərbaycanda dini tolerantlıq əsrlərdən bəri formalaşan köklü bir ənənədir. Hazırda Azərbaycanda dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Bu gün Azərbaycanda  bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra edirlər. Bu da dini tolerantlığın nümunəvi modelidir. Ölkəmiz hazırda bütün Qafqaza işıq saçan mayakdır və onun nuru dünyanın hər tərəfinə yayılır. Azərbaycan iri sənaye müəssisələrin işə düşdüyü, dünya üçün önəm kəsb edən layihələrin həyata keçirildiyi məkan olmaqla yanaşı, həm də əzəmətli məscidlərin, məbəd və ziyarətgahların inşa və bərpa olunduğu ölkədir. Sovetlər dönəmində Azərbaycanda cəmi 28 məscid vardısa, hazırda 2000-ə yaxın məscid var, yeni kilsə və sinaqoqlar istifadəyə verilib. Ümumiyyətlə Azərbaycan dini abidələrə dövlət səviyyəsində diqqət və qayğı göstərən nümunəvi ölkədir. Artıq Bakı mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin bir-birinin ardınca gerçəkləşdirildiyi məkana çevirilib. 2010-cu ildə Azərbaycanda dini liderlərin ümumdünya sammiti keçirlidi. Dünyanın bütün ənənəvi dini mərkəzlərini təmsil edən böyük şəxsiyyətlər – Patriarxlar, yüksək dini məqam sahibləri bu sammitdə iştirak etdi. Əlbəttə Azərbaycanın bu sahədə uğurların şərtləndirən məqamlar var. Xalqımızın milli özəlliyi, zaman-zaman bütün səmavi dinlərin məmləkətizdə bərqərar olması, VII əsrdən bu torpaqlarda yayılmış İslam dininin təlqin etdiyi ideallar məhz bu məqamlardandır. O ideallar ki, sovet dönəmində, ateizmin tüğyan etdiyi onilliklər ərzində belə cəmiyyətimiz onlardan üz döndərmədi. Lakin mühüm olan odur ki, müstəqillik dövründə Azərbaycanda din-dövlət münasibətləri düzgün quruldu. Danılmaz həqiqətdir ki, məhz Heydər Əliyev dühası Vətənimizi parçalanma, separatçılıq və məhvolma təhlükəsindən xilas edərək müstəqil Azərbaycan dövlətçiliyini yaradıb. Məhz tolerantlığın dövlət səviyyəsində dəstəklənməsinin bünövrəsi Heydər Əliyev tərəfindən qoyulub. Həqiqətən də Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra milli və dini dəyərlərimizə sahib çıxdı. Prezident İlham Əliyevin dini dəyərlərin qorunub-saxlanılması ilə bağlı siyasəti təqdirəlayiqdir. Bu, məhz Heydər Əliyev siyasətinin davamıdır. Ölkə prezidenti İlham Əliyev sözügedən səhyə xüsusi diqqət və qayğı göstərir. Heç bir din və məzhəb ayrıseçkiliyinə yol verilmədən, bütün dini icmalar dövlətin maddi və mənəvi yardımından yararlanaraq, öz fəaliyyətini həyata keçirir. Dövlət tərəfindən dini müəssislərə xeyli yardım göstərilir. Bütün bunlar dövlətin xidmətidir və bunu danmaq olmaz.

