525.Az

Nədən oxumağa qürbətə üz tuturuq?


 

Nədən oxumağa qürbətə üz tuturuq?

UĞURLARINI XARİCDƏ QAZANAN AZƏRBAYCANLI ALİMLƏ SÖHBƏT  

Bu onun şəxsi adına qazandığı ilk mükafat deyil. Son on ildə iyirmiyə qədər elmi uğuru və elə təxminən o qədər də ixtiraya müəlliflik hüququ təsdiq olunub. Əvvəlkilər kimi, bu da bir millətə, bir ölkəyə qürur verəcək qədər mühümdür. Amma bu sətirlər işıq üzü görməsə, yenə əvvəlkilər kimi onun bu uğurundan da yaxın çevrəsindən başqa kimsə xəbər tutmayacaq. Çünki son dərəcə təvazökar və işgüzar bir insandır. Başını aşağı salıb ixtiralarıyla məşğuldur.  Doktor Yaşar Musayev. Bu ad artıq Nanotexnologiya üzrə dünyanın çox tanınmış isimlərindən biridir. Almaniyada yaşayır. Dünyaca məşhur Şefler (Schaeffler) firmasinda bölmə rəhbəri vəzifəsində çalışır. Eyni zamanda Erlangen-Nürnberg Universitetində dosent olaraq elmi işlərə rəhbərlik edir. Eyni zamanda Nürnberg və ətrafında yaşayan azərbaycanlıları birləşdirən XƏZƏR Təhsil və Mədəniyyət Mərkəzinin idarə heyətinin sədridir. Son aylar hamının diqqəti Bakıda və Londonda keçirilən musiqi və idman yarışlarına dikildiyi bir ərəfədə o da başqa bir yarışmada öz gücünü sınadı. Və bütün Almaniyada Nanotexnologiya sahəsində mühəndis elmləri üzrə ən güclü mütəxəssis olduğunu sübut edərək yarışmanın qalibi oldu.

– Yaşar bəy, mən qarşı qoymaq istəmirəm. Amma işin tərsliyindəndir sanki, indi Azərbaycan cəmiyyətinə musiqi, idman elmdən daha cəlbedici görünür. Əksinə olmalı deyilmi?

– Çox ciddiyə almasaq, bu, normaldır. Elmdən fərqli olaraq idman da, musiqi də şou, əyləncə xarakterlidir. Bu da, hələ biznes maraqlarını nəzərə almasaq belə, onların elmdən cəlbedici olması üçün ciddi şərtdir. Həm də bu tək Azərbaycanda yox, hər yerdə belədir. Təsəvvür edin ki, iki yüzə yaxın ölkənin arasında birinci olursan. Sənin bayrağın ən yüksəyə ucalır. Unudulmaz hisslərdir...

– Düzdür, bu gözəldir, amma təkcə hisslərlə də çox uzağa gedilməz ki. Bir qayda olaraq, onlar keçib gedəndən sonra yerini başqa hisslər  tutur. Və bu hisslərin də əvvəlkilər kimi gözəl olması üçün gərəkdir ki, elmin sayəsində qazanılan nailiyyətlər də olsun. 

– Onsuz olmaz, əlbəttə. Elmin nailiyyətlərindən faydalanmadan bugünkü dünyayla ayaqlaşmaq, rəqabət saxlamaq mümkün deyil. O da var ki, ayrılıqda, elmi inkişaf etdirmək kimi bir anlayış doğru deyil. O bir-birindən asılı bir neçə şərtin nəticəsidir. Təhsildən başlayır, maliyədən keçir və sənayenin tələbatından meydana çıxır. Bu baxımdan Azərbaycan elminin də dünyada həmişə öz layiqli yeri olub. Düzdür, müstəqillik dövründə ünvan olaraq hələ müəyyən mövqelərimizi bərpa edə bilməmişik, amma dünyada reytinqimizi saxlayan alimlərimiz çoxdur.

– Təhsildən söz düşdü. Yeri gəlmişkən, nədən Azərbaycanda səlahiyyət sahibi olanların əksəriyyəti öz övladlarını təhsil almağa xaricə yollayırlar? “Gəzməyə qürbət ölkə” deyilib axı, oxumağa yox ki. Yəni Vətən, elə bir bayatıda deyildiyi kimi, ölməkçün yaxşı olmalıdımı? Məncə, bu çox düşünülməli olan bir məsələdir və siz də həm Azərbaycanda, həm də Almaniyada ali məktəblərdə pedaqoji fəaliyyət göstərən bir ziyalı kimi bu barədə maraqlı paralellər apara bilərsiniz.