Müstəqillik dönəmində müsəlman məscid və ziyarətgahı ilə yanaşı Rus Provaslav Kilsəsinin Bakı yeparxiyası jen – mironosits kilsəsi yenidən bərpa olundu, katolik icması üçün kilsə inşa edildi, yeni yəhudi sinaqoqu tikildi. Azərbaycan hər zaman müsəlman dövlətləri ilə dini mənəvi əlaqələrin inkişaf etdiriliməsinə, dünyanın müsəlman dini liderlərinin ölkəmizə səfərlərinə, beynəlxalq tədbirlərdə iştirakına xüsusi önəm verib. Eyni zamanda bu illər ərzində dünyanın nüfuzlu din xadimlərindən olan Moskva və bütün Rusiya Patriarxı II Aleksi, Ümumgürcüstan Patriarxı II İliya Azərbaycana təşrif buyurub. 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin dəvəti ilə Roma Katolik kilsəsinin başçısı Papa II İohan Pavel Azərbaycanı ziyarət etdi. Sonrakı illərdə Rusiya Patriarxı Kiril ölkəmizə iki dəfə gəldi. Bir neç ay öncə keçirilən Bakı Sammiti çərçivəsində hətta erməni katolikosu ölkəmizə səfər etdi. Dünyadakı yəhudi icma rəhbərləri ilə də qarşılıqlı münasibətlərimiz mövcuddur. Azərbaycanda din-dövlət münasibətlərinin tənzimlənməsi məqsədi ilə 2001-ci ildə dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Ölkəmizdə istər daxili, istərsə də beynəlxalq aləmdə uğurlarımızı təmin edən məhz Ulu Öndərin təməlini qoyuduğu müdrik siyasəti prezidentimiz İlham Əliyev yüksək səviyyədə davam və inkişaf etdirir. Dövlət başçısının bu fikirləri xüsusi diqqətəlayiqdir: “Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi rahat yaşayırlar. Bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır. Bu sahədə Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır. Hesab edirəm ki, buna böyük ehtiyac var. Çünki heç də hər yerdə vəziyyət bizdəki kimi deyil”.

Dinlərarası münasibətlərdə sabitlik ölkəmizdə tərəqqinin hərəkətverici qüvvələrindən biridir, Azərbaycan dünyanın ən çox inkişaf etmiş ölkələrinə nümunə göstərilir. Bütün bunlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin titanik səyləri sayəsində mümkün olub və bu siyasət hazırda prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

– Prezident İlham Əliyev mütəmadi olaraq ölkənin bütün dini icmalarının liderləri ilə görüşərək, onların problemləri ilə maraqlanır. Bu, dini icmalar tərəfindən necə qarşılanır?

– Bu gün prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Prezident İlham Əliyev müsəlmanlarla yanaşı, müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını da əsas dini bayramları münasibətilə təbrik edir. Hakimiyyətə gəldikdən sonra ölkə ərazisində mövcud olan dini ocaqların, pirlərin, ziyarətgahlarn əsaslı təmiri ilə bağlı göstərişləri, maddi-mənəvi yardımlar prezident İlham Əliyevin dini-mənəvi dəyərlərimizə göstərdiyi qayğının təzahürüdür. Prezident İlham Əliyev bütün sahələrdə xalqın ümummilli liderinin siyasətini davam etdirdiyi kimi, dinlə bağlı problemlərin də həllinə bilavasitə yardımçı olur. Hakimiyyətə gəldikdən sonra ölkə ərazisində mövcud olan dini ocaqlarn, pirlərin, ziyarətgahlarn əsaslı təmiri ilə bağlı göstərişləri, maddi-mənəvi yardımlar prezident İlham Əliyevin dini-mənəvi dəyərlərimizə göstərdiyi qayğının təzahürüdür.

Digər tərəfdən İlham Əliyev prezident kimi həm İran, həm də Səudiyyə Ərəbistanına səfərləri çərçivəsində müqəddəs yerləri səmimi qəlbdən, daxili duyğuların əhatəsində ziyarət edən çox nadir dövlət başçılarındandır.

“Gülüstan” sarayında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin anadan olmasının 60 və Şeyxülislamlıq fəaliyyətinin 30 illiyinə həsr olunmuş “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda Beynəlxalq konfransda çıxış edən prezident İlham Əliyev bu mötəbər tədbiri əlamətdar hadisə kimi dəyərləndirdi. Konfransın Bakıda keçirilməsinin təsadüfi olmadığını deyən dövlət başçısı bu amili Azərbaycanın dinlərarası dialoqa verdiyi töhfələrlə əlaqələndirdi. Azərbaycanın, eyni zamanda, dinlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə çevrildiyini diqqətə çatdıran prezident İlham Əliyev dünyada sülhün təmin olunmasında belə dialoqlara böyük ehtiyac olduğunu söylədi: “Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynayıb. İctimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir”.

(Ardı var)

Aqil LƏTİFOV

 





11.02.2013    çap et  çap et