– Məncə, bir çoxlarının xaricə, xüsusən də məhz Almaniya təhsil sisteminə üstünlük verməsinin çox sadə səbəbləri var. İlk növbədə təhsilin keyfiyyəti şərtdir. Bu ölkədə diplom qazanan hər bir şəxs əmək bazarında özünə layiqli yer tapacağına əmindir. Eyni zamanda bu diplom dünyanın hər yerində qeyd-şərtsiz tanınır. Bu isə təhsil sisteminə olan etimadın göstəricisidir. Xüsusilə mühəndislik elmləri üzrə təhsil dünyada liderlər sırasındadır. Daimler, Siemens, Volkswagen, BMW ve s. sənaye müəssisələri olan bir ölkənin təhsil sistemi başqa cür ola da bilməzdi. Əlbəttə, Almaniya bu yola çoxdan çıxıb. Onun kimi olmaq imkanlarımız hələ çox məhduddur. Amma güclü təhsillə və uğurlu islahatlarla nələr etməyin mümkünlüyünü Cənubi Koreya indi  müvəffəqiyyətlə sınaqdan çıxarır.

– Deyəsən, həm məsafəcə, həm də məzmunca çox uzağa getdik. Əslində, mən bu söhbəti sizin uğurlarınız ətrafında qurmaq istəmişdim. Yoldanmı başlasaq? Sizi elmə, sonra da Almaniyaya gətirən yoldan. Asan olmayıb yəqin ki...

– Bunu sürücülər daha yaxşı bilir. Asan, rahat yolda mürgüləmək, yatmaq təhlükəsi daha çox olur. Yəni, sən də əgər hamı qədər yatacaqsansa, istirahət edəcəksənsə, başqasından daha çox uğur qazanmağa hansı haqla iddia edə bilərsən ki?  Bu baxımdan, normalda asan uğur olmur. Yola isə Sabirabadda şəhər orta məktəbini qızıl medalla bitirdikdən sonra çıxdım. Azərbaycan Texniki Universitetində əla qiymətlərlə oxumağım sonradan elə oradaca müəllim, kafedra müdirinin müavini işləməyimə yol açdı. Alman elmi təşkilatlarının (DAAD) təşkil etdikləri, istedadli gənc mütəxəssislərin iştirakını nəzərdə  tutan bir müsabiqəni qazandım və Bavariyanın Erlangen-Nürnberq Universitetində 10 aylıq elmi təcrübə keçdim.  Elə o zaman da  doktoranturaya qəbul olundum. 

– Bilik, savad, zəhmət öz yerində. Sizcə, belə uzaq yola çıxanın təkbaşında yox, cibində də “bir şeylər” olmalı deyilmi?  Axı bir çox talantlı insanların məhz bu səbəbdən okean sularında üzə bilmək imkanları olmayıb.

– Çox incə bir simə toxundunuz. Yəqin ki,  mənim ən böyük şansım müsabiqəni qazanmağım olub. Yoxsa, həqiqətən də, hər ayın sonu yaxınlaşanda ev kirayəsini necə ödəmək barədə düşüncələr ən mübariz planları və çox şirin arzuları asanlıqla unutdura bilir. Ona görə də, təcrübədən qayıdan kimi ilk vəzifəm ikinci iş yeri axtarmaq oldu. Doktorluq işimi tamamlamaq üçün yenidən Almaniyaya dönməli idim.
 
– Azərbaycanda Universitetdə məsul vəzifə tutdunuz, ehtiyaclarınız yenəmi azalmadı? Yəni demək istəyirsiniz ki... Sizdə oxumayan tələbə heçmi yoxuydu? 

– Nə yazıq ki, varıydı. Əslində, hamıya məlumdu ki, elmlə rüşvətin birgə yürüməsi mümkün deyil. Mənzil başına hökmən onların ikisindən biri yetişir. Normalda belə bir seçim qarşısında qalmağa kimsə məcbur olmamalıdır. Olanlar da hədəflərinə, niyyətlərinə, vicdanlarına uyğun qərarlar verirlər. Mənimsə lap əvvəldən nəyi seçmək kimi bir problemim olmayıb.

– Alim kimi, mühəndis kimi məşğul olduğunuz sahə “Nanotexnologiya” adlanır. Həm də haqqında çox eşidib az bildiklərimizdən biri sayılır.

– “Nano” sözü dilimizdə xırda, zərrəcik mənası verir. Elm kimi yeni olsa da, o bu gün həyatımızın bütün sahələrini əhatə etməkdədir. Mənim məşğul olduğum sahədə maşın və mexanizmlərdə çox yüklənmiş hissələrin yeyilmədavamlılığının artırılması, sürtünmənin azaldılması imkanları araşdırılır. Onun əhəmiyyətini bircə rəqəmlə izah etmək mümkündür. Bu texnologiyalar, məsələn, Almaniya kimi sənayesi inkişaf eləmiş bir ölkənin büdcəsində 8 faizə qədər itkinin qarşısını almağa imkan verir. Yəni milyardlarla ölçülən vəsaitdən, səmərədən söhbət gedir. Təsadüfi deyil ki, rəyi soruşulan alman respondentlərinin 36 faizi məhz bu məsələni sənayenin inkişafı üçün ən aktual vəzifə kimi göstərmişlər. Dövlətsə onu milli məsələ səviyyəsində dəyərləndirərək haqqında xüsusi dövlət proqramı qəbul etmişdi.  Eyni cür proqramlar, əlbəttə, ABŞ, Yaponiya kimi sənaye ölkələrində də qəbul edilib.

– Bəs Şefler (Schaeffler) konkret olaraq nə iş görür? Marağımızın mərkəzində əlbəttə, yenə siz durursunuz.

– Şefler dünyanın 70 ölkəsində müəssisələri və 75.000 işçisi olan bir nəhəngdir. Əsasən sənaye yastıqları və avtomobil hissələri istehsalı ilə məşğuldur. Dünyada markasından asılı olmayaraq hər bir avtomobil 100-dən çox Schaeffler hissəsi ilə hərəkət edir. Mənə gəldikdə isə, 2006-cı ildən etibarən bu müəssisədə baş elmi işçi vəzifəsindən başlamışam. Hazırda nanotexnologiyanin istehsalata tətbiqi məsələləriylə məşğul olan bölməyə rəhbərlik edirəm. Mənim də fəal iştirakım və təşəbbüsümlə beş il əvvəl müəssisədə Sənaye Texnikumu adlanan bir qurum yaradılıb. İyirmidən çox alim və mütəxəssis burada mənim rəhbərliyimlə elmi araşdırmalar aparır, laboratoriya sınaqları keçirirlər. Nəticələrimiz ondan ibarətdir ki, dünyaca məşhur avtomobil firmalarının marağı indi bizə yönəlib. Mənim şəxsi ixtiralarımı bir neçə tanınmış təyyarəqayırma sənayesi, “BMW”, “Volkswagen”, “Toyota”, “Nisan”, “Hunday” kimi markalar tətbiq edib və etməkdədir. Və nəhayət, bu yaxinlarda “Bosh”, “Siemens”, “Daimler” kimi firmaların da iştirak etdikləri müsabiqənin qalibi biz olmuşuq. Məncə, özünütərif bu qədər yetər...

– Yetər, ancaq deməliyəm ki, bu çox az hallardan biridir ki, dinləyən də ondan ləzzət ala bilir.  Bir iki il öncə, gərək ki, bir elmi konfransa getmişdiniz və o zaman  indikindən daha cox həvəslə danışırdınız. 

–O zaman çəkdiyim zəhmətlərdən yana və millətim adına doğrudan bir qürur hissi yaşamışdım. Vətəndən kənarda da Vətənə gərəkli ola bilməyin nə olduğunu hiss eləmişdim. Amerikada böyük bir zalda bütün dünyadan gəlmiş alimlərin qarşısında elmi konfransı giriş məruzəsiylə mənim açmağım təklif olundu. Mən bunu böyük qürur hissi ilə yerinə yetirdim.
 
– Elmi təcrübələr, laboratoriya sınaqları, çoxsaylı xarici səfərlər, kollektivə rəhbərlik, universitetdə mühazirələr...  Bir də  ictimai vəzifəylə yüklənmisiniz. Mənə görə bunun iki izahı ola bilər. Ya başçılıq etdiyiniz cəmiyyət çox mühüm işlərlə məşğul olmalıdır ki, buna dəysin. Ya da elə bir çoxları kimi eləcə kağız üzərində mövcud olmalıdır.

– Gözəl müqayisədir. Onda icazə verin elə mən də müqayisə ilə cavab verim. Kiçik yaşlarında iki övladım var. Bəzən səfərlərdə oluram, günlərlə məni görmürlər. İşə lap erkən gedir, gec də gəlirəm. Yatağa bir şərtlə girirlər ki, mən gələndə anaları onları oyadacaq. Bu üzdən haqlı olaraq məndən həmişə şikayətçidilər. Bax cəmiyyətdə keçirdiyim vaxt onlara sərf edə biləcəyim vaxtdır. Amma bunu tək mən etmirəm, digər dostlarımız da təxminən bu durumdadırlar.

– O zaman uğurlardan da söz açmaq olar ki?

- Konkret olsaq, hər il birinci sinifə gedənlər və ali məktəblərə daxil olanlar üçün Azərbaycandakı Əlifba bayramına oxşar bir tədbir keçirməyimizi göstərmək olar. Ümumiyyətlə desək, ən böyük uğurumuz odur ki, ən azından Nürnbergdə yaşayan insanlarımız daha inanırlar ki, ətraflarında onlar üçün, balalarımız üçün təmənnasız iş görmək istəyən fədakar həmvətənlərimiz var. 

Yaqub BABALAR

 





24.09.2012    çap et  çap